2016-cı ildə dini azadlığın vəziyyətinə dair beynəlxalq hesabat

Qısa xülasə

Ölkə konstitusiyasına əsasən dövlət və din bir-birindən ayrıdır və bütün dini etiqadlar bərabərdir. Konstitusiya, həmçinin, insanların öz dini münasibəti ilə bağlı əqidəsini ifadə etmək və ictimai qaydanı pozmadığı və ya ictimai əxlaqa zidd olmadığı təqdirdə dini mərasimləri yerinə yetirmək hüququnu qoruyur. Qanunvericilik dövlətin dini fəaliyyətlərə müdaxiləsini qadağan edir, lakin dövlət və vətəndaşların “dini ekstemizm” və “radikalizm”ə qarşı mübarizə aparma öhdəliyini müəyyən edir. Qanunvericiliyə əsasən, dini qurumlar irqi, milli, dini və ya sosial ədavət yaratdıqda, “insan ləyaqətini alçaldan” təbliğat apardıqda, dünyəvi təhsilə mane olduqda və bir sıra digər səbəblərə görə dövlət tərəfindən ləğv edilə bilər. Dini azlıqların icmalarının, o cümlədən Yehovanın şahidləri və Baptistlərin toplantılarına edilmiş reydlər nəticəsində dini fəallar saxlanılmış və ya həbs olunmuşdur. Yerli müşahidəçilərin hesablamasına görə, siyasi məhbus hesab edilən dini fəalların sayı 86 nəfər olmuşdur (2015-ci ildə 46 nəfər idi). “Qeyri-ənənəvi” dini qurumlar dövlət qeydiyyatı zamanı çətinliklərlə üzləşməkdə davam ediblər və qeydiyyata alınmadıqları üçün onlar açıq şəkildə toplaşa bilməyiblər. 2009-cu ildə qəbul olunmuş qanuna əsasən qeydiyyatdan keçmiş bəzi qruplar fəaliyyətlərini davam etdirmişdir, lakin onların təkrar qeydiyyat üçün müraciətləri hələ öz nəticəsini gözləyir. Digər qruplar isə öz dini etiqadlarını yerinə yetirməkdə çətinlik çəkdiklərini bildirmişdir. Hakimiyyət dini təyinatlı binaları bağlamaqda və dini xidmətlərə müdaxilə etməkdə davam etmişdir. Hökumət, həmçinin, dini materialların idxalı, yayılması və satışına məhdudiyyətlər tətbiq etməkdə davam etmişdir. Hökumət il ərzində dini tolerantlığın təşviqi və dini radikalizmlə mübarizə mövzusunda 14 regional konfrans təşkil etmiş, həmçinin, dini nifrətin yaratdığı problemlərin həllinə həsr olunmuş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir.

Oktyabr ayındakı səfəri zamanı, Roma papası Fransis dinlərarası dialoq və ölkədəki dini tolerantlıq ənənələri barədə müsbət əhval-ruhiyyəli ictimai bəyanatlar vermişdir. Kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, o, dini problemlərlə bağlı ictimai fikir bildirməkdən çəkinmişdir.

ABŞ Səfiri və səfirlik əməkdaşları dini azlıqların icmalarına qarşı daha yaxşı münasibət göstərilməsini təşviq etmək, hökuməti dini azlıqların icmalarının dövlət qeydiyyatına alınmasında yaranan çətinliklərin həll olunmasına çağırmaq və dini ədəbiyyatların ölkəyə gətirilməsinə qoyulan maneələri aradan qaldırmaq məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və digər hökumət rəsmiləri ilə görüşlər keçirmişdir. Səfir və səfirlik əməkdaşları müntəzəm olaraq Xristian, Müsəlman və Yəhudi icmalarının rəhbərləri, həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşlər keçirmiş və onları narahat edən məsələlər barədə müzakirələr aparmışdır. Səfir və səfirliyin digər nümayəndələri rəsmi bəyanatlar yayaraq hökuməti, vətəndaş cəmiyyətini və dini icmaları ölkənin dini tolerantlıq ənənəsini  qoruyub saxlamağa çağırmışdır.

I Bölmə. Dini demoqrafiya

ABŞ hökumətinin məlumatına görə, ölkə əhalisinin sayı 9.8 milyon nəfərdir (2016-cı ilin iyul ayına olan məlumat). DQİDK-nin 2011-ci üzrə açıqladığı statistik məlumata əsasən, ölkə əhalisinin 96 faizi musəlmandır. Onların isə 65 faizi şiə, 35 faizi isə sünnidir. Əhalinin qalan 4 faizini rus-provoslav, gürcü-provoslav, erməni-apostol kilsələri, yeddinci gün adventistləri, molokanlar, roma katolikləri, digər xristianlar, yəhudilər, bəhailər və heç bir dini inancı olmayan şəxslər təşkil edir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə bir çox dini icmalar yarandı: pentikostçu və digər evangeliya xristianları, Yehovanın şahidləri və Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (BKŞC) üzvləri.

Xristianlar əsasən Bakıda və digər şəhər ərazilərində yaşayır. Hazırda Bakıda təxminən 15 000-20 000 yəhudi yaşayır. Ölkə ərazisində kiçik yəhudi icmalarına rast gəlmək mümkündür.

II Bölmə. Hökumətin dini azadlığa əməl etməsi

Hüquqi baza

Ölkə konstitusiyasına əsasən dövlət və din bir-birindən ayrıdır və bütün dini etiqadlar və inancından asılı olmayaraq bütün insanlar bərabərdir. Konstitusiya dini azadlığı, o cümlədən, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnu  təmin edir. Konstitusiya, həmçinin, ictimai qaydanı pozmadığı və ictimai əxlaqa zidd olmadığı təqdirdə hər kəsin dini mərasimləri yerinə yetirmək hüququnu qoruyur. Konstitusiyaya əsasən, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə məcbur edilə bilməz və dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə və buna görə təqib oluna bilməz. Həmçinin qanunvericiliyə əsasən, hər hansı şəxsin dini əqidəsini ifadə etməyə və ya nümayiş etdirməyə məcbur edilməsi qadağandır.

Ölkənin hüquqi qanunvericiliyində  “dini qurumlar” adlandırılan və dini mərkəz, icma və ya onların ayrı-ayrı birliklərini ehtiva edən dini təşkilatlar mövcud qanunvericiliyə əsasən DQİDK tərəfindən dövlət qeydiyyatına alınmalıdır. DQİDK qeydiyyat prosesinə nəzarət edir və hər hansı dini qurumun fəaliyyətinin ləğv olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Dini icmanın qeydiyyatı öz qeydiyyat ərizəsində göstərdiyi və yerləşdiyi fiziki ərazi ilə məhdudlaşır. Qurum gələcəkdə fəaliyyət yerini dəyişdirdikdə və ya digər ərazilərə yayıldıqda təkrar qeydiyyata alınmalıdır.

Qeydiyyat dini quruma yığıncaqlar keçirməyə, bank hesabı saxlamağa, əmlakı icarəyə götürməyə, hüquqi şəxs kimi fəaliyyət göstərməyə və DQİDK-dən maliyyə vəsaiti almağa imkan verir. Qeydiyyatdan keçə bilməyən dini qurum və onun fəaliyyəti qeyri-qanuni elan edilə bilər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qeydiyyatda olan İslam təşkilatlarının fəaliyyətinə nəzarət edir, habelə dini xadimləri hazırlayır və onları islam ibadətlərinə rəhbərlik etmək üçün təyin edir, dövri olaraq xütbələrə nəzarət edir və Məkkə şəhərinə Həcc ziyarəti təşkil edir. Müsəlman icmaları qeydiyyat ərizəsini DQİDK-nə təqdim etmədən öncə QMİ-dən razılıq məktubu almalıdır.

Qeydiyyatdan keçmək üçün dini təşkilat ən azı 50 nəfər üzvü tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizəni, nizamnamə və təsis sənədlərini, təşkilatın təsisçilərinin adlarını və təşkilatın hüquqi ünvanı və bank rekvizitlərini  DQİDK-nə təqdim etməlidir.

Qanuna əsasən, hökumət qeydiyyatla bağlı müraciət barədə 30 gün ərzində qərar verməlidir. Lakin hökumətin müddətlə bağlı bu tələbə əməl etmədiyi təqdirdə hər hansı məsuliyyət müəyyən olunmur. Dini təşkilatların fəaliyyəti, məqsədləri yaxud dini doktrina konstitusiyaya yaxud digər qanunlara zidd olduğu təqdirdə, səlahiyyətli orqanlar onun qeydiyyatından imtina edə bilər. Təşkilatın nizamnaməsi və digər təsis sənədləri qanuna zidd olduqda, yaxud təqdim olunan məlumat yanlış olduqda da səlahiyyətli orqanlar təşkilatın qeydiyyata alınmasından imtina edə bilər. Dini qruplar qeydiyyatla bağlı imtinalarla əlaqədar məhkəməyə müraciət edə bilər.

Qanunda dövlətin hər hansı fərd, yaxud qrupun dini fəaliyyətlərinə müdaxiləsi qadağan olunsa da, şübhəli ekstremist, yaxud digər qanunsuz fəaliyyətlərə bağlı istisnalar mövcuddur. Qanunda göstərilir ki, dövlət orqanları və vətəndaşlar cəzaların təyin olunmasında  qanunun digər cinayət, inzibati və mülki müddəalarına istinad etməklə, “dini ekstremizm” və “radikalizmə” qarşı mübarizə aparmaq hüququna və öhdəliyinə malikdir. Qanunda dini ekstremizm dini düşmənçilik, dini radikalizm (kiminsə dini baxışlarının müstəsnalığına inanmaq kimi təsvir olunur) yaxud dini fanatizmdən (kiminsə dinin baxışlarının tənqidini istisna etmək kimi təsvir olunur) qaynaqlanan davranış kimi təsvir olunur. Qanuna əsasən, belə bir davranışa şəxsi hər hansı dinə etiqad etməyə, yaxud xüsusi dini ayinlərdə iştiraka məcbur etmək, həmçinin ölkənin konstitusiya quruluşunu, o cümlədən onun dünyəvi xarakterini zorla dəyişdirməyə, yaxud qanunsuz silahlı birləşmələr və ya qruplar yaratmağa, yaxud belə birliklərdə iştirak etməyə və terror fəaliyyətlərinin həyata keçirilməsinə yönəlmiş fəaliyyətlər daxildir. 28 oktyabrda Cinayət Məcəlləsinə parlament tərəfindən təsdiq edilmiş dəyişikliyə əsasən, qanunda ölkənin konstitusiya quruluşunun və ya ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə görə 15 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər həbs cəzası tətbiq olunur.

Qanunda həmçinin dini qurumların ləğv oluna biləcəyi hallar müəyyən olunmuşdur. Buraya dini qurumlar tərəfindən təsis olunma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi, irqi, milli, dini və ya sosial ədavət yaratmaq məqsədi ilə təbliğ edilməsi, “insan ləyaqətini alçaldan” və ya “insanlıq sevgisi, filantropiya və xeyirxahlıq” kimi  insanpərvərlik prinsiplərinə zidd olan dinin təbliğ edilməsi kimi hallar daxildir. Dünyəvi təhsil alınmasına mane olma və ya dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə də bu dini qurumun ləğv olunmasına əsas ola bilər.

Qanuna əsasən, dini ayinlər və mərasimlər yalnız ölkədə təhsil almış və ya xarici ölkədə aldığı dini təhsili dövlət tərəfindən təsdiq olunmuş vətəndaşlar tərəfindən aparıla bilər. Qanunda İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan, lakin təhsili təsdiq olunmayan vətəndaşlar tərəfindən aparılmasına görə cəza tədbirləri nəzərdə tutulur. Cəzaya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə və ya 1000 manatdan (540 ABŞ dolları) 5 000 manata (2700 ABŞ dolları) qədər cərimə daxildir. Dövlətlə Vatikan arasında əldə olunan uzunmüddətli razılaşma əcnəbilərin katolik ayinlərini keçirməsinə icazə verir.

Həmçinin ibadət evlərindən kənarda dini atributlar və şüarlardan istifadə qanunla qadağandır.

Qanuna görə, DQİDK bütün dini ədəbiyyatı yoxlayır və onların idxalına, satışına və yayılmasına icazə verir. Dini ədəbiyyatın qeyri-qanuni hazırlanması, yayılması və ya idxalına görə, belə əməl ilk dəfə törədildikdə, 5000 manatdan 7000 manata qədər  (2700 ABŞ dollarından 3800 ABŞ dollarına qədər) cərimə və ya 2 ilə qədər müddətə azadlıqdan mərhumetmə cəzası, təkrar törədildikdə, 7000 manatdan 9,000 manatadək (3800 ABŞ dollarından 4900 ABŞ dollarına qədər) cərimə və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Dövlət və özəl ibtidai və orta təhsil müəssisələrində tədris proqramlarına ayrıca dini komponent daxil deyil. Tələbələr ali təhsil müəssisələrində din üzrə fənlər seçə bilər və QMİ müəyyən dərəcədə xaricdə dini təhsili maliyyələşdirir. Xaricdə dövlətin dəstəklədiyi (öz dövlətinin və ya xarici dövlətin) dini təhsil proqramında iştirak etmək istəyən şəxslər DQİDK və ya Təhsil Nazirliyindən icazə almalı və həmin qurumlarda qeydiyyatdan keçməlidir. Xaricdə dini təhsil yerli və ya xarici dövlət tərəfindən dəstəklənmirsə, müraciət etmək istəyənlərdən dövlət qurumlarından icazə almaq tələb olunmur. Dövlətdən icazə almadan xarici dövlət tərəfindən dəstəklənən və ya özəl maliyyə dəstəyi ilə xaricdə dini təhsil alan şəxslər ölkəyə qayıtdıqdan sonra heç bir rəsmi dini vəzifə tuta, moizə deyə və ya xütbə oxuya bilməz.

Konstitusiyaya əsasən, “müəyyən hallarda”, hərbi xidmət şəxsi inanclarla ziddiyyət təşkil etdikdə alternativ hərbi xidmətə yol verilsə də, alternativ hərbi xidmətə icazə verən qanunvericilik mövcud deyil və hərbi xidmətdən boyun qaçırmağa görə Cinayət Məcəlləsində iki ilədək azadlıqdan məhrumetmə cəzası və ya məcburi hərbi xidmətə cəlbetmə nəzərdə tutulur.

Dekabr ayında vətəndaşlıq haqqında qanunun müddəalarına dair irəli sürülmüş yeni düzəlişlər vətəndaşlığın itirilməsi ilə bağlı yeni əsaslar müəyyən edir, buraya terror fəaliyyətində iştirak, dini ekstremist fəaliyyətdə iştirak və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçmə, düşmənçilik zəminində (qanunda “düşmənçilik zəminində” anlayışının izahı verilmir) dini məzhəbləri yayma və ya və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə dini münaqişədə iştirak etmə daxildir.

Konstitusiyaya əsasən, “din xadimləri”nin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər və onlar qanunverici orqana seçilə bilməzlər. Qanunla siyasi partiyalar dini fəaliyyətlə məşğul ola bilməzlər. Qanunda “din xadimləri” anlayışının tərifi verilmir. Qanun dini rəhbərlərin eyni zamanda dövlət qurumunda və dini vəzifədə çalışmasını qadağan edir. Qanunla dini obyektlərin siyasi məqsədlər üçün istifadəsinə yol verilmir.

Konstitusiyaya əsasən, “insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği”, habelə dini ədavət oyadan “təbliğat” qadağandır. Qanun, həmçinin, hər hansı şəxsin dini etiqadına görə ona qarşı hədə və ya təhqiramiz ifadələrin işlədilməsini qadağan edir.

Qanun əcnəbilərə dini təbliğat aparılmasını qadağan edir, lakin bu qadağa yerli vətəndaşlara şamil olunmur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasına görə 1 ildən 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ölkə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta üzvdür.

 

Hökumətin gördüyü tədbirlər

Hökumət dini fəalları həbs etməyə davam etmişdir. Yerli insan haqları təşkilatları həbs edilmiş həmin şəxsləri siyasi məhbus hesab edir. İl ərzində həbs edilmiş və ya azadlığa buraxılmış dini fəalların sayı ilə bağlı etibarlı rəqəmlər olmasa da, Siyasi Məhbusların  Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup və digər QHT-lərin topladığı məlumatlara əsasən, ilin sonuna həbsdə olan dini fəalların təxmini sayı 86 nəfər olmuşdur. Müqayisə üçün, 2015-ci illə bu rəqəm 46 olmuşdur.  Qeydiyyat prosesi zamanı hökumət tərəfindən qeyri-ənənəvi hesab edilən dini icmaların, o cümlədən “Yehovanın Şahidləri”, Baptistlər və bir neçə müsəlman dini icmalarının fəaliyyətləri məhdudlaşdırılmışdır. Hakimiyyət məscidləri bağlamağa, qeydiyyatı olmayan icmaların dini xidmətlərini dayandırmağa davam etmişdir. Hökumət, həmçinin, dini təyinatlı materialların idxalı, yayılması və satışına da məhdudiyyətlər qoymuşdur. Hökumət dini tolerantlığı təşviq etmək üçün müəyyən addımlar atmışdır.

“Forum 18” beynəlxalq qeyri-hökumət təşkilatının məlumatına əsasən, İslamın Şiə məzhəbindən olan İnqilab Əhədli yanvar ayında Müsəlman Birliyi Hərəkatını dəstəkləməkdə təqsirləndirilərək həbs edilmiş və gizli polis təcridxanasına köçürülmüşdür. İnsan haqları fəallarından biri “Forum 18”-ə bildirmişdir ki, həbs edilərkən Əhədlinin səhhəti pis olmuş və aprel ayında ağır vəziyyətdə həbsxananın xəstəxanasına yerləşdirilmişdir. Onun işi barədə əlavə məlumat əldə etmək mümkün olmamışdır.

Mətbuatın və hökumətin məlumatlarına əsasən, hökumət ölkənin müxtəlif hissələrində dini azlıqların, o cümlədən sələfi və baptist qruplarının nümayəndələrinin saxlanmasına davam etmişdir.

İl ərzində, xüsusuilə iyul ayında Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra, polis Türkiyəli islam ilahiyyatçısı və  din xadimi Fətullah Gülənin ardıcılları olduqları iddia edilən şəxslərə qarşı dini düşmənçilik və ayrı-seçkilik ittihamları ilə reydlərə başlamış, onların dini materialları müsadirə edilmişdir.

Martın 23-də polis Qax şəhərində “Yehovanın Şahidləri”-nin yığıncağına reyd təşkil etmiş, 56 nəfəri qısamüddətli saxlamış və hökumət tərəfindən təsdiq edilməmiş dini materialları müsadirə etmişdir. Məhkəmə daha sonra qeyri-qanuni dini yığıncaqda iştirakda təqsirləndirilən 34 nəfərə 1500 AZN ($820) məbləğində cərimə tətbiq etmişdir.

Xristian qeyri-hökumət təşkilatı olan “World Watch Monitor”-un verdiyi məlumata əsasən, cənubda yerləşən Əliabad kəndində iki ev-kilsə liderinin evlərində təşkil etdiyi ibadət mərasimi polis reydinə məruz qalmış və onlar  1500 AZN ($820) məbləğində cərimə edilmişdir. Yığıncaqda iştirak edən 30 nəfər ilkin olaraq həbs edilmiş, daha sonra isə azadlığa buraxılmışdır. 12 dekabr tarixli məhkəmə iclasından sonra hər iki liderə rəsmi qeydiyyat və icazə almadan hər hansı yığıncaq keçirməmək barədə xəbərdarlıq edilmiş, əks təqdirdə “daha ciddi nəticələrin” olacağı ilə hədələnmişlər.  Dövlət televiziyasının məlumatına əsasən, onların həbsi “qeyri-qanuni dini fəaliyyətlər” və “qeyri-qanuni dini məzhəblərin yayılması” ittihamlarına əsaslanmışdır.

İl ərzində hökumət 2015-ci ildə dini ekstremizm ittihamı ilə həbs edilmiş 17 Nardaran sakininin, həmçinin ilahiyyatçı və Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun (həmçinin Taleh Bağırzadə kimi tanınır) məhkəmələrini davam etmişdir. İlin sonunda da məhkəmə prosesi davam edirdi. Məlumatlara görə, polis əməkdaşları Ramazan ayının sonunda qəsəbə sakinlərinə hədə-qorxu gəlmək cəhdi ilə hər bir məscidin ətrafında dayanmışdır. İnsan haqları fəallarından birinin məlumatına əsasən, 2015-ci il noyabr ayında baş verən polis əməliyyatından bəri Nardaranda “elan edilməmiş fövqəladə vəziyyət”  hökm sürmüşdür.

Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsi iyul ayında 2014-cü ildə dövlətə xəyanət ittihamı ilə həbs edilmiş  ilahiyyatçı alim, QMİ-nin sabiq sektor müdiri, Elşən Musatafayevin (həmçinin Mustafaoğlu kimi tanınır) məhkəmə iclaslarına başlamışdır. Məhkəmə iclasları zamanı, Mustafayev bildirmişdir ki, o Müsəlman icmasının rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin əleyhinə ifadə almaq məqsədilə polis tərəfindən fiziki zorakılığa məruz qoyulmuşdur. Mustafayev, həmçinin, bildirmişdir ki, hakimiyyət onun ailə üzvləri ilə görüşməsinə icazə vermir və o, Baş Prokuror və Ombudsmana ona qarşı pis rəftarın araşdırılması ilə bağlı müraciət etmişdir. Hakimiyyət onun ittihamlarına cavab verməmişdir. Dekabr ayının 30-da verilən hökmə əsasə,n Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Aprelin 19-da Bakı Apelyasiya Məhkəməsi qeyri-qanuni dini materialların istehsalı və paylanması, dini mərasimlərin keçirilməsi adı altında vətəndaşıların hüquqlarının pozulması ittihamı ilə 2013-cü ildə həbs edilmiş “Nurçu” təriqətinin üzvləri Rəvan Səbzəliyev, Zəkəriyyə Məmmədov və Şahin Həsənovu azadlığa buraxmışdır. Məhkəmə, həmçinin, eyni ittihamlarla həbs edilmiş Eldəniz Hacıyev və İsmayıl Məmmədovun həbs müddətini beş ildən üç ilə qədər azaltmışdır.

Sentyabrın 30-da hakimiyyət Ceyhun Cəfərovun həbs qətimkan tədbirini ev həbsi ilə əvəz edərək onu həbsdən azad etmişdir. Hüquq-mühafizə orqanları Cəfərovu öz tərcümə mərkəzinin ofisində axtarış apardıqdan və kompüterləri və mobil telefonlarını müsadirə etdikdən sonra dövlətə xəyanət ittihamı ilə 2015-ci ilin mart ayında həbs etmişdi.

Yanvarın 28-də Bakı şəhəri Pirallahi Rayon Məhkəməsi dini ədəbiyyatın qanunsuz paylanmasına görə həbs edilmiş “Yehovanın Şahidləri” icmasına mənsub olan 2 nəfəri – Validə Cəbrayılova və İrina Zaxarçenkonu 11 aylıq həbsdən sonra azad etmişdir.

Qeydiyyatdan keçməmiş, hökumət tərəfindən qeyri-ənənəvi hesab edilən müsəlman və  qeyri-müsəlman dini icmaları fəaliyyətlərindəki çətinliklərlə bağlı məlumat verməyə davam etmişdir, hökumət də qeydiyyatsız dini qruplar olaraq toplaşdıqlarına görə onlara qarşı cərimələr tətbiq etmişdir. Bir neçə Protestant liderləri bir daha bildirmişdir ki, qeydiyyat problemləri onların açıq şəkildə ibadət etməsinə, dini mərasimlər keçirməsinə və yeni üzvlər cəlb etmək üçün öz məkanlarını elan etmələrinə əngəl olur. Ev-kilsə rəhbərləri bildirmişdir ki, onların qeydiyyatla bağlı son cəhdləri lüzumsuz olaraq hakimiyyətin diqqətini cəlb etdiyinə görə, artıq öz fəaliyyətlərini ehtiyatla təşkil edirlər.

Əksər dini icmalardan əldə olunmuş məlumata əsasən, hökumət qeydiyyat üçün müraciət prosesini gecikdirməyə davam etmiş və bəzi ərizələri göstərilmiş məlumatlarda texniki və inzibati problemlərin olması səbəbi ilə geri qaytarmışdır. Lakin, ilin sonuna olan məlumata əsasən hələ də qeydiyyatdan keçməmiş olsa da,  Yeddinci-gün Adventistləri öz Bakı kilsələrinin qeydiyyatı üçün müraciətlə bağlı müsbət irəliləyişin olması barədə məlumat vermişdir. Qeydiyyat üçün müraciətləri hələ baxılmaqda olan dini icmalara azlıq təşkil edən müsəlman icmaları, Bakıdan kənarda yerləşən Yehovanın Şahidləri, Baptistlər, Gəncədə Yeddinci-Gün Adventistləri, Bakı Beynəlxalq Qardaşlığı və kilsədənkənar Protestant kilsəsi daxildir. 2009-ci ildə qəbul edilmiş qanundan öncə qeydiyyata alınmış və təkrar qeydiyyatı tələb olunan əksər icmalar bildirir ki, DQİDK ya təkrar qeydiyyatdan imtina etmiş,  ya da  ərizə ilə bağlı hələ də qərar verməmişdir. Qeydiyyat üçün müraciət etmiş dini icmaların demək olar ki, hamısı (2009-cu ildə qəbul olunmuş qanuna qədər  qeydiyyatdan keçmiş və ya keçməmiş)  qeydiyyat ərizələrini 2010-cu ilin yanvar ayına qədər (ilkin olaraq təyin olunmuş son müraciət tarixi) təqdim etmişdir və verdikləri məlumata əsasən, o vaxtdan bəri hökumətin tələblərinə uyğun olaraq öz ərizələrinə xırda düzəlişlər etməklə məşğul olmuşlar.

DQİDK-nin məlumatına əsasən, daha öncə qeydiyyatdan keçmiş və yeni qeydiyyat ərizələri baxılmaqda olan icmalar əvvəlki qeydiyyat sənədi ilə fəaliyyət göstərə bilirlər və DQİDK icmalara fəaliyyət göstərmələri üçün səlahiyyət verən məktublar təqdim etməyə davam etmişdir. Təkrar qeydiyyatdan keçə bilməmiş bəzi dini icmalar öncəki qeydiyyat sənədinin etibarlılığı ilə əlaqədar Ədliyyə Nazirliyindəki qarışıqlıqdan şikayətlənmişdir. Bu icmaların verdiyi məlumata əsasən, polis onların 2009-cu ildən öncəki qeydiyyat sənədləri ilə fəaliyyətlərini davam etdirməyə icazə verən DQİDK-nin məktublarından imtina etməyə davam edir: onların sözlərinə görə, polis bildirmişdir ki, yalnız DQİDK-nin internet saytında təqdim olunan qeydiyyatdan keçmiş icmaların siyahısında olan icmaların fəaliyyətinə icazə verilir.

DQİDK-nin məlumatına əsasən, komitə il ərzində 75 dini icmanın qeydiyyatını təsdiq etmişdir. 22 icma isə göstərilməyən səbəblərdən öz fəaliyyətlərinə xitam vermişdir. DQİDK təkrarən vurğulamışdır ki, o, il ərzində heç bir dini icmanın yeni qeydiyyat ərizələrindən imtina etməmişdir; lakin, məlumatlara görə, DQİDK bəzi ərizələri məlumatların natamam daxil edilməsi səbəbi ilə geri qaytarmış, yaxud bəzi ərizələrlə bağlı tədbir görməmişdir. Bundan əlavə DQİDK hesab etmişdir ki, bu icmaların 2009-cu ilə qədərki qeydiyyat statusu yalnız 2009-cu ilə qədərki qeydiyyat formasında göstərilən fiziki obyektlərə şamil edilir. DQİDK bildirmişdir ki, bu icmaların 2009-cu ildən sonra əldə olunan əlavə obyektlərdə və ya yeni məkanlarda dini fəaliyyəti 2009-cu ildən öncəki qeydiyyat statusunun əhatə dairəsinə düşmür.

Dövlət rəsmilərinin məlumatına əsasən, yeni qeydiyyata alınmış 75 dini icma ilə birlikdə, qeydiyyata alınmış dini icmaların ümumi sayı 707-ə çatmışdır. Bunlardan 25-i qeyri-islam təmayüllü (16 xristian, 6 yəhudi, 2 bəhai və biri krişna şüuru) olmuşdur. DQİDK-nin məlumatına əsasən qeydiyyata alınmış məscidlərin ümumi sayı 2054-dür.

Sentyabrda “Forum 18”-in xəbər xidmətinin verdiyi məlumata əsasən, səlahiyyətli orqanlar qeydiyyatsız fəaliyyətlə əlaqədar Qobustanda Sünni məscidini bağlamışdır. Daha sonra məhkəmə icma lideri Əhməd Simirovu dini qeydiyyat tələblərini pozmaqda təqsirləndirərərək 1500 AZN ($820) məbləğində cərimələmişdir.

Yerli dini ekspertlərin məlumatlarına əsasən, yerli səlahiyyətli orqanlar təmir ehtiyacı və təhlükəsizlik problemlərini əsas gətirərək məscidləri bağlamağa davam etmişdir. Daha öncədən, misal üçün 2010-cu ildən bağlanmış bəzi məscidlər  hələ də bağlıdır. Ekspertlərin fikrincə, xüsusilə Bakı şəhərində məscidlərin bu şəkildə bağlanması hökumət tərəfindən ekstremizmə qarşı mübarizə cəhdi ilə bağlıdır. Hökumət rəsmilərinin məlumatına əsasən, xüsusilə İŞİD tərəfindən yaranmış təhlükə ciddi narahatlıq doğurur.

İyul ayında səlahiyyətli orqanlar Bakıda İçərişəhərdə yerləşən Aşurbəy Məscidini yenidənqurma işləri üçün bağlamışdır. Bəzi vətəndaş cəmiyyəti fəallarının fikrincə, məscidin bağlanmasının əsas səbəbi məscidin Sələfi Müsəlmanları tərəfindən istifadəsi ilə əlaqədardır. Mətbuat və hökumətin məlumatlarına əsasən, səlahiyyətli orqanlar dini materialları müsadirə etmiş, Sələfilərin toplantı yerləri kimi şübhəli bilinən digər məscidlərdə icma liderləri və imamlarını dəyişdirmişdir.  Sələfilərə bu məscidlərə gəlməyə icazə verilsə də, onların lider, aparıcı imam vəzifələrini tutması yaxud xütbələr söyləməsi qadağan edilmişdir.

“Forum 18”-in məlumatına əsasən, yanvar ayında polis Şirvanda 20 il fəaliyyət göstərən sünni ev-məscidini qeydiyyatsız fəaliyyətə görə bağlamışdır. İlin sonuna bu iş haqqında əlavə məlumat əldə etmək mümkün olmamışdır.

Mayda səlahiyyətli orqanlar və polis küçəni genişləndirmək məqsədilə Nardaranda Şiə mədrəsəsini  dağıtmışdır. Lakin sakinlərin məlumatına görə küçəni genişləndirmək mümkün olmamışdır. İcma üzvləri məhkəmə orqanlarına şikayət etmişdir. Ilin sonuna bu İşlə bağlı əlavə məlumat əldə edilməmişdir.

Müstəqil xəbər agentliklərindən birinin məlumatına əsasən, fevralın 22-də polis Nardaran məscidində Məhəmməd Peyğəmbərin qızının şərəfinə təşkil olunmuş dini mərasimi, mərasim barədə əvvəlcədən bildirişin təqdim olunmaması  səbəbi ilə dayandırmışdır.

“Forum 18”-in məlumatına əsasən, QMİ-nin tərkibində olmayan bəzi Müsəlman icmaları, xüsusilə Sünni icmaları, ibadət vaxtları və İslam bayramlarının keçirilməsi üçün təqvimlərin dövlət tərəfindən təqdim olunmasına etiraz etmişdir. Onlar bildirmişdir ki, ibadətlərini doğru hesab etdikləri təqvimə uyğun etdikləri təqdirdə həbs olunacaqlarından qorxurlar.

Hökumət əksər ictimai yerlərdə baş örtüklərinin istifadəsinə icazə versə də, şəxsiyyəti təsdiq edən rəsmi sənədlər üçün çəkilən fotolarda örtüyə icazə verilmir. Yerli müşahidəçilərin məlumatına görə, hökumət və məktəb rəhbərlərinin əsksəriyyəti əvvəlki göstərişlə qadağan olunmasına baxmayaraq, ölkədə ibtidai və orta təhsil müəssisələrində qızların hicab geyməsinə icazə  verməyə davam etmişdir.

Hökumət Müsəlman qruplarının fəaliyyətləri, o cümlədən dini televiziya verilişlərinin məzmunu və dini ədəbiyyatın satışına nəzarəti davam etdirir. Yerli dini ekspertlərin bildirdiyinə görə, hakimiyyət qadağan edilmiş kitabların müsadirəsini davam etdirmişdir.

Bəzi Müsəlman və Xristian qrupları senzura və dini ədəbiyyatın idxalı üçün icazənin əldə olunması prosesinin uzun və büroratik olmasından şikayətlənməkdə davam edib. “Yehovanın Şahidləri” icmasının verdiyi məlumata əsasən, DQİDK “Yehovanın Şahidləri” icmasının nəşrlərinin idxalına icazə versə də, hökumət nəşrlərin təsdiq olunmuş qaydada markalanması üçün zəruri olan ştampların bitdiyini bildirib və beləliklə icma tərəfindən nəşrlərin istifadəsi və paylanması  mümkün olmamışdır.

Yerli insan hüquqları qrupları hökuməti dini etiqadına görə hərbi xidmətdən imtina edən şəxslərə hərbi xidmət yerinə digər alternativ xidmətin təklif olunmaması ilə bağlı tənqid etməyə davam etmişdir.  Hökumət rəsmiləri bildirir ki, bu vəziyyətin əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır.

Hökumətin qanunvericilikdə alternativ xidmət seçiminin verilməsi ilə bağlı BMT-nin İnsan Huquqları Şurasına təqdim etdiyi 14 iyul bəyanatına baxmayaraq, Ali Məhkəmə alternativ xidmətin olmaması ilə bağlı “Yehovanın Şahidləri” dini icmasının şikayətlərini təmin etməməyə davam etmişdir. “Yehovanın Şahidləri” icmasının verdiyi məlumata əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) “Yehovanın Şahidləri” icmasının üzvü Daniel Xutsişivilini “dini etiqadına görə hərbi xidmətdən imtina edən şəxs” statusu istədiyi üçün cinayət məsuliyyətinə cəlb etməklə hədələmişdir. Xutsişivili  alternativ xidmət tələb etdikdə isə SHXÇDX bildirmişdir ki, konstitusiyada icazə verilsə də, qanunda “dini etiqadına görə hərbi xidmətdən imtina edən şəxs” statusunun verilməsi ilə bağlı müddəa yoxdur.

Dövlət müsəlman icmalarının ehtiyacları üçün Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ($543 000), qeyri-islam təmayüllü icmaların (ənənəvi və qeyri-ənənəvi) istifadəsi üçün isə  üçün isə 800 000 manat ($435 000 ABŞ dolları) vəsait ayırmışdır. DQİDK-nin rəsmilərinin verdiyi məlumata görə, dini təhsil proqramları üçün onların büdcəsinə 2.5 milyon manat ($1.4 milyon) həcmində vəsait ayrılmışdır.

Fevral ayında Prezident İlham Əliyev Gəncə şəhərində əsaslı təmir işlərindən sonra Şiə İmamzadə dini kompleksinin açılış mərasimində iştirak etmişdir. İl ərzində, həmçinin, 12 məscid, iki kilsə və bir sinaqoq dövlət tərəfindən təmir olunmuşdur.

DQİDK dini tolerantlıq və birgə yaşamı gücləndirmək məqsədilə öz fəaliyyətinin bir hissəsi olaraq il ərzində multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə mövzularında 14 regional konfrans keçirmişdir. İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən birgə maliyyələşdirilən konfranslar, təlimlər və seminarlarda müxtəlif dini inancların nümayəndələri iştirak etmiş və din və dövlət məsələləri barədə müzakirələr aparılmışdır.

Dövlət aprel ayında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Tədbirdə əsas diqqət inkluziv cəmiyyətlərin formalaşmasına yönəlmiş və irqi ayrı-seçkilik, düşmənçilik və zorakılığa təhrik etmə vasitəsi kimi dini nifrətin təbliğini rədd edən bəyanat verilmişdir.

Xarici Qüvvələr və qeyri-dövlət iştirakçıları tərəfindən hüquqpozma halları

Dövlət Dağlıq Qarabağ regionuna nəzarəti həyata keçirməmişdir. Dini qurumlar, o cümlədən “Yehovanın Şahidləri”, QHT-lər, o cümlədən “Forum 18” Dağlıq-Qarabağda de-fakto fəaliyyət göstərən hakimiyyətin dini fəaliyyətə qadağa qoyduqları barədə məlumat vermişdir, lakin konkret hüquq pozuntuları barədə məlumatlar əldə olunmamışdır.

III Bölmə. Dini azadlığa cəmiyyətin münasibəti

Oktyabr ayında Roma Papası Fransis ölkəyə səfər edərək müsəlman, yəhudi və Rus-Provoslav kilsəsinin rəhbərləri ilə görüş keçirmiş və ölkənin kiçik Katolik icması üçün dini mərasim (messa) keçirmişdir. Kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, Roma papası ölkədəki dini tolerantlıq ənənələri barədə müsbət fikirlər səsləndirmiş və dini problemlər və insan hüquqları ilə bağlı digər məsələlər ətrafında ictimai müzakirələrdən çəkinmişdir.

 

IV Bölmə. ABŞ-ın dövlət siyasəti

ABŞ Səfiri və səfirlik əməkdaşları hökumət nümayəndələrini, o cümlədən DQİDK-nin yüksək vəzifəli məmurlarını dini qurumların qeydiyyatı ilə bağlı davam etməkdə olan uzunmüddətli məsələləri, habelə dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşr olunması ilə bağlı maneələri aradan qaldırmağa çağırmaqda davam etmişdir. Səfirlik əməkdaşları DQİDK, Qafqaz Müsəlmanları İdarəsi və Xarici İşlər Nazirliyi ilə görüşlər keçirməyə və təkrar qeydiyyatla bağlı qoyulmuş tələbləri yerinə yetirməkdə çətinlik çəkən dini icmalara, o cümlədən “Yehovanın Şahidləri” və digər dini azlıqlara qarşı hökumətin münasibətini müzakirə etməyə davam etmişlər. Səfirliyin nümayəndələri, həmçinin, “Yehovanın Şahidləri” dini icmasının üzvləri Validə Cəbrayılova və İrina Zaxarçenkonun məhkəməsini müşahidə etmiş və onlar yanvar ayında azadlığa çıxdıqdan sonra onların sağlamlıq vəziyyətini və rifahını müzakirə etmək üçün icma nümayəndələri ilə görüşmüşdür.

Səfir və səfirlik əməkdaşları müntəzəm olaraq Xristian, Müsəlman və Yəhudi icmalarının rəhbərləri, həmçinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirmiş və qeydiyyat və dini materialların ölkəyə gətirilməsi ilə bağlı mövcud problemləri müzakirə etmişdir.

Səfir və səfirliyin əməkdaşları gələcək nəsillər üçün ölkənin dini tolerantlıq ənənəsini qoruyub saxlamağa ehtiyac olduğu barədə ictimai bəyanatlar verməyə davam etmişdir. İyun ayında Səfir dövlət rəsmiləri, müsəlman və qeyri-müsəlman dini rəhbərləri və QHT nümayəndələri üçün iftar süfrəsi təşkil etmiş və ölkənin dini icmaları arasında qarşılıqlı tolerantlıq və hörmətin mövcud olduğu vurğulanmışdır