Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən keçən otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik. Biz Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələri, habelə Ukraynaya dəstəyinizi, xüsusilə humanitar yardımınızı yüksək qiymətləndiririk.
Birləşmiş Ştatlar təkcə güclü iqtisadi əlaqələr vasitəsilə deyil, həm də xalqlararası əlaqələr vasitəsilə münasibətlərimizi genişləndirməyi davam etməkdən qürur duyur. Minlərlə Azərbaycan və Amerika vətəndaşı birlikdə çalışıb, təhsil alıb və yenilik etmək, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə ediblər. Qarşıdakı illərdə bu sayın daha da artmasınısəbirsizliklə gözləyirik. Biz həmçinin Azərbaycan konstitusiyasında nəzərdə tutulan insan hüquqlarını və əsas azadlıqlarını qoruyan islahatlarla demokratik inkişafa doğru addımlar atmağa çağırırıq. Biz Azərbaycan və Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqik. Biz regiona uzunmüddətli hərtərəfli sülhün tapılmasında yardım etmək məqsədilə ikitərəfli şəkildə və həmfikir tərəfdaşlarla birgə işləməyə hazırıq.
Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu çətin dövrdə Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini, habelə Azərbaycan xalqının hüquq və azadlıqlarını dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyir.