“Terrorizm-2016: ölkələr hesabatı” – Azərbaycan

Great Seal of the United States

Qısa icmal: Azərbaycan terrorizmlə mübarizə sahəsində ABŞ-la ciddi şəkildə əməkdaşlıq edir və Qafqaz regionu vasitəsilə insan, pul və material keçirmək istəyən terror təşkilatlarına qarşı fəal şəkildə mübarizə aparır. Ölkə terrorla mübarizə ilə bağlı qanunvericiliyə əsasən şəxslərin cinayət təqibi, xaricdəki münaqişə ocaqlarından Azərbaycana qayıdan xarici terrorçuların həbs olunması və hökumətin bildirdiyinə görə terror hücumları planlaşdıran şəxslərə qarşı xüsusi əməliyyatların keçirilməsi də daxil olmaqla terrorla mübarizə səylərini davam etdirir.

Azərbaycan məlumat mübadiləsi həyata keçirməklə, xarici terrorçuların İraq və Suriyaya axınının qarşısını almaq istiqamətində iş aparmaqla və həmin ölkələrdəki terrorçu qrupların qanunsuz maliyyələşdirilməsinə qarşı çıxmaqla İŞİD-ə qarşı mübarizə aparmaq əzmində olduğunu nümayiş etdirir. Yüksək vəzifəli hökumət rəsmiləri, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD-in və Əl-Qaidənin ideologiyasına qarşı mübarizə aparmaq istiqamətində ictimai addımlar atmışlar. Onlar və digər yüksək vəzifəli hökumət nümayəndələri 2016-cı ildə baş vermiş beynəlxalq terror hücumlarını dəfələrlə pisləmişlər.

Sentyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən toplantısında iştirak edən digər liderlər 2017-2019-cu illər üzrə terrorizmlə və zorakı ekstremizmin digər formaları ilə mübarizəyə dair əməkdaşlıq proqramını yekdilliklə təsdiq etmişlər. Prezident İlham Əliyev həmçinin iyulun 8-9-da NATO-nun Varşavada keçirilən zirvə toplantısında zorakı ekstremizmə qarşı tədbirlərə həsr olunmuş müzakirələrdə iştirak etmişdir.

Qanunvericilik, hüquq-mühafizə və sərhəd təhlükəsizliyi: Azərbaycan terror aktları törətmiş və ya törətməyi planlaşdıran şəxslərin istintaqını və cinayət təqibini tənzimləyən, ilk dəfə 1999-cu ildə qəbul edilmiş terrorizmlə mübarizə qanunlarının tətbiqini davam etdirir.

Ölkənin əsas hüquq-mühafizə orqanı qismində çıxış edən Daxili İşlər Nazirliyi terrorizmlə mübarizə ilə bağlı məsuliyyət daşıyır. Nazirliyin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vasitəsilə spesifik anti-terror tədbirləri həyata keçirilir. Baş Prokurorluq terrorizm, terror aktları törətmək məqsədilə əlbir olma, terrorizmə yardım etmək məqsədilə əlbir olma və terrorla əlaqəli digər cinayətlərə cəlb olunan şəxslərin təqibi üçün məsuliyyət daşıyır.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) terrorizmə qarşı mübarizədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla sıx əməkdaşlıq edir. 2015-ci ildə imzalanmış prezident fərmanından sonra Azərbaycan hökuməti 2016-cı ildə Milli Təhlükəsizlik Nazirliyini ləğv etmiş və əvəzində iki yeni qurumu, Dövlət Təhlükəsizlik Xidmətini (DTX) və Xarici Kəşfiyyat Xidmətini təsis etmişdir. DSX, digər vəzifələrlə yanaşı, terror qrupları tərəfindən həyata keçirilən cinayət fəaliyyətlərinin aşkar edilməsi və qarşısının alınması, beynəlxalq terrorçuluq və transmilli cinayətlərə qarşı mübarizəyə görə məsuliyyət daşıyır.

Azərbaycan hökuməti terror əməllərini aşkarlamaq və onların qarşısını almaq, habelə Azərbaycana qayıdan xarici terrorçuları təqib etmək potensialını nümayiş etdirmişdir. Hakimiyyət nümayəndələri terrorçuların və cinayətkarların axtarış siyahılarından və ölkəyə giriş məntəqələrində səyahət edən şəxsləri yoxlamaq üçün bioqrafik/biometrik məlumatlardan səmərəli şəkildə istifadə edirlər. Azərbaycanın təhlükəsizlik xidmətləri məlumatların hökumət daxilində və digər ölkələrlə effektiv mübadiləsini həyata keçirirlər. Bəzi uçuşlar zamanı sərnişinlər barədə əvvəlcədən məlumatların və kommersiya reyslərində sərnişinlərin qeydiyyat məlumatlarının toplanması həyata keçirilir.

Azərbaycanın hüquq-mühafizə orqanları hökumət tərəfindən Suriya və İraqdakı terrorçu qrupların tərkibində vuruşmaqda ittiham olunan şəxslərin istintaqını həyata keçirmək, onları təqib etmək və məhkum etməkdə davam edirlər və Azərbaycandakı terrorçuluqda şübhəli bilinən şəxslərə qarşı anti-terror əməliyyatları həyata keçirmişlər.

2016-cı ildə hökumət ölkədən kənarda terror fəaliyyətinə cəlb olunmaqda ittiham olunan 58 şəxsin vətəndaşlığını ləğv etmişdir.

Hökumət paytaxt Bakıdan təxminən 15 kilometr şimalda yerləşən Nardaran qəsəbəsində 2015-ci ilin noyabr ayında hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş əməliyyat zamanı həbs olunmuş 17 şübhəlinin cinayət təqibini davam etdirmişdir. Hökumət, sabiq siyasi məhbus və dini fəal Taleh Bağırzadəni (mətbuatda Taleh Bağırov kimi də qeyd olunur) və digər şəxsləri hakimiyyəti devirməyi planlaşdırmaqda ittiham etmişdir. Hökumət iddia edir ki, Bağırzadə və onun tərəfdaşları Nardaranda silah-sursat və partlayıcı maddələr saxlayırlar. Reyd zamanı onlar müsadirə edilmişdir. Əməliyyat zamanı iki polis məmuru ilə birlikdə 5 kənd sakini də öldürülmüşdür. Hökumət rəsmiləri Nardarandakı radikal şəxslərin və qrupların uzun müddətdir fundamentalist İslam dövləti qurmaq istiqamətində iş apardıqlarını və sözü gedən qrupların xarici hökumətlərdən və ölkədən kənarda fundamentalistləri dəstəkləyən şəxslərdən dəstək aldıqlarını iddia etmişlər. Bir çox demokratiya və insan haqları müdafiəçiləri isə sübutların olmaması səbəbindən həbslərin saxta olduğunu düşünürlər. Məhkəmə müşahidəçiləri məhkəmə zamanı ədalət prinsiplərinin tez-tez pozulmasını, həmçinin ittiham aktında çoxsaylı uyğunsuzluqların olduğunu bildrmişlər. Məhkəmə 2016-cı ilin sonunda da davam etdirilmişdir.

Həmin il ərzində Azərbaycanda terror aktlarının qarşısının alınması barədə məlumatlar yayılmışdır; lakin həmin önləyici tədbirlərin bəzilərinin həqiqətən terror təhdidlərinə qarşı və ya qeyri-zorakı müstəqil dini fəalların fəaliyyətinə mane olmaq məqsədilə həyata keçirildiyi aydın deyil.

Fevralın 12-də, DTX anti-terror əməliyyatı çərçivəsində səkkiz şübhəlini həbs etmişdir. Onlardan bəziləri terrorla əlaqəli ittihamlarla məhkum edilmiş və həbs olunmuşlar.

Oktyabrın 27-də DTX əməkdaşlarıının reydlər həyata keçirdiyini və Azərbaycanda terror aktı planlaşdırmaqda şübhəli bilinən iki nəfərin öldürüldüyünü, üçüncünün isə yaralandığını elan etmişdir. DTX bəyanat yayaraq bildirmişdir ki, həmin şəxslər Azərbaycanda silahlı qrup yaratmış və Azərbaycandan kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu qruplarla əlaqəli olmuşlar.

Noyabrın 16-da Bakı şəhər məhkəməsi İŞİD və digər terror qruplaşmalarının tərkibində İraq və Suriyada döyüşmüş yeddi Azərbaycan vətəndaşını ittiham etmişdir. Məhkəmə həmin şübhəliləri iki ildən 14 ilədək həbs cəzalarına məhkum etmişdir.

Noyabrın 25-də DTX-nın Xaçmaz rayonunda keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən Ramiq Rəhimov öldürülmüşdür. Rəhimovun Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak edən və Azərbaycan vətəndaşlarını xaricdə döyüşmək üçün səfərbər etmiş terror təşkilatlarından birinin rəhbəri olduğu bildirilmişdir. DTX-nın verdiyi məlumata əsasən, Rəhimov qanunsuz olaraq odlu silah və partlayıcı maddələr əldə etmiş və terror hücumları və insan oğurluğu həyata keçirməyi planlaşdırmışdır.

DTX əməkdaşları dekabrın 3-də hökumətin iddiasına görə üzərində partlayıcı qurğu olan və Azərbaycan ərazisində terror aktları törətməyi planlaşdıran bir şəxsi qətlə yetirmişlər. DTX-nın yaydığı bəyanatda verdiyi məlumata görə, əməkdaşlar Bakıdakı alış-veriş mərkəzlərindən birinin yaxınlığında Emin Cami adlı şəxsi həbs etməyə çalışmış, lakin o DTX əməkdaşlarını təhdid edərkən onu öldürmüşlər. Hökumətdən verilən məlumata görə, Cami “beynəlxalq terror təşkilatlarının nümayəndələrinə və xaricdəki münaqişələrdə iştirak edən qeyri-qanuni dəstələrə sədaqət andı içmişdir”. DTX-nın yaydığı bəyanata əsasən, Cami əvvəllər də terror qrupuna üzv olmaqda şübhəli bilinərək 9 il həbs cəzasına məhkum edilmiş, münaqişə zonalarında vuruşan digər azərbaycanlı ekstremistlərlə yenidən əlaqə yaratmış və Azərbaycanda terrorist aktları hazırlamışdır.

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə: Azərbaycan Avropa Şurasının Çirkli pulların yuyulmasına qarşı tədbirlərin və Terrorizmin Maliyyələşdirilməsinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL), Maliyyə Tədbirləri üzrə Operativ Qrupu (FATF) kimi regional qurumların üzvüdür. Hökumətin Maliyyə Monitorinqi Xidməti (FMS) Maliyyə Kəşfiyyatı İdarələrinin Egmont Qrupunun üzvüdür.

Azərbaycan sonuncu dəfə 2014-cü ildə MONEYVAL tərəfindən qiymətləndirmə aparıldıqdan sonra, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə potensaialını artırmaq istiqamətində səylərini davam etdirmişdir. Azərbaycan aktivlərin dondurulması üzrə qanunvericilik bazası formalaşdırmış və maliyyə institutlarından müştərilərlə bağlı lazımi qiymətləndirmə aparmağı və şübhəli əməliyyatlar barədə Maliyyə Monitorinqi Xidmətini məlumatlandırmağı tələb edir. Terrorizmin maliyyələşdirilməsini cinayət əməli hesab edən qanunvericilik bazası sözü gedən cinayətin bütün aspektlərini əhatə etmir və heç də bütün qeyri-maliyyə təşkilatlarından şəffaf əməliyyatlar barədə məlumat vermək tələb olunmur ki, bu da AML/CFT çərçivəsində narahatlıq doğuran məsələlərdən biridir.

Çirkli pulların yuyulması və maliyyə cinayətləri haqqında daha ətraflı məlumat üçün, 2017-ci ildə hazırlanmış Narkotiklərə qarşı Beynəlxalq Mübarizəyə dair Strateji Hesabata (INCSR) müraciət edin(Cild II, Pulların Yuyulması və Maliyyə Cinayətləri): http://www.state.gov/j/inl/rls/nrcrpt/index.htm.

Silahlı ekstremizmə qarşı mübarizə: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda yerləşən Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə din xadimlərini bəzi məscidlərdə dini mərasimlər zamanı zorakılığa qarşı təbliğat aparmağa təşviq etmək istiqamətində addımlar atmışdır.

Beynəlxalq və regional əməkdaşlıq: Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların üzvü olaraq qalır. Azərbaycan həmçinin Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə terrorizmə qarşı mübarizə təşəbbüsləri istiqamətində əməkdaşlığı davam etdirir.