ABŞ-ın Minsk Qrupunun növbəti Həmsədri vəzifəsinə təyinatı

Birləşmiş Ştatlar cənab Endryu Şoferin ABŞ-ın Minsk Qrupunun növbəti Həmsədri vəzifəsinə təyin edilməsini böyük məmnuniyyətlə bəyan edir. Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda geniş iş təcrübəsinə malikdir və son vəzifəsində ABŞ-ın Viyanadakı Beynəlxalq Təşkilatlara olan Missiyasında Müvəqqəti (UNVIE) İşlər Vəkili çalışmışdır. 2015-ci ilin avqustundan 2017-ci ilin yanvar ayına kimi o, UNVIE-də Missiya Rəhbəri Müavini, 2014-2015 illərdə isə UNVIE-də Beynəlxalq Atom Enerjisi Agentliyi məsələləri üzrə Müşavir kimi çalışmışdır. Viyanaya təyinatından öncə Cənab Şofer 2011-2014 illərdə ABŞ-ın Kiprdəki Səfirliyində çalışmışdır. O, həmçinin Kuveyt, Bəhreyn, və Rusiayada yerləşən ABŞ Səfirliklərində işləmişdir. Cənab Şofer Vaşinqtonda Yaxın Şərq Məsələləri üzrə Şöbəsində İraq bölməsində və Dövlət Katibinin Siyasi Məsələlər üzrə Müavininin Orta Şərq və Kontrterrorizm məsələləri üzrə Xüsusi Köməkçisi işləmişdir.

Birləşmiş Ştatlar Minsk Qrupu prosesinə təkan verməyə və tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc həllinin tapılmasında yardım etmək öhdəliyinə sadiqdir.19 iyun və 6 iyul bəyanatlarında qeyd edildiyi kimi, Birləşmiş Ştatlar Helsinki Son Aktı da daxil olmaqla, gücün istifadə olunmaması, ərazi bütövlüyü, və öz müqəddəratını təyin etmə prinsiplərini əks etdirən beynəlxalq hüquq əsasında qərarlaşan ədalətli həllə dəstək verir. Endryu Şofer sözügedən məqsədin əldə olunmasında tərəflərə yardım etməyə hazırdır. Biz Ermənistan və Azərbaycan hökumətlərinə Endryu Şoferin təyinatı barədə məlumat vermişik. Endryu Şofer vəzifəsinin icrasına dərhal başlayır.