ABŞ Səfirinin Amerika-Azərbaycan Ticarət Palatasının işgüzar naharı vaxtı etdiyi çıxışı

Xoş gördük.  Sizin hamınızı, və xüsusilə Amerika Birləşmiş Ştatlarından Azərbaycana indiyə qədər səfər etmiş ən böyük ticarət nümayəndə heyətinin üzvlərini bu gün burada salamlayıram.

Azərbaycan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra, Birləşmiş Ştatların Azərbaycana qarşı siyasəti sabit olmuşdur: biz güclü, sabit, çiçəklənən, demokratik, müstəqil Azərbaycanın tərəfdarıyıq. Biz bu siyasətin Azərbaycan xalqının məqsədləri ilə üst-üstə düşdüyünə inanır və bu məqsədin həyata keçirilməsi üçün, eləcə də  neft və qazın istehsalı, həmçinin Azərbaycan və Xəzər Hövzəsindən Avropaya və dünyanın digər nöqtələrinə daşınması və bununla da regional və qlobal enerji təchizatının təhlükəsizliyinin artırılması, yaxud Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmasına yardım etməyə həsr olunmuş ATƏT-in Minsk Qrupunun həmsədri qismində Azərbaycanlılarla birgə işləyirik. Son 25 ildə bizim Azərbaycana etdiyimiz yardım kənd yerlərində iqtisadi inkişaf məqsədilə göstərilən dəstək və Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş insanlar üçün 120 milyon dolları aşan humanitar yardım daxil olmaqla 1.3 milyard dollardan çox olmuşdur.

7,000-dən çox Azərbaycanlı ABŞ dövləti tərəfindən maliyyələşdirilən proqramlar üzrə Birləşmiş Ştatlarda təhsil almış və Azərbaycana təzə fikirlər, yeni ekspert bilikləri və yeni innovasiyalar gətirmişlər. Sülh korpusunun 500-dən çox könüllüsü Azərbaycanda işləmiş, buranı sevmiş və indi Birləşmiş Ştatlarda Azərbaycanın nümayəndələri kimi fəaliyyət göstərir və amerikalılara sizin ölkəniz barədə danışırlar. Bizim hal-hazırkı işlərimizə ölkə üzrə Azərbaycanlıların internetə pulsuz girişdən, Birləşmiş Ştatlarda təhsil haqqında məlumatdan və külli miqdarda ingilis dili resurslarından faydalana biləcəkləri yenidən açılmış dörd Amerika guşəsi daxildir.

Buradakı ticarət missiyamızı və bugünkü auditoriyanı nəzərə alaraq, mən diqqətimi münasibətlərimizin iqtisadi aspektləri üzərində cəmləşdirmək istərdim. İqtisadi aspekt ayrılmaz şəkildə demokratiya və insan hüquqları və ikitərəfli münasibətlərimizin təhlükəsizlik aspektləri ilə bağlıdır və eyni zamanda amerikalıların azərbaycanlılarla paylaşdığı məqsədin anlaşılmasına açardır.

Bizim Azərbaycan hökuməti ilə iqtisadi sahə üzrə iş birliyimiz son dərəcə möhkəm olmuşdur. Birləşmiş Ştatlar Azərbaycanın qeyri-neft diversifikasiyası cəhdlərini dəstəkləmişdir. ABŞ-da yerləşən şirkətlər Azərbaycanın pərakəndə satış, konsaltinq, kənd təsərrüfatı, istehlak malları, aviasiya, mühəndislik, proqram təminatı və hidrokarbon sektorlarına, eləcə də bir çox digər sektorlara cəlb edilmişdir. Biz Aqrar-sənaye komplekslərini  ABŞ kənd təsərrüfatı texnologiyası ilə tanış etmək üçün Birləşmiş Ştatlara öyrədici turlar təşkil etmişdik. Biz yerli fermerlərə məhsullarının keyfiyyətini dünya standartlarına necə çatdıra biləcəklərinə dair təlimlər keçir və onların beynəlxalq alıcılarla təmas yaratmaqlarına köməklik göstəririk ki, onlar öz məhsullarını rəqabətli şəkildə xarici bazarda sata bilsinlər. Biz kiçik və orta sahibkarlar üçün maliyyə resurslarından istifadəni təmin edirik. Biz fermerlərə kredit verən yerli bankları kredit zəmanəti ilə təmin edirik. Biz daxil olan və çıxan yükləri izləyəcək veb-portalı işləyib hazırlamaq üçün Tranzit Şurası ilə işləyirik. Biz gənclərə və qadınlara iş bacarıqları öyrədərək onların potensialını genişləndiririk. Biz həmçinin təchizat zənciri, marketinq, kənd təsərrüfatı biznesi, infrastruktur, əqli mülkiyyət, və tikintidə enerji səmərəliliyi daxil olmaqla, sənaye sektoru proqramlaşdırılması üzrə Azərbaycanda biznes peşəkarlarına təlim keçmişik.

Bundan əlavə, biz məhkəmə hüquq səlahiyyəti və kommersiya hüquq çərçivəsinin inkişafına yönəlmiş seminarlarla əməkdaşlıq vasitəsilə hökumətin biznes iqlimini və hüquq normaları mühitini möhkəmləndirmək üçün iqtisadi siyasət cəhdlərini dəstəkləməyə çalışırıq. Kommersiya, normativ və məhkəmə mühiti üzrə bu iş ABŞ şirkətləri, eləcə də Azərbaycanın beynəlxalq rəqabətliliyi məqsədilə sahibkarları cəlb etmək üçün lazım olan qabaqcadan xəbər verilə bilən, şəffaf və qaydalara əsaslanan vergi sisteminə yönəlmiş islahatları müdafiə edərək vahid şərtlərin təmin edilməsinə köməklik göstərir.

İqtisadi diversifikasiya və inkişafın ön plana çəkilməsi Prezident İlham Əliyevin Vaşinqtona sonuncu səfəri zamanı müzakirə olunan vacib mövzular idi. Bunun üçün lazım olan tədbirlər 2016-cı ilin aprelində Prezident İlham Əliyevin Amerika Ticarət Palatası ilə müzakirəsinin mərkəzində dururdu. Palatanın ekspert məruzəsi üzrə sonrakı işi Prezident İlham Əliyevin dekabrda imzaladığı islahatlar üçün perspektiv planı formalaşdırdığına görə Azərbaycan hökumətinə son dərəcə faydalı  nəticələr və məlumatlar təmin etmişdir. Palata Azərbaycanın artan sabitliyi və inkişafı, eləcə də indi burada fəaliyyət göstərən və ya Azərbaycan bazarına daxil olmaq istəyən Amerika şirkətləri üçün biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı vacib olan cəbhədə Azərbaycan hökuməti ilə işləməyə davam etmişdir.

Biz islahat cəhdlərini dəstəkləməyə davam edirik. Birləşmiş Ştatlarla qəbul edən ölkə arasında ixracatın və digər kommersiya işlərinin təşviqi xüsusi olaraq  ABŞ səfirlərinə həvalə edilmiş işlərdəndir. Həmçinin Azərbaycanın öndə olan görkəmli şəxsləri tez-tez məndən Azərbaycanla ticarətin və kapital qoyuluşunun dəstəklənməsinə köməkliyin göstərilməsini istəyirlər. Hər iki ölkəyə fayda vermək cəhdi ilə biz vergi, gömrük, əqli mülkiyyət hüquqları, rəqabət kodeksi, qida təhlükəsizliyi və maliyyə sektoru islahatları üçün qanun və qaydaları işləyib hazırlamaq məqsədilə Azərbaycan hökuməti ilə işlədik. Bu tədbirlər ABŞ şirkətlərinə malları və xidmətləri Azərbaycan bazarına daha yaxşı və səmərəli şəkildə ixrac etməyə, iki ölkəmiz arasında ticarət maneələrini sındırmağa və Azərbaycana öz inkişafını sürətləndirməyə və vətəndaşlarının rifahını yaxşılaşdırmağa köməklik göstərmək üçün imkan vermişdir.

Bu baxımdan və bütün dünyada bir neçə illik iqtisadi diplomatiya nəticəsində əldə etdiyim təcrübəni nəzərə alaraq, bu gün burada mən bir neçə fikir bildirmək istərdim.

Birincisi iqtisadi islahatların vaxt aparmasıdır. Bunlar asan deyil, lakin bunlar Birləşmiş Ştatlar da daxil olmaqla, bir çox ölkədə gedən səmərəli azad bazarların gücləndirilməsinə, həyata keçirilməsinə köməklik göstərir. Təcrübə göstərir ki, səmərəli islahat prosesləri üçün geniş qoyuluş və özəl sektor, hökumət və cəmiyyətin digər elementləri arasında davamlı dialoq lazımdır. Bu davamlı dialoq hansı islahatların lazım olduğu və onların hansı yolla daha yaxşı həyata keçirilməsinə dair təklif və fikirləri ortaya çıxarır. Bu davamlı dialoq həmçinin dəstək və pay iştirakını müəyyən edir. . Bütün dünya ölkələri üzrə təcrübə göstərir ki, əlaqədar şəxslər – hökumət, özəl sektor, elm sahəsi, mediada olmasından asılı olmayaraq, istehlakçılar və ya cəmiyyyətin digər elementləri arasında – məsləhət almalı və inandırılmalıdırlar. Bu dialoq asan deyil, lakin vacibdir. Fermerlər, sahibkarlar, səhmdarlar, istehlakçılar, ixtiraçılar və digərlərin müasir iqtisadiyyatda rolları var, onların hərəkətləri və dəstəyi onun uğuru üçün vacidir. Dialoq, qoyuluş və pay iştirakı uğurlu islahat proqramı üçün vacibdir.

İkinci fikir budur ki, bazar subyektləri daimi – və ümumdünya – rəqabətindədirlər. Kapital həm məhdudlaşdırılmış, həm də asanlıqla geri çağırılandır və müxtəlif layihələr arasında cəld hərəkət edir. Mən bunu enerji məsələləri üzrə Dövlət Departamentinin məsul nümayəndəsi olduqda çox aydın şəkildə gördüm. Əsas şirkətlərin hər hansı bir ildə kapital qoyuluşu etmək üçün milyardlarla dolları ola biləcəyi halda, kapital qoyuluşu ediləcək mümkün layihələrlə bağlı daha çox milyardlarla dollarları olurdu. Mən içərisində tək bir daşın axını digər istiqamətə yönləndirə biləcəyi geniş, lakin çox dayaz bir çay təsvir etmək istərdim. Şura üzvləri istənilən sayda potensial sövdələşmələri nəzərdən keçirə bilərlər, lakin şura üzvlərindən birinin “X şirkətinin probleminin olduğunu eşitmişdim” kimi bir söz deməyi şuranın layihəyə qarşı qərar qəbul etməyi və hardasa digər bir layihənin xeyrinə səs verməsinə səbəb ola bilər.

Azərbaycana bu çətin dünya iqtisadiyyatında rəqabət aparmaq cəhdlərində kömək göstərmək və Amerika şirkətləri öz bizneslərini burada artırmaq planlarına davam etdikcə onlara kömək göstərmək üçün mən tez-tez sitat gətirilən və hökumət və digərlərin müraciət etmələrinə davam edəcəklərinə ümid etdiyim üç xüsusi məqamı qeyd etmək istərdim.

Birincisi şəffaflığın artırılması və məlumat axınının təkmilləşdirilməsidir. Mən yüksək rütbəli Azərbaycan məmurlarının daha yaxşı statistikaya olan ehtiyac barədə danışdıqlarını eşitmişəm. Sahibkarlar məlumat üzərində uğur qazanırlar. Istehlakçıların alış vərdişləri üzrə məlumatlar, iqtisadi proqnozlar və dəyər proqnozları təsərrüfat subyektlərinə baza münasibətlərini anlamağa kömək edir. Müstəqil, qərəzsiz jurnalistika sahibkarlara və adi adamlara onların dünyasında nəyin baş verdiyini daha yaxşı anlamağa kömək edir. Bununla bağlı qeyd etməliyəm ki, son aylarda biz Azərbaycan hökumətinə statistik bazanı təkmilləşdirməyə kömək edirdik. Və iki həftə bundan əvvəl biz iqtisadiyyat sahəsində 11 jurnalistə onların bu baxımda onlara kömək edəcək müsahibə almaq, məlumatları təsdiqləmək və faktlara əsaslanan məqalələr yazmaq bacarıqlarını necə inkişaf etdirəcəklərinə dair təlim keçmişdik. Bununla bağlı icazə verin yenə də təkrar edim ki, qanun və qayda məsələlərində şəffaflıq və qabaqcadan xəbər verə bilmə həmçinin son dərəcə vacibdir. Məsələn, istənilən ölkədə vergi sistemi qabaqcadan xəbər verilə bilən, şəffaf və qaydalara əsaslanan olmalıdır. Vergi məsələlərində dəyişkənlik çox güman ki sahibkarlığın, kapital qoyuluşunun və əlbəttə ki istənilən biznesin qabağını alır.

Ikincisi korrupsiya ilə mübarizənin davam etdirilməsinin vacibliyidir. Qeyri-qanuni ödənişlər və digər bu cür fəaliyyətlər fondları tükəndirir, təhrif olmalar yaradır, müəssisələri nüfuzdan salır, və xarici sərmayəçiləri fkirlərindən daşındırır. Azərbaycan hökuməti Azərbaycanlılar üçün şəffaf və səmərəli şəkildə artan sayda xidmətlər təmin edən ASAN Xidmət təşəbbüsünün yaradılması və genişləndirilməsi daxil olmaqla bir sıra vacib tədbirlər görmüşdür. Gömrük xidmətində keçən ilki islahatlar həmçinin bu baxımdan son dərəcə vacibdir və bunlar davam etdirilməli və bütün sistemdə yayılmalıdır.

Ölkənin sərmayə kapitalını cəlb etmək və saxlamaq qabiliyyətinin və öz iqtisadiyyatını və ümumi inkişafını sürətləndirmək üçün üçüncü idarəedici açarı müstəqil məhkəmə hakimiyyəti və güclü hüquq norması sistemidir. İşgüzar adamların hüquq sisteminə və əlaqədar qurumlara inamı olmalıdır. Məsələn, onlar bilməlidirlər ki, müqavilə lazımi şəkildə bağlanıbsa, o, həyata keçiriləcək, əqli mülkiyyətə hörmət ediləcək, və lazımi qaydada götürülmüş borclar geri qaytarılacaq. Ölkədə hüquq norması səviyyəsi şuranın kapital qoyuluşuna və digər şəkildə burada layihənin həyata keçirilməsi üçün pul xərcləməyə dair qərar qəbul etməsi üçün həlledici amildir.

Mən Birləşmiş Ştatların qarşılıqlı faydalı kommersiya münasibətləri daxil olmaqla, Azərbaycanla strateji tərəfdaşlıqda maraqlı olduğunu vurğulamaqla nitqimi tamamlamaq istərdim. İqtisadi inkişaf və uğur ABŞ-Azərbaycan tərəfdaşlığının tam spektri üzrə tərkib elementləri və gələcək imkanlar yarada bilər. Bu gün burada 14 şirkətdən 27-yə yaxın nümayəndə və üstəgəl Xarici Özəl İnvestisiyalar Korporasiyası və Kommersiya Departamentinin baş məmurları ilə ticarət missiyası bu davamlı marağın digər bir nişanəsidir. Mənim burada ABŞ səfiri olduğum müddətdə bu Azərbaycana gələn üçüncü, və mən bunu deməkdən xoşbəxtlik hissi duyuram, ən böyük ticarət missiyasıdır.

Ümid edirəm ki, ticarət missiyasının səfəri yeni tərəfdaşlıqların qurulması, Azərbaycanda Amerika Ticarət Palatasına yeni üzvlərin əlavə olunması və bundan sonra da iki ölkənin iqtisadi tərəfdaşlığını qurmaqda köməkliyin göstərilməsində uğurlu olacaq.

Təşəkkür edirəm!