ABŞ səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb

ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill Masallıda yerli qadın sahibkarlar və digər icma üzvləri üçün iftar süfrəsi açıb. Masallı İcra Hakimiyyətinin sədr müavini Aybaniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və BMT-nin İnkişaf Proqramının (BMT İP) nümayəndələri iftar naharında iştirak ediblər.

Səfirliyin müvəqqəti işlər vəkili Gill qeyd edib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan və qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən ilk müsəlman dövləti Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir. O, ADR-in zəngin irsini və bu irsin qadınların nailiyyətləri və onların cəmiyyətdə mühüm rolları vasitəsilə yaşadığını qeyd etdi. ABŞ səfirliyi iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın İnkişaf Agentliyinin (USAID) və BMT İP-in dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmasından və özləri, ailələri və cəmiyyətləri üçün yeni imkanlar yaratmasından məmnundur.

ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Jeffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki qeyd olunur. Bu gün 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyə və bağışlama kimi ümumi dəyərlərimiz üzərində düşünür.