ATƏT-in Minsk Qrupu həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Endrü Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Rokefeyl) bu gün aşağıdakı bəyanatı yayıblar:
Həmsədrlər Stokholmda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində 1 dekabr tarixində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan, 2 dekabr tarixində isə Azərbaycanın Xarici işlər naziri Cehun Bayramov ilə görüşüblər. Həmsədrlər ATƏT-in yeni fəaliyyətdə olan sədri Polşanın Xarici işlər naziri Zbiqnev Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Həmsədrlər Stokholmda onların himayəsi altında Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri arasında birgə görüşün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər. Onlar sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələri davam etdirməyə şərait imkan verən kimi belə bir görüşü təşkil etməyə hazır olduqlarını bildirirlər.