ATƏT-in Minsk Qrupunun həmsədrləri – Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya Federasiyası) və Bris Rokfeyl (Fransa) bu gün aşağıdakı bəyanatı yayıblar:
Həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşırlar. Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırır. Həmsədrlər, həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.
Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır. Həmsədrlər regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, bir-başa dialoqu davam etdirməyə çağırır.