ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatı

Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının görüşü münasibətilə, biz – ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan Dağlıq Qarabağ münaqişəsinin, güc tətbiq olunmaması və ya tətbiq olunma təhdidinin olmaması, ərazi bütövlüyü və xalqların bərabər haqları və öz müqəddaratını təyin etmə prinsipləri də daxil olmaqla, Helsinki Yekun Aktının əsas prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına vasitəçilik etmək öhdəliyimizdə eyni şəkildə sadiqik. Biz bu münaqişənin bölgə xalqlarına real barışıq gətirə biləcək yeganə yol olan sülh yolu ilə həllinə nail olmaq üçün danışıqlar aparmaq öhdəliyimizi təkrar vurğulayırıq.

Biz 16 oktyabrda Cenevrədə Ermənistan və Azərbaycan prezidentləri arasında yüksək səviyyəli dialoqun bərpasını və 6 dekabrda Vyanada keçirilmiş xarici işlər nazirləri arasında Minsk Qrupunun həmsədrləri ilə görüşünün bərpasını alqışlayırıq. Biz sıx müzakirələrdən məmnunluq ifadə edirik və tərəfləri səylərini münaqişənin siyasi həllinin substantiv məsələlərinə güzəşt tapmaqda cəmləməyə çağırırıq. Əlavə gecikmələr yalnız vəziyyəti mürəkkəbləşdirəcək və tərəflərin uzunmüddətli razılaşmaya nail olmağına dair öhdəliklərini sual altına qoya bilər.

İki prezidentin təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlər görmək öhdəliyinə istinad edərək  biz Bakı və İrəvanı ATƏT sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi üzrə ATƏT-in təklif layihəsini qəbul etməyə çağırırıq. Vyana və 2016-cı ildə Sankt Peterburq sammitlərində qəbul edilən digər qərarlar da həyata keçirilməlidir. Biz tərəflərin həmsədrlərin ermənilərlə azərbaycanlılar arasındakı təmasları bərpa etmək təkliflərini nəzərdən keçirməsini alqışlayırıq və Qırmızı Xaç Beynəlxalq Komitəsinin itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək səylərini dəstəkləyirik. Tərəfləri bu mühüm humanitar addımların lazımsız siyasiləşdirilməsindən çəkinməyə çağırırıq.

Ölkələrimiz davamlı və sülh yolu ilə həllə nail olmaq məqsədilə tərəflərlə yaxından əməkdaşlıq etməyə hazırdırlar. Tərəflərə təqdim olunmuş təkliflərlə bağlı güzəştləri təşviq etmək üçün həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq. Lakin bir daha vurğulayırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sona çatdırılması üçün əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür.