BEYNƏLXALQ DİNİ ETİQAD AZADLIĞI HAQQINDA HESABAT – AZƏRBAYCAN 2021-Cİ İL

İcra xülasəsi

Konstitusiya dövlət və dinin ayrılmasını və qanun qarşısında bütün dinlərin bərabərliyini nəzərdə tutur. O, həmçinin ictimai asayişi və ya ictimai mənəviyyatı pozmaması şərtilə insanların dini əqidələrini ifadə etmək və dini mərasimləri yerinə yetirmək hüququnu müdafiə edir. Qanun hökumətə dini fəaliyyətlərə müdaxilə etməyi qadağan edir, lakin həmçinin hökumətin və vətəndaşların “dini ekstremizm” və “radikalizm” ilə mübarizə üçün məsuliyyət daşıdıqlarını da bildirir.  Qanunda qeyd edilir ki, dini təşkilatlar irqi, milli, dini və ya sosial ədavətə səbəb olurlarsa, “insan ləyaqətini alçaldan” bir şəkildə insanları dinlərini dəyişməyə məcbur edirlərsə və ya dünyəvi təhsilə mane olurlarsa, hökumət onları ləğv edə bilər. İyunun 16-da Prezident cənab İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda 14 dəyişikliyin edilməsi haqqında qanun imzalayıb. Digər müddəalar arasında yeni dəyişikliklər uşaqların dini etiqadlara məcbur edilməsini qadağan edir, dini ekstremizmin təbliğatını qadağan edir, dini liderlərin dövlət tərəfindən işə götürüldükdə dini fəaliyyətlə məşğul olmasına icazə vermir, dini adların verilməsi üçün müstəsna hüququ hökumət tərəfindən təsdiq edilmiş dini mərkəzlərə verir və hökumətin təsdiq etdiyi dini liderin olmadığı təqdirdə dini icmalardan öz fəaliyyətlərini dayandırmağı tələb edir. Hökumət bu dəyişiklikləri təhlükəsizliyin təmin edilməsinin zəruriliyi ilə əsaslandırıb. Vətəndaş cəmiyyəti təşkilatları bildiriblər ki, dəyişikliklər din məsələlərini tənzimləyən hökumət orqanına – Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə (DQİDK) dini qruplar üzərində daha çox nəzarət verib.  Mart ayında Prezident İlham Əliyev yüzlərlə məhbusu əfv edib və hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi bir çox dini fəalı azadlığa buraxıb.  Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) il ərzində ölkədə din və ya etiqad azadlığının pozulması ilə bağlı üç qərar çıxarıb. Qərarların ikisində AİHM hökumətin insan hüquqlarını pozduğunu müəyyən edərək təzminat tələb edib.  Birinci hal müsəlmanların türk ilahiyyatçılarının əsərlərini öyrəndikləri toplantıya polis basqını ilə bağlı idi; ikinci hal  isə hökumətin qeydiyyatını imtina etdiyi Dini etiqad azadlığı uğrunda qeyri-hökumət təşkilatının (QHT) təsisçiləri ilə bağlı idi.  Məhkəmə dini etiqad və ya etiqad azadlığı ilə bağlı üçüncü işi qəbuledilməz hal kimi rədd edib.  Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi aprelin 26-da dərc olunmuş hesabatda hökumətin 2013-cü ildə “Yehovanın Şahidləri”nin (ing. Jehovah’s Witnesses) 6 üzvünün hüquqlarını pozduğunu bildirib. 2018-ci ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısına hücumdan və bunun ardınca iki polis əməkdaşının öldürülməsindən sonra mühakimə olunan bəzi şəxslərə qarşı il ərzində məhkəmələr apelyasiya şikayətlərinə baxmağa davam edib və bir çox hallarda cəza müddətini qısaldıb və ittihamları ləğv edib.  Hökumət bildirib ki, mühakimə olunan şəxslər ölkədə sabitliyi pozmaq məqsədi daşıyan şiə “ekstremist konspirasiyası”nın üzvü olublar.  Hakimiyyət orqanları hökumətin ekstremist qrup kimi səciyyələndirdiyi və İrandan maliyyə almaqdaittiham etdiyi, qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı (MBH) ilə əlaqəli şəxslərə qarşı hüquqi işlərə başlamağa davam edib. Vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri MBH üzvlərinin həbsini siyasi motivli hesab etdiklərini bildiriblər. Hökumət 2020-ci ildə saxta kimi səciyyələndirilən ittihamlarla həbs edilən MBH fəalı Elvin Mürvətoğlunu 2,5 illik həbs cəzası başa çatmamış sentyabrın 13-də vaxtından əvvəl azadlığa buraxıb. Bəzi vətəndaş cəmiyyəti təşkilatları Mürvətoğlunu siyasi məhbus kimi tanıyıb. Hökumət 2020-ci ildəki intensiv döyüşlərə qədər Ermənistanın dəstəklədiyi separatçıların nəzarəti altında olan Dağlıq Qarabağın bir hissəsinə və ona bitişik yeddi rayon üzərində nəzarəti həyata keçirib. Avropa Şurası Parlament Assambleyasının sentyabr ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə uzun müddət davam edən münaqişənin “həm Ermənistanın, həm də Azərbaycanın məsuliyyət daşıdığı regionun mədəni irsinə və əmlakına “katastrofik təsiri” qeyd edilib.  Erməni Apostol Kilsəsinin yepiskopunun sözlərinə görə, may ayından hökumət 2020-ci il döyüşlərindən sonra yenidən Azərbaycanın nəzarəti altına keçən ərazidəki monastıra erməni zəvvarların daxil olmasına icazə verməyib. Döyüşlər gedərkən azərbaycanlılar minalarla çirklənmiş bir çox məscidlərə və dini məkanlara gedə bilməyiblər.

Geniş ictimaiyyət yəhudilər, rus pravoslavları və katoliklər də daxil olmaqla, “ənənəvi” hesab etdikləri (ölkədə tarixən mövcud olan) kiçik  dini qruplara tolerantlıq nümayiş etdirməyə və bəzi hallarda onlara maddi dəstək göstərməyə davam edib. Bəzi insanlar ölkədə az tarixə malik olan dini qruplara şübhə və inamsızlıqla yanaşıblar.

ABŞ səfiri və səfirliyin digər əməkdaşları vətəndaş cəmiyyəti qruplarının dini inanclarına görə həbs olunduğunu bildirdikləri şəxslərin azadlığa buraxılması üçün hökumət rəsmiləri ilə müzakirə aparıblar. Səfir və səfirliyin əməkdaşları hökumət rəsmilərini kiçik dini icmaların qeydiyyat prosesi ilə bağlı uzun müddətdir davam edən problemləri həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, etiqadına görə hərbi xidmətdən imtina edənlər üçün hərbi xidmətə mülki alternativ tətbiq etməyə çağırıblar. Səfir hökumətin ən yüksək səviyyələrində 2020-ci il döyüşlərindən sonra Azərbaycanın nəzarətinə yenicə qaytarılmış ərazilərdə dini və mədəni obyektlərin qorunmasını təbliğ edib. Səfirlik dini icmada fəaliyyət göstərən ABŞ vətəndaşının müddəti bitmiş (müddəti uzadılmamış) vizasına görə ölkədən çıxarılmasına etiraz əlaməti olaraq diplomatik nota göndərib. Səfir və səfirliyin əməkdaşları ölkədə dini etiqad azadlığını müzakirə etmək üçün mütəmadi olaraq qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş dini qrupların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Səfirliyin əməkdaşları həmçinin dini liderlər və alimlərlə “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərlə bağlı məsləhətləşmələr aparıb və bu dəyişikliklərin dini etiqad azadlığı hüququnun sərbəst şəkildə həyata keçirilməsinə necə təsir göstərə biləcəyini müzakirə ediblər.

I Bölmə. Dini Demoqrafiya

ABŞ hökuməti ümumi əhalinin 10,3 milyon nəfər olduğunu təxmin edir (2021-ci ilin ortalarının qiymətləndirməsi). DQİDK-dən 2011-ci il üçün olan məlumatlara əsasən, əhalinin 96 faizi müsəlmandır, bunun da təxminən 65 faizi şiə və 35 faizi sünnilərdir. Birlikdə əhalinin qalan 4 faizini təşkil edən qruplara Rus pravoslav kilsəsi, Gürcü pravoslav kilsəsi, Erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, digər xristianlar, o cümlədən Yevangelist xristianları, baptistlər və “Yehovanın Şahidləri”, yəhudilər və bəhaistlər də daxildir. Etnik azərbaycanlılar əsasən müsəlmandırlar, müsəlman olmayanlar isə əsasən ruslar, gürcülər, ermənilər və digər milli azlıqlardır. Digər qruplara Beynəlxalq Krişna Şüuru Cəmiyyəti və heç bir dinə etiqad etməyənlər daxildir.

Xristianlar əsasən Bakıda və digər şəhərlərdə yaşayırlar. Bakıda təxminən 15 000-dən 20 000-dək yəhudi yaşayır, həmçinin bütün ölkə üzrə kiçik icmalar da mövcuddur.

II Bölmə. Dini etiqad azadlığına hökümətin münasibətinin statusu

Hüquqi baza

Konstitusiya dövlətin və dinin bölünməsini və inancından asılı olmayaraq bütün dinlərin və bütün insanların bərabərliyini nəzərdə tutur. O, insanların fərdi qaydada və ya başqaları ilə birlikdə hər hansı bir dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək və dini inancları ifadə etmək və yaymaq hüququ da daxil olmaqla, dini azadlığı qoruyur. O, həmçinin ictimai asayişi və ya ictimai mənəviyyatı pozmamaq şərtilə dini ayinlərin yerinə yetirilməsi üçün azadlığı təmin edir. Konstitusiya bəyan edir ki, heç kəsdən dini əqidəsinə etiqad etmək tələb oluna bilməz, nə də onlara görə təqib oluna bilməz. Qanun dini etiqadın zorla ifadəsini və ya nümayiş etdirilməsini qadağan edir.

Hüquq Məcəlləsinə əsasən, qeyri-zorakı cinayət inzibati xəta hesab olunur. İnzibati həbs 3 aya qədər davam edə bilər.

Qanun tələb edir ki, ölkənin hüquqi Məcəlləsində “assosiasiyalar” adlandırılan və dini qrupları, icmaları və dini etiqadların ayrı-ayrı icmalarını əhatə edən dini təşkilatlar DQİDK vasitəsilə hökumətdə qeydiyyatdan keçsinlər. DQİDK qeydiyyat prosesini idarə edir və dini qrupun fəaliyyətini dayandırmaq üçün məhkəməyə müraciət edə bilər.  Dini icmanın qeydiyyatı onun bəyanatında göstərildiyi kimi, icmanın olduğu fiziki yerə bağlıdır. Sonrakı yerdəyişməsi və ya digər yerlərə genişləndirilməsi təkrar qeydiyyatdan keçməyi tələb edir. Qeydiyyat dini təşkilata iclaslar keçirmək, bank hesabı aparmaq, əmlakı icarəyə götürmək, hüquqi şəxs kimi çıxış etmək və dövlətdən vəsait almaq imkanı verir.

Qeydiyyatdan keçmək üçün dini təşkilat DQİDK-yə ən azı 50 üzv tərəfindən imzalanmış notariat qaydasında təsdiq edilmiş ərizə, nizamnamə və təsis sənədləri, təşkilat təsisçilərinin adları, təşkilatın hüquqi ünvanı və bank rekvizitlərini təqdim etməlidir.

Qanuna əsasən, hökumət 30 gün ərzində qeydiyyatdan keçməyə dair ərizə barədə qərar qəbul etməlidir, lakin hökumətin vaxtında qərar qəbul etməməsi ilə bağlı heç bir konkret tədbir yoxdur. Dini təşkilatın hərəkətləri, məqsədləri və ya dini doktrinası Konstitusiyaya və ya digər qanunlara zidd olduqda hökumət qeydiyyatdan imtina edə bilər. Təşkilatın Nizamnaməsi və digər təsis sənədləri qanuna zidd olduqda və ya təqdim olunmuş məlumat yanlış olduqda hökumət həmçinin qeydiyyatdan imtina edə bilər. Dini qruplar qeydiyyatdan imtina ilə bağlı məhkəmələrə apelyasiya şikayəti təqdim edə bilərlər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) DQİDK tərəfindən təşkilat kimi qeydiyyatdan keçirilmişdir və mütəmadi olaraq ibadətlərə dair monitorinq, Məkkəyə həcc ziyarətinin təşkili, İslam ibadətinə rəhbərlik etmək üçün ruhanilərin hazırlanması və təyin edilməsi də daxil olmaqla, qeydiyyatdan keçmiş İslam təşkilatlarının fəaliyyətlərinə nəzarət edir. Müsəlman icmaları DQİDK-yə qeydiyyat ərizəsi təqdim etməmişdən əvvəl QMİ-dən təsdiq məktubu almalıdırlar.

Qanun qeydə alınmamış dini qrupların fəaliyyətini qadağan edərək cərimə və ya həbs ilə cəzalandırır.

Qanun hökumətin hər hansı bir şəxs və ya qrupun dini fəaliyyətinə müdaxilə etməyini qadağan etsə də, şübhəli ekstremist və ya digər qanunsuz fəaliyyət üçün istisnalar var. Qanunda deyilir ki, dövlət orqanları və vətəndaşlar “dini ekstremizm” və “radikalizm” ilə mübarizə aparmaq üçün hüquq və vəzifələrə malikdirlər. Qanun dini ekstremizmi dini nifrət, dini radikalizm (öz dini inanclarının müstəsnalığına inam kimi təsvir olunur) və ya dini fanatizmlə (öz dini inanclarının hər hansı bir tənqidini istisna edən kimi təsvir olunur) əsaslandırılmış davranış kimi müəyyən edir. Qanuna görə, bu cür davranışa insanın hər hansı konkret dinə mənsub olmağa və ya müəyyən dini mərasimlərdə iştirak etməyə məcbur edilməsi daxildir. Bura həmçinin dünyəvi xarakterli və ya qanunsuz silahlı qruplar və ya ittifaqların yaradılması və ya onlara qoşulma, habelə terror fəaliyyətində iştirak da daxil olmaqla, ölkə hökumətinin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə yönəlmiş fəaliyyət də daxildir. Qanun konstitusiya quruluşunun dəyişdirilməsinə və ya dini nifrət, radikalizm və ya fanatizm əsasında ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətləri 15 illik həbsdən ömürlük azadlıqdan məhrum olunmaya qədər cəzalandırır.

Qanun həmçinin dini təşkilatların öz təsis məqsədlərinə zidd hərəkət etdikləri; irqi, milli, dini və ya sosial ədavətə səbəb olduqları; yaxud insan ləyaqətini alçaldan və ya “insanlığa məhəbbət, filantropiya və xeyirxahlıq” kimi hamı tərəfindən qəbul edilmiş bəşəriyyət prinsiplərinə zidd olan şəkildə öz dinlərini qəbul etdirdikləri hallar da daxil olmaqla, təşkilatların ləğv oluna biləcəyi halları müəyyən edir. Təşkilatın ləğv olunması üçün digər əsaslara isə dünyəvi təhsilə mane olma və ya üzvlərin və ya digər şəxslərin öz əmlaklarını təşkilata verməyə sövq edilmələri daxildir.

İyun ayında Qanuna edilən dəyişikliklərə DQİDK-nin bütün qeyri-müsəlman dini liderlərin təyinatını təsdiqləməsi ilə bağlı yeni tələb daxildir. Yeni dəyişikliklər ayrı-ayrı şəxslərə uşaqları dinə etiqad etməyə məcbur etməyi qadağan edir; dini ekstremizmin təbliğatını qadağan edir; dini liderlərə dövlət üçün işlədikləri zaman dini fəaliyyətlə məşğul olmağı qadağan edir; hökumət tərəfindən təsdiq edilmiş dini mərkəzlərə dini titulların verilməsi kimi müstəsna hüquq verir; dini mərkəzlərdən dini tədris müəssisələri açarkən hökumətlə öz fəaliyyətlərini əlaqələndirməyi tələb edir; dini mərasimləri (istisnalarla) dini ibadət yerləri ilə məhdudlaşdırır; dindarlardan dini obyektlərə baş çəkmək üçün xarici ölkələrə səfərlər haqqında hökumətə məlumat verməyi tələb edir; hökumətə qeyri-İslam dini icmalarında din xadimlərinin təyin olunmasını təsdiq etmək səlahiyyətini verir; dini liderlərini itirdikləri təqdirdə dini qurumlardan yeni dini lider təyin olunana qədər fəaliyyətini dayandırmağı tələb edir; hərbi əməliyyatlar zamanı baş verən hallar istisna olmaqla, hərbi qulluqçuların asudə vaxtlarında ibadət etməsinə icazə verir. Qanun həmçinin QMİ tərəfindən təyin olunan müsəlman din xadimlərinin hər 5 ildən-bir təkrar attestasiyadan keçirilməsi ilə bağlı yeni tələbi ehtiva edir; təkrar attestasiya Dövlət Komitəsinin rəsmilərinin cəlb edilməsi ilə aparılır. “Dini mərkəz”i olmayan kiçik icmaların ruhanilərə dini titul və ya rütbələr verməsinə; xarici vətəndaşların dini lider kimi fəaliyyət göstərməsinə icazə verilməsi üçün müraciət etməsinə; dini təhsil müəssisələri yaratmasına; öz tərəfdarlarının xaricdəki ziyarətgahlara və dini yerlərə səfərlərini təşkil etməsinə və ya yalnız “dini mərkəzlər”ə aid edilən digər hüquqlardan istifadə etməsinə icazə verilmir.  Kütləvi dini ibadətlər, ayinlər və mərasimlər (bəzi istisnalarla) bir qayda olaraq yalnız ibadət yerlərində və ziyarətgahlarda keçirilə bilər.  İyun ayında edilən dəyişikliklərə əsasən, dini “kütləvi tədbirlər”in dövlət tərəfindən təsdiq edilmiş ibadət yerləri və ya ziyarətgahlardan başqa yerlərdə keçirilməsi üçün DQİDK-nin icazəsi tələb olunur.

İslam dini ilə bağlı ayin və mərasimləri yalnız ölkə vətəndaşları keçirə bilər. Qanun qeydiyyatdan keçmiş qeyri-İslam dini qrupları tərəfindən dəvət olunmuş əcnəbilərə dini ibadətlər aparmağa icazə verir, lakin xaricdə İslam təhsili almış vətəndaşlara QMİ-nin xüsusi icazəsini almadan dini mərasimlər aparmağı qadağan edir.  Qanunun pozulmasına görə cəzalara 1 ilədək müddətə azadlıqdan məhrum edilmə və ya 1000 AZN-dən (590 ABŞ dolları) 5000 AZN-dək (2900 ABŞ dolları) cərimə daxildir. Hökumət və Müqəddəs Taxt-Tac arasında uzun müddət davam edən razılaşma əcnəbilərə katolik ayinləri aparmağa icazə verir.

İnzibati Məcəllə “din xadimlərinə və dini birliklərin üzvlərinə uşaqlar və gənclər üçün xüsusi yığıncaqlar keçirməyi, habelə dini mərasimlərin keçirilməsi ilə əlaqəsi olmayan mütəşəkkil əmək, ədəbi və ya digər klub və qrupların dini qurumları tərəfindən toplantılar təşkil etməyi və ya toplantılar keçirməyi” qadağan edir.

Qanun dini rəmzlərin və şüarların istifadəsini ibadət yerlərinə qədər məhdudlaşdırır.

Qanuna əsasən, DQİDK qanuni idxal, satış və paylama üçün bütün dini ədəbiyyatı nəzərdən keçirir və təsdiq edir. Qanunda “müvafiq icazə olmadan idxal, satış və yayma məqsədi ilə dini ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, dini təyinatlı əşyaların və dini xarakterli digər informasiya materiallarının istehsalı, satışı və yayılmasına görə cəzalar nəzərdə tutulur.  Qanunu ilk dəfə pozanlara tətbiq olunan cəzalara 5000 AZN-dən 7000 AZN-dək (2900-4100 ABŞ dolları) məbləğdə cərimə, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası daxildir.  Qanun pozuntusu bir qrup şəxs tərəfindən “qabaqcadan əlbir olaraq”, mütəşəkkil dəstə, fiziki şəxs və ya vəzifəli şəxs tərəfindən ikinci dəfə törədildikdə 7000 AZN-dən 9000 AZN-dək (4100-5300 ABŞ dolları) məbləğdə cərimə, 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. İyun ayında Cinayət Məcəlləsinə (CM) əvvəllər mövcud olan cəzalara “azadlığın məhdudlaşdırılması” (şərti məhkumetmə) alternativ cəzasını – ilk dəfə cinayət törədən şəxs tərəfindən törədildikdə 2 ildən 4 ilədək, ağırlaşdırıcı işlərdə isə 2 ildən 5 ilədək cəzanı, əlavə edən dəyişikliklər qüvvəyə minib.

Dövlət və ya özəl ibtidai və ya orta məktəblərin tədris proqramlarında ayrıca dini komponent yoxdur, lakin şagirdlər qeydiyyatdan keçmiş müəssisələrdə məktəbdənkənar dini təhsil ala bilərlər. Tələbələr ali təhsil müəssisələrində din üzrə kurslarda iştirak edə bilərlər, həmçinin QMİ xaricdə bəzi dini kurslarda təlim keçmək üçün də sponsorluq edir.  Qanun hökumətin icazəsi olmadan xarici dövlət tərəfindən dəstəklənən və ya özəl təşkilatlar tərəfindən maliyyələşdirilən dini təhsil alan şəxslərə rəsmi dini vəzifələr tutmağı, ölkəyə qayıtdıqdan sonra vəz etməyi və ya moizə oxumağı qadağan edir.

Konstitusiya hərbi xidmət şəxsi əqidəyə zidd olan “bəzi hallarda” alternativ xidmətə yol versə də, dini əsaslar da daxil olmaqla, alternativ xidmətə icazə verən qanunvericilik yoxdur. Hərbi xidmətdən imtina Cinayət Məcəlləsinə əsasən 2 ilədək müddətə azadlıqdan məhrumetmə və ya məcburi çağırışla cəzalandırılır.

Qanunda nəzərdə tutulur ki, hökumət terror aksiyalarında iştirak edən, dini ekstremist aksiyalarda iştirak edən, dini təhsil almaq adı altında xaricdə hərbi hazırlıq keçən, Qanunun bundan sonra müəyyənləşdirmədiyi “düşməncəsinə” dini doktrinaları təbliğ edən və ya dini mərasimlərin yerinə yetirilməsi adı altında xarici ölkədə dini münaqişələrdə iştirak edən şəxsləri vətəndaşlıqdan məhrum edə bilər.

Konstitusiyaya əsasən, Qanun “din xadimləri”nin seçkilərdə iştirakını məhdudlaşdıra bilər və onların parlamentə seçkilərdə iştirak etməsini qadağan edir. Qanunda “din xadimləri” ifadəsinin tərifi verilmir. Qanun dini liderlərə eyni zamanda hər hansı dövlət vəzifəsində və dini rəhbərlik vəzifəsində xidmət göstərməyi qadağan edir. O, siyasi məqsədlərlə dini obyektlərdən istifadə olunmasını da qadağan edir.  Qanuna görə, siyasi partiyalar dini fəaliyyətlə məşğul ola bilməzlər

Konstitusiya “insan ləyaqətini alçaldan və humanizm prinsiplərinə zidd olan dinlərin təbliğatının yayılmasını”, həmçinin dini ədavəti qızışdıran “təbliğat”ı qadağan edir. Qanun həmçinin şəxslərə qarşı dini əqidəyə əsaslanan hədə-qorxu və ya təhqiramiz ifadələri qadağan edir.

Qanun əcnəbilərin prozelitizmini qadağan edir, lakin vətəndaşlara bunu qadağan etmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən yeridilən prozelitizm hallarında, qanun 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edir.

Qanun pasport fotoşəkillərində hicabdan istifadəni qadağan edir. Ölkə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın iştirakçısıdır.

 

Hökümət təcrübələri

İyunun 16-da Prezident cənab İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi haqqında qanun imzalayıb. Digər müddəalar arasında yeni dəyişikliklər dini ekstremizmin təbliğatını qadağan edir, dini liderlərin dövlət tərəfindən işə götürüldükdə dini fəaliyyətlə məşğul olmasına icazə vermir, hökumət tərəfindən təsdiq edilmiş dini mərkəzlərə dini adların verilməsi üçün müstəsna hüquq verir və hökumətin təsdiq etdiyi dini liderin olmadığı təqdirdə dini icmalardan öz fəaliyyətlərini dayandırmağı tələb edir.  Hökumət dəyişiklikləri təhlükəsizliyin təmin edilməsinin zəruriliyi ilə əsaslandırıb. Vətəndaş cəmiyyəti bildirib ki, dəyişikliklər DQİDK-yə dini qruplar üzərində daha çox nəzarəti təmin edib. Parlament qapalı müzakirələrdən sonra iyunun 4-də qanuna dəyişiklikləri qəbul edib. Hüquq müdafiə təşkilatları ictimai nəzarətin olmaması və din və ya etiqad azadlığının həyata keçirilməsinə məhdudiyyətləri gücləndirdiyini iddia edərək qanunları tənqid ediblər. “Forum 18” beynəlxalq qeyri-hökumət təşkilatına müsahibə zamanı hüquqşünas Əsabəli Mustafayev kütləvi dini ibadətlə bağlı dəyişikliyi “təhlükəli” adlandırıb və görüşün “kütləvi tədbir” hesab edilməsi üçün iştirakçıların sayı ilə bağlı tələbin olmadığını qeyd edib. Dəyişikliklərdə həmçinin qeyd edilirdi ki, “Uşaqları dinə inanmağa məcbur etmək qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”; bu müddəaya vətəndaş cəmiyyəti tərəfindən sui-istifadəyə və dini etiqad azadlığının məhdudlaşdırılmasına səbəb ola biləcək qeyri-müəyyən bir müddəa kimi etiraz edilib. QMİ nümayəndəsi bildirib ki, dəyişiklik “ənənəvi” İslam, Xristianlıq və Yəhudilik dinlərinə deyil, yalnız “rituallarda və dini söhbətlərdə iştirakı dövlət tərəfindən məqsədəuyğun hesab edilməyən bəzi dini cərəyanlara”, məsələn, “satanist cərəyanları”na şamil ediləcək.

“Forum 18″in məlumatına əsasən, qeydiyyatdan keçmiş dini icmalar, o cümlədən yəhudilər, gürcü pravoslavları, baptistlər, əllincilər, lüteranlar və digər protestantlar, bəhaistlər, “Yehovanın Şahidləri” və Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvləri (dini icma hesab edilən), çətin ki, mövcud qanunlara görə “dini mərkəz” statusu alsınlar. Hökumət yalnız QMİ-ni, Bakı və Azərbaycanın Rus Pravoslav Yeparxiyasını və Roma Katolik Apostol Prefekturasını dini mərkəz hesab edir.

Yerli hüquq müdafiə qrupları və digər təşkilatlar bildiriblər ki, hökumət dini fəalları fiziki zorakılığa məruz qoymağa, həbs etməyə və həbsə atmağa davam edir.

İyunun 10-da çıxardığı qərarda AİHM mərhum türk din alimi Bədiüzzaman Səid Nursinin davamçıları olan 7 şikayətçinin hökümət tərəfindən hüquqlarının pozulduğuna qərar verib, bundan sonra məhkəmənin qərarı onların qanunsuz həbs edilməsi və 2015-ci ilin iyununda onlara cərimə kəsilməsi olub.  Şikayətçilər Emin Ələkbərov, Cavanşir İsmayılov, Elmir Cəbrayılov, Səbuhi Məmmədov, Samir Hüseynov, Rövşən Qasımov və Pərvin Yunusov Səid Nursinin İslam üzrə təlimlərinin davamçıları olmuşlar. Onlar şikayətçilərdən birinin Gədəbəy şəhərindəki şəxsi evinə toplaşarkən bir neçə polis əməkdaşı evə basqın edərək, qrupu Gədəbəy Rayon Polis Şöbəsinə apararaq orada 14 saat saxlayıb. Sonradan 6 nəfər ictimai asayişi pozduqlarına görə, toplaşmaya ev sahibliyi edən şəxs isə dini toplaşmaların təşkili və keçirilməsi ilə bağlı qanunvericilik qaydalarını pozduğuna görə cərimələnib.  AİHM şikayətçilərin azadlıqdan məhrum edilməsinin əsassız, özbaşına və lazımsız olduğunu müəyyən edib və hökumətin Avropa İnsan Hüquqları Konvensiyasında (AİHK) əks olunan azadlıq və təhlükəsizlik hüququnu pozduğuna qərar verib. AİHM 7 nəfərin hər birinə 3000 avro (3400 ABŞ dolları) məbləğində təzminatın, üstəlik bütün birgə işlərə görə 1000 avro (1100 ABŞ dolları) həcmində xərclərin əvəzinin onların əsas vəkili Rüstəm Mustafazadəyə ödənilməsinə qərar verib. AİHM yerli hakimiyyət orqanlarının dini etiqad azadlığı hüququna qanunsuz müdaxiləsi ilə bağlı şikayəti rədd edib, çünki şikayətçilər milli hüquqi müdafiə vasitələrindən istifadə edə bilməyiblər. “Forum 18″in məlumatına görə, bu işlərlə məşğul olan Bakıdan olan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məhkəmə işlərdə yer alan pozuntuların bütün aspektlərini nəzərdən keçirmədiyi üçün bütün iştirakçılar AİHM-in qərarlarından “bir az narazıdırlar”.  O, şikayətçilərdən hər birinə ödənilməsinə qərar verilən 3,000 avronu (3,400 dollar) xüsusən də onların hər birinin ödədiyi cərimələrə görə kompensasiya daxil olduğu üçün “çox aşağı məbləğ” kimi təsvir edib.  O həmçinin məhkəmə xərcləri üçün ödənilməsinə qərar verilən məbləği “7 iş üzrə məhkəmə xərclərini əhatə etdiyini nəzərə alındıqda, çox az” adlandırıb.

Mayın 20-də AİHM “Din və Qadın Hüquqları” İB-nin təsisçiləri Əfruzə Məhərrəmova və Sədayə Hüseynovanın xeyrinə qərar qəbul edib. Yerli hökumət orqanları onların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərini rədd edərək təşkilata hüquqi status verməkdən imtina etmişlər.  Ölkənin cənub regionu Masallıdan olan bu iki qadın 2011-ci ildə QHT-nin qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Nazirlik 2011-ci ildə iki dəfə və 2012-ci ildə iki dəfə ərizəni sənədlərdə pozuntular olduğunu əsas gətirərək geri göndərib.  QHT 2013-cü ilin noyabrında Ali Məhkəmədə işi uduzaraq məhkəmə qaydasında imtinaya etiraz edib.  Məhərrəmova və Hüseynova 2014-cü ilin aprelində AİHM-də iddia qaldırıblar. “Forum 18″in məlumatına görə, AİHM bu işə hökumətin hüquqi statusdan imtina etdiyi QHT-lərlə bağlı daha 11 işlə birgə baxmış, Məhərrəmova və Hüseynovaya 4500 avro (5100 ABŞ dolları) məbləğində birgə kompensasiya, üstəlik, onların vəkili İntiqam Əliyevə ödənilməli olan bütün işlər üzrə 6000 avro (6800 ABŞ dolları) məbləğində təzminat ödənilməsinə qərar vermişdir.

AİHM mayın 27-də protestant xristian Rəhim Axundovun məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddətlərə əməl etməməsi səbəbindən onun işinin qəbuledilməz olduğu barədə qərar çıxarıb. Axundov 2018-ci ildə Bakıda Milli Məclisin əməkdaşı vəzifəsindən azad edilməsi ilə bağlı AİHM-də iddia qaldırmışdı. O bildirib ki, Bakıdakı evində dostları və qohumları ilə xristian ibadətləri, dərslər və müzakirələr üçün görüşdükdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin göstərişi ilə Milli Məclisdəki işindən azad edilib. Axundov 2020-ci ildə Ali Məhkəmədəki son apellyasiya işini uduzub.

Aprelin 26-da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi (BMT İHK) 2013-cü ildə ölkənin şimalında yerləşən Zaqatala rayonunun Əliabad kəndində hökumətin “Yehovanın Şahidləri”nin 6 üzvünün hüquqlarını pozmasını təsvir edən hesabat dərc edib.  Həmin 6 nəfər polis reydi nəticəsində saxlanılıb, polis bölməsinə aparılıb, onlardan dini ədəbiyyat müsadirə edilib və sonradan cərimələnib (yaxud bir halda rəsmi xəbərdarlıq edilib).  Komitə müəyyən edib ki, “[2013-cü ildə “Yehovanın Şahidləri”nin 6 üzvünü] dini ədəbiyyata sahib olduqlarına və şəxsi evdə dinc dini ayin keçirdiklərinə görə həbs etməklə, saxlamaqla, məhkum etməklə və cərimələməklə, İştirakçı Dövlət [Azərbaycan] onların [Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın] 18 (1) maddəsində [“Fikir, vicdan və din azadlığı”] nəzərdə tutulmuş hüquqlarını pozmuşdur.” Komitə onların hər biri üçün “effektiv hüquqi müdafiə vasitəsi” müəyyən edib (onlardan 5-nə kəsilmiş 1500 AZN (880 ABŞ dolları) məbləğində cərimənin və hər hansı məhkəmə xərclərinin ödənilməsi daxil olmaqla) və hökuməti gələcək pozuntuların qarşısını almaq üçün qanunlara və praktikaya dəyişikliklər etməyə çağırıb. “Forum 18″in məlumatına görə, ölkədəki “Yehovanın Şahidləri”nin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsində (BMT İHK) baxılan dini etiqad və ya etiqad azadlığı ilə bağlı daha 6 işi var.

İl ərzində yerli məhkəmələr müraciətlərə baxmağa davam edib və 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə silahlı hücum və bununla bağlı yerli hakimiyyət orqanlarına qarşı nümayişdən sonra saxlanılan son 10 nəfərin məhkəmə prosesini keçirib. 2018-ci il hadisələrinə cavab olaraq təhlükəsizlik qüvvələri Gəncə, Şəmkir, Sumqayıt və Bakı şəhərlərində xüsusi əməliyyatlar keçirmiş, nəticədə 77 nəfər həbs edilmiş və 5 nəfər həlak olmuşdur. Hökumət bildirib ki, mühakimə olunan şəxslər ölkədə sabitliyi pozmaq məqsədi daşıyan şiə “ekstremist konspirasiyası”nın üzvləri olublar.  Vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri hökmlərin çoxunu siyasi motivli hesab etdiklərini bildiriblər. Azərbaycanda “Siyasi Məhbuslara Azadlıq!” İttifaqı ilin sonunda həbsdə olan və Gəncə hadisələri ilə əlaqəsi olan 47 nəfəri siyasi məhbus kimi tanıyıb. Hüquq müdafiə təşkilatları bildiriblər ki, “Gəncə işi” ilə bağlı həbsdə olan 3 nəfər mart ayında Prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.  İl ərzində apelyasiya şikayətləri üzrə dinləmələr zamanı daha bir neçə nəfərin cəzası azaldılıb və/və ya bəzi ittihamlar götürülüb. Gəncə hadisələri ilə bağlı yekun məhkəmə avqust ayında başa çatıb. Məhkəmənin qərarına əsasən, siyasi məhbus hesab edilən 9 nəfər 18 ildən 20 ilədək həbs cəzası alıb.

Hakimiyyət orqanları qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı (MBH) ilə əlaqəli şəxslərə qarşı hüquqi tədbirləri davam etdirib. Hakimiyyət orqanları hərəkatın qarışıq dini və siyasi ideologiyanı dəstəklədiyini və onun İranla əlaqələrindən narahat olduqlarını bildiriblər. Əvvəlki illərdə olduğu kimi, hüquq müdafiəçiləri və digər vətəndaş cəmiyyəti fəalları ittihamları əsassız və siyasi fəaliyyətə mane olmaq məqsədi daşıyan ittiham kimi səciyyələndiriblər. Hüquq müdafiəçilərinin topladıqları məlumatlara görə, ilin sonunda dini qrupların üzvü olan siyasi məhbusların təxmini sayı 2020-ci ildəki 41-dən 48-ə qədər olan rəqəmlə müqayisədə 21 nəfər (Gəncədə həbs olunan 47 nəfər nəzərə alınmadan) təşkil edib. Hüquq müdafiəçilərinin sözlərinə görə, hüquq müdafiə qrupları tərəfindən həbsdə olanlar arasında “dini fəal” kimi müəyyən edilənlərin sayının azalması daha çox Prezidentin mart ayında qəbul etdiyi, ümumilikdə 38 siyasi məhbusun, o cümlədən 2015-ci ildə Nardaranda keçirilən və hökumətin fundamentalist dediyi, xaricdən dəstək alan və İslam dövləti qurmaq istəyən şəxsləri hədəf alan reydlər zamanı həbs edilmiş 30 nəfərin əfv edilməsi ilə bağlı fərmanla bağlı olub.

Mayın 24-də Ağcabədi Rayon Məhkəməsi MBH üzvü Vüqar Hacıyevi narkotik ticarəti ittihamı ilə mayın 21-də həbs olunandan sonra məhkəməyə qədər 4 ay müddətinə həbs edib. MBH narkotik ittihamlarının əsassız olduğunu bildirib və onun həbsini siyasi motivli adlandırıb. Onun həbsindən sonra MBH bəyanat yayaraq hökuməti “öz islamafobik münasibətinə qayıtmaqda” günahlandırıb və Hacıyevin azadlığa buraxılmasını tələb edib.  MBH-ın digər üzvü Razi Hümbətov isə iyunun 7-də həbs edilib, iyunun 9-da isə narkotiklə bağlı ittihamlarla istintaq təcridxanasına salınıb. O, ailəsinə işgəncələrə məruz qaldığını və təzyiq altında etirafa imza atdığını deyib. Hüquq müdafiə təşkilatları həm Hacıyevi, həm də Hümbətovu siyasi məhbus hesab etdiklərini bildiriblər.

2020-ci ilin mart ayında qanunsuz silah saxlama ittihamı ilə həbs edilən və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilən MBH üzvü Elvin Mürvətoğlu həbs müddəti başa çatmamış sentyabrın 13-də azadlığa buraxılıb. MBH-nin məlumatına görə, Mürvətoğlu fəal kimi tanınıb, eyni zamanda MBH sədri Tale Bağırzadə haqqında bir çox şeir və mahnıların müəllifi olub. Hüquq müdafiə təşkilatları onu siyasi məhbuslar siyahısına daxil edib və həbsini Bağırzadəni mədh edən mahnıları ilə əlaqələndiriblər.

Oktyabrın 19-da hüquq mühafizə orqanları İlqar İbrahimoğlu və ilahiyyatçı Sərdar Babayev də daxil olmaqla bir neçə şiə ruhanisini saxlayıb. İbrahimoğlu azad edilib; Babayevə qarşı isə Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. Babayev dövlətə xəyanət ittihamlarını rədd edərək, onların siyasi motivli olduğunu bildirib. Məhkəmə onun barəsində məhkəməyə qədər 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Bəzi xristian icmaları bir daha bəyan etdilər ki, DQİDK əvvəlki illərlə müqayisədə onların fəaliyyətləri üçün daha əlverişli şəraitin yaradılmasına, məsələn, onların istək və narahatlıqlarına daha həssas yanaşmaq və onlarla daha sıx ünsiyyət qurmaq kimi səylər göstərib. Keçmişdə “Yehovanın Şahidləri” polis və digər dövlət orqanları tərəfindən hədəfə alınanlar sırasında idi.  İyunun 15-də Bakıdan olan icma üzvü “Forum 18″ə bildirib ki, “Hazırda bizim polis və ya Dövlət Komitəsi ilə heç bir problemimiz yoxdur”. O deyib: “Hələ pandemiyadan əvvəl polis və ya digər dövlət qurumları ilə problemimiz olanda, Dövlət Komitəsinin nümayəndələri bizə yaxından kömək edirdilər.”

Konstitusiya bunu tələb etsə də, hökumət etiqadına görə hərbi xidmətdən imtina edənlər üçün məcburi hərbi xidmətə mülki alternativ tətbiq etməyib. Oktyabrın 7-də AİHM 2018-ci ildə təqsirli bilinən və hərbi xidmətdən yayınma ittihamı ilə 1 il müddətinə şərti cəza alan “Yehovanın Şahidləri”nin üzvləri Emil Mehdiyev və Vahid Əbilovun işi üzrə qərar qəbul edib. AİHM hökumətin hər iki şəxsin insan hüquqlarını pozması ilə bağlı etirafını qəbul edib və onlara hər bir müttəhim üçün 3500 avro (4000 ABŞ dolları) məbləğində təzminatın və xərclərin ödənilməsinə qərar verib. AİHM-in oktyabr qərarı məhkəmə qərarına əsasən hökumət tərəfindən insan hüquqları pozulan və hökumətin təzminat ödəməli olduğu ölkədən şüurlu şəkildə hərbi xidmətdən imtina edənlərin sayını 7-yə çatdırıb.

İl ərzində hökumət şüurlu şəkildə hərbi xidmətdən imtina edənlərə münasibətdə siyasətini dəyişməyə potensial olaraq hazır olduğunu ifadə edib. Əvvəllər belə uyğunlaşmaya qarşı çıxan DQİDK-nin rəhbəri Mübariz Qurbanlı ölkənin 2020-ci ildə Ermənistanla münaqişədə qələbə çalmasından sonra bildirib ki, ölkədə hərbi mükəlləfiyyətdə dini azadlığı qəbul etməyin vaxtı gəlib çatıb. O bu ideyanı parlament üzvləri arasında təbliğ etməyə hazır olduğunu bildirib.  Lakin ilin sonunda Prezident Administrasiyasının nümayəndəsi alternativ xidmət məsələsinin müzakirə olunmadığını bildirib.

İlin sonunda DQİDK 2020-ci ildə qeydiyyata alınmış 14 dini icma (12 müsəlman və 2 xristian) ilə müqayisədə 16 yeni dini icmanı (hamısı müsəlman) qeydiyyata alıb. İlin sonunda qeydiyyatdan keçmiş cəmi 971 icma var idi, onlardan 37-si qeyri-müsəlman idi – 26 xristian, 8 yəhudi, 2 bəhai və bir Beynəlxalq Krişna Şüuru Cəmiyyəti.  DQİDK həmçinin 2253 məscid, 16 kilsə, 7 sinaqoq və 11 dini təhsil müəssisəsinin qeydiyyatdan keçdiyini açıqlayıb.  İlin sonunda ölkədə 23 xristian ibadət evi (kilsə statusu olmayan ibadət yerləri), bir Bəhai ibadət evi və bir Krişna Şüuru ibadət evi var idi.

DQİDK bildirib ki, o, 2009-cu ildən əvvəlki qeydiyyatlarına əsasən, əvvəllər qeydiyyatdan keçmiş icmaların fəaliyyətinə icazə verən məktublar təqdim etməyə davam edib. DQİDK 2009-cu ildən əvvəlki qeydiyyat statusu ilə əhatə olunmayan yerlərdə bu icmaların dini fəaliyyətlərini qadağan etsə də, bəzən müraciət əsasında istisnalara yol verib

Hökumət bəzi qrupların qeydiyyatdan keçə bilməməsinin yalnız qrupların Qanunun 50 üzvdən ibarət olmaq tələbini yerinə yetirə bilməməsindən qaynaqlandığını və hökumətin qeydiyyatdan keçməmiş dini icmalara qarşı inzibati tədbir görmədiyini bildirib. Hökumət bəyan edib ki, minimum 50 üzv sayının azaldılması İranın dəstəklədiyi dini ekstremist qrupların cəlb olunmasına səbəb olacaq və təhlükəsizlik problemlərinə gətirib çıxaracaq. Dini icmalar hökumətin qeydiyyat tələblərindən, xüsusən də minimum 50 üzv tələbindən məyus olduqlarını bildirməyə davam ediblər. Bununla belə, hökumət kiçik dini icmaların, hətta müxtəlif şəhərlərdə yerləşsələr belə, bir təşkilatın çətiri altında birləşməsinə icazə verib ki, bu da bəzi qrupların uğurlu qeydiyyatını asanlaşdırıb.  Ölkəyə səfər edən bir baptist nazir, başqa bir baptist icmasının qeydiyyatı əsasında xidmət göstərə bilən bir neçə kiçik,

qeydiyyatdan keçməmiş baptist qrupları ilə görüşdüyünü deyib. “Yehovanın Şahidləri” yalnız Bakıda qeydiyyatdan keçiblər.  Baptistlərin və “Yehovanın Şahidləri”nin regional bölmələri qanuni qeydiyyatdan keçə bilmədiklərini qeyd ediblər, lakin qeydiyyatdan keçməmələrinə baxmayaraq, açıq şəkildə ibadət edə bildiklərini bildiriblərş. . Bəzi protestant və yerli kilsə rəhbərləri bildiriblər ki, qanuni qeydiyyatdan keçə bilməmələri onları hökumətin təsirindən qorxaraq fəaliyyətlərini gizli saxlamağa məcbur edib.

Hökumət dini materialların idxalı, yayılması və satışına nəzarəti davam etdirib. Bəzi kiçik qeyri-müsəlman icmaları dini ədəbiyyatın idxalında heç bir çətinlik çəkmədiklərini və hökumətlə münasibətlərin davamlı olaraq yaxşılaşdığını bildiriblər.

İl ərzində Kəmalə Rövşən adlı tələbə, qadın və qızların pasport almaq üçün hicablı halda çəkilmiş şəkillərini təqdim etmələrini təbliğ edən sosial media kampaniyasına başlayıb. Mart ayında İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva sözügedən məhdudiyyətin aradan qaldırılması və pasport şəkillərində hicab geyinməyə icazə verilməsini dəstəklədiyini bəyan edib.

Hökumət “ənənəvi” dini qruplara vəsait ayırmağa davam edib.

İyulun 8-də Prezident İlham Əliyev QMİ-yə müsəlman icmaları üçün 2 milyon AZN (1,18 milyon ABŞ dolları), Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasına və Dağ Yəhudilərinin dini icmasına isə 2020-ci ildəki ilə eyni məbləğdə, yəni hər birinə 350 min AZN (206 min ABŞ dolları) ayrılması haqqında fərman imzalayıb. Fərmanda həmçinin 2020-ci ilə olduğu kimi, Avropa yəhudilərinin Bakı dini icması, Alban-Udi xristian dini icması və Bakı Katolik Kilsəsinin hər birinə 150 000 AZN (88 200 ABŞ dolları), Mənəvi Dəyərlərin Təbliği Fonduna isə 100 000 AZN (58 800 ABŞ dolları) həcmində vəsait ayrılıb.

Mənəvi Dəyərlərin Təbliği Fondu bu vəsaiti bəzi kiçik qeyri-müsəlman dini icmalarını dəstəkləmək üçün istifadə edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 27-də qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri/Dağlıq Qarabağ münaqişəsi” adlı qətnaməsində deyilir ki, “Uzun müddət davam edən münaqişə həm Ermənistanın, həm də Azərbaycanın məsuliyyət daşıdığı regionun mədəni irsinə və əmlakına katastrofik təsir göstərmişdir”. AŞPA “6 həftəlik müharibə zamanı mədəni irsə qəsdən dəymiş ziyanı və Şuşadakı [Müqəddəs Xilaskar Kafedralının] qəsdən atəşə tutulmasını, münaqişə zamanı və ondan sonra digər kilsə və qəbiristanlıqların dağıdılmasını və ya zədələnməsini” pisləyib. Qətnamədə həmçinin qeyd olunub ki, AŞPA “keçmiş dağıntılar fonunda Azərbaycanın nəzarəti altına qayıdan çoxsaylı erməni kilsələrinin, monastırlarının, o cümlədən Xudavəng (həmçinin Dadivəng və Xutavəng) monastırının, xaç daşlarının və mədəni irsin digər formalarının gələcəyindən narahatdır”. Qətnamədə “Azərbaycanda inkişaf edən narrativlə əlaqədar “erməni” mədəni irsi kimi qəbul edilənləri əvəz etmək üçün “Qafqaz Albaniyası”nın irsinin təbliğ edilməsindən narahatlıq ifadə olunur.” İl ərzində erməni mədəni və dini obyektlərinin vandalizmə məruz qalması və dağıdılması, habelə dini obyektlərin erməni irsi ilə əlaqəsini kəsmək və təhrif etmək üçün hökumətin məqsədyönlü hərəkətləri barədə çoxsaylı məlumatlar verilmişdir. Hökumətin hərəkətləri və kilsələrin “Qafqaz Albaniyası” olduğunu bildirən ritorikası beynəlxalq müşahidəçiləri, Ermənistan rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və Erməni Apostol Kilsəsini hazırda Azərbaycanın nəzarəti altında olan tarixi və dini obyektlərlə ermənilərin əlaqələrinin qorunub saxlanmasından ciddi narahatlığını ifadə etməyə sövq edib.

Məsələn, mayın 4-də Xarici İşlər Nazirliyi Müqəddəs Xilaskar Kafedralında Azərbaycanın maliyyələşdirdiyi yenidənqurma işlərinin “Şuşanın tarixi simasının bərpası məqsədilə orijinal memarlıq üslubuna uyğun həyata keçirildiyini” bəyan edib və obyektin yenidən qurulmasını “Qafqaz Albaniyası” irsinin əks etdirilməsinə aid edib. Erməni rəsmiləri bildiriblər ki, bu cür bəyanatlar kilsənin erməni köklərini və quruluşunu, o cümlədən orijinal günbəzini gizlətməyə çalışır. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsini icra edən Vahram Dumanyan YUNESKO-ya ünvanladığı məktubda Azərbaycanı yeni qaytarılmış ərazilərdəki erməni mədəni irsi obyektlərini “Qafqaz Albaniyası”nın irsi adlandırmaqla “tarixi faktların saxtalaşdırılması siyasətini” fəal şəkildə həyata keçirməkdə ittiham edib. Sentyabrın 27-də “Caucasus Heritage Watch” (CHW) Azərbaycan hökumətinin 2020-ci ilin noyabrında əldə olunan atəşkəsdən sonra erməni irsi obyektlərinin ya mövcud olmadığını, ya da “Qafqaz Albaniyası” mənşəli olduğunu iddia etmək üçün geniş kampaniyaya başladığını bəyan edib.

2020-ci ilin noyabrında atəşkəs əldə olunduqdan sonra Erməni Apostol Kilsəsinin liderləri Rusiya sülhməramlılarından Kəlbəcər rayonundakı orta əsrlərə aid Xudavəng (həmçinin Dadivəng və Xutavəng) monastırını mühafizə etməyi xahiş ediblər. Hökumət əvvəlcə erməni zəvvarlara kilsəni ziyarət etməyə icazə vermiş, lakin il ərzində giriş getdikcə çətinləşmişdir. KİV-ə yayılan məlumatlara və Erməni Apostol Kilsəsinin nümayəndələrinin sözlərinə görə, fevral və aprel aylarında iki qrup zəvvarın monastıra girişinə icazə verilməyib; “Forum 18″in iyulda verdiyi məlumata görə, mayın 2-dən bəri heç bir erməni zəvvar monastırı ziyarət edə bilməyib. Erməni Apostol Kilsəsinin məlumatına görə, Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarının müşayiəti ilə monastırı ziyarət etməyə hazır olan zəvvar qruplarına girişin qadağan edilməsinə səbəb kimi COVID-19 pandemiyası, daşqın və yolun yararsız hala düşməsini göstərib. İlin sonuna qədər, monastırla yanaşı, mayın 2-dən etibarən heç bir erməni zəvvara Azərbaycanın nəzarəti altında olan ərazidə (Rusiya sülhməramlılarının olmadığı yerdə) hər hansı dini obyektə baş çəkməyə icazə verilməyib.

CHW-nin iyun və sentyabr hesabatlarında qeyd edilir ki, hökumətin nəzarəti altında olan digər dini və tarixi obyektlər dağıdılmış, zədələnmiş və ya yaxın tikinti nəticəsində məhv olmaq təhlükəsi altındadır. CHW, Müqəddəs Xilaskar Kafedralının yazısı olan Mets Tağer qəbiristanlığının və Sğnax qəbiristanlığının tamamilə məhv edildiyini bildirib. CHW həmçinin Müqəddəs Xilaskar Kafedralı, Müqəddəs Yəhya Vəftizçi Kilsəsi (Kanach Zham), Surb Meqretsots kilsəsi və Şuşi Şimal qəbiristanlığına ziyan dəydiyini qeyd edib. CHW-nin məlumatına görə, yaxınlıqdakı irimiqyaslı tikinti layihələri nəticəsində aşağıdakı dini obyektlər təhlükə altındadır: Müqəddəs Astvatatsin kilsəsi, Vankasar kilsəsi və Amenarpkiç kilsəsi. Bundan əlavə, CHW noyabrda əldə olunan atəşkəsdən sonra Həkəri/Aqavno çayı vadisi boyunca Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi nəticəsində 18-ci əsrə aid Aygek məscidinin dağıdılması barədə məlumat verib.

CHW hökumətin Şuşada yerləşən Müqəddəs Yəhya Vəftizçi Kilsəsinin (həmçinin Kanach Zham/Yaşıl Kilsə kimi tanınır) yenidən qurulmasından narahat olduğunu bildirib. 2020-ci ilin noyabrında əldə olunan atəşkəsdən sonrakı görüntülərdə kilsənin günbəzinin və zəng qülləsinin qismən dağıdıldığı əks olunub. CHW tərəfindən aparılan təhlilə görə, kilsədə əvvəllər iki günbəz var idi; təhlildə “Google Earth” xidmətindən götürülmüş fevral ayına aid fotoşəkillərə istinad edilib – fotoşəkildən şərq günbəzinin bir hissəsinin o vaxt hələ də qaldığı görünür. CHW aprelin 10-da peykdən çəkilmiş şəkillərə əsasən şərq günbəzinin dağıdıldığını bildirib.

Mayın 26-da BBC telekanalı Suqovuşanda (Madagiz) Müqəddəs Yegiçe Erməni Kilsəsinin üstündəki xaçın götürülməsi barədə məlumat yayıb. Ermənistanın ombudsmanı Armen Tatoyan tərəfindən mart ayında sosial şəbəkələrdə yayımlanan videoda Azərbaycan və Türkiyə nişanlı əsgərlərin kilsəni təhqir etdikləri əks olunub.

İyun ayında “The Art Newspaper” peyk şəkillərindən istifadə edərək Naxçıvanın Əylis (ermənicə Aqulis) kəndində orta əsr erməni kilsələrinin dağıdılmasının təfərrüatlarını əks etdirən hesabat dərc edib. 1977-ci ilə aid fotoşəkillərdə kilsələr var idi, lakin 2016 və 2019-cu illərə aid fotoşəkillərdə yoxdur. Dağıdılan kilsələr arasında, ehtimal ki, 12-13-cü əsrlərdə əsası qoyulmuş Surb Stepanos (Müqəddəs Stefan), orta əsrlərə aid Surb Tovma (Müqəddəs Tomas), Surb Kristapor (Müqəddəs Kristofer), Surb Hovhannes Mkrtich (Vəftizçi Müqəddəs Yəhya) və digər qədim kilsələr, Mets Anapat Surb Astvatasatsin (Böyük Ermitaj, Tanrının Müqəddəs Anası) və Surb Hakob Hayrapet (Nisibisli Müqəddəs Yaqub) kimi kilsələr var idi. “The Art Newspaper”də həmçinin müstəqil tədqiqatçı Arqam Ayvazyanın 1964-1987-ci illərdə topladığı sənədlərə əsasən, Naxçıvanda vaxtilə 89 kilsə, 5840 xaç daşı və 22 000-dən çox məzar daşından ibarət erməni irsinin dağıdılmasından da bəhs edilib.  Din və etnik mənsubiyyət bir-biri ilə sıx bağlı olduğundan, bir çox hadisələri yalnız dini kimliyə əsaslanan hadisələr kimi təsnif etmək çətindir.

III Bölmə. Dini azadlığa ictimai münasibətin statusu

Dini məsələlər üzrə yerli ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri bildiriblər ki, ölkədə cəmiyyətin tarixi dözümlülüyü yəhudilər, rus pravoslav və katoliklər kimi “ənənəvi” kiçik dini qruplara münasibətdə davam edir və bəzi hallarda onlara maliyyə dəstəyi göstərilir. Bu mənbələr həmçinin bildiriblər ki, bəzi şəxslər ölkədə tarixi mövcudluğu az olan qruplara, məsələn, Baptistlər və “Yehovanın Şahidləri”nə şübhə və inamsızlıqla yanaşırlar.

IV Bölmə. ABŞ hökumətinin siyasəti və iştirakı

 

Səfir və səfirliyin digər əməkdaşları QHT-lərin dini inanclarına görə həbs olunduğunu bildirdikləri şəxslərin azadlığa buraxılması üçün hökumət rəsmiləri ilə danışıqlar aparıb. Səfir və səfirliyin əməkdaşları həmçinin, konstitusiyada nəzərdə tutulduğu kimi, etiqadına görə hərbi xidmətdən imtina edənlər üçün hərbi xidmətə mülki alternativin tətbiqi ilə bağlı hökumətlə bu məsələni qaldırmağadavam ediblər. Onlar DQİDK və QMİ rəsmiləri ilə görüşərək kiçik dini icmaların qeydiyyatı prosesində uzun müddətdir davam edən problemlərin və dini azlıqların üzləşdiyi digər maneələrin həll edilməsi zəruriyyətini vurğulayıblar.  Səfir hökumətin ən yüksək səviyyələrində Azərbaycanın nəzarətinə yenicə qaytarılmış ərazilərdə dini və mədəni obyektlərin qorunmasını təbliğ edib.  Səfir Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə YUNESKO nümayəndələrinin və əcnəbi jurnalistlərin dini və mədəniyyət obyektlərinə maneəsiz çıxış imkanının təmin edilməsinin vacibliyini daim vurğulayıb.

Səfir və səfirliyin əməkdaşları dini etiqad azadlığı, hərbi xidmətə mülki alternativ və DQİDK ilə əlaqələrlə bağlı məsələləri müzakirə etmək üçün qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş dini icmaların rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə müntəzəm görüşləri davam etdiriblər. Səfirlik dini icmada fəaliyyət göstərən ABŞ vətəndaşının müddəti bitmiş (müddəti uzadılmamış) vizasına görə ölkədən çıxarılmasına etiraz edib.