Dövlət Katibi Reks Tillersonun Demokratiyalar İcmasının İdarəetmə Şurasının 9-cu Nazirlər İclasında çıxışı

Sabahınız xeyir, hər biriniz Demokratiyalar İcmasının 9-cu nazirlər iclasına xoş gəlmisiniz! Bu gün ilk dəfə ABŞ-da, Vaşinqtonda bu iclasa ev sahibliyi etməkdən həqiqətən də şərəf duyuruq. Bir daha hamınızı salamlayırıq və sizi burada görməkdən məmnunluq duyuruq.

Mən, həmçinin, Demokratiyalar İcmasının yeni baş katibi təyin olunması münasibətilə, Tomas Qarreti təbrik etmək istəyirəm. O, bu cür vacib bir vaxtda bu vəzifə üçün mükəmməl seçimdir və Baş Katib, sizə, bu təşkilata rəhbərlik etmək və demokratiyanı müdafiə etmək yolunu seçdiyinizə görə təşəkkür edirik.

Biz xarici işlər nazirlərinə, hökumət nümayəndələrinə, vətəndaş cəmiyyətinin üzvlərinə, eləcə də şirkət rəhbərlərinə və ələlxüsus bu gün bizimlə olmaq üçün dünyanın hər yerindən gələn gənclərə minnətdarıq. Bizə qoşulmaq üçün göstərdiyiniz səylərə görə sağ olun! Bu zalda olanların demokratik tərəqqini müdafiə etmək və anti-demokratik tendensiyalara müqavimət göstərmək üçün göstərdikləri birgə səyləri yüksək qiymətləndiririk və Amerika Birləşmiş Ştatları bizim kimliyimizi müəyyən edən bu ortaq işdə iştirak etməkdən qürur duyur.

Məlumdur ki, bu nazirlər iclasını keçirmək üçün bundan da vacib məqam ola bilməzdi. Dünyada demokratik dövlətlər və xalqlar təhlükə altındadır. Şərqi Asiyada Şimali Koreyanın getdikcə daha çox aqressivləşən və təcrid olunan rejimi Cənubi Koreya və Yaponiyadakı demokratik cəmiyyətləri təhdid edir və ən əsası, son zamanlarda bu təhdidləri ABŞ-a doğru genişləndirmişdir və bununla bütün dünyanı təhlükə altında qoyur. Orta Şərqdə İran terror və zorakılığı ixrac edərək İsraildən Avropaya və digər regionlara qədər demoratik icmaları təhdid edir. Digər regionlarda, bir zamanlar çiçəklənməkdə olan demokratik icmalar, məsələn, Venezuela  demokratik dəyərlərdən geri çəkilir və ya onları fəal şəkildə sarsıdır. Nəhayət, Birmada olduğu kimi, etnik mənsubiyyətdən asılı olmayaraq insan hüquqlarına hörmət edən dövlətə çevrilmək üçün mübarizə aparan yeni demokratik cəmiyyətləri dəstəkləməliyik.

Demokratik ideallara qarşı qlobal təhdid realdır. Məhz buna görə, bu gün buradayıq. Məhz buna görə də, bu gün bu iclas baş verir. Məlumdur ki, demokratiya ölkənin həm daxilində, həm də xaricində sülh, sabitlik və firavanlıq yaradan idarəetmə formasıdır. Məlumdur ki, demokratik prinsiplərə və təcrübələrə əməl edən hökumətlər daha təhlükəsiz, daha sağlam, daha firavan cəmiyyətlərdir və öz vətəndaşlarının insan hüquqlarını qorumağa daha meyllidir. Demokratik hökumətlər xalq qarşısında hesabat verir və bu səbəbdən, onlar korrupsiyaya qarşı daha davamlıdırlar və müstəqil və ədalətli məhkəmə sistemini dəstəkləməyə və müxtəlifliyə malik olan dinamik cəmiyyəti dinc şəkildə qoruyub saxlamağa daha meylli olurlar.

Demokratiyalar İcması olaraq, bizə o da məlumdur ki, bizim ortaq dəyərlərimiz bizi təhlükəsizlik üzrə daha etibarlı tərəfdaşlara və terrora qarşı mübarizədə daha etibarlı müttəfiqlərə çevirir. Biz bilirik ki, demokratik cəmiyyətlər qüsursuz deyil. Bizim hamımızın görülməkdə olan işlərimiz qalır. Uğurlu demokratik cəmiyyətlər üçün çətin seçimlər, gərgin iş və sayıqlıq tələb olunur. Lakin demokratiya yeganə siyasi sistemdir ki, özünükorreksiya üçün institutsional potensiala malikdir və vətəndaşlara onları kimin və necə idarə etməsinin müəyyən edilməsində iştirak etmək hüququ verir. Məhz buna görə də biz azadlıq və demokratiyanın dünyanın hər yerinə yayılmasını dəstəkləyirik.

Demokratiyanın sarsıdılmasına yönələn səylərin artdığı bir zamanda, bizim bu idarəetmə formasını dəstəkləmək və təşviq etmək üçün birlikdə çalışmağımız daha da vacibdir. Bu səbəbdən, bugünkü çətinliklərə baxmayaraq, indi demokratiya ilə bağlı öhdəliklərimizdən geri çəkilmək vaxtı deyil. İndi onları gücləndirmək və qoruyub saxlamaq vaxtıdır. Biz arxayınlaşa bilmərik. Əksinə, fəal təşviqat və iştirakımızı davam etməliyik. İki ay bundan qabaq prezident Tramp bu təşkilatın təsis edildiyi və katibliyinin yerləşdiyi eyni şəhərdə çıxış etdi. Polşa xalqının qarşısında Prezident azadlığın daha da irəliləməsinə dair bu ortaq öhdəliyi bir daha bəyan etdi. Mən ondan sitat gətirərək qeyd edirəm ki, “Hər şeydən əvvəl, biz hər bir insan həyatının ləyaqətinə dəyər verir, hər bir şəxsin hüquqlarını qoruyur və hər bir insanın azadlıqda yaşamaq ümidinə şərik oluruq. Biz buyuq”. Sitatın sonu.

Biz – amerikalılar məhz buyuq. İstiqlal Bəyannaməmizdə, bizim qurucularımız cəsarətlə bəyan etmişdir ki, hamıya Yaradan tərəfindən yaşamaq, azadlıq və  xoşbəxtliyə çalışmaq kimi ayrılmaz hüquqlar bəxş edilmişdir. Amerikalılar və o cümlədən bizim tərəfdaşlarımız demokratik prinsiplər, təcrübələr üçün ayağa qalxmağa hazırdırlar,. Bu sadəcə xarici siyasətimizin mərkəz nöqtəsi deyil; bu bizim xalq olaraq kimliyimizdir. Bizi ən yaxın müttəfiqlərimizlə birləşdirən isə bu ortaq dəyərlərdir. Məhz buna görə də biz xarici siyasətimizlə bağlı hər hansı çətinlik zamanı ilk öncə demokratik tərədfdaşlarımızı cəlb edirik.

Planetin ən az azadlığa malik xalqının olduğu Şimali Koreyadakı düşmənçi rejimin törətdiyi ən güclü pozuntunu nəzərdən keçirərkən, biz öncə regional müttəfiqlərimiz olan Cənubi Koreya və Yaponiyaya müraciət edirik. Onlarla və digər demokratik tərəfdaşlarla çalışarkən, biz dəyərlərimizi qoruyub saxlayan və bizi daha təhlükəsiz etməyə səy göstərən vahid beynəlxalq cəbhə yaratmaq üçün BMT-nin Təhlükəsizlik Şurasında konsensus yaratmağa davam edirik. Lakin Şimali Koreya hazırda qlobal təhdiddir və bütün dövlətlərin qlobal cavab tədbiri görməsini şərtləndirir. Latın Amerikası və Karib hövzəsi regionunda biz müntəzəm olaraq və xüsusən Amerika Dövlətləri Təşkilatı vasitəsilə tərəfdaşlarımızı cəlb etməyə davam edirik və eyni zamanda Venesuelanın demokratik təsisatlarını bərpa etməsi üçün hər bir diplomatik və iqtisadi vasitəni nəzərdən keçiririk.

Orta Şərqdə İran terror və zorakılıq ixrac edən təhdidedici şəbəkəyə nəzarət edir. Onlar regionda yerləşən ölkələrdə sabitliyi pozurlar. Buna cavab olaraq, Amerika Birləşmiş Ştatları Avropadakı müttəfiqlərimizlə və müttəfiqimiz İsraillə birgə bu təhdidləri aradan qaldırmaq istiqamətində səy göstərir, eyni zamanda İraqda meydana çıxan güclü, daha davamlı demokratiyanı dəstəkləyir.

Rusiya kimi ölkələr demokratiyamızın özülünə hücum etməklə, azad və ədalətli seçkilərimizə müdaxilə etməklə öz demokratik qonşuları üçün təhdid yaratdığı bir zamanda biz öz demokratik tərəfdaşlarımızın yanında dayanırıq. Biz onları daha sayıq olmağa çağırır və öz demokratiyamızı gələcək müdaxilələrdən qorumaq üçün birgə çalışırıq.

Demokratiyalar İcması olaraq kimliyimiz məhz bundan ibarətdir. Biz daha azad, daha firavan və daha təhlükəsiz dünya naminə ortaq demokratik prinsipləri daha da irəli aparmaq üçün çalışırıq.

 

2000-ci ilin iyun ayında Demokratiyalar İcması Varşava Bəyannaməsinin giriş sətirlərində təsdiq etdi ki, “Xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır və bu iradə öz ifadəsini vətəndaşların ümumi və bərabər seçki hüququnu təmin edən, çoxsaylı partiyalara açıq olan, gizli səsvermə yolu ilə keçirilən, müstəqil seçki orqanları tərəfindən monitorinq edilən, saxtalaşdırma və hədələmə ilə müşayiət olunmayan mütəmadi, azad və ədalətli seçkilər vasitəsilə öz nümayəndələrini seçmək hüququnun və vətəndaş kimi vəzifələrinin həyata keçirilməsində tapmalıdır”. Demokratiyaya bu inam və sadiqlik bir vaxtlar radikal ideya hesab edilsə də, bu gün bizim kimliyimizi təşkil edir.

Bu gün Vaşinqtonda keçirilən nazirlər iclası bizim Demokratiyalar İcmasının rəhbəri kimi səlahiyyət müddətimizin zirvəsini təşkil edir. Lakin bu həm də Demokratiyalar İcmasının əhəmiyyətini və azadlığın müdafiəyə ehtiyac duyduğu bir vaxtda bizim demokratik ideallara sadiqliyimizi bir daha təsdiq edir. Vətəndaş cəmiyyətinə hücumların, məhkəmə sisteminin müstəqilliyinə olan təhdidlərin, effektiv demokratik təsisatların sarsıdılmasının və demokratiyanın uğurunun mərkəzində dayanan vətəndaşlara hörmətsizliyin getdikcə artması dövlətlərimizin və fərd kimi bizim özümüzün Varşava prinsiplərinə sadiqliyimizin əhəmiyyətini daha da artırır. Bizim qəbul etdiyimiz dəyərlər və prinsiplər daha güclü təhlükəsizliyə və daha böyük çiçəklənməyə yol açır. Biz öz dəyərlərimizi qorumaq, demokratik təsisatları təşviq etmək üçün birgə çalışarkən və onları təhdid edən qeyri-demokratik rejimlərə qarşı qətiyyətimizi gücləndirərkən, bu ortaq dəyərləri rəhbər tutacağıq.

Yekunda, gəlin hökumət və vətəndaş cəmiyyəti olaraq birlikdə Varşava prinsiplərini yerinə yetirmək və nümunə olmaq, demokratik idarəçilik prinsiplərini yerinə yetirmək və bunu gələcək nəsillər və daha dinc, çiçəklənən və təhlükəsiz dünya naminə etmək üçün əlimizdən gələni edək. Diqqətinizə görə təşəkkür edirəm. (Alqışlar.)

İndi isə məmnuniyyətlə sözü Demokratiyalar İcmasının Baş Katibi Tomas Qarretə verirəm. Xoş gəldiniz, Baş Katib!