Dövlət Katibi Tillersonun Bəyanatı: Beynəlxalq Qadınlar Günü

8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edərkən ABŞ daxildə və xaricdə qadınlar və kişilər arasında bərabərsizliyin aradan qaldırılmasına dair öhdəliklərini yeniləyir və dünya səviyyəsində qadınların və qızların statusunun artırılmasının vacibliyini təsdiq edir. Biz sahibkarlığı təbliğ edən siyasət və proqramlar vasitəsilə qadınların və qızların iqtisadi gücləndirilməsini möhkəmlətmək üçün tədbirlər həyata keçirəcək, həmçinin onların maliyyə imkanlarına, layiqli işə, təlim və öyrənmə imkanlarına bərabər çıxışını genişləndirilməsini davam etdirəcəyik. Müdafiə, sülh quruculuğu və yaxşı idarəetmə sahələrində daha çox bərabərlik üçün yol açan qadınların nailiyyətlərini gücləndirəcək və bu sahədəki uğurları möhkəmləndirmək üçün çalışacağıq. Biz öz tam potensialını aça bilən daha çox qız görmək və onların təhlükəsiz, sağlam və əmin mühitlərdə yaşamalarını təmin etmək istəyirik. Beləliklə, biz qızların layiq olduqları təhsil və azadlıqlara nail ola bilmələri üçün imkanlar yaratmaq və bu imkanlara sərmayə qoymaq üçün çalışırıq.

Birləşmiş Ştatlar dünyanın hər yerində qadınların öz hüquqlarını inkişaf etdirmək və həyata keçirmələrini təmin etmək üçün dünyanın hər tərəfindəki hökumətlər və tərəfdaşlar ilə işləməyə sadiqdir. 21-ci əsrdə üç qadından birinin həyatda fiziki və ya cinsi zorakılığa məruz qalması ağlasığmazdır. Bir çox cəmiyyətlər qadınları hələ də insan hüquqlarından məhrum edirlər, cinsi əsaslı ayrı-seçkiliyə məruz qoyurlar, qadınların iqtisadi inkişafa yardım etmək qabiliyyətinə mane olurlar və ya onları qorumaq üçün nəzərdə tutulan qanunlara riayət etmirlər. Bu cür şərait fərdləri, ailələri və icmaları qadınların təmin edə biləcəyi yardımlardan məhrum edir. ABŞ Milli Təhlükəsizlik Strategiyasının iddia etdiyi kimi, qadınlarla bərabər şəkildə rəftar etməyən hökumətlər cəmiyyətlərinin tam potensialının açılmasına imkan vermirlər.

Beynəlxalq Qadınlar Günündə biz keçmişdə, bir çox nəsillər boyu dünyanı daha təhlükəsiz, çiçəklənən və dinc yerə çevirmək üçün qurbanlar vermiş qadınların liderliyini, töhfələrini və cəsarətlərini tanıyırıq. Belə tərəqqinin davamını təmin etmək üçün vəd veririk.