Dövlət Katibi Tillersonun Beynəlxalq İnsan Haqları Günü ilə bağlı bəyanatı

69 il əvvəl bu gün BMT-nin Baş Assambleyası II Dünya Müharibəsindən sonra bütün insanların ləyaqət və bərabər və inkaredilməz hüquqlarını, həmçinin bu hüquqların dünyada azadlıq, ədalət və sülhün əsasını təşkil etdiyini tanımaq məqsədilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.

Daxili iğtişaşlardan əziyyət çəkən və ya bu səbəbdən köçkün düşmüş insanlar, yaxud repressiv hökumətlərə qarşı mübarizə aparan və başqalarının mənfəəti üçün istismar olunan şəxslər üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ümid yeridir. İnsan hüquqlarını və demokratiyanı dəstəkləmək ölkəmizin ən yaxşı ənənələrini təmsil edən xarici siyasətimizin prioritetidir.

Beynəlxalq İnsan Haqları Gününü qeyd edərək biz əsas demokratik dəyərlərimizə sədaqətimizi və bütün insanların hüquqlarını, azadlıq və ləyaqətini müdafiə etmək öhdəliyimizi yeniləyirik. Birləşmiş Ştatlar bütün millətləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilmiş öhdəliklərinə hörmət etməyə və onları hamıya bərabər şəkildə tətbiq etməyə çağırır. Hər bir insan öz potensialına uyğun yaşasa və hər bir millət zülmdən azad olsa dünya daha təhlükəsiz olar.