2021-Cİ İLDƏ AZƏRBAYCANDA İNSAN HÜQUQLARI VƏZİYYƏTİNƏ DAİR HESABAT

Konstitusiyaya əsasən, Azərbaycan prezident üsul idarəli respublikadır. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Prezidentlik hakimiyyətin məhkəmə və qanunvericilik hakimiyyətləri üzərində dominantlığa malik əsas qoludur. 2020-ci ilin fevral ayında hökumət Milli Məclisə seçkilər keçirmişdir. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının seçkiləri müşahidə missiyasının qənaətinə görə, Milli Məclisə seçkilər və 2018-ci ilin prezident seçkisi həqiqi konkurensiyanın qarşısını alan məhdudlaşdırıcı normativ-hüquqi baza və siyasi mühit çərçivəsində baş tutmuşdur.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ölkə daxilində təhlükəsizliyə cavabdehdir və birbaşa Prezidentə tabedirlər. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət edir və tabeliyində daxili qoşunlar fəaliyyət göstərir. Dövlət Təhlükəsizlik Xidməti daxili məsələlərə cavabdehdir, Xarici Kəşfiyyat Xidməti isə diqqət mərkəzində xarici kəşfiyyat və əks-kəşfiyyat məsələlərini saxlayır. Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti miqrasiya məsələlərinə və sərhəd mühafizəsinə cavabdehdirlər. Mülki hakimiyyət təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarəti davam etdirmişdir. Təhlükəsizlik qüvvəsi üzvlərinin hüquq pozuntularına yol verdiklərinə dair etibarlı məlumatlar qeydə alınmışdır.

2020-ci ilin noyabr ayında əldə edilən atəşkəs Azərbaycan, Ermənistan və Ermənistan tərəfindən dəstəklənən separatçılar arasında gedən 44 günlük intensiv döyüşü dayandırmışdır. İl ərzində iki ölkə arasındakı delimitasiya olunmamış beynəlxalq sərhəd boyunca və bəzi başqa ərazilərdə arabir baş verən zorakılıq insidentləri ölüm və saxlanma halları ilə nəticələnmişdir. 2020-ci ilin noyabr döyüşləri ərzində və bəzi hallarda bundan sonra Azərbaycan və etnik erməni qüvvələrin qanunsuz qətl, işgəncə hərəkətlərinə və başqa amansız, qeyri-insani və ya alçaldıcı rəftara yol verdiklərinə dair etibarlı məlumatlar mövcuddur. Bir-birlərini 2020-ci ilin payızında və 2016-cı ilin yayında baş verən döyüşlər zamanı amansızlıqlar törətməkdə ittiham edən Azərbaycan və Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdikləri şikayətlər məhkəmənin qərarını gözləyir. Hökumət 41 ermənini əsir saxladığını təsdiq etmişdir, lakin Azərbaycan tərəfindən əsir götürüldükdən sonra azı 25 erməni hərbi qulluqçunun itkin düşdüyünə dair iddialar Azərbaycan hökuməti tərəfindən inkar edilmişdir. Erməni əsirlərə açıq məhkəmə prosesi zamanı maraqlarının kim tərəfindən müdafiə ediləcəyini seçməyə icazə verilməmişdir. 1995-ci ildən bu yana Dağlıq Qarabağın yekun statusu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun həmsədrlərinin (ABŞ, Fransa və Rusiya) beynəlxalq vasitəçiliyinin predmeti olmuşdur.

Aşağıdakı əhəmiyyətli insan hüquqları pozuntularına yol verildiyinə dair etibarlı məlumatlar alınmışdır: qanunsuz və ya əsassız qətl, təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən işgəncə, amansız, qeyri-insani və ya alçaldıcı rəftar; ağır və bəzi hallarda həyat üçün təhlükəli təcridxana şəraiti; əsassız həbs, siyasi məhbuslar; ölkədən kənarda yaşayan şəxslərə qarşı siyasi motivli repressaliya; məhkəmə orqanlarının dəyişməz müstəqillik problemləri; şəxsi həyatın toxunulmazlığına əsassız müdaxilə; məcburi itkindüşmə, işgəncə və başqa fiziki zorakılıqlar daxil olmaqla, münaqişə çərçivəsində ciddi hüquq pozuntuları; söz və media azadlığının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması, o cümlədən jurnalistlərə qarşı zorakılıq, böhtan və iftiranın kriminallaşdırılması, jurnalistlərin təqib olunması və şübhəli ittihamlarla həbs edilməsi; veb-saytların bloklanması daxil olmaqla, internet azadlığı üzərində ciddi məhdudiyyətlərin qoyulması; dinc toplaşmaq hüquqlarının de-fakto qadağan olunması, birləşmək azadlığına ciddi müdaxilə; hərəkət azadlığı üzərində məhdudiyyətlər; siyasi iştirak üzərində ciddi məhdudiyyətlər; hökumət daxilində sistemli korrupsiya; polislərin cinsi oriyentasiya əlaməti əsasında fərdlərə tətbiq etdiyi qəddarlıq; işçilərin birləşmək azadlıqları üzərində əhəmiyyətli məhdudiyyətlər; uşaq əməyinin ən pis formalarından istifadə hallarının mövcudluğu.

Hökumət insan hüquqları pozuntularına və korrupsiya əməllərinə yol verən vəzifəli şəxslərin çoxunu təqib etməmiş və ya cəzalandırmamışdır və cəzasızlıq problem olaraq qalmışdır.

TAM HESABAT