2019-ci ildə Azərbaycanda insan hüquqlarina dair hesabat

QISA İCMAL

Konstitusiyaya əsasən, Azərbaycanda dövlət idarəetmə forması prezidentli respublikadır. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Prezident Administrasiyası aparıcı hakimiyyət orqanı olmaqla qanunvericilik və məhkəmə hakimiyyətləri üzərində hakim mövqeyə malikdir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki müşahidə missiyası 2018-ci ilin aprel ayında baş tutan prezident seçkisinin məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilər üçün ilkin tələb hesab edilən əsas hüquq və azadlıqları məhdudlaşdıran çərçivədə baş tutduğu qənaətinə gəlib.  2015-ci ildə qanunvericilik orqanlarına keçirilən seçkilər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Seçki Müşahidə Missiyasının təşkil olunmaması səbəbindən tam şəkildə qiymətləndirilə bilməsə də, müstəqil müşahidəçilər ölkədə qanunsuzluğa yol verildiyini bildirmişdir.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ölkədə daxili təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar və birbaşa prezidentə tabedirlər. Daxili İşlər Nazirliyi yerli polis idarələrinə nəzarət edir və daxili mülki müdafiə qoşunları nazirliyin tabeçiliyində fəaliyyət göstərir. Dövlət Təhlükəsizlik Xidməti daxili məsələlərə görə cavabdehlik daşıyır, Xarici Kəşfiyyat Xidməti isə xarici kəşfiyyat və xarici əkskəşfiyyat fəaliyyətləri ilə bağlı məsələləri həll edir. Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti miqrasiya məsələləri və sərhəd mühafizəsinin gücləndirilməsi ilə əlaqəli fəaliyyətləri həyata keçirirlər. Vətəndaş hakimiyyəti təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarət həyata keçirmişdir.

Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsini və onun ətrafında olan Azərbaycana məxsus yeddi rayonu öz nəzarətləri altında saxlamağı davam etmişdirlər. Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupunun himayəsi altında beynəlxalq vasitəçiliyin əsas müzakirə mövzusu olmaqda qalmışdır.  İl ərzində təmas xətti boyunca atəşkəsin pozulması halları az sayda qeydə alınmışdır.

İnsan hüquqlarının pozulması ilə bağlı hallar arasında qanunsuz və ya qəsdən törədilmiş qətllər, işgəncə, qanunsuz həbslər, cəzaçəkmə müəssisələrində mövcud olan ağır və həyat üçün təhlükəli şərait, siyasi məhbuslar, məxfiliyə zorakı müdaxilə, məhkəmə müstəqilliyinin olmaması,  ifadə, mətbuat və internet azadlığının məhdudlaşdırılması, jurnalistlərə qarşı amansız rəftar, eləcə də diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin fiziki hücumlara məruz qalması, şübhəli ittihamlarla həbs olunması, vebsaytların bloklaşdırılması, toplaşmaq və birləşmək azadlığından istifadəyə ciddi müdaxilələrin olunması, hərəkət azadlığının məhdudlaşdırılması, qaçqınların onların həyat və azadlıqları üçün təhlükə yaradan ölkələrə geri göndərilməsi, siyasi iştirakla bağlı ciddi məhdudiyyətlərin tətbiq olunması, dövlət aparatında korrupsiyanın tez-tez baş verməsi, lezbiyan, gey, biseksual, transgender və interseks şəxslərin polis tərəfindən həbs olunması və işgəncələrə məruz qalması, uşaq əməyinin istismarı qeydə alınmış. Hökumət bu halları aradan qaldırmaq üçün ciddi səy göstərməmişdir.

Hökumət insan hüquqlarını pozan əksər məmurları cəzasız qoymuşdur. Cəzasızlıq problemi aradan qaldırılmamışdır.

1-ci bölmə. Şəxsin toxunulmazlıq hüququna hörmət.

  1. Özbaşına və digər qeyri-qanuni və ya siyasi qətllər

Hökumətin və ya hökumət idarələrinin özbaşına və ya qeyri-qanuni qətl törətdiyini göstərən məlumatlar qeydə alınmışdır.

Müvəqqəti saxlama təcridxanalarında özbaşına və ya qanunsuz qətllərin baş verdiyi bildirilmişdir. Məsələn, may ayının 11-də polis tərəfindən dindirilməyə çağırıldıqdan sonra Şəki Polis Şöbəsində Qalib Məmmədovun ölməsi faktı qeydə alınmışdır. Məmmədovun ailəsi polis əməkdaşlarının onu ölənə qədər döydüyünü və öz əməllərini ört-basdır etmək üçün vəziyyəti intiharla əlaqələndirdiklərini iddia edir.

2018-ci ilin iyul və avqust aylarında hökumət təhlükəsizlik xidmətlərinin həbs zamanı guya polisə müqavimət göstərdiyinə görə beş nəfəri öldürdüyünü açıqlamışdır. Hakimiyyət orqanları iddia edirlər ki, bu şəxslər 3 iyul 2018-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətməyə cəhd etmiş, 10 iyul 2018-ci il tarixində isə iki nəfər polis əməkdaşını qətlə yetirmişdir. Hüquq müdafiəçiləri bu beş nəfərin həbs zamanı müqavimət göstərmədiklərini və dövlət təhlükəsizlik xidmətlərinin öz istəklərini yerinə yetirmək üçün qətlləri əvvəlcədən planlaşdırdığını iddia edib.  Hakimiyyət orqanları özbaşına qətllər ilə bağlı irəli sürülən iddialar üzrə araşdırma aparmamışdır. İl ərzində belə məlumatlar qeydə alınmamışdır.

Elmir Axundov 2018-ci ilin sentyabr ayında dindirilmək üçün çağırılmasının ardından Qazax Rayon Polis bölməsində vəfat etdikdən sonra rayon Prokurorluğu cinayət işi açmış və zabit İlham Süleymanova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham irəli sürülmüşdür. Qazax rayon məhkəməsi mayın 13-də Süleymanovu bu ittihamla təqsirli bilərək barəsində iki il 10 ay müddətində azadlıqdan məhrumetmə hökmü çıxarmış və milli və yerli hökumət səviyyəsində vəzifə tutmaq hüququndan məhrum etmişdir. Axundovun ailəsi onun ölümünə səbəbin polis tərəfindən fiziki zorakılığın göstərilməsi olduğunu iddia etmiş, lakin hökumət ona qarşı heç bir zorakılığın törədilmədiyini bildirmişdir.

Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsini və onun ətrafında olan Azərbaycana məxsus yeddi rayonu öz nəzarətləri altında saxlamağı davam etmişdirlər. Dağlıq Qarabağın yekun statusu məsələsi Fransa, Rusiya və Amerika Birləşmiş Ştatlarının sədrlik etdiyi ATƏT-in Minsk Qrupunun himayəsi altında beynəlxalq vasitəçiliyin əsas müzakirə mövzusu olmaqda qalmışdır.  Əvvəlki illərlə müqayisədə təmas xətti boyunca atəşkəsin pozulması halları azalmışdır. Təkrarlanan atışmalar başlıca olaraq hərbçilər arasında ölümə səbəb olmuşdur. 2016-cı ildə baş verən döyüşlərdən sonra münaqişə tərəfləri AİHM-ə şikayət ünvanlamaqla bir-birini vəhşiliklər törətməkdə ittiham etmişdirlər. Bu şikayətlər AİHM-də hələ də həllini gözləməkdədir.

4 dekabr tarixinə yer ekspertlər təhlükəsizlik və müdafiə sektorunda 46 ölüm faktının qeydə alındığını bildirmişdirlər. Döyüşlə bağlı olmayan səbəblərdən 37 ölüm faktı qeydə alınmışdır.

  1. İtkin düşmə

Hökumət orqanları tərəfindən hər hansı şəxsin itkin düşməsi ilə bağlı məlumat verilməmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilin sonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 3889 vətəndaşın itkin düşdüyünü bildirmişdir. Onlardan 719 nəfəri mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli itkin düşmüş şəxslərin işlərini araşdırmış və itkin düşmüş şəxslərin ümumi siyahısını hazırlamaq üçün hökumətlə birlikdə işləmişdir. BQXK-nın məlumatına görə, münaqişə nəticəsində 4500-ə yaxın azərbaycanlı və erməni itkin düşüb.

  1. İşgəncə və digər qəddar, qeyri-insani və ya təhqiramiz davranış və ya cəza

Konstitusiya və Cinayət Məcəlləsində işgəncə və digər amansız rəftarın qadağan olunmasına və bununla bağlı 10 ilədək həbs cəzasının nəzərdə tutulmasına baxmayaraq, bu cür rəftar hallarının baş verməsi ilə əlaqədar əsaslı iddialar irəli sürülmüşdür. Deyilənə görə polis orqanları təhqiramiz yollara əl atmaqla məhbusları təqsirli olduqlarını etiraf etməyə məcbur etdikləri üçün, kobud rəftar halları əksərən polis nəzarətində olan məhbuslara qarşı qeydə alınmışdır.

2018-ci ilin iyul ayında Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi (İQK) 2004-17-ci illər arasında ölkəyə etdiyi altı səfər barəsində hesabatları dərc edib. Bu hesabatlarda İQK polis və digər hüquq mühafizə orqanları tərəfindən işgəncə və fiziki zorakı davranışın digər formalarının, bütövlükdə hüquq mühafizə sistemində korrupsiyanın və cəzasızlığın sistemli və kütləvi olaraq qaldığını qeyd etmişdir. İQK-nın 2017-ci ildə ölkəyə səfər edən nümayəndə heyəti dəyənəklə ayaqlara zərbələrin endirilməsi və elektrik cərəyanı vermə kimi işgəncə hesab oluna biləcək sərt fiziki zorakılıq halları ilə bağlı çoxlu sayda etibarlı məlumatlar aldığını bildirmişdir. Əvvəlki səfərlərdən fərqli olaraq, 2017-ci il səfəri zamanı nümayəndə heyəti Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Silahlı Qüvvələr tərəfindən “çox pis rəftar/işgəncə” adlandırıla biləcək davranışlara yol verilməsi barədə məlumatlar aldıqlarını bildiriblər.

Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun (qeyri-hökumət) məlumatına görə, yanvar və fevral aylarında keçirilən məhkəmə dinləmələri zamanı müxalifətçi “Xalq Cəbhəsi” Partiyasının beş tərəfdarı-Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli və Valeh Rüstəmli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onları işgəncələrə məruz qoyduqlarını bildirmişdirlər. Məhərrəmov və Həsənov iddia edirdilər ki, onlara işgəncə verərkən elektroşokdan da istifadə daxil edilmişdir. Saxlanılan şəxslərin bir neçə gün heç kəslə əlaqə saxlamasına imkan yaradılmadığına, dostlarının və qohumlarının onları ziyarət etməsinə uzun müddət ərzində icazə verilmədiyinə və onlar qanunla tələb olunan qaydada istintaq təcridxanasına köçürülmək əvəzinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığına görə, İşçi Qrup işgəncə ilə bağlı irəli sürülən iddiaların əsaslı olduğu qənaətindədir.

Mayın 10-da İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev dini siyasi məhbusların rezin dəyənəklə döyüldüyünü, bədənlərinə elektrik cərəyanı yeridilməklə işgəncələrə məruz qaldıqlarını, dabanlarına vurulduğunu, hündürlükdən asıldığını bildirmişdir. Onun sözlərinə görə, məhbuslardan biri nəzarətçidən dərman istədiyi üçün döyülmüş və ayaqlarından asılmışdır.

Hüquq müdafiəçilərinin bildirdiklərinə görə, 2018-ci ilin iyul ayında Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən və ardınca iki polis əməkdaşının öldürülməsindən sonra saxlanılan şəxslər polis və digər vəzifəli şəxslərin dindirmə zamanı yalan ifadə verməyə məcbur etmək üçün onlara işgəncə etdiklərini qeyd ediblər.  Verilən məlumatlara görə, işgəncələrə məhbusların ayaqaltlarına dəyənəklə vurmaq, onların bədənlərinə, bəzi hallarda cinsiyyət orqanlarına elektrik cərəyanı yeritmək və onların bədən üzvlərini alışqanlarla yandırmaq kimi hallar daxildir. Məhbusların ailə üzvlərinin və məhkəmə müşahidəçilərinin sözlərinə görə, Baş Prokurorluğun müstəntiqi Orxan Babayev fiziki zorakılığa yol vermişdir.

Jurnalist Mehman Hüseynov həbs olunmuş bir repçini dəstəkləyən posteri Bakının mərkəzində tutduqdan təxminən altı saat sonra dekabr ayının 27-də polis tərəfindən saxlanıldığını və döyüldüyünü bildirmişdir. Hüseynovun sözlərinə görə, onu mülki geyimli beş polis əməkdaşı üzərində polis avtomobilinə aid heç bir xüsusi nişan olmayan bir maşına mindirmiş və Bakının kənar ərazisinə, ucqar Lökbatan rayonuna aparana qədər yolda 20 dəqiqə ərzində döymüşdürlər. Lökbatana çatdıqdan sonra polislər onun köynəyini başına çevirmiş, əlavə 10 dəqiqə ərzində onun bədəninə və ayaqlarına vurmuş və polis dəyənəyi ilə zorlamaq kimi işgəncələrlə hədələmişdirlər. Polislər onu Lökbatanda qoyub getdikdən sonra Hüseynov xəstəxanaya getmiş və orada onun aldığı zədələr sənədləşdirilmişdir. Dekabrın 28-də Daxili İşlər Nazirliyi tərəfindən Hüseynovun avtomobillə şəhərin kənarına aparıldığı bəyan edilsə də, polis tərəfindən fiziki zorakılığa məruz qaldığı təsdiqlənməmişdir.

Cəzaçəkmə müəssisələrində də amansız rəftara yol verilməsi ilə bağlı məlumatlar qeydə alınmışdır. Fevral ayında Müsəlman Birliyi Hərəkatının rəhbərləri Taleh Bağırzadə və Abbas Hüseynov Qobustan həbsxanasında Penitensiar Xidmət əməkdaşları tərəfindən onlara qarşı amansız rəftara etiraz etmək üçün müvafiq olaraq 16 gün və 14 gün aclıq elan etmişdirlər. KİV-də qeyd olunur ki, Bağırzadə həbsxana məmurları tərəfindən digər məhbusları yandırmağa cəhd edən və şəxsi gigiyenaya heç bir şəkildə əməl etməyən məhbuslarla eyni kamerada qalmağa məcbur edildiyini bildirmişdir.

Verilən məlumatlara görə, hakimiyyət orqanları zorakı rəftarla üzləşdiyini iddia edən məhbuslarla bağlı müstəqil məhkəmə-tibbi ekspertizasının aparılmasına gizli qadağa qoymuş, həmin şəxslərin vəkillə əlaqə saxlamasını gecikdirmişdir. Nəticədə, müxalifət üzvləri və digər fəalların da bildirdiyi kimi, bu yolla polis əməkdaşlarının saxlanılan şəxslərə qarşı zorakı davranaraq cəzasız qalmaları asanlaşmışdır. İyul ayında 2018-ci ilin iyulunda Gəncə şəhərində baş verən iğtişaşlardan sonra saxlanılmış şəxslər müxtəlif məhkəmə dinləmələri zamanı tibbi ekspertizanın onların həbsindən sonra bütün il boyu yubadıldığından şikayənlənmişdirlər. Halbuki tibbi ekspertiza onlar tutulduqdan dərhal sonra aparılsaydı, polisin onlara qarşı yol verdiyi zorakılıq halları üzə çıxa bilərdi.

Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şərait

Həbsxanalardakı vəziyyətin monitorinqi ilə məşğul olan nüfuzlu təşkilatlardan birinin verdiyi məlumata görə, çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik, havalandırma və sanitariya imkanlarının məhdudluğu və zəif tibbi xidmət səbəbindən həbsxanalardakı şərait bəzən ağır və həyat üçün təhlükəli olmuşdur. Saxlanılan şəxslər öz məhkəmə dinləmələrini gözləyənə qədər saxlanıldıqları yerli məhkəmələrin zirzəmi qatındakı istintaq təcridxanalarındakı qeyri-insani şəraitdən şikayətlənmişdirlər.

Fiziki şərait: Penitensiar xidmət əməkdaşları istintaq təcridxanalarında kişiləri və qadınları bir yerdə, lakin ayrı-ayrı bölmələrdə saxlamış, hökm çıxarıldıqdan sonra isə qadınlar ayrı cəzaçəkmə müəssisələrində yerləşdirilmişdir. Yerli QHT-lərdən olan müşahidəçilər qadın məhbusların, adətən, kişi məhbuslara nisbətən daha yaxşı şəraitdə saxlanıldıqlarını, onların daha müntəzəm monitorinq olunduqlarını və təlim və digər fəaliyyətlərə daha çox çıxış imkanlarına sahib olduqlarını, bununla belə, kişi həbsxanalarında olan problemlərin çoxunun qadın həbsxanalarında da  olduğunu bildirmişdirlər.

Ədliyyə Nazirliyi il ərzində üç yaşdan aşağı olan dörd uşağın azadlıqdan məhrum edilmiş anaları ilə birlikdə böyüklər üçün olan həbsxanada yaşadığını bildirmişdir. Qanunvericiliyə əsasən, məhkum olunmuş yeniyetmə cinayətkarlar 20 yaşına qədər yeniyetmələr üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanıla bilərlər.

Hökumət yeni cəzaçəkmə müəssisələri tikməkdə davam etsə də, sovet dövründən qalan bəzi cəzaçəkmə müəssisələri beynəlxalq standartlara cavab verməmişdir. Qobustan həbsxanasının, 3 saylı həbsxananın, 14 saylı həbsxananın və penitensiar xidmətin vərəm əleyhinə müalicə mərkəzinin ən pis şəraitə malik olduğu bildirilmişdir.

Hüquq müdafiəçiləri bəzən gözətçilərin məhbusları döyməklə və təcridetmə kameralarında saxlamaqla cəzalandırdıqlarını bildirmişdirlər. Yerli və beynəlxalq müşahidəçilər ciddi rejimli Qobustan cəzaçəkmə müəssisəsində vəziyyətin xüsusilə acınacaqlı olduğunu qeyd etmişdirlər.

Məhbuslar bəzi hallarda fiziki hərəkətlərlə məşğul olmaq imkanları olmadan uzun müddət qapalı yerdə saxlanıldıqlarını iddia etmişdirlər. Onlar həmçinin darısqal, basırıq şəraitdən, müvafiq havalandırmanın olmaması, pis sanitar vəziyyət, yeyilməsi mümkün olmayan qida və tibbi xidmətlərin lazımi səviyyədə göstərilməməsi hallarından şikayət etmişdirlər. Nümunələrdən birində Aydın Qurbanovun iyulun 10-da həbsxanada xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilmişdir. Ailə üzvlərinin sözlərinə görə, polis Qurbanovu 2018-ci ilin iyul ayında Gəncədə baş vermiş iğtişaşlardan sonra saxta ittihamlarla həbs etmiş və o, həbsxana işçilərinin ona adekvat tibbi yardım göstərməkdən imtina etməsindən sonra dünyasını dəyişmişdir.

Keçmiş məhbuslar və həbs edilmiş fəalların ailə üzvləri məhbusların onları görməyə gəlmiş ailə üzvləri ilə görüşmək, televizora baxmaq, ayaqyolu və hamamlardan istifadə etmək və ya saxlanıldıqları yerin xaricindən qida almaq üçün tez-tez rüşvət verməli olduqlarını bildirmişdirlər. Qanunla saxlanılan şəxslərin rəsmi şəkildə təmin edilən qidadan əlavə gündəlik qida bağlamaları almasına icazə verilsə də, hakimiyyət orqanlarının bəzi hallarda məhbusların və saxlanılan şəxslərin ailə tərəfindən təmin edilən qida bağlamalarını əldə etmək imkanlarını məhdudlaşdırdığı bildirilir. Bəzi həbsxanalar və istintaq təcridxanalarında içməli sudan istifadə etmək imkanı təmin edilməmişdir.

İdarəçilik: Əksər məhbuslar senzura olmadan məhkəmə orqanlarına və Ombudsman Aparatına şikayət ünvanlaya bildiklərini bildirsələr də, həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxumuş, vəkillərlə müştərilər arasındakı görüşlərə nəzarət etmiş və bəzi vəkillərin istintaq təcridxanalarına sənədlər gətirib-aparmalarını məhdudlaşdırmışdır.

Bəzi insan hüquqları müdafiəsi üzrə vəkillər bəzən öz müştəriləri ilə danışmaq üçün onlara həbsxanaya girməyə imkan verilmədiyini və bunun üçün əlavə icazə almağın və həbsxana işçiləri tərəfindən yoxlamadan keçməyin tələb olunduğunu bildirmişdirlər. Məsələn, vəkil Nemət Kərimlinin dediyinə görə, həbsxana məmurları sentyabrın 20-də müştərisi Əfqan Muxtarlı ilə görüşdən əvvəl və sonra onun üzərində axtarış aparmış və görüşdən sonra onun iş üzrə qeydlərini oxumuşdurlar (bax: Bölmə 1- Siyasi məhbuslar və saxlanılan şəxslər). Muxtarlı onun vəkilinə qarşı edilən bu davranışa etiraz olaraq üç günlük aclıq aksiyası etmişdir. Kərimli, həmçinin Muxtarlının həyat yoldaşı digər məhdudiyyətlərə, o cümlədən vəkillə ünsiyyət qura bilməmək məsələsinə diqqət çəkdindən sonra avqustda Muxtarlı ilə görüşmək imkanından məhrum olmuşdur.

Ombudsman Aparatı şikayətlərin araşdırılması üçün müntəzəm səfərlər etdiyini və araşdırmalar apardığını qeyd etsə də, fəallar aparatın siyasi motivli işlərdə məhbusların şikayətlərinə baxılmasından imtina etdiyini bildirmişdir.  Məsələn, fəallar N!DA (Azərbaycan dilində nida işarəsi) gənclər təşkilatının fəalı Bayram Məmmədovun zorakılıqla bağlı irəli sürdüyü iddiaların Ombudsman Aparatı tərəfindən araşdırılmadığını bildirmişdirlər. Bayram Məmmədov martın 16-da əfv edildikdən sonra martın 30-da yenidən həbs olunmasının ardınca polis tərəfindən döyüldüyünü bildirmiş və aldığı xəsarətlərin yerinin canlı təsvirini təqdim etmişdir.

Penitensiar xidmət əməkdaşları bəzi hallarda vəkillərin və ailə üzvlərinin, xüsusilə siyasi səbəblərdən həbs olunduqları hesab olunan məhbuslarla görüşlərini məhdudlaşdırmışdır. Məsələn, 2018-ci ilin iyulunda Gəncədə baş verən iğtişaşlardan sonra saxlanılmış şəxslərin ailə üzvləri bildiriblər ki, hakimiyyət orqanları qanunsuz olaraq səkkiz ay müddətində onların öz qohumları ilə ünsiyyəti saxlamağını qadağan etmişdir.

Müstəqil monitorinq: Hökumət beynəlxalq və yerli təşkilatların, o cümlədən BQXK-nin bəzi həbsxanalara baş çəkməsinə etməsinə icazə vermişdir.

Hakimiyyət orqanları əsasən BQXK-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılmış hərbçi və mülki şəxslərlə, habelə Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətlərinin nəzarətində olan cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə görüşməsinə icazə vermişdir. BQXK beynəlxalq humanitar hüquqa uyğun olaraq məhbusların müdafiəsini təmin etmək üçün il ərzində məhbuslara müntəzəm qaydada baş çəkmiş və onlara əlaqələri bərpa etməkdə və dəstəkləməkdə kömək etmək üçün onlarla ailələri arasında mesaj mübadiləsini mütəmadi olaraq təşviq etmişdir.

İctimai Komitə kimi tanınan, hökumət nümayəndələri və hüquq müdafiəçilərinin birgə təmsil olunduqları həbsxanaların monitorinqi qrupuna Penitensiar Xidmətə əvvəlcədən məlumat vermədən həbsxanalara baş çəkməyə icazə verilmişdir.

Müsbət dəyişikliklər: Ədliyyə Nazirliyi humanist alternativ cəzaların tətbiq edilməsinin ölkədə məhbusların sayının azalmasına səbəb olduğunu və təxminən 2000 azərbaycanlının il ərzində GPS ilə işləyən elektron bilərziklər sayəsində həbsxanaya düşməkdən yaxa qurtardığını bildirmişdir.

  1. Özbaşına həbs və ya saxlama

Qanunla əsassız həbs və saxlamanın qadağan olunmağına və insanlara həbs və ya saxlanmalarının qanuniliyini məhkəmədə mübahisələndirmək hüququ verildiyinə baxmayaraq, hökumət təcrübədə bu tələblərə riayət etməmişdir.

QHT-lər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əsas azadlıq hüquqlarından istifadə etmək istəyən şəxsləri saxladıqlarını bildirmişdir.

Həbs prosedurları və saxlanılan şəxslərlə rəftar

Qanunda qeyd olunur ki, saxlanılmış, həbs edilmiş və ya cinayətdə ittiham edilmiş şəxslər müvafiq hüquqi prosedurla təmin edilməli, o cümlədən öz hüquqları və həbs olunmalarının səbəbi barədə dərhal məlumatlandırılmalıdırlar. Siyasi motivlərə söykənən bütün hallarda müvafiq hüquqi prosedurlara riayət olunmamış və saxlanılan şəxslər bir çox saxta cinayət ittihamları ilə məhkum olunmuşdurlar.

Qanuna əsasən, saxlanılan şəxslər 48 saat ərzində hakim qarşısına çıxarılmalıdır və hakim saxlanılan şəxsin istintaq təcridxanasında yerləşdirilməsi, saxlanılan şəxsin ev dustaqlığında saxlanılması və ya saxlanılan şəxsin azad edilməsi barədə qərar çıxara bilər. Lakin təcrübədə hakimiyyət orqanlarının bəzi hallarda tutduqları şəxsləri heç bir qərar olmadan 48 saatdan çox saxladığı qeydə alınmışdır. 48 saatlıq ilkin həbs müddəti əsaslı səbəblərdən 96 saata qədər uzadıla bilər. İstintaq təcridxanasında və ya ev dustaqlığında saxlanılma müddətində Baş Prokurorluq istintaqı yekunlaşdırmalıdır. İstintaq təcridxanasında saxlanma üç aylıq müddətlə məhdudlaşır, lakin iddia olunan cinayətin xüsusiyyətindən və istintaqın ehtiyaclarından asılı olaraq bu müddət hakim tərəfindən 18 aya qədər uzadıla bilər. Saxlanılan şəxslərin onlara qarşı irəli sürülmüş ittihamlar barədə dərhal məlumatlandırılmamaları barədə iddialar qeydə alınmışdır.

Formal zaminlik sistemi mövcud olsa da, məhkəmələr il ərzində ondan istifadə etməmişdirlər.

Qanunla saxlanılan vaxtdan vəkillə təmin olunmaq hüququ nəzərdə tutulsa da, hakimiyyət orqanları tərəfindən həm siyasi motivli, həm də adi işlərdə vəkillərin müştəriləri ilə görüşünə tez-tez icazə verilmədiyi barədə məlumatlar verilmişdir. Hüquq müdafiəçilərinin bildirdiklərinə görə, 2018-ci ilin iyul ayında Gəncə şəhəri icra hakimiyyətinin başçısına qarşı sui-qəsd cəhdindən və daha sonra iki polis əməkdaşının öldürülməsindən sonra saxlanılan 77-dən çox şəxsin əksəriyyətinin hüquqi təmsilçiliklə təmin edilməsindən imtina olunmuş və onlar dövlət tərəfindən təyin olunan və repressiya qorxusuna görə müştərilərini lazımi qaydada qoruya bilməyən vəkillərlə işləməyə məcbur olmuşdurlar.

Vəkilə müraciət imkanı, xüsusilə Bakıdan kənarda olduqca zəif olmuşdur. Qanunda hüquq məsləhətçisinə müraciət etmək hüququ təsbit olunsa da, yoxsul məhbusların əksəriyyəti bu hüquqdan faydalana bilməmişdir. Vəkillər Kollegiyası paytaxtdan kənarda hüquqi təmsilçiliyin genişləndirilməsi, o cümlədən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsinin regional mərkəzlərində yerli vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi üçün müvafiq büroların yaradılması ilə bağlı bir sıra təşəbbüslər irəli sürmüşdür.

Məhbusların ailə üzvlərinin bildirdiyinə görə, penitensiar xidmət əməkdaşları bir sıra hallarda, xüsusilə istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşləri məhdudlaşdırmış və saxlanılan şəxslər barədə məlumat verməmişdir. Ailələrə saxlanılmış qohumları barədə bir neçə gün keçdikdən sonra məlumat verilmişdir. Verilən məlumatlara görə, penitensiar xidmət əməkdaşları bəzi şəxslərin polisə təslim olmaları və ya polis zorakılığı haqqında məlumat verməmələri üçün ailə üzvlərindən təzyiq vasitəsi kimi istifadə etmişdirlər. 2018-ci ilin iyulunda Gəncədə baş verən iğtişaşlardan sonra saxlanılmış şəxslərin ailə üzvlərinin sözlərinə görə, informasiyanın yayılmasının qarşısını almaq və işgəncə izlərini gizlətmək üçün hakimiyyət orqanları qanunsuz olaraq təxminən səkkiz ay müddətində onların yaxınları ilə ünsiyyət qurmağını qadağan etmişdir.

Özbaşına həbs: Hakimiyyət orqanları tez-tez polisə müqavimət, qanunsuz narkotik vasitə və ya silah saxlama, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya ictimai asayişi pozma kimi saxta ittihamlar əsasında həbslər həyata keçirmişdirlər. Yerli təşkilatlar və “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq qruplar hökumətin öz fundamental hüquqlarından istifadə edən şəxsləri həbs etməsini tənqid etmiş və hakimiyyət orqanlarının tez-tez belə şəxslərə qarşı ittihamlar uydurduğunu qeyd etmişdir.

Polis bir çox hallarda müxalifət üzvlərini və digər fəalları “polisə müqavimət göstərmək” və ya “kiçik xuliqanlıq əməllərinə yol vermək”də ittiham edərək saxlamış, bu şəxslər yerli məhkəmələrə göndərilmiş və barələrində 10 gündən 30 günə qədər inzibati həbs hökmü çıxarılmışdır. Hüquq müdafiəçiləri bu həbslərin hakimiyyətin fəalları qorxutmaq və başqalarını bu cür fəaliyyətlərdə iştirakdan çəkindirmək üçün istifadə etdiyi üsullardan biri olduğunu iddia etmişdir. Məsələn, müxalifətçi “Xalq Cəbhəsi” Partiyasının ən azı beş üzvü oktyabrın 19-da icazəsiz mitinq keçirmək cəhdinə bir həftə qalmış həbs edilmiş və barələrində inzibati həbs hökmü çıxarılmışdır. Fəallar həbslərin onların iştirakının qarşısını almaq məqsədi daşıdığını bildirmişdirlər. Avqustun 22-də Demokratik Təşəbbüslər İnstitutu 2018-ci ildə ən azı 78 inzibati həbs qərarının siyasi motivlərə əsaslandığını açıqlamışdır.

İstintaq müddətində həbs: Polis orqanlarının bəzi şəxsləri qanunla icazə verilən maksimum müddətə -18 aya qədər istintaq təcridxanalarında saxladığı məlum olmuşdur. Baş Prokurorluq hökumət tərəfindən istintaq başa çatdırılana qədər qanunla icazə verilmiş ilk üç aylıq həbs müddətini ardıcıl olaraq bir neçə ay artırmışdır.

Saxlanılan şəxsin hakim qarşısında həbsin qanunsuzluğu ilə bağlı iddia qaldırmaq hüququ: Qanunvericiliyə əsasən, cinayət törətməkdə təqsirli bilinərək və ya digər səbəblərdən həbs olunan və ya saxlanılan şəxslər həbsin hüquqi əsası, müddəti və ya qanunsuz xarakter daşıması ilə bağlı iddia qaldırmaq, dərhal azad edilmələrini və onların qanunsuz şəkildə saxlanıldığı məlum olduğu zaman onlara kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdirlər. Məhkəmə bu cür hallarda müstəqil şəkildə qərar verməmiş, çıxarılan hökmlər bəzən yumşaldılsa da, nəticələrin əksər hallarda öncədən müəyyənləşdirildiyi ortaya çıxmışdır.

  1. Ədalətli məhkəmə araşdırmasından imtina

Məhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, təcrübədə hakimlər icraedici hakimiyyətdən ayrı, müstəqil fəaliyyət göstərməmişdirlər. Məhkəmə sistemi korrupsiyalaşmış və səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər hüquqi cəhətdən təsdiqlənməmiş və çox vaxt məhkəmə prosesində təqdim edilmiş dəlillərlə bağlı olmamışdır. Bir çox hallarda nəticələrin öncədən müəyyənləşdirildiyi məlum olmuşdur. Məhkəmələr, bir çox hallarda, polis nəzarətində saxlanılan şəxslərin işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı irəli sürülən iddiaları araşdırmamışdır.

Məhkəmə-Hüquq Şurası Ədliyyə Nazirliyinin nəzarətində olmuşdur. Şura Hakimliyə namizədlərin imtahanını həyata keçirən və məhkəmə işçilərinin hazırlanması üzrə uzunmüddətli təlimə və hakimliyə namizədlərin seçilməsi prosesinə nəzarət edən komitənin üzvlərini təyin edir. Şura altı nəfər hakim, bir nəfər prokuror, bir nəfər vəkil, bir nəfər şura təmsilçisi, bir nəfər Ədliyyə Nazirliyinin nümayəndəsi və bir nəfər hüquq sahəsinin elmi mütəxəssisindən ibarət olur.

Etibarlı mənbələrdən əldə olunmuş hesabatlarda göstərilmişdir ki, hakimlər və prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən xüsusilə siyasi motivli məhkəmə işləri ilə bağlı təlimatlar alırlar. Hakimlərin davamlı olaraq rüşvət alması ilə bağlı səhih məlumatlar verilmişdir.

Aprelin 3-də Prezident ədliyyə sahəsində məhdud islahatlar haqqında fərman imzalamışdır. Fərmanda hakimlərin əmək haqqının artırılması, məhkəmə vəzifələrinin artırılması (600-dən 800-dək), bütün məhkəmə icraatlarının səsyazmalarının aparılması və sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış arbitraj məhkəmələrinin yaradılması nəzərdə tutulmuşdur. Fərmanda, həmçinin ödənişsiz hüquqi yardım üçün vəsaitin artırılması da qeyd olunmuşdur. Fərmanda əks olunan bəzi məsələlər, o cümlədən arbitraj məhkəmələrinin yaradılması və hakimlərin əmək haqlarının artırılması məsələləri icra olunsa da, digərləri ilin sonunda hələdə öz həllini tapmamışdır.

Məhkəmə prosedurları

Qanun dövlət, kommersiya və ya peşə sirləri, yaxud məxfi, şəxsi və ya ailə məsələləri ilə bağlı olan məhkəmə işləri istisna olmaqla açıq məhkəmənin keçirilməsini nəzərdə tutur. Cinayət işlərində təqsirsizlik prezumpsiyası,   eləcə də, ittiham barəsində dərhal məlumatlandırılmaq hüququ, ədalətli və açıq məhkəməsinin keçirilməsi hüququ,  məhkəmədə iştirak hüququ, öz seçdiyi vəkilə müraciət etmək hüququ (və ya vəkil xidməti üçün ödəniş etmək iqtidarında olmayan şəxslərin dövlət hesabına bu xidmətdən faydalanması), məhkəmədə müdafiəyə hazır olmaq üçün müvafiq vaxt və imkanlarla təmin olunmaq hüququ, ittiham olunduğu andan etibarən bütün şikayətlərlə bağlı ödənişsiz tərcümə xidməti ilə təmin edilmək hüququ, şahidlərlə üzləşdirilmək və məhkəmə prosesində şahidlərin sübutlarını təqdim etmək hüququ və ifadə verməyə və yaxud günahı qəbul etməyə məcbur edilməmək hüququ qanunla müəyyən edilmişdir. Həm cavabdeh şəxslər, həm də ittihamçılar apelyasiya şikayəti vermək hüququna malikdirlər. Lakin dövlət orqanları siyasi səbəblərlə bağlı ittihamların irəli sürüldüyü əksər hallarda bu müddəalara əməl etməmişdirlər.

Dövlət orqanları jurnalistlərə 2018-ci ilin iyul ayında Gəncədə baş vermiş iğtişaşdan sonra həbs olunan şəxslərin məhkəmə dinləmələrində iştirak etməyə icazə verməmişdir. Məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barəsində məlumatlar ümumi şəkildə təqdim olunmuşdur.

Bəzi hallarda məhkəmə dinləmələri əsassız olaraq yubadılmışdır. Məsələn, “Müsavat” partiyasının fəalı Azad Həsənovun məhkəmə prosesi sübutlar təqdim edildikdən bir neçə ay sonra da davam etmişdir. Hüquq müdafiəçiləri hakimlərin hökm çıxarmazdan öncə Prezident Administrasiyasından təlimat gəlməsini gözlədiklərini iddia etmişdir.

Dövlət ittihamçıları və müdafiə tərəfinin vəkillərinin bərabər statusunun konstitusiya ilə müəyyən olunmasına baxmayaraq, hakimlər motivləri, şifahi bəyanatları və müdafiə vəkilinin təqdim etdiyi dəlilləri qiymətləndirərkən onların müvafiq arqumentlərinin mahiyyətini nəzərə almadan çox vaxt dövlət ittihamçılarının xeyrinə olan qərarlar qəbul etmişdirlər. Hakimlər, həmçinin mülki işlərdə müdafiə tərəfinin vəkillərini “əsaslı səbəbdən” işdən kənarlaşdırmaq hüquqlarını qoruyub saxlamışdırlar. Cinayət işləri üzrə məhkəmə prosesində isə maraqların toqquşması və ya müttəhimin vəkili dəyişmək barədə müraciəti olarsa hakimlər müdafiə tərəfinin vəkillərini işdən kənarlaşdıra bilərlər.

2018-ci ilin fevral ayında hüquqi təmsilçilik haqqında qanunvericiliyə düzəliş edilmişdir.  Əvvəllər bu qanunvericilik Kollegiyanın üzvü olmayan vəkillərə mülki və inzibati məhkəmə icraatında müştəriləri təmsil etmək icazəsi vermişdir. Lakin qanunvericiliyə olunan düzəlişə əsasən, yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər hüquqi proses zamanı vətəndaşları təmsil edə bilərlər. Hüquq cəmiyyətinin nümayəndələri və QHT-lər qanunvericiliyə edilən düzəlişi tənqid edərək bu düzəlişin vətəndaşların hüquqi təmsilçilik xidmətindən faydalanmasında çətinlik yaradacağını və hökumətin təsiri altında fəaliyyət göstərən Vəkillər Kollegiyasının siyasi səbəblərlə bağlı açılan məhkəmə işlərində vətəndaşların insan hüquqları müdafiəçiləri tərəfindən təmsil olunmasının qarşısını almağı ilə nəticələnəcəyini bildirmişdirlər.

Dövlət orqanları, o cümlədən Vəkillər Kollegiyası tərəfindən atılan müxtəlif addımlar səbəbindən siyasi motivli məhkəmə işlərini üzərinə götürmək istəyən və bunu bacara bilən müdafiə vəkillərinin sayının azaldığı bildirilmişdir. Bu cür tədbirlər sırasında insan hüquqlarını müdafiə edən vəkillərin töhmət alması, vəzifədən kənarlaşdırılması və bəzən də vəkil statusunun ləğv edilməsi ilə nəticələnən inzibati icraatın həyata keçirilməsi qeydə alınmışdır. Məsələn, Kollegiya fevral 22-də vəkil Elçin Sadıqova və oktyabrın 22-də Nemət Kərimliyə rəsmi şəkildə töhmət vermişdir. Noyabrın 27-də Kollegiya siyasi motivlərə əsaslanan səbəblərdən vəkil Şəhla Hümbətovanın vəkil statusunun ləğv edilməsi ilə bağlı proseslərə başlamışdır. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan vəkillər- Fəxrəddin Mehdiyev, Əsəbəli Mustafayev, Nemət Kərimli və Aqil Layıc vəkillik fəaliyyətlərinin dayandırılma müddəti başa çatdıqdan sonra il ərzində yenidən öz vəzifələrini icra edə bilmişdirlər. Vəkillərə qarşı polis tərəfindən zorakılıq, hədə-qorxu və digər mənfi hərəkətlərə yol verilmişdir. Məsələn, öz müştərisini görmək üçün Binəqədi Polis Şöbəsinə gedən vəkil Orxan Kəngərli polis əməkdaşları tərəfindən döyülmüş və daha sonra bir neçə saat ərzində kamerada saxlanılmışdır. Daxili İşlər Nazirliyi bu vəziyyəti araşdırdıqdan sonra bir polis əməkdaşını vəzifəsindən kənarlaşdırmış, digərinin vəzifəsini azaltmışdır.

Ölkənin insan hüquqları müdafiəçilərinin çoxu Bakı şəhərində fəaliyyət göstərmiş, bu isə Bakıda yaşamayan şəxslərin vaxtlı-vaxtında və keyfiyyətli şəkildə hüquq xidmətindən faydalanmasında çətinliklər yaratmışdır.

İl ərzində Kollegiya vəkilliyə namizədlər üçün imtahanlar keçirmiş və üzvlərinin sayını 1503-dən 1708-ə qədər qaldırmışdır. Hüquq müdafiəçilərinin sözlərinə görə yeni üzvlər Kollegiyanın sanksiyalarından çəkindiklərinə görə insan hüquqları ilə bağlı işlər üzərində işləməyə tərəddüd etmişdirlər. Bir sıra fəallar və vəkilliyə namizədlər imtahan prosesinin qərəzli olduğunu və imtahan götürən şəxslərin əvvəllər Vətəndaş Cəmiyyətində fəal olan namizədləri müxtəlif bəhanələrlə imtahandan kəsdiyini bildirmişdirlər.

Qeyri-qanuni yolla əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. İnsan hüquqları üzrə müşahidəçilər bildirmişdirlər ki, bəzi müttəhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq olunmaqla alındığını iddia etmələrinə baxmayaraq, məhkəmələr zor tətbiq edilməsi ilə bağlı iddiaları araşdırmamış və zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə ekspertizası keçirilməmişdir.

İstintaq çox vaxt şübhəli şəxslərə qarşı fiziki dəlillərin toplanması yerinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Ümumilikdə hakimlər yalnız minimum səviyyədə sübut tələb etdiklərinə və dövlət ittihamçıları ilə sıx əlaqələr qurduqlarına görə məhkəməyə çıxarılmış ağır cinayətlər çox vaxt hökm oxunması ilə nəticələnmişdir.

Hüquq müdafiəçilərinin məlumatına əsasən, ittiham olunan şəxsin tərcüməçi ilə təmin olunmaq hüququ konstitusiyada təsbit olunsa da, məhkəmələr çox vaxt tərcüməçinin təmin olunmasını təşkil etməmişdirlər. Məhkəmələr dövlət büdcəsi tərəfindən haqqı ödənilməklə dinləmələr zamanı tərcüməçilərlə müqavilə bağlamaq hüququna malikdirlər.

Məhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir. Bakı şəhərində fəaliyyət göstərən bəzi yeni məhkəmələrdə prosesin səsyazması təşkil edilsə də, məhkəmələr əksər ifadələri, şifahi çıxışları və məhkəmə qərarlarının yazılmasını təmin etməmişdirlər.  Bunun əvəzində məhkəmə katibi bir qayda olaraq dağınıq qeydlər aparmış və qeydlərin məzmununu özü müəyyən etmişdir. Prezidentin 3 aprel tarixli fərmanında bu problemin həlli ilə bağlı müddəa yer alsa da, ilin sonuna qədər onun icrası təmin olunmamışdır.

Ölkədə mülki hakimlərin fəaliyyət göstərdiyi hərbi məhkəmə sistemi mövcuddur. Hərbi Məhkəmə müharibə və ya hərbi xidmətlə bağlı bütün məhkəmə işlərində birinci instansiya məhkəməsi rolunu oynayır.

Siyasi məhbuslar və saxlanılan şəxslər

Martın 2-də hakimiyyət bloqqer Mehman Hüseynovu onu döyməkdə ittiham etdiyi polis işçilərinə qarşı guya diffamasiyaya yol verdiyinə görə barəsində çıxarılan həbs hökmünün müddəti başa çatdıqdan sonra azadlığa buraxmışdır. Hakimiyyət orqanları 2018-ci ilin dekabr ayında Mehman Hüseynovu guya həbsxana gözətçisinə hücum etməkdə ittiham edərək ona qarşı yeni cinayət işi açmışdır. Hüseynov ona qarşı irəli sürülən yeni ittihama etiraz etmək üçün aclıq elan etmiş və onu lehinə keçirilən böyük ictimai nümayişdən sonra Baş Prokurorluq iddiadan imtina etmişdir.

Martın 16-da siyasi motivli hallara görə həbs olunan 52 nəfərin azadlığa buraxılmasından sonra qeyri-dövlət orqanlarının apardığı hesablamalara görə ilin sonunda siyasi məhbuslar və siyasi səbəblərdən saxlanılan şəxslərin sayı 112-135 nəfər olmuşdur. Onların arasında jurnalistlər və bloqqerlər, siyasi və ictimai fəallar, dini fəallar, Gəncə hadisələri ilə bağlı həbs edilmiş şəxslər, həmçinin sürgündə olan bir jurnalistin/fəalın qohumu olmuşdur. Siyasi məhbuslar və ya siyasi səbəblərdən saxlanılan şəxslər arasında aşağıdakı şəxslər olmuşdur: Əfqan Muxtarlı, Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Ümidov, Sərdar Babayev və Səid Dadaşbəyli (bax: 1.c., 1.d., 1.f., 2.a., 3, və 4-cü bölmələr).

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Azərbaycan Xalq Cəbhəsi” Partiyasının tərəfdarı Saleh Rüstəmovu çirkli pulların yuyulması ilə məşğul olmaqda və qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdə ittiham edərək yeddi il üç ay müddətinə azadlıqdan məhrum etmiş və ona və onun ailə üzvlərinə məxsus əmlakın müsadirə edilməsi barədə hökm çıxarmışdır. Eyni iş üzrə məhkəmə Xalq Cəbhəsi Partiyasının fəalları olan Aqil Məhərrəmlinin dörd il, Babək Həsənovun isə üç il müddətinə həbs olunması barədə hökm çıxarmışdır. Ruslan Nəsirli və Vidadi Rüstəmli şərti olaraq üç il müddətinə azadlıqdan məhrum edilmiş və buraxılmışdırlar. 8 may və 25 sentyabr tarixlərində müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə Rüstəmov, Həsənov və Məhərrəmli barədə çıxarılan hökmləri qüvvədə saxlamışdır.

1 may tarixində digər məhkəmə işi üzrə Suraxanı Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü olan Fuad Əhmədlinin vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatətini təmin etməmişdir. İyulun 5-də Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdır. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Əhmədlini vəzifəsindən sui-istifadə edərək əməkdaşlıq etdiyi mobil şəbəkə operatorunda şəxsi məlumatları qanunsuz ələ keçirməkdə ittiham edərək barəsində dörd il müddətinə azadlıqdan məhrumetmə barədə hökm çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsi çıxarılan hökmü qüvvədə saxlamış, 2018-ci ilin mart ayında isə Ali Məhkəmə Əhmədlinin şikayətini rədd etmişdir. Hüquq müdafiəçilərinin sözlərinə görə, o, etiraz aksiyalarında iştirak etdiyinə və sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə cəzalandırılmış və qanunvericiliyə uyğun olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququna malik olsa da, onun bu barədə vəsatətinin icrası təmin olunmadığı üçün əlavə cəza tədbirinə məruz qalmışdır.

Martın 28-də Ali Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin 2018-ci ilin avqustunda müxalifətdən olan Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun şərti cəzaya məhkum edilməsi barədə çıxardığı hökmü ləğv edərək onu azadlığa buraxmış, onun hərəkət azadlığı ilə bağlı məhdudiyyətləri ləğv etmiş və ölkədən çıxışına icazə vermişdir. Qanun ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə cəza müddətləri başa çatdıqdan sonra altı il ərzində seçkilərdə iştirak etməyi qadağan edir. Ali Məhkəmənin AİHM-in göstərişinə uyğun şəkildə Məmmədova tam şəkildə bəraət qazandırmaması nəticəsində onun siyasi vəzifələr tutmaq hüququ  2024-cü ilin avqust ayına qədər faktiki olaraq qadağan edilmişdir. AİHM-in bəraət tələb etdiyi digər altı nəfər sabiq siyasi məhbusun da siyasi vəzifələrə namizədlik irəli sürməsi qadağan edilmişdir.

Siyasi məhbuslar və saxlanılan şəxslər məhdudiyyətlərlə üzləşmişdirlər. Keçmiş siyasi məhbuslar həbsxana məmurlarının onların oxu materialları əldə etməyini və ailələri ilə ünsiyyət qurmağını məhdudlaşdırdıqlarını bildirmişdirlər. Dövlət orqanları tərəfindən beynəlxalq humanitar təşkilatlara siyasi məhbuslarla və siyasi səbəbdən saxlanılan şəxslərlə görüşmək imkanı təmin edilmişdir.

Ölkədən kənarda olan şəxslərə qarşı siyasi motivli repressiyalar

Hökumətin xaricdə yaşayan fəalları həbs etmək üçün İnterpol kimi beynəlxalq hüquq mühafizə orqanlarından sui-istifadə etməsi barədə çoxsaylı məlumatlar qeydə alınmışdır. Məsələn, dövlət orqanları siyasi təqiblərə görə ölkəni tərk etdiyi deyilən hüquq müdafiəçisi Avtandil Məmmədovu dələduzluqda təqsirli bilmiş və o, İnterpolun ”qırmızı xətti” ilə axtarışa verilmişdir. Məmmədovun vəkili Məmmədova qarşı irəli sürülən bütün ittihamların siyasi xarakter daşıdığını bildirmişdir.

Mülki məhkəmə prosedurları və hüquqi müdafiə vasitələri

Vətəndaşların insan hüquqlarına zərər vurulması və yaxud bu hüquqların dayandırılması və pozulması hallarına qarşı məhkəməyə müraciət etmək hüquqları vardır. Cinayət işləri ilə əlaqədar olaraq bütün vətəndaşların yerli məhkəmə instansiyalarını keçdikdən, Ali Məhkəməyə şikayət etdikdən və müvafiq qərar çıxarıldıqdan sonrakı altı ay ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) müraciət etmək hüquqları vardır.

Vətəndaşlar yerli məhkəmənin qərarlarından AİHM-ə apelyasiya şikayəti vermək hüququndan istifadə etmiş və Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində hökumət tərəfindən öhdəliklərin pozulması ilə bağlı iddialar irəli sürmüşdürlər. Hökumətin AİHM-in qərarlarını yerinə yetirməsi ilə bağlı vəziyyət qarışıq olmuşdur; fəallar AİHM-in qərarlarına cavab olaraq hökumətin kompensasiya ödədiyini, lakin məhbusları azadlığa buraxmadığını bildirmişdir. Siyasi motivli bəzi hallarda hökumət AİHM-in tələb etdiyi kompensasiyanı ödəməmişdir. Məsələn, hökumət dövlət tərəfindən söz və ifadə azadlığının pozulması və şəxsi həyata müdaxilə hallarının araşdırılmaması ilə bağlı olaraq məhkəmənin 10 yanvar tarixində çıxardığı hökmə məhəl qoymayaraq  jurnalist və keçmiş siyasi məhbus Xədicə İsmayılovaya 15000 avro (16,500 dollar) ödəməmişdir.

Əmlakın bərpası

QHT-lər dövlət orqanlarının mülkiyyətin məcburi özgəninkiləşdirilməsi üzrə dövlət hüququna və əmlak üzərində mülkiyyət hüququndan məhrumetməyə dair qanunların tələblərinə əməl etmədiyini bildirmişdirlər. Əksər hallarda ev sahibləri müsadirə edilmiş əmlaka görə bazar dəyərindən olduqca aşağı məbləğin təklif olunduğunu və məhkəməyə müraciət imkanlarının az olduğunu bildirmişdirlər. QHT-lər bir çox vətəndaşların məhkəmə sisteminə etibar etmədiyini və bu səbəbdən də kompensasiya ilə bağlı iddia irəli sürməkdə maraqlı olmadıqlarını qeyd etmişdirlər.

  1. Şəxsi həyat, ailə, ev və yaxud yazışmalara əsassız və ya qanunsuz müdaxilə

Qanunla şəxsi həyata əsassız müdaxilələr, yazışmalara və digər şəxsi ünsiyyət formalarına nəzarət qadağan edilir. Ümumilikdə hökumət tərəfindən bu hüquqi qadağalara əməl edilməmişdir.

Yanvarın 15-də dərc olunan bir məqalədə jurnalist Arzu Qeybulla “Azərbaycanda böyük qardaş səni hər yerdə izləyir: oflayn, onlayn, mobil cihazlarda və sosial şəbəkə proqramlarında” sözlərini yazaraq hökumətin şəxsi həyatın toxunulmazlığı hüququna müdaxiləni asanlaşdıran müxtəlif informasiyaya nəzarət sistemlərindən istifadə etdiyini bildirmişdir.

Konstitusiyada yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya qanunla müəyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq dövlət orqanları çox vaxt məhkəmənin qərarı olmadan axtarışlar keçirmişdir. Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə əcnəbilərin, internetdə fəal olan gənclərin, bəzi siyasətçilərin, iş adamlarının və xariclə ünsiyyətdə olan şəxslərin telefon danışıqlarına və internet vasitəsilə apardıqları yazışmalara nəzarət olunduğu barədə çoxsaylı məlumatlar yayılmışdır. Hüquq müdafiəçiləri hökumətə qarşı açılan məhkəmə işlərinin sübutlarını yox etmək üçün il ərzində onların şikayətlərinin poçt xidməti tərəfindən AİHM-ə göndərilmədiyini və ya səhv ünvana göndərildiyini bildirmişdirlər.

Oktyabrda təhlükəsizlik orqanları müxalifətdən olan siyasətçilər və xarici diplomatlar arasında ölkədə insan hüquqları ilə bağlı aparılan söhbətlərin stenoqramlarını sızdırmışdır. Stenoqramlar hökumətyönlü onlayn mediada dərc edilmiş, hökumətyönlü televiziya kanallarında yayımlanmış və qeyri-düzgün xarici müdaxilənin sübutu kimi təhrif olunmuşdur.

Polis cinayətkarlıqda şübhəli bilinən şəxslərin, müstəqil jurnalistlərin, müxalifət partiyası üzvlərinin və liderlərinin, eləcə də müəyyən QHT-lərin əməkdaşlarının və rəhbərlərinin ailə üzvlərinə hədə-qorxu gəlməyə, onları təqib etməyə və bəzən həbs etməyə davam etmişdir. Lakin bu cür şəxslərin qohumları, o cümlədən “Xalq Cəbhəsi” Partiyasının lideri Əli Kərimlinin qaynı Elnur Seyidov azadlığa buraxılmışdır.

Aprelin 14-də müxalifət nümayəndələri Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun azyaşlı qızı Sənay Qəhrəmanlı küçədə naməlum şəxsin hücumuna məruz qalmış və həmin şəxs onun ailəsinin siyasi fəaliyyətini pisləmişdir. O, daha sonra saxlanılmış və barəsində 15 gün inzibati həbs cəzası çıxarılmışdır.

Verilən məlumatlara görə, dövlət orqanları özünün və ya ailə üzvlərinin ölkə daxilində və ya xaricində həyata keçirdiyi siyasi və ya mülki fəaliyyətə görə ayrı-ayrı şəxsləri vəzifələrindən kənarlaşdırmışdır. Almaniyada yaşayan azərbaycanlılar tərəfindən yaradılan “Demokratik Azərbaycanı Seç” təşkilatının ümumilikdə 47 üzvü i̇yunun 20-də Azərbaycanda onların ailə üzvlərinin təzyiqə məruz qaldığını, polis şöbəsinə çağırıldığını, xəbərdarlıqlar və hədə-qorxu ilə üzləşdiyini və işdən çıxarıldığını bildirmişdir.

Bölmə 2. Vətəndaş azadlığına hörmət.

  1. Söz və mətbuat azadlığı

Söz və mətbuat azadlığının qanunla müəyyən olunmasına və mətbuat üzərində senzuranın xüsusi olaraq qadağan edilməsinə baxmayaraq çox vaxt hökumət bu hüquqlara hörmət etməmişdir. Hökumət söz azadlığını və medianın müstəqilliyini məhdudlaşdırmışdır. Jurnalistlər hədələnmiş, bəzən hətta döyülmüş və həbs olunmuşdurlar. İl ərzində dövlət orqanları kütləvi mətbuat vasitələrinə, ölkədə və mühacirətdə olan jurnalistlərə və onların yaxınlarına təzyiq göstərməkdə davam etmişdirlər.

Söz və ifadə azadlığı: Konstitusiyada söz azadlığı təsbit olunsa da, siyasi cəhətdən həssas hesab olunan mövzularla əlaqədar hökumət tərəfindən repressiya davam etdirilmişdir. Söz azadlığından istifadə edən şəxslərin həbs olunması fərqli fikir sahiblərinin cəzalandırılması məqsədilə dövlət orqanları tərəfindən məhkəmə sistemindən istifadə olunması barədə narahatlıqları artırmışdır. Hüquq müdafiəçiləri ilin sonunda Əfqan Muxtarlı da daxil olmaqla altı nəfər jurnalist və bloqqerin siyasi məhbus və ya saxlanılan şəxs hesab olunduğunu bildirmişdirlər (bax: Bölmə 1.e və Gürcüstanda İnsan hüquqlarının müdafiəsi fəaliyyəti ilə bağlı hesabat).

Digər bir çox həbslərin də söz və ifadə azadlığı ilə əlaqəli olduğu bildirilmişdir. Məsələn, iyunun 12-də Dövlət Təhlükəsizlik Xidməti Xeberman.com vəPress-az.com vebsaytlarının Baş redaktoru Polad Aslanovu dövlətə xəyanətdə ittiham edərək həbs etmişdir. Hüquq müdafiəçiləri bu işin Aslanovun Dövlət Təhlükəsizliyi Xidmətinin İrana getməyə çalışan azərbaycanlı zəvvarlardan rüşvət tələb etməsi barədə açıq bəyanatlara görə ona qarşı həyata keçirilən repressiya olduğunu iddia etmişdirlər. Aslanov ilin sonunda Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətində olan istintaq təcridxanasında qalmışdır.

Digər nümunələrə, Xalq Cəbhəsi Partiyasının gənc fəalı Orxan Baxışlını misal göstərmək olar. Baxışlı 2018-ci ilin may ayında Prezident Əliyevi 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlində günahkar hesab edən nitq səsləndirdikdən dörd gün sonra həbs edilmişdir. 2018-ci ilin sentyabr ayında Baxışlı şantaj və fırıldaqçılıqda təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilmişdir. İyunun 3-də Ali Məhkəmə onun cəzasını üç ilə qədər azaltmışdır.

Konstitusiyada “irqi, milli, dini və sosial qarşıdurma və düşmənçiliyə səbəb olan təbliğat” və “düşmənçilik və digər meyarlar” kimi təyin olunan təxribatçı bəyanatlar qadağan edilir.

Hökumət həbslə yanaşı, fəalların sosial şəbəkədə hökumətin tənqid olunduğu paylaşımlar etdiyinə görə inzibati həbsə məruz qalması da daxil olmaqla digər tədbirlər vasitəsilə də tənqidin qarşısını almağa çalışmışdır. Məsələn, müxalifətdən olan Xalq Cəbhəsi Partiyasının üzvü Eldəniz Ağayev sosial şəbəkədə hökuməti tənqid etdikdən sonra iyunun 25-də barəsində 30 günlük inzibati həbs hökmü çıxarılmışdır. İyulun 12-də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç qeyd etmişdir ki, hakimiyyət vəkillərə mətbuata məlumat verməməklə bağlı hədə-qorxu gəlmək üçün onlara qarşı inzibati icraata başlamaqla tənqidlərin qarşını almağa cəhd etmişdir.

Mətbuat və onlayn KİV də daxil olmaqla media azadlığı: İl ərzində hökumətə məxsus olan və hökumətyönlü kütləvi informasiya vasitələri həm radio-televiziyada, həm də çap mediasında üstünlük təşkil etmişdir. Bir sıra müstəqil çap və onlayn media vasitələri hökumətin siyasəti ilə bağlı müxtəlif fikirlər ifadə etmişdirlər. Nəticədə, dövlət orqanları onları bu hərəkətlərinə görə müxtəlif şəkildə cəzalandırmışdır. Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (İREX) 2019-cu il üzrə Media Dayanıqlılıq İndeksində bildirilir ki, Azərbaycanda müstəqil xəbər mənbələrinə çıxış imkanı ildən-ilə daha da məhdudlaşır və ölkədə müstəqil çap mediası yoxdur.

Jurnalistlər oktyabrın 19-da həyata keçirilən polis əməliyyatını işıqlandırdıqdan sonra polis məntəqələrinə çağırıldıqlarını bildirmişdirlər. Jurnalistlərin heç də hamısı çağırışı cavab verməmişdir, cavab verənlər şəxslərə isə hədə-qorxu gəlinmiş və buraxılmazdan əvvəl işıqlandırdıqları məlumatları əsaslandırmaq tələb olunmuşdur.

Dövlət orqanları tərəfindən mətbuat azadlığı üzrə aparıcı təşkilatlara və ölkədən kənarda fəaliyyət göstərən müstəqil media vasitələrinə, eləcə də onlarla bağlılığı olan ölkədəki şəxslərə qarşı təzyiq göstərilmişdir.

Xarici media vasitələri, o cümlədən “Amerikanın Səsi”, “Azadlıq Radiosu”-“Radio Free Europe/Radio Liberty” (RFE/RL) və “BBC”-nin FM radio tezliklərində yayımına qoyulmuş qadağa davam etmişdir, buna baxmayaraq Rusiyanın “Sputnik” xidmətinə yerli radio şəbəkəsində xəbərləri yayımlamağa icazə verilmişdir.

Zorakılıq və təqib: Bəzi hallar polis jurnalistlərə qarşı fiziki güc tətbiq etmiş və onların öz peşə fəaliyyətlərini yerinə yetirməsinə mane olmuşdur. “Senzura İndeksi” layihəsinə əsasən, oktyabrın 19-da Bakının mərkəzində müxalifətin icazəsiz mitinqə cəhdi zamanı ən azı üç jurnalistə polis tərəfindən kiçik xəsarətlər yetirilmiş, jurnalistlərdən biri – Nurlan Qəhrəmanlı isə saxlanıldıqdan sonra polis avtomobilində polis əməkdaşları tərəfindən döyülmüşdür.

Yerli müşahidəçilər müstəqil mətbu orqanlarda fəaliyyət göstərən jurnalistlərin il ərzində fiziki hücum və kiberhücumla üzləşdiyi barədə məlumat vermişdir. Hücumlar zamanı başlıca olaraq “Azadlıq Radiosu”, “Azadlıq” və digər qəzetlərin və “Meydan TV” və “Obyektiv Television” kanallarının jurnalistləri hədəfə alınmışdır.

Fəallar jurnalistlərə qarşı edilən hücumlarla bağlı cəzasızlığın problem olaraq qaldığını bildirmişdirlər. Dövlət orqanları jurnalistlərə edilən fiziki hücumların əksəriyyətini effektiv şəkildə araşdırmamış və bu kimi hallar öz həllini tapmamışdır. Vətəndaş cəmiyyəti fəalları hökuməti 2015 (Rasim Əliyev), 2011 (Rafiq Tağı) və 2005-ci (Elmar Hüseynov) illərdə jurnalistlərə qarşı törədilən rezonans qətlləri effektiv şəkildə araşdırmağa çağırmışdır.

Siyasi motivli məhkəmə işlərindən jurnalistləri və kütləvi informasiya vasitələrini qorxutmaq üçün istifadə olunmuşdur. “Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli 2018-ci ilin iyul ayında Gəncə şəhərində baş vermiş iğtişaşdan bəhs edən məqalələri yenidən dərc etdikdən sonra fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu dövlətə qarşı çağırışlarda, vəzifəsindən sui-istifadə etməkdə və saxtakarlıqda ittiham edərək 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza vermişdir. Martın 18-də Criminal.az-ın redaktoru Anar Məmmədov barəsində də eyni hökm çıxarılmışdır. Hər iki jurnalist onlara qarşı irəli sürülən ittihamların saxta olduğunu və onları və digər şəxsləri müstəqil jurnalist fəaliyyətindən çəkindirmək üçün hədə-qorxu məqsədi daşıdığını iddia etmişdir.

Yerli kütləvi informasiya vasitələrinin əksəriyyəti maliyyələşmə üçün hökumətlə əlaqəli olan nüfuzlu sponsorlara və yaxud KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bel bağlamışdır. Bu cür maliyyə vəsaitlərindən faydalana bilməyənlərin maliyyə vəziyyəti aşağı olaraq qalmışdır və onlar əmək haqlarının, vergilərin və vaxtaşırı məhkəmə cərimələrinin ödənilməsində problemlərlə üzləşmişdirlər.

Senzura və kontentin məhdudlaşdırılması: Əksər media vasitələri özünü-senzuradan istifadə etmiş və hökumət tərəfindən cəzalandırılmaqdan ehtiyat edərək siyasi cəhətdən həssas hesab edilən mövzulardan yayınmışdırlar. Milli Televiziya və Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici mənşəli xəbər proqramlarını tam şəkildə təkrar yayımlamamağı tələb etmişdir.

Böhtan və iftira yaymağa görə məsuliyyət haqqında qanun: Böhtan atmaq yazılı və şifahi formada verilən bəyanatları özündə ehtiva etməklə cinayət əməli hesab edilir. Qanun böhtan atmaqda günahkar bilinən şəxslərə qarşı böyük miqdarda cərimələr və üç ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq etməyə imkan verir. Böhtan atmağa görə cərimə məbləği 1000-1500 manat (590-880 dollar), i̇ftira atmağa görə isə 1000-2000 manat (590-1180 dollar) müəyyən edilmişdir. Prezidenti təhqir edən şəxs iki ilə qədər islahedici əmək və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

İnternet azadlığı

Hakimiyyət hökumətin bəyanatlarından fərqli fikirlər irəli sürən müstəqil media saytlarını bloklamağa və internetdə tənqidi fikirlər ilə çıxış edən şəxsləri həbs etməyə davam etmişdir. Hüquq müdafiəçiləri ölkə ərazisində mütəmadi olaraq ayrı-ayrı şəxslərin polis məntəqələrinə çağırıldığını, sosial şəbəkələrdə hökumət əleyhinə edilmiş paylaşımları silməyə məcbur edildiyini və bu tələbə əməl etmədikləri təqdirdə müxtəlif cəzalarla üzləşməkdə hədələndiklərini bildirmişdirlər.

2019-cu il üzrə IREX Media Dayanıqlılıq İndeksində bildirilir ki, 2017-ci ildə bloklanmış vebsaytların sayı 25 olduğu halda, 2018-ci ildə müəyyən dövr üzrə bloklanmış vebsaytların sayı 85-ə çatmışdır.

“Voice of America”nın, RFE/RL-in və Azərbaycana məxsus KİV-lərin vebsaytları, o cümlədən Azadliq, Bastainfo.com, Criminal.az, Topxeber.az, Fia.az,

Monitortv.info, Xural.com, Az24saat.org, Anaxaber.az, və Arqument.az,və Almaniyada yaradılan Meydan TV-nin vebsaytı il ərzində hakimiyyət tərəfindən bloklanmış vəziyyətdə qalmışdır.

Fəallar hakimiyyət orqanlarının internet-televiziya proqramlarının fəaliyyətini pozmaq üçün kiberhücumlar və digər tədbirlər həyata keçirdiyini və serverlərdən istifadə etdiyini iddia etmişdir. Məsələn, aprelin 21-də hökumətyönümlü REAL TV mühacir jurnalist Sevinc Osmanqızını onlayn televiziya proqramını dayandırmayacağı təqdirdə intim fotoşəkillərini dərc etməklə təhdid etmişdir. Osmanqızı, həmçinin hökumətin onun digər azərbaycanlı mühacirlərlə internet üzərindən yaratdığı əlaqələri izlədiyini bildirmişdir. Fəallar və jurnalistlər, həmçinin sosial şəbəkə hesablarının oğurlanması hallarının arxasında hökumətin dayandığından şübhələnmişdirlər. Yanvarın 20-də müxalifətçi “Xalq Cəbhəsi” Partiyasının sədri əli Kərimlinin Facebook-dakı səhifəsi haker hücumuna məruz qalmış və onun 2017-ci ildən bəri etdiyi bütün paylaşımlar silinmişdir. Noyabrda hakerlər 2018-ci ildən bəri ikinci dəfə Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin “Facebook” hesabını ələ keçirmiş və onun 30,000-dən çox izləyicisini blok etmişdir. Hər iki haker hücumundan sonra Hacıbəyli 200,000 izləyicisindən 130,000 izləyicini itirmişdir.

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi  realliq.info  vebsaytının redaktoru İkram Rəhimovu şantaj əməlində ittiham edərək barəsində beş il altı ay azadlıqdan məhrumetmə hökmü çıxarmışdır. Rəhimov prezidentin o zamankı köməkçisi Əli Həsənovu ictimai şəkildə tənqid etdiyinə görə cəzalandırıldığını bildirmişdir.

Hökumət internet provayderlərinin lisenziyalaşdırılmasını və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə rəsmi razılaşmalarının olmasını tələb etmişdir. Qanunla internetdə böhtan və təhqirə görə cinayət cəzası tətbiq olunur.

Hökumətin vətəndaş cəmiyyəti fəallarının internet əlaqələrini izlədiyini göstərən tutarlı məlumatlar qeydə alınmışdır. Məsələn, fəallar polis tərəfindən təqib olunduqlarını və fiziki zorakılıq hədəsi altında tənqidi Facebook paylaşımlarını silməyə məcbur edildiklərini bildirmişdirlər. İl ərzində fəallar internetdə hökumətin fəaliyyəti barədə tənqidi fikirlər paylaşdıqlarına və insan hüquqlarının pozulması halları haqqında şərhlər yazdıqlarına görə dindirilmiş, saxlanılmış və mütəmadi olaraq inzibati qaydada həbs olunmuşdurlar.

“Freedom House” təşkilatının 2018-ci ilin iyun ayından 2019-cu ilin may ayınadək olan dövrü əhatə edən illik “İnternetdə Azadlıq” (Freedom on the Net) hesabatında ölkədə internet azadlığının daha da məhdudlaşdığı göstərilmişdir. Nəticədə, “Freedom House” ölkənin statusunu “qismən müstəqil” səviyyəsindən “qeyri-müstəqil” səviyyəsinə endirmişdir. Hesabatda hökumətin əlavə xəbər saytlarına girişi blokladığı və jurnalistlərə və fəallara qarşı kiberhücumları intensivləşdirdiyi, internetdə fəaliyyət göstərən jurnalistlər və adi sosial şəbəkə istifadəçilərini təqib etdiyi bildirilmiş, eyni zamanda onlayn fəaliyyətlərinə görə həbs olunmuş bəzi şəxslərin azadlığa buraxıldığı qeyd olunmuşdur.

Tədris azadlığı və mədəniyyət tədbirləri

Hökumət bəzi hallarda tədris azadlığını məhdudlaşdırmışdır. Müxalifət partiyalarının üzvləri məktəblərdə və universitetlərdə müəllim kimi iş tapmaqda çətinliklərlə üzləşdiklərini bildirmişdirlər.

  1. Sərbəst toplaşmaq və birləşmə azadlığı

Sərbəst toplaşmaq və birləşmə azadlığı konstitusiya ilə müəyyən edilsə də, hökumət bu azadlığı sərt şəkildə məhdudlaşdırmışdır.

Sərbəst toplaşmaq azadlığı

Hökumət sərbəst toplaşmaq azadlığını sərt şəkildə məhdudlaşdırmışdır. Müəyyən vaxtlarda dövlət orqanları dinc etirazlara və yığıncaqlara güc tətbiq etməklə və etirazçıları saxlamaqla cavab vermişdir. Qanunla kiçik pozuntulara görə üç aya qədər, polisə müqavimət göstərməyə görə isə bir aya qədər inzibati qaydada saxlama müddəti nəzərdə tutulur. Məhkəmə qərarını icra etməyənlərə (o cümlədən cərimələrin ödənilməməsinə görə) qarşı 500 manatdan 1,000 manata (295-590 ABŞ dolları) qədər cərimə və bir aya qədər inzibati qaydada saxlama cəzası tətbiq oluna bilər.

Konstitusiyaya əsasən qrupların müvafiq hökumət orqanını əvvəlcədən xəbərdar etməklə sərbəst toplaşması nəzərdə tutulsa da, hökumət bu müddəanı əvvəlcədən icazə almaq tələbi kimi şərh etməkdə davam etmişdir. Yerli dövlət orqanları keçirilən bütün yürüşlər üçün əvvəlcədən icazə alınmasını və yürüşlərin müəyyən olunmuş məkanda keçirilməsini tələb etmişdir. Əksər siyasi partiyalar və QHT-lər bu cür tələblərin qəbuledilməz və konstitusiyaya zidd olduğunu bildirmişdirlər.

Fəalların sözlərinə görə, əsas azadlıqlarından dinc şəkildə istifadə etmək istəyən şəxslər polisə müqavimət göstərməklə bağlı saxta ittihamlarla saxlanılaraq inzibati qaydada 30 gün müddətinə həbs edilmişdir. Məsələn, yanvarın 19-da müxalifətçilərin bloqqer Mehman Hüseynov və digər siyasi məhbusların azadlığa buraxılması üçün əvvəlcədən təsdiqlənməklə keçirdikləri mitinqdən sonra hakimiyyət orqanları tədbirin planlaşdırılması və həyata keçirilməsində iştirak etdiklərinə görə 31 nəfəri saxlamış və barələrində 10-30 gün müddətində inzibati həbs qərarı çıxarmışdır. Fəallar iddia edirdilər ki, hakimiyyət orqanları üz tanıma proqramından və mobil telefon məlumatlarından istifadə etməklə qanunsuz olaraq minlərlə mitinq iştirakçısının şəxsiyyətini müəyyən etmiş və daha sonra bu məlumatlardan onları siyasi müxalifətlə əlaqə saxlamamağa məcbur etmək üçün təhdid vasitəsi kimi istifadə etmişdir.

Yanvarın 19-da keçirilən mitinqdən sonra hakimiyyət sentyabrın 26-dək müxalifətin kütləvi nümayişlərin keçirilməsinə dair bütün müraciətlərini rədd etmişdir. Sentyabrın 26-da Bakı şəhər meriyası şəhərin kənarında yerləşən və ictimai nəqliyyatın hərəkəti üçün əlverişsiz olan Lökbatan qəsəbəsində mitinq keçirməyə icazə vermişdir. Daha sonra Bakı şəhər meriyası müxalifət tərəfdarlarına Lökbatandakı ərazinin əlverişsizliyinə etiraz etmək üçün oktyabrın 8-də meriyanın binasının qarşısında “piket” keçirməyə icazə vermişdir. Gözləniləndən daha çox adamın gəldiyini görən polis əməkdaşları piketi dağıtmışdırlar.

Müxalifət liderləri onların yalnız Lökbatandakı gözdən uzaq bir ərazidə mitinq keçirmələri təsdiqləndikdən sonra oktyabrın 19-da Bakı şəhərinin mərkəzində icazəsiz nümayiş keçirmək barədə çağırış etmişdirlər. Bu zaman hakimiyyət orqanları nümayişin qarşısını almaq üçün kütləvi polis əməliyyatlarına başlamış, Bakının çox yerində internet kəsilmiş və şəhər mərkəzinin böyük hissəsinə nəqliyyatın və piyadaların girişinə icazə verilməmişdir. Kütləvi informasiya vasitələri polisin etirazda iştirak etməyən şəxsləri saxlaması, tutduqları şəxsləri yumruqlaması, təpikləməsi və onlara qarşı digər kobud hərəkətlərə yol verməsi barədə çoxsaylı məlumatlar dərc etmişdirlər. Müxalifətçi “Xalq Cəbhəsi” Partiyasının sədri Əli Kərimli zorla saxlanılmışdır. Sonralar o, bir avtobusa salındıqdan sonra polis tərəfindən amansız şəkildə döyüldüyünü, siyasi fəaliyyətinə görə üzr istəməyə məcbur edilərək bunu videolentə almaq istədiklərini və polis nəzarətində olarkən huşunu itirdiyini bildirmişdir. Müxalifətçi Demokratik Qüvvələrin Milli Şurasının İdarə heyətinin üzvü Tofiq Yaquboğlu da, həmçinin saxlanılmış və barəsində inzibati həbs qərarı çıxarılmışdır.

Ailə üzvlərinin sözlərinə görə, Tofiq Yaquboğlu Bakı polis i̇darəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən vəhşicəsinə döyülmüş və polis əməkdaşları onu müxalifətdən imtina etdiyini deməyə məcbur edərək bunu videolentə almaq istəmişdirlər. Verilən məlumatlara əsasən, döyülən zaman onun qabırğası sınmışdır. Noyabrın 7-də edilən müraciətdə, vətəndaş cəmiyyətinin 21 nümayəndəsi BMT-nin İşgəncələrə qarşı Komitəsini və Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsini bu halları və siyasi səbəbdən törədilən digər işgəncə hallarını araşdırmağa səsləmişdir.  Oktyabrın 19-da aparılan əməliyyat zamanı ən az 100 şəxs saxlanılmış və onlardan təxminən 40 nəfər barəsində inzibati həbs qərarı verilmişdir.

Müxalifət liderləri noyabrın 2-də mitinq keçirmək üçün müraciət etmiş və yenidən onlara yalnız Lökbatandakı ərazidə mitinq keçirməyə icazə verilmişdir. Üzvləri yenidən şəhərin mərkəzinə toplaşmağa çağırdıqdan sonra, polis tərəfindən zorakılığın daha yüksək səviyyədə olacağı ilə bağlı ciddi hədələr səbəbindən icazəsiz mitinq ləğv edilmişdir.

Həmin həftənin əvvəlində hökumətyönlü media orqanı olan haqqin.az saytı oktyabrın 19-u ilə müqayisədə polislərin daha az təmkinli olacağını göstərən məqalə dərc etmiş və Fuad Muradovun sədrlik etdiyi və təhlükəsizlik xidmətləri ilə sıx əlaqələrinin olduğu bilinən Milli Fədailər Hərəkatının müxalifət liderlərinə müraciət etmiş və nümayiş keçiriləcəyi təqdirdə Əli Kərimlinin həyatı üçün ciddi təhlükənin yaranacağını bildirmişdir.

Polis müxalifətçi “Müsavat” Partiyasının ölkə üzrə 100-dən çox üzvünü polis məntəqələrinə çağırmış və onlara noyabrın 12-də Bakı İcra Hakimiyyətinin binası qarşısında keçirilməsi nəzərdə tutulan icazəsiz piketdə iştirak etməmələri barədə xəbərdarlıq etmişdir. Noyabrın 12-də polis piketin keçirilməsinin qarşısını almış, çoxlu sayda polis əməkdaşı yolları bloklamış və toplaşmağa cəhd edən onlarla partiya üzvünü saxlamışdır. Hökumət toplaşmağa cəhd edənləri bir neçə saatdan sonra sərbəst buraxmış və yalnız təşkilatçı 15 gün inzibati həbs cəzası almışdır.

Hökumət, həmçinin müxalifət qruplarının təşkil etdiyi tədbirlərə də müdaxilə etmişdir. Məsələn, iyunun 28-də polis “Müsavat” Partiyasının Bakı ofisində müxalifət fəallarına cərimələrin ödənilməsi üçün təşkil edilmiş tədbiri dayandırmışdır. Polis əməkdaşları Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini tədbirdən çıxararaq Binəqədi Rayon Polis İdarəsinə aparmış və orada ona xəbərdarlıq etdikdən sonra sərbəst buraxmışdır.

Polis, həmçinin müxalifətlə bağlı olmayan tədbirlərin keçirilməsi ilə bağlı sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmışdır. Məsələn, martın 8-də və oktyabrın 20-də Bakı polisi qadınlara qarşı zorakılığa etiraz əlaməti olaraq toplaşan qadınlara kobud şəkildə müdaxilə etmişdir.

Sentyabrın 10-da Bakı bələdiyyə hakimiyyəti son illər hökumətin müxalifətçilər tərəfindən ictimai nümayişlərinin keçirilməsi üçün təyin etdiyi yeganə məkan olan “Məhsul” stadionunun yenidənqurma işlərinin həyata keçirilməsi və fitnes parkı kimi istifadə olunmaq üçün bağlandığını elan etmişdir. Müxalifət fəalları və digər şəxslər bu layihənin sərbəst toplaşmaq azadlığını daha da məhdudlaşdırmaq üçün bəhanə olduğunu iddia etmişdirlər.

Birləşmə azadlığı

Birləşmə azadlığı konstitusiya ilə təsbit olunsa da, qanun bu hüququ müəyyən dərəcədə məhdudlaşdırmış və 2014-cü il ərzində qüvvəyə minmiş qanuna əlavələr QHT-lərin fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirmişdir. Qanuna edilmiş əlavələrin tətbiqi nəticəsində dövlət orqanları tərəfindən müstəqil təşkilatların fəaliyyəti ilə bağlı cinayət araşdırmasına başlanılmış, bank hesabları dondurulmuş, yerli işçilər təqibə məruz qalmış, o cümlədən bəzi QHT rəhbərləri həbs edilmiş və onların xaricə səfərlərinə qadağalar qoyulmuşdur. Nəticədə bir sıra QHT-lər fəaliyyət göstərə bilməmişdir.

Bir sıra hüquqi müddəalar hökumətə siyasi partiyaların, dini qrupların, müəssisələrin və QHT-lərin fəaliyyətini tənzimləməyə, o cümlədən “hüquqi şəxs” statusu almaq istəyən QHT-lərdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyi tələb etməyə imkan vermişdir. Qanunda hökumətin QHT-nin qeydiyyatla bağlı müraciətini qəbul edildikdən sonra 30 gün ərzində (yaxud əlavə araşdırma tələb olunduğu halda əlavə 30 gün ərzində) bu müraciətə baxması tələb olunsa da, qeyri-müəyyən, yorucu və qeyri-şəffaf qeydiyyat prosedurları uzun müddətli ləngimələrə səbəb olmuş və vətəndaşların birləşmək hüquqlarını məhdudlaşdırmışdır. Digər qanunlar sərbəst birləşmə azadlığını məhdudlaşdırır, məsələn QHT-nin filial rəhbəri xarici vətəndaş olduğu halda filial rəhbərinin müavinlərinin Azərbaycan vətəndaşı olması tələb edilir.

Qrantlar və ianələri tənzimləyən qanunlar QHT-lərin nağd qaydada ianələr qəbul etmələrinə de-fakto qadağa qoymuş və QHT-lər tərəfindən anonim ianələrin qəbul olunmasını və yaxud ictimaiyyətdən ianələrin cəlb olunmasını demək olar ki, qeyri-mümkün etmişdir.

İnzibati Xətalar Məcəlləsi və QHT-lər, qrantlar və hüquqi şəxslərin qeydiyyatı ilə bağlı olan qanunlar QHT-lərin və qeydiyyatdan keçməmiş, müstəqil və xarici təşkilatların fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq etmişdir. Qanunvericilikdə, həmçinin donorlar üçün də bəzi məhdudiyyətlər müəyyən edilmişdir. Məsələn, xarici donorların resipiyentlər ilə qrant müqavilələri imzalamazdan öncə ilkin razılıq əldə etmələri tələb olunmuşdur. Qanunlar, qeydiyyatdan keçməmiş və xarici QHT-lərin məcburi bağlanmağa qarşı müdafiəsiz olmasına gətirib çıxarmış, potensial fəalları və donorları vətəndaş cəmiyyəti təşkilatlarına qoşulmaqdan çəkindirmiş, eləcə də onların qeydiyyatdan keçməmiş yerli qruplar və yaxud bu cür təşkilatların üzvlərinə qrantlar ayırmaq imkanlarını məhdudlaşdırmışdır.

2017-ci ildə Nazirlər Kabineti qrantların qeydiyyatı prosesini sadələşdirmək üçün “Vahid pəncərə” mexanizminin yaradılmasına dair yeni normativ-hüquqi aktlar çıxarmışdır. Yeni prosedurlara görə, bir çox təşkilat üçün qrant qeydiyyatı prosesi birləşdirilmişdir. Lakin yeni prosedurlar tam şəkildə yerinə yetirilməmiş və fəaliyyət göstərən QHT-lərin sayında daha da azalma müşahidə olunmuşdur.

Ədliyyə Nazirliyi 2016-cı ildə QHT-lərin fəaliyyətinə nəzarətlə bağlı yeni qaydalar qəbul etmişdir. Bu qaydalar Nazirliyə QHT-lərdə yoxlama aparmaq və əməkdaşlıq etməyən QHT-lərə sərt cərimələr tətbiq etmək hüququ verir, cəmi bir neçə müddəada QHT-lərin hüquqlarının qorunması nəzərdə tutulur.

Bir sıra yerli və beynəlxalq QHT-lərin fəaliyyətləri və onların yerli rəhbərliyinə qarşı 2014-cü ildə başladılmış geniş miqyaslı cinayət araşdırması il ərzində davam etmişdir. Nəticədə, Amerika Vəkillər Assosiasiyasının, İREX və Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin bank hesabları dondurulmuş olaraq qalmış və təşkilatlar öz fəaliyyətlərini həyata keçirə bilməmişdirlər.

Ölkədə fəaliyyət göstərmək istəyən xarici QHT-lərdən Ədliyyə Nazirliyi ilə müqavilə imzalamaq və qeydiyyatdan keçmək barədə qanunda qeyd olunan tələblərin icrası hökumət tərəfindən davam etdirilmişdir. Azərbaycanda öz filialını qeydiyyatdan keçirmək istəyən xarici QHT-lərdən “Azərbaycan xalqının milli və mənəvi dəyərlərini” dəstəklədiklərini nümayiş etdirmək və dini və siyasi təbliğat fəaliyyətlərində iştirak etməmək öhdəliyi götürmək tələb olunur. Qanunda qeydiyyat proseduru ilə bağlı hər hansı vaxt məhdudiyyəti göstərilmir və bu da, hökumətin hər hansı xarici QHT-ni qeydiyyatdan keçirib-keçirməməklə bağlı qeyri-məhdud müddətdə qərar qəbul etməsinə imkan yaradır. İlin sonuna olan məlumatlara əsasən bir xarici QHT bu qaydalara uyğun şəkildə qeydiyyatdan keçmək imkanına malik olmuşdur.

QHT-lərin nümayəndələri Ədliyyə Nazirliyinin təqdim olunan ərizələrə, xüsusilə də, demokratik inkişaf məsələləri üzərində işləyən şəxslərin və təşkilatların ərizələrinə baxmadıqlarını bildirmişdirlər. Fəallar vətəndaş cəmiyyətinin inkişafının illərdir ki, məhz onların qeydiyyatına əngəl törədən hökumət bürokratiyası səbəbindən mümkün olmadığını bildirmiş və əks təqdirdə ölkədə daha çox və daha fəal müstəqil QHT-lərin fəaliyyət göstərə biləcəyini iddia etmişdirlər.

  1. Dini etiqad azadlığı

Baxın: Dövlət Departamentinin Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabatı https://www.state.gov/religiousfreedomreport/.

  1. Sərbəst hərəkət azadlığı

Ölkə daxilində sərbəst hərəkət azadlığı, xaricə səfər, mühacirət və repatriasiya qanunla müəyyən olunur və hökumət ümumilikdə bu hüquqlara hörmət etmişdir. Bununla belə bəzi müxalifət tərəfdarının, fəalların və jurnalistlərin sərbəst hərəkət azadlığı hökumət tərəfindən məhdudlaşdırılmışdır.

Xaricə səfər: Dövlət orqanları bəzi müxalifət tərəfdarlarının, hüquqşünasların və jurnalistlərin ölkədən çıxışı üzərindəki qadağaları ləğv etsə də, digər şəxslərin xaricə səfərləri ilə bağlı qadağalar qüvvədə qalmışdır. Ölkədən çıxış qadağası ləğv olunmuş şəxslər arasında müxalifətçi Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov, REAL Partiyasının məclis sədri Azər Qasımlı, Meydan TV ilə işləmiş 11 ştatdankənar jurnalist, hüquq müdafiəçiləri olan vəkillər Əsəbəli Mustafayev və Emin Aslan olmuşdur.

Dövlət orqanları bəzi müxalifət tərəfdarlarının, fəalların və jurnalistlərin ölkədən kənara səfər etməsinin qarşısını almağa davam etmişdirlər. Buna Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini (2006-cı ildən bəri ölkədən çıxışına icazə verilməyən), araşdırmaçı jurnalist və fəal Xədicə İsmayılovanı, jurnalist Şahvələd Çobanoğlunu və vəkil İntiqam Əliyevi misal gətirmək olar.

Hərbi xidmət yaşına çatmış şəxslərin xaricə səfər etməzdən öncə hərbi qurumlarda qeydiyyatdan keçməsi qanunla tələb edilir. Milli təhlükəsizliyə dair informasiyaya çıxışı olan hərbi qulluqçuların səfərlər etməsinə dövlət orqanları tərəfindən müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Həmçinin cinayət əməli ilə ittiham olunmuş və ya məhkum edilmiş, lakin şərti cəza alan şəxslərin cəza müddətləri bitənə qədər xaricə səfər etməsinə icazə verilməmişdir.

  1. Məcburi köçkünlər

Hökumətin məlumatına əsasən, məcburi köçkün vəziyyətində olanların sayı 651,458 nəfər təşkil etmişdir. Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini 1988-1994-cü illərdə tərk etmişdirlər.

Məcburi köçkünlərin təhsil və tibbi xidmətdən faydalanmaq imkanı olsa da, onların işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən yüksək olmuşdur. Bəzi beynəlxalq müşahidəçilər hökumətin məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasını kifayət qədər təbliğ etmədiyini bildirmişdir.

  1. Qaçqınların müdafiəsi

Hökumət məcburi köçkünlər, qaçqınlar, qayıdan qaçqınlar, sığınacaq axtaran şəxslər, vətəndaşlığı olmayan şəxslər və narahatlıq doğuran digər şəxslər üçün yardım və müdafiənin təmin edilməsində  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir.

Qaçqınların ölkədən məcburi çıxarılması: Türk vətəndaşlarının müvafiq hüquqi proses həyata keçirilmədən Azərbaycandan Türkiyəyə köçürülməsi və onların orada türk din xadimi Fətullah Gülənin tərəfdarları hesab olunaraq Türkiyənin hakimiyyət orqanları tərəfindən saxlanılması ilə bağlı mətbuatda məlumatların yer aldığı 2018-ci ildən fərqli olaraq qaçqınların ölkədən məcburi çıxarılması ilə bağlı heç bir məlumat qeydə alınmamışdır.

Sığınacaqlarla təmin olunma imkanı: Sığınacaq və ya qaçqın statusunun verilməsi qanunla müəyyən olunur və hökumət, bəzi qaçqınların müdafiəsinin təşkil olunması üçün Dövlət Miqrasiya Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Şöbəsi tərəfindən həyata keçirilən sistem müəyyən etmişdir. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən bəzi irəliləyişlərin olduğu qeyd olunsa da, ölkədə qaçqın statusunun müəyyən olunması sistemi beynəlxalq standartlara cavab verməmişdir. Beynəlxalq QHT-lər xidmətin səmərəli və şəffaf şəkildə aparılmadığını bildirmişdir.

Təhlükəsiz mənşə ölkəsi/tranzit ölkə: BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən verilən məlumata əsasən ölkə Çeçenistandakı münaqişə nəticəsində öz yerlərini tərk edən Rusiya vətəndaşlarının sığınacaqların təmin olunması üzrə dövlət prosedurundan istifadə etməsinə icazə verməmişdir. Bununla belə, BMT QAK qeyd etmişdir ki, ölkə çeçen milliyyətindən olan sığınacaq axtaranların mövcudluğuna tolerant yanaşmış və BMT QAK tərəfindən onların müdafiəsi və humanitar ehtiyaclarının təmin olunmasını qəbul etmişdir.

Başlıca xidmətlərdən istifadə: Hesablamalara əsasən ölkədəki 1,120 (dövlət tərəfindən tanınmış qaçqınlar və yalnız BMT QAK tərəfindən tanınanlar daxil olmaqla) nəfər qaçqının sosial xidmətlərdən yararlanmaq imkanı olmamışdır. Bir çox məcburi köçkün və qaçqınların uşaqları ölkənin bir sıra regionunda adi məktəblərdə təhsil almışdır.

Müvəqqəti müdafiə: Hökumət il ərzində sığınacaq axtaran şəxsləri müvəqqəti müdafiə ilə təmin etməmişdir.

  1. Vətəndaşlığı olmayan şəxslər

BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən verilmiş statistik məlumatlara əsasən, ilin sonunda ölkədə BMT QAK-ın vətəndaşlığı olmayan şəxs mandatı altında olan 3,585 nəfər olmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən, il ərzində 291 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verilmişdir. Vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti Gürcüstan və yaxud İrandan olan etnik azərbaycanlılar olmuşlar. QHT-lər vətəndaşlığı olmayan bir çox digər şəxslərin olduğunu bildirmişlər və onların sayının yüz minlərə, on minlərə qədər olduğu qeyd olunmuşdur.

Vətəndaşlığı olmayan şəxslərin statusun alınması üçün müraciət etmək hüququnun qanunla nəzərdə tutulmasına baxmayaraq bəzi şəxslər müraciət etmək üçün tələb olunan sənədləri əldə edə bilməmişlər və bu səbəbdən də rəsmi qaydada qeydə alınmamışlar. Vətəndaşlıq haqqında Qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını çətinləşdirir.

Vətəndaşlığı olmayan şəxslər bir çox hallarda sərbəst yerdəyişmə azadlığından istifadə edə bilmişdirlər. Buna baxmayaraq, vətəndaşlığı olmayan şəxslərə xaricə səfər üçün sənədlər verilməmiş, yaxud Azərbaycanı tərk etdikləri zaman yenidən ölkəyə qəbul edilməmişdirlər. Vətəndaşlığı olmayan şəxslərin səhiyyə və məşğulluq kimi əsas hüquqlarla təmin olunması qanunla nəzərdə tutulur. Buna baxmayaraq onların hüquqi statuslarının olmamağı müəyyən hallarda onların bu hüquqlardan istifadə etməsinə mane olmuşdur.

Konstitusiya vətəndaşlığın “qanunla müəyyən edilən hallarda” itirilməsinə icazə verilir. İl ərzində hökumət 95 nəfərin vətəndaşlığını ləğv etmişdir. 2018-ci ilin oktyabrında Avropa Şurasının insan hüquqları üzrə komissarı yazılı bəyanat yayaraq, hökumətin 2015-ci ildə jurnalist Emin Hüseynovu vətəndaşlıqdan məhrum etməsini “Azərbaycanda insan haqları müdafiəçilərinin hədələnməsinin daha geniş nümunəsi kimi” qiymətləndirilməli olduğunu diqqətə çatdırmışdır.

Bölmə 3. Siyasi proseslərdə iştirak etmək azadlığı

Vətəndaşların öz hökumətini ümumxalq və bərabər seçki əsasında keçirilən azad və ədalətli seçkilər vasitəsilə seçmək hüququnun konstitusiya ilə müəyyən olunmasına baxmayaraq hökumət seçki prosesinə müdaxilə etməklə bu hüququ məhdudlaşdırmağa davam etmişdir. Qanun eyni zamanda müstəqil qanunvericilik hakimiyyətinin olmasını nəzərdə tutsa da, Milli Məclisin icraedici hakimiyyətdən ayrı şəkildə müstəqil təşəbbüslərinin sayı çox az olmuşdur.

Seçkilər və siyasi iştirak

Son seçkilər: 2018-ci ilin fevral ayında Prezident, prezident seçkilərinin tarixinin 2018-ci ilin oktyabrından aprel ayına keçirilməsi haqqında fərman imzalamışdır. Müxalifət partiyaları seçkiləri boykot edərək, rəqabətə imkan verməyən mühitin yaranmasından və hazırlıq üçün kifayət qədər vaxtın qalmamasından şikayət etmişdirlər. Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) missiyasının məlumatına görə, prezident seçkiləri məhdud siyasi mühitdə və əsl demokratik seçkilər üçün əsas ilkin şərtlər olan əsas hüquq və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirilmişdir.  ATƏT/DTİHB plüralizmin, o cümlədən kütləvi informasiya vasitələrində plüralizmin olmadığı bu seçkilərdə əsl rəqabətin olmadığını bildirmişdir. Beynəlxalq və yerli müşahidəçilər seçki günündə məcburi prosedurlara məhəl qoyulmaması, şəffaflığın olmaması və seçki qutusuna bülletenlərin doldurulması və səsvermə prosesində “karusel” əməliyyatı kimi çoxsaylı ciddi pozuntulara yol verildiyini qeyd etmişdir.

ATƏT/DTİHB 2015-ci il Milli Məclisə seçkilərin müşahidəsini onun təklif etdiyi seçki müşahidəçilərinin sayının hökumət tərəfindən qəbul edilməməsindən sonra ləğv etmişdir. DTİHB-nin iştirakı olmadan isə seçkilərin ədalətliliyini düzgün qiymətləndirmək mümkün olmamışdır. Seçkiləri müşahidə etmiş müstəqil yerli və beynəlxalq müşahidəçilər ölkənin müxtəlif yerlərində seçki pozuntularını, o cümlədən müşahidəçilərin seçki məntəqələrinə daxil olmasının qarşısının alınması, seçki qutularına saxta bülletenlərin doldurulması, səsvermədə “karusel” üsulu və qeydiyyatdan keçməmiş fərdlərin səsverməsi kimi halları müşahidə etdiklərini qeyd etmişlər və müxalifət müşahidəçiləri də bu cür qanun pozuntularını qeydə aldıqlarını iddia etmişdirlər. Seçki ölkənin əsas müxalifət partiyaları tərəfindən boykot edilmişdir.

2016-cı ildə keçirilmiş ümumxalq səsverməsindən sonra konstitusiyaya edilmiş dəyişikliklərə görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və qanunverici orqan bir il ərzində iki dəfə hökumətə etimadsızlıq göstərdikdə və ya prezidentliyə namizədləri əsas hökumət vəzifələrinə təyin etməkdən imtina etdikdə Azərbaycan Respublikası Prezidentinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Dəyişikliklər, həmçinin prezidentə bir və ya bir neçə vitse-prezident təyin etmək və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin əvəzlənməsi ardıcıllığında birinci şəxs kimi Birinci vitse-prezidenti müəyyən etmək səlahiyyəti vermişdir.  2017-ci ildə prezident öz xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etmişdir. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri 2016-cı il referendumunun yaxşı keçdiyini bildirsə də, müstəqil seçki müşahidəçiləri seçki qutusuna bülletenlərin doldurulması, səsvermə prosesində “karusel” əməliyyatı və digər bu kimi pozuntu hallarına yol verildiyini aşkar etmişdir və bunların bir çoxu videoçəkilişdə öz əksini tapmışdır. Onlar, həmçinin seçki fəallığının Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi açıqlanan rəqəmlərdən az olduğunu da müşahidə etmişdirlər.

Siyasi partiyalar və siyasi iştirak: 55 siyasi partiyanın qeydiyyatdan keçməsinə baxmayaraq hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etmişdir. Yerli müşahidəçilərin verdikləri məlumata əsasən iqtidar partiyasına üzvlük müəyyən imtiyazlar qazandırır, belə ki, dövlət qulluğuna işə qəbul zamanı partiyanın üzvlərinə üstünlük verilir. 2010-cu ildən etibarən ölkənin əsas müxalifət partiyalarının nümayəndələri Milli Məclisdə təmsil olunmamışdır.

Hökumət müxalif qrupların siyasi partiya kimi qeydiyyatının qarşının alınması ilə bağlı həyata keçirdiyi qeyri-rəsmi siyasətində heç bir dəyişikliyin olmadığını göstərmişdir. 2018-ci ilin aprelində Respublikaçı Alternativ Hərəkatı onlayn partiya qurultayı keçirmiş və siyasi partiyaya çevrildiyini elan etmişdir. Qrup, partiyanın qeydə alınması üçün onlayn qurultayın hökumətin tələblərinə cavab verməyəcəyini bildirmiş, lakin Bakı Şəhər İcra Hakimiyyəti qrupun partiya qurultayı keçirmək üçün bir neçə dəfə təkrarlanan müraciətlərini rədd etdikdən və özəl məkanlara qrupa yer icarəyə verməməklə bağlı göstəriş verdikdən sonra başqa çıxış yolunun qalmadığını qeyd etmişdir.

Vətəndaş cəmiyyətinin üzvləri digər vətəndaşlarla müqayisədə rəsmi qurumların təqiblərinə və qanunsuz həbs və saxlamalara daha çox məruz qalmışdır. Müxalif siyasi partiyaların üzvləri sosial mediada hökuməti tənqid edən yazılar dərc etdikdən və ya dinc nümayişlərdə (bax: bölmə 2.b., Dinc toplaşmaq azadlığı) iştirak etdikdən sonra saxlanılmış və inzibati həbs cəzasına məhkum edilmişdir.  Hüquq müdafiəçilərinin hesablamalarına əsasən, il ərzində ölkə məhkəmələri 100 dəfə “Xalq Cəbhəsi” Partiyasının fəallarının inzibati qaydada həbs edilməsi ilə bağlı hökm çıxarmışdırlar.

Yerli QHT-lərin məlumatına görə, müxalifət partiyasının ən azı yeddi üzvü, o cümlədən Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Əhmədli, Mirfeyzulla Seyidov, Babək Həsənov, Aqil Məhərrəmov, Orxan Baxışlı, Saleh Rüstəmli və Paşa Umudov siyasi məhbus və ya siyasi səbəbdən saxlanılan şəxs hesab olunmuşdur.

Ofis sahibləri hökumətin cəza tədbirlərindən qorxduqları üçün müxalifət partiyaları ofis icarə etməkdə çətinliklərlə üzləşməkdə davam etdiklərini bildirmişlər. Regional partiyaların üzvləri öz toplantılarının məqsədini gizlətməyə və bu toplantıları ucqar yerlərdə keçirməyə məcbur olmuşlar. Müxalifət partiyaları, həmçinin rəsmi və qeyri-rəsmi maliyyə çətinlikləri ilə də üzləşmişdir. Məsələn, hakimiyyət müxalifətə maddi yardım göstərənləri cəzalandırmaqla, müxalifət partiyalarının üzvlərini işdən çıxarmaqla və ailə üzvlərinə iqtisadi təzyiqlər göstərməklə onların maliyyə resurslarını məhdudlaşdırmışdır.

Qadınlar və milli azlıqların iştirakı: Heç bir qanun qadınların və milli azlıqların siyasi prosesdə iştirakını məhdudlaşdırmır və onlar siyasi proseslərdə iştirak etmişdirlər. Ölkənin birinci xanımı Birinci vitse-prezident vəzifəsinə təyin edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazir səviyyəsində vəzifəyə bərabər olan sədri qadın olmuş və Milli Məclisin üzvlərinin 16.8 faizi qadınlardan ibarət olmuşdur.

Müxalifətçi siyasi partiyalara üzv olan qadınlar tez-tez əlavə təzyiq və hədə-qorxu ilə üzləşmişdir. Məsələn, Demokratik Qüvvələrin Milli Şurasının İdarə Heyətinin üzvü Gültəkin Hacıbəyli oktyabrın 19-da nümayişə cəhd etdikdən sonra onu və onun ailə üzvlərini gözdən salmaq üçün hakimiyyətin ona qarşı saxta mülki iddia qaldırdığını və fahişəliyi təbliğ edən saytlarda onun əlaqə məlumatlarını paylaşdığını bildirmişdir.

Bölmə 4. Korrupsiya və hökumətdə şəffaflığın olmaması

Dövlət məmurlarının yol verdikləri korrupsiya əməlinə görə qanunla cinayət cəzası nəzərdə tutulur, lakin bu qanun hökumət tərəfindən effektiv şəkildə icra olunmamışdır və dövlət məmurları çox vaxt cəzasız şəraitdə korrupsiya əməllərində iştirak etmişdir. Hökumət tərəfindən aşağı səviyyədə dövlət xidmətlərinin həyata keçirilməsi zamanı korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləyişlər əldə olunsa da, yuxarı səviyyədə, xüsusilə də dövlət məmurlarının korrupsiya fəaliyyəti problem olaraq qalmışdır. Mediada Ağstafa merinin rüşvət aldığına görə dekabrın 19-da həbs edildiyi qeyd olunmuşdur.

“Transparency International” (Beynəlxalq Şəffaflıq) təşkilatı və digər müşahidəçilər korrupsiyanın il ərzində geniş yayıldığını qeyd etmişdirlər. Hakimiyyətin icra, qanunvericilik və məhkəmə qollarında korrupsiyaya yol verilməsi ilə bağlı məlumatlar daxil olmuşdur. Məsələn, 2004 və 2017-ci illər arasında ölkəyə səfərləri barədə altı hesabatında Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi (İQK) ölkənin bütün hüquq mühafizə sistemində korrupsiyanın “sistemli və endemik” xarakter daşıdığını qeyd etmişdir. 2017-ci ildə ölkəyə ən son səfəri ilə bağlı hesabatında İQK hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin ittihamların azaldılması və ya qeydə alınmaması qarşılığında ödənişlər tələb etməsi hallarının olduğunu qeyd etmişdir.

Hökumətdəki korrupsiyaya qarşı mübarizə aparan bəzi şəxslərin dövlət orqanları tərəfindən hədəfə alındığı barədə məlumatların verilməsi davam etmişdir. Martın 19-da Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın Bakı İqtisadi Məhkəməsinin Azadlıq Radiosunun (RFE / RL) qeyri-kommersiya təşkilatı olaraq vergidən azad olmasına baxmayaraq,

RFE/RL-in 45,143 manat (26,600 dollar)  məbləğində iddia olunan vergi borcunu ödəmək üçün Xədicə İsmayılovaya qarşı çıxardığı qərardan verdiyi apellyasiya şikayətini təmin etməmişdir. Avqustun 7-də Ali Məhkəmə hökmü qüvvədə saxlamışdır. Xədicə İsmayılovanın elit korrupsiyaya dair verdiyi məlumatlar onun hədəfə alınmasının əsas səbəbi kimi göstərilmiş və o, 2014-cü ildən 2016-cı ilədək həbs olunmuş, ölkədən çıxışına qadağa qoyulmuş və 2017-ci ildən etibarən bank hesabları dondurulmuşdur.

Korrupsiya: 2018-ci ilin aprel ayında Avropa Şurası Şuranın Parlament Assambleyasında korrupsiyaya dair iddialar üzrə müstəqil araşdırma orqanının məlumatını dərc etmişdir. Aşkar olunan məlumatlar Avropa Şurası Parlament Assambleyasının bəzi mövcud və sabiq üzvlərinin Avropa Şurası və AŞPA çərçivəsində Azərbaycanla bağlı proseslərə qeyri-qanuni şəkildə təsir etmək üçün rüşvət vermək və almaq kimi qanunsuz fəaliyyətlərlə məşğul olması ilə bağlı böyük şübhələr doğurmuşdur. Nəticədə AŞPA hökumətdən bəxşiş və rüşvət aldıqlarına görə 13 üzvünü tənqid etmiş, onları səsvermə hüquqlarından məhrum etmiş və AŞPA-nın komitələrində mövcud və gələcək rəhbər vəzifələrdən uzaqlaşdırmışdır.

Oktyabrın 15-də “Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsi” valideynləri Dövlət Neft Şirkətində yüksək vəzifə tutan bir qrup azərbaycanlı gəncin Yunanıstandakı Mikonos adasında 19 günlük istirahətindən bəhs edən bir məqalə dərc etmişdir. Verilən məlumatlara görə, gənclər helikopterlər, dəbdəbəli villalar və ekstravaqant qonaqlıqlara 2,2 milyon pul xərcləmişdir. “Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsi”nin əvvəlki məlumatlarında dövlət məmurlarının övladlarının Avropa və Yaxın Şərqdə lüks əmlaklar, biznes müəssisələri və yüksək səviyyəli mehmanxanalara yatırdıqları investisiyaları ört-basdır etmək üçün onlarla ofşor şirkətindən istifadə etdiyini bildirmişdir. Dövlət orqanları tərəfindən il ərzində rüşvətxorluq və hökumətdəki digər korrupsiya formaları ilə əlaqədar bəzi cinayət işləri açılmışdır, lakin çox az sayda yüksək vəzifəli məmur məhkəməyə cəlb edilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi il ərzində korrupsiya halları ilə bağlı 25 cinayət işi açıldığını bildirsə də, bir nəfər belə olsun yüksək vəzifəli məmur cinayət məsuliyyətinə cəlb edilməmişdir.

Belə bir fikir geniş yayılmışdır ki, rüşvət sayəsində 18-35 yaş arası kişilər üçün ümumi hesab olunan hərbi xidmət öhdəliyindən imtina etmək olar. Vətəndaşlar, həmçinin hərbi qulluqçuların kiçik rüşvət qarşılığında daha asan hərbi vəzifələrə təyin oluna bildiyini də qeyd etmişdirlər.

Hökumət dövlət idarəçiliyinin aşağı səviyyələrində korrupsiyanın azaldılması ilə bağlı tədbirləri davam etdirmiş, doqquz nazirlikdən doğum haqqında şəhadətnamələr və nikah şəhadətnamələrinin alınması kimi dövlət xidmətlərinin birdəfəlik yerinə yetirildiyi yer kimi fəaliyyət göstərən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmət mərkəzlərinin səlahiyyət və sayını artırmaqla hökumət xidmətlərini təkmilləşdirmişdir.

Maliyyə açıqlaması: Qanun rəsmi şəxslərdən özlərinin maliyyə vəziyyəti haqqında hesabat təqdim etməyi tələb edir və seçki məcəlləsinə əsasən bütün namizədlər maliyyə hesabatlarını təqdim etməlidirlər. Hesabatların təqdim olunması prosesi mürəkkəb və qeyri-şəffaf olmuşdur. Belə ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Milli Məclis, Ədliyyə Nazirliyi və Mərkəzi Seçki Komissiyası daxil olmaqla bir sıra dövlət qurumları və təşkilatlar bu hesabatları qəbul edən tərəf kimi təyin olunsalar da, onların nəzarət rolu yaxşı dərk edilməmişdir. İctimaiyyətin bu hesabatları əldə etmək imkanı olmamışdır. Qanunun tələblərinə əməl olunmamasına görə inzibati tədbirlər nəzərdə tutulsa da, bu tədbirlər tətbiq edilməmişdir.

Müəssisə təsisçilərinin adlarının və səhmdar kapitalına olan investisiya məbləğinin ictimaiyyətə açıqlanması qanunla qadağan edilir. Tənqidçilər bu dəyişikliyin hökumət rəsmilərinin biznes maraqlarının tədqiqatçı jurnalistlər tərəfindən araşdırılmasının qarşısını almaq məqsədilə edildiyini iddia etmişlər.

Bölmə 5. İddia edilən insan hüquqlarının pozulması hallarının beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən araşdırılmasına hökumətin münasibəti

İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aparıcı QHT-lər insan hüquqları ilə bağlı işlərin araşdırılması və nəticələrin çap olunması ilə bağlı ədavətlə üzləşmişlər. Məsələn, 6 və 13 may tarixlərində Daxili İşlər Nazirliyi və Prokurorluq hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Oqtay Güləliyev ayrıca çağırmışdır. Deyilənlərə görə, Güləliyev müstəqil media orqanı olan “Turan”a Nazirliyin 2018-ci ilin iyul ayında baş verən Gəncə hadisəsi də daxil olmaqla onun “Facebook”da repressiya və işgəncə barədə etdiyi paylaşımlarla bağlı narahatlığını ifadə etdiyini bildirmişdir (Bax: Bölmə 1.c.). “Turan” ın mayın 13-də verdiyi məlumata görə, elə həmin axşam Baş Prokurorluq Güləliyevi siyasi sabitliyi pozan və hüquq mühafizə gördükləri tədbirlərə kölgə salan yanlış informasiyaların qəsdən yayılmasında ittiham etmişdir. Bəyanata görə, rəsmi şəxslər Güləliyevə bu cür hərəkətləri davam etdirdiyi təqdirdə, ona qarşı qanun çərçivəsində daha ciddi tədbirlərin görüləcəyi, eləcə də onun cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq etmişdirlər.

Oktyabrın 29-da Güləliyev Bakıda yolu piyada keçərkən onu avtomobil vurmuş və o, başından travma aldığına görə beyninə qan sızmış və koma vəziyyətinə düşmüşdür. Həkimlər oktyabrın 30-a qədər onu əməliyyat etməmişdirlər. Bəzi fəalların və Güləliyevin oğullarının dediklərinə görə, avtomobil qəzası, əslində onun işgəncələrə qarşı kampaniya elan etməsi və 2018-ci ilin iyul ayında Gəncədə baş verən iğtişaş nəticəsində hökumət tərəfindən təqsirli bilinən şəxsləri müdafiə etməsi səbəbindən ona qarşı edilən bir hücum olmuşdur və həkimlər qəza baş verdikdən sonra onun müalicəsini qəsdən gecikdirmişdirlər.

Digər fəallar isə qəzanın qəsdən törədilməsi ilə bağlı heç bir sübutun olmadığını və Güləliyevə çoxsaylı qüsurların mövcud olduğu səhiyyə sistemi tərəfindən standart formada yardım göstərildiyini bildirmişdir. Hökumətin nəzarətində olan Heydər Əliyev Fondu Güləliyevin Türkiyədə özəl bir xəstəxanaya köçürülməsi və müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürmüşdür. Güləliyev ilin sonunda bu xəstəxanada koma vəziyyətində qalmışdır.

Hökumət tərəfindən yerli və beynəlxalq insan hüquqlarının müdafiəsi qruplarının fəaliyyətinə tətbiq olunan sərt məhdudiyyətlər davam etmişdir. QHT-lərin fəaliyyətini dayandırmaq üçün məhdudlaşdırıcı qanunların tətbiqi və digər təzyiqlər son illərdə yüksək səviyyədə davam etdirilmişdir. Fəallar eyni zamanda dövlət orqanlarının onların təşkilatlarını və yaxud qrantlarını qeydiyyatdan keçirməkdən imtina etdiyini, təşkilatların fəaliyyətləri ilə bağlı araşdırma apardıqlarını bildirmişlər. Nəticədə bəzi insan hüquqları müdafiəçiləri hökumətin səbəb olduğu bir sıra maneələrə (məsələn, İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulması və İntiqam Əliyevin və Əsəbəli Mustafayevin bank hesablarının dondurulması) görə öz peşə öhdəliklərini yerinə yetirə bilməmişdirlər.

Hökumətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bəzi QHT-lərlə əlaqə saxlamasına və onların sorğularını cavablandırmasına baxmayaraq bir çox hallarda insan hüquqlarını müdafiə edən digər QHT-lər və fəallar tənqid edilmiş və hədə-qorxu ilə üzləşmişdir. Ədliyyə Nazirliyi insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-ləri qeydiyyatdan keçirməkdən əsassız olaraq imtina etmiş, yaxud onların üzərinə ağır inzibati məhdudiyyətlər qoymuşdur.

Hökumət rəsmiləri və dövlətə məxsus KİV-lər hüquq müdafiəçilərini və müxalifət liderlərini (bax: bölmə 3) ritorik hücumlara məruz qoyaraq onları ölkədəki sabitliyi pozmaqda və xarici maraqları təmsil etməkdə günahlandırmışdır.

Birləşmiş Millətlər Təşkilatı və ya digər beynəlxalq qurumlar: Hökumət beynəlxalq qurumların dövlət orqanlarının fəaliyyətinə qarışmağını tənqid edərək onların verdiyi bəyanatlara şübhə ilə yanaşmışdır. Məsələn, hökumət rəsmiləri və Milli Məclis üzvləri 2018-ci il prezident seçkilərinin ATƏT/DTİHB tərəfindən qiymətləndirməsini tənqid edərək, bunun seçkidən əvvəl ölkəni ləkələmək üçün yazıldığını bildirmişdir (Bax: Bölmə 3).

Hökumətin insan hüquqları üzrə qurumları: Vətəndaşlar dövlət və ya fərdi şəxslər tərəfindən yol verilmiş insan hüquqlarının pozulması zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanına və ya Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanına müraciət edə bilərlər. Ombudsman üzərindən bir ildən çox müddət keçmiş pozulma halı ilə bağlı müraciətləri, anonim şikayətləri və ya artıq məhkəmə tərəfindən baxılan işləri qəbul etməyə bilər. İnsan hüquqlarını müdafiə edən QHT-lər Ombudsman Aparatını müstəqil fəaliyyət göstərmədiyinə və siyasi motivlərə söykənən halları effektiv şəkildə nəzərdən keçirmədiyinə görə tənqid etmişlər.

Milli Məclis və Ədliyyə Nazirliyində fəaliyyət göstərən insan hüquqları üzrə bölmələr şikayətlərə baxmış, araşdırmalar aparmış və müvafiq hökumət qurumlarına tövsiyələr vermişlər. Bununla belə, onlar da siyasi motivli hallarda zorakılığa etinasız yanaşmaqda günahlandırılırlar.

Bölmə 6. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq, insan alveri, qadınlar

Təcavüz və məişət zorakılığı: Təcavüz qeyri-qanuni əməldir və bu əməlin törədilməsinə görə maksimum 15 il azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Qadınların ərləri tərəfindən zorakılığa məruz qalması qanuna zidd əməl hesab olunur, lakin müşahidəçilərin sözlərinə görə, polislər belə iddiaları effektiv şəkildə araşdırmır.

Qanunda məişət zorakılığı hallarının araşdırılması üçün normativ-hüquqi baza və məhkəmə qadağalarının qəbul olunması prosesi müəyyən edilmiş, məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaq və reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu tənqid edənlər öz fikirlərini belə əsaslandırırlar ki, dəqiq icra mexanizmlərinin olmaması Qanunun effektivliyini azaldır. Fəalların sözlərinə görə, polis məişət zorakılığını ailədaxili məsələ kimi qiymətləndirməyə davam etmiş, məişət zorakılığına məruz qalan şəxsləri müdafiə etmək üçün effektiv şəkildə müdaxilə etməmiş, bu isə bəzi hallarda qadınların öz ərləri tərəfindən qətlə yetirilməsi ilə nəticələnmişdir. Məsələn, KİV xəbər verir ki, iyulun 27-də İmişli şəhərində Şəhriyar Aslanov öz arvadını qətlə yetirmiş və həbs olunmuşdur. Fəallar iddia edirlər ki, məişət zorakılığının ilk vaxtlarından polis müdaxilə etsəydi, qətlin qarşısını almaq mümkün ola bilərdi. Martın 8-də Bakı polisi məişət zorakılığına qarşı mitinqin keçirilməsinə imkan verməmişdir (bax: bölmə 2.b. Dinc toplaşmaq azadlığı).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUP DK) məişət zorakılığı ilə bağlı ictimai maarifləndirmə aparmış və bu zorakılığın qurbanlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görmüşdür. Məsələn, mayın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu ölkədə qadınlara qarşı zorakılığın iqtisadi nəticələri barədə birgə hesabat təqdim etmişdirlər. Hökumət zorakılıq qurbanı olan qadınları məhdud müdafiə vasitələri ilə təmin edir. Hökumət və müstəqil fəaliyyət göstərən QHT-lərdən biri insan alveri və məişət zorakılığı qurbanlarını sığınacaqla təmin edərək onlara yardım edib və tövsiyələr verib.

Seksual qısnama: Hökumət seksual qısnama ilə bağlı qadağanı və ya seksual qısnamaya yol verən şəxslər barəsində hüquqi tədbirləri nadir hallarda tətbiq etmişdir. Dövlət Sərhəd Xidmətinin leytenantı Fərid Əzizli Dövlət Sərhəd Xidməti polkovnikini ona qarşı seksual qısnamaya yol verməkdə ittiham etdikdən sonra vəzifəsindən azad edilmiş və barəsində istintaq başlanılmışdır. Hətta Dövlət Sərhəd Xidməti daxili araşdırmalardan sonra heç bir yanlış hərəkətə yol verilmədiyini bildirsə də, Əzizli “YouTube”da etdiyi bir paylaşımda açıq şəkildə öz iddialarının arxasında dayanmışdır.

Əhaliyə nəzarətdə məcburetmə: Məcburi abort və ya məcburi sterilizasiya barədə məlumatlar daxil olmamışdır.

Ayrı-seçkilik: Qadınlar formal olaraq kişilərlə eyni hüquqlara sahib olsalar da, sosial və məşğulluqla bağlı ayrı-seçkilik halları problem olaraq qalmışdır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, məşğulluq sahəsində qadınlara qarşı ayrı-seçkilik mövcud olmuş, əmək haqqının ödənilməsində qeyri-bərabərlik qeydə alınmış, həmçinin qadınlar arasında işsizlik səviyyəsi daha yüksək olmuşdur.

Gender əsaslı cinsi seçim: Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ilin ilk 11 ayında ölkədə doğulan uşaqların gender nisbəti 100 qıza 114 oğlan təşkil etmişdir. Yerli ekspertlər gender əsalı cinsi seçimin geniş yayıldığını, xüsusilə bu hala kənd yerlərində daha çox rast gəlindiyini qeyd ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən problemlə bağlı maarifləndirmə işi aparmaq məqsədilə seminarlar təşkil etmiş, kütləvi informasiya vasitələrində müxtəlif kampaniyalar həyata keçirmişdir.

Uşaqlar

Doğuşun qeydə alınması: Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqlarına görə və ya valideynlərin vətəndaşlığı əsasında verilir. Xəstəxanalarda və ya klinikalarda həyata keçirilən doğumlar daimi şəkildə qeydə alınmışdır. Evdə doğulan bəzi uşaqların qeydiyyatı aparılmamışdır.

Təhsil: 17 yaşa qədər təhsil almaq icbari, ödənişsiz və ümumi xarakter daşısa da, kənd yerlərində yaşayan böyük ailələr oğlanların təhsil almasına daha çox önəm vermiş, qızları təhsildən yayındıraraq evdə işləməyə cəlb etmişlər. Sosial işçilərin dediklərinə görə, bəzi yoxsul ailələr övladlarını məktəbə getmək əvəzinə işləməyə və ya dilənçiliyə vadar etmişlər.

Uşaq zorakılığı: Uşaqlara qarşı cinsi zorakılıq və uşaq əməyinin istismarına görə cərimələr nəzərdə tutulsa da, qanunda uşaqlara qarşı törədilən məişət zorakılığına və digər zorakılıq hallarına görə cəzalar müəyyənləşdirilməmişdir.  Uşaq istismarı problemini həll etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra tədbirlər keçirmişdir. Məsələn, Komitə Bakı, Goranboy, Ucar və Bərdədə dövlət qulluqçuları ilə gender əsaslı ayrı-seçkilik və uşaq istismarına qarşı mübarizə ilə bağlı görüşlər keçirmişdir.

Fəallar Təhsil Nazirliyinin məktəblərdə getdikcə artmaqda olan bullinq və kiberbullinq problemlərini səmərəli şəkildə həll etmədiyini bildirmişdir. Aprelin 3-də 14 yaşlı Elina Hacıyeva həm şagirdlər, həm də müəllimlər tərəfindən bullinqə məruz qaldığına görə intihar etmişdir. KİV-də yayılan məlumatlara görə, məktəbin rəhbər işçiləri əvvəlcə insidenti gizlətməyə cəhd etmiş, hadisə yerinə dərhal təcili yardım çağırılmamışdır. Baş Prokurorluq bu insidentlə bağlı cinayət işi açmış və məktəb direktoru ev dustaqlığı ilə cəzalandırılmışdır. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsi məktəb direktorunun iki il iki həftə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarmış və ona Elina Hacıyevanın anasına 18,500 manat (10,900 dollar) məbləğində kompensasiya ödəmək barədə göstəriş vermişdir.

Erkən və məcburi nikahlar: UNİSEF-in 2019-cu il üzrə Dünyada uşaqların vəziyyətinə dair hesabatına əsasən, ölkədəki qızların 11 faizi 18 yaşından tez ailə qurmuşdur. Qanuna əsasən qızlar üçün nikah yaşı 18, yerli icra hakimiyyət orqanlarının icazəsi olduqda isə 17 yaş müəyyən edilib.  Qanunda o da qeyd olunur ki, oğlanlar 18 yaşında ailə qura bilərlər.   Qafqaz Müsəlmanları İdarəsi tərəfindən İslam dinində də göstərildiyi kimi nikah üçün minimum yaş həddi 18 olaraq müəyyən edilmişdir. İyul və avqust aylarında mətbuatda Zaqatalada ailəsi tərəfindən yaşlı bir adamla nikaha girməyə məcbur edilən 17 yaşlı qızın intihar etməsi ilə bağlı məqalələr dərc olunmuşdur.

Apreldə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahların qarşısının alınması üçün Sumqayıt, Masallı və Abşeron ərazisində maarifləndirmə kampaniyaları həyata keçirmişdir.

Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxsləri nikaha məcbur etmə əməlinə görə 3,000 – 4,000 manat (1,770 – 2,360 ABŞ dolları) cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Dini nikah şərtlərinə uyğun olaraq (kəbinlə) ailə quran qızların vəziyyəti xüsusi narahatlıq doğurmuşdur, çünki bu cür nikahlar dövlət nəzarətindən kənarda qalır və dini nikahla ailə quran qızlar boşanma zamanı hüquqlarının tanınması üçün “həyat yoldaşı” statusu qazanmır.

Uşaqların cinsi istismarı: Yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə (o cümlədən əxlaqsız əməllərə) cəlb olunmasına görə səkkiz ilə qədər həbs cəzası nəzərdə tutulur. Qanunvericilikdə pornoqrafiya, onun istehsalı, yayılması və ya reklam edilməsinə görə üç il azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmaya görə isə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qarşılıqlı razılıqla cinsi əlaqə üçün minimum yaş həddi 16-dır.

Hüquq mühafizə orqanları uşaqlara qarşı seksual xarakterli zorakılıq hallarını təqib etmişdir. Məsələn, iyulun 26-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Elsevər Malikovun yetkinlik yaşına çatmayan şəxslərlə seksual xarakterli əlaqəyə girməsinə görə həbs olunduğunu açıqlamışdır.

Məcburi köçkünlərin uşaqları: Məcburi köçkünlərlə iş üzrə cəmiyyətlərə hökumətin yatırdığı əhəmiyyətli investisiya nəticəsində çoxsaylı məcburi köçkün ailələrində standartlara cavab verməyən şəraitdə yaşayan və məktəbə gedə bilməyən uşaqların problemi xeyli yüngülləşmişdir. Vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin dediklərinə görə, oğlan və qızlar bəzən fahişəlik və küçə dilənçiliyinə cəlb edilmişdirlər.

Beynəlxalq uşaq oğurluğu: Ölkə “Beynəlxalq uşaq oğurluğunun mülki aspektləri”nə dair 1980-ci il Haaqa Konvensiyasına qoşulmamışdır.  Bax: Dövlət Departamentinin “Valideynlər tərəfindən beynəlxalq uşaq oğurluğu” haqqında illik hesabatı

https : //travel. state. gov/content/travel/en/International -Parental-Child- Abduction/for-providers/legal-reports-and-data/reported-cases.html.

Anti-semitizm

Hesablamalara görə ölkədə Yəhudi icmasından olan insanların sayı 20,000 – 30,000 nəfər təşkil etmişdir və heç bir anti-semitizm faktı qeydə alınmamışdır.  .

İnsan alveri

Bax: Dövlət Departamentinin “İnsan alveri” haqqında hesabatı https://www.state.gov/trafficking-in-persons-report/.

Sağlamlıq imkanları məhdud şəxslər

Qanunla fiziki, hissetmə, zehni və əqli qüsurlu insanlara qarşı ayrı-seçkilik qadağan edilsə də, hökumət bu müddəaların effektiv şəkildə icrasını təmin etməmişdir. 2018-ci ilin may ayında parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul etmişdir. Bu qanunda təhsil, məşğulluq, sosial müdafiə və ədliyyə sahələrinin əlçatanlığının təkmilləşdirilməsi və siyasi həyatda iştirak hüququ nəzərdə tutulurdu.

Geniş yayılmış düşüncəyə görə fiziki qüsurlu uşaqların hamısı xəstədir və onları digər uşaqlardan ayırmaq, institusionallaşdırmaq lazımdır. Yerli QHT-nin verdiyi məlumata görə, ölkədə təxminən 60.000 sağlamlıq imkanları məhdud uşaq var, onların 6.000-dən 10.000-ə qədəri xüsusi təhsil müəssisələrində, yerdə qalanı isə ya evdə təhsil alır, ya da ümumiyyətlə təhsil almır. Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki qüsurlu uşaqların, xüsusilə ibtidai təhsil səviyyəsində normal sinif otaqlarında təhsil prosesinə inteqrasiyasını artırmaq məqsədilə addımlar atmışdır.

Belə insanların ictimai və digər binalara girişini, habelə informasiya və kommunikasiya vasitələrinə əlçatanlığını təmin edən heç bir qanun yoxdur və binaların əksəriyyəti onlar üçün əlçatan olmamışdır. Əqli və digər qüsurları olan insanlar üçün nəzərdə tutulmuş obyektlərdə yaradılan şərait eyni olmamışdır. Bəzən ixtisaslı kadrlar, avadanlıqlar və ləvazimatlarla bağlı çatışmazlıq mövcud olmuşdur.

İl ərzində hökumət Bakının mərkəzi küçələrinin çoxunun əlil arabalarının hərəkəti üçün uyğun olmasını təmin etmək üçün tikinti layihələrini maliyyələşdirməyə davam etmişdir.

Milli/irqi/etnik azlıqlar

Erməni əsilli vətəndaşlar sərhəd keçid məntəqələrində əlavə yoxlanışa məruz qalmış, bəzən isə onların ölkəyə girişinə icazə verilməmişdir. İnsan hüquqları fəallarının sözlərinə əsasən, bütün nəsillər ermənilərə qarşı nifrət aşılayan çıxışları dinləyərək böyüyüblər. Cənubda talışlar, şimalda ləzgilər də daxil olmaqla bəzi qruplar hökumət tərəfindən öz dillərində rəsmi dərsliklərlə təmin olunmadıqlarını bildirmişlər.

Cinsi oriyentasiya və cinsi mənsubiyyətə görə zorakılıq, ayrı-seçkilik və digər pis rəftar halları

Ayrı-seçkilik əleyhinə qanun mövcud olsa da, burada lezbiyan, gey, biseksual, transseksual və interseksual (LGBTI) şəxslər xüsusi olaraq vurğulanmır.

Fevralda AİHM 2017-ci ildə LGBTİ cəmiyyətində aparılan polis reydləri ilə bağlı rəsmi istintaq həyata keçirməyə başlamışdır. Reydlər nəticəsində gey və ya biseksual olan 83 kişi, eləcə də transseksual qadınlar həbs olunmuş və saxlanmışdır. Kütləvi informasiya vasitələri və hüquq müdafiəçiləri polislərin rüşvət almaq və digər gey kişilər barəsində məlumat əldə etmək məqsədilə təcridxanada saxlanan şəxsləri döydüklərini və onlara elektrik şoku verdiklərini qeyd etmişdir. 30 günədək təcridxanada qaldıqdan və ya 200 manata qədər (118 ABŞ dolları) cərimə olunduqdan (və ya hər ikisinin tətbiqindən) sonra saxlanılan şəxslər azadlığa buraxılmışdır. 2018-ci ildə reydlərin bəzi qurbanları AİHM-ə mövcud vəziyyətlə bağlı şikayət ünvanlamışdır.

1 və 2 aprel tarixlərində polis ən azı 14 transgender seks işçisini saxlamış və onları tibbi müayinədən keçməyə məcbur etmişdir. Hakimiyyət orqanları bu şəxslərin bəzilərini cərimələmiş, digərlərini isə xırda xuliqanlıqda ittiham edərək 10 və ya 15 gün inzibati həbs cəzasına məhkum etmişdir. Beynəlxalq qalmaqaldan sonra aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olanları azad etmişdir.

Yerli QHT-nin məlumatına görə cinsi oriyentasiyasına görə insanlara qarşı polis zorakılığı ilə müşayiət olunan çoxsaylı insident yaşanmış, lakin hüquq mühafizə orqanları bu kimi halların baş verməsinə məsul olanlarla bağlı nə araşdırma aparmış nə də onları cəzalandırmışdır.  Həmçinin bildirilir ki, hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr aparılan zaman gey olduğu təsdiqlənən və ya güman edilən kişilərdə rektal müayinələr aparılır və psixi xəstə olduqları əsas gətirilərək onlar hərbi xidmət üçün yararsız hesab olunur. Eyni zamanda, LGBTI şəxslərin ailə daxilində zorakılığa məruz qalması, öz ailə üzvləri tərəfindən saxlanılaraq və evdən çölə buraxılmamaları ilə bağlı məlumatlar qeydə alınmışdır. LGBTI şəxslərə qarşı nifrət aşılayan çıxışlar, şəxsi internet hesablarında – “Facebook” səhifələrində ədavət xarakterli məlumatların yayılması kimi faktlar da mövcud olmuşdur.

Fəalların sözlərinə görə, cinsi azlıqların nümayəndəsi olan şəxslərin cinsi oriyentasiyası aşkar olunduqda onlar əksər hallarda işdən azad olunurlar.

Ümumiyyətlə, cinsi azlıqlar sosial stiqma və təzyiqdən qorxduqlarına görə hüquq mühafizə orqanlarına ayrı-seçkilik və pis rəftarlarla bağlı rəsmi şikayət ünvanlamaqdan imtina etmişdirlər. Fəallar polislərin cinsi azlıq nümayəndələrinə qarşı törədilmiş cinayətlərin araşdırılmasına etinasız yanaşdığını bildirmişlər.

İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS): sosial stiqma

Vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatına görə, ölkədə İİV və QİÇS-ə yoluxmuş insanlara qarşı cəmiyyət ayrı-seçkilik münasibəti bəsləyir. Hökumət LGBTI icmasına təsir edən sağlamlıq məsələləri ilə məşğul olan QHT-ni maliyyələşdirməyə davam etmişdir.

Bölmə 7. İşçilərin hüquqları

  1. Birləşmə azadlığı və kollektiv sövdələşmə hüququ

Qanun müstəqil həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququnu təmin edir. Polislərin, hərbçilərin və rəhbər vəzifə tutan şəxslərin həmkarlar ittifaqlarına qoşulması qadağan edilmişdir. Qanun işçilərə kollektiv şəkildə sövdələşmə aparmaq hüququ versə belə, həmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş şəraiti kimi məsələlərlə bağlı effektiv danışıqlar apara bilməmişdir, çünki əksər dövlət müəssisələrini hökumət tərəfindən təyin edilən rəhbərlər idarə etmiş və hökumət işçilərinin əmək haqları da dövlət tərəfindən müəyyən olunmuşdur.

Qanun özəl sektorun işçilərinin əksəriyyətinə qanuni tətil etmək hüququ versə də, dövlət qulluqçularına tətil etməyi qadağan edir. Aşağıda göstərilən işçi kateqoriyalarına tətil keçirmək qadağan edilmişdir: icraedici və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir yolu və hava nəqliyyatına nəzarət işçiləri.

Qanun həmkarlar ittifaqlarına və əmək fəallarına qarşı ayrı-seçkiliyi qadağan edir və həmkarlar ittifaqı ilə bağlı fəaliyyətinə görə işdən azad olunan işçilərin işə bərpa edilməsini tələb edir. Bununla yanaşı, tətil iştirakçılarına qarşı işdən xaric olunma və ya yeni işçi ilə əvəz olunma kimi cəzalandırma tədbirlərinin görülməsi qanunla qadağan edilir. Lakin tətil zamanı nəqliyyat vasitələrinin hərəkətinə mane olan işçilər üç ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.

Hökumət birləşmə azadlığı və kollektiv sövdələşmə haqqında qanunların effektiv şəkildə icrasını təmin etməmişdir. Qanun pozuntularının qarşısını almaq üçün inzibati cəzalar kifayət etməmişdir. İnzibati və məhkəmə prosedurlarında uzunmüddətli gecikmələr və şikayətlər qeydə alınmışdır. Həmkarlar ittifaqı yaratmaq və ittifaqın fəaliyyətini təmin etmək hüquqları üzərində yüksək bürokratik nəzarət tədbirləri kimi bir sıra məhdudiyyətlər mövcud olmuşdur.

İttifaqların bir çoxu müstəqil deyil və jurnalistlərin birləşdikləri ittifaqlar istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx bağlı olmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə həmkarlar ittifaqı konfederasiyasıdır. AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, hökumətlə yaxından əlaqəli fəaliyyət göstərmişdir. AHİK-nın məlumatına görə Konfederasiya 27 sektordan 1.2 milyon üzvü təmsil etmişdir. Həm yerli, həm də beynəlxalq QHT-lərin bildirdiyinə görə əksər sənaye sahələrində çalışan işçilər öz hüquqlarından bixəbər olmuş və şikayət etdikləri zaman təqib olunacaqlarından qorxmuşlar. Bu hal xüsusilə dövlət sektorunda çalışan işçilərə şamil olunmuşdur.

Kollektiv müqavilələr bir çox hallarda formal xarakter daşımış və icra olunmamışdır. Əmək hüququ bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli sazişlərin şərtlərini müzakirə etməklə transmilli korporasiyaları əmək qanunvericiliyinin tələblərini yerinə yetirməkdən azad edə bilər. Məsələn, hökumətlə transmilli enerji korporasiyaları arasında imzalanan hasilatın pay bölgüsü üzrə sazişlər işçinin həmkarlar ittifaqında iştirakını təmin etmir. Qanun işəgötürənlərin kollektiv sövdələşmə prosesinə əngəl olmasını qadağan etsə də, işəgötürənlər kollektiv sövdələşmənin səmərəliliyini azaldan fəaliyyətlərdə (məsələnə, subpodratçılıq, qısa müddətli əmək müqavilələrindən istifadə etmək) iştirak etmişlər.

Dövlət Neft Şirkətinin 50,000 işçisindən Neft və Qaz Sənayesi İşçilərinin İttifaqına qoşulmaq tələb olunmuş və onların həmkarlar ittifaqına üzvlük haqqı dövlət orqanları tərəfindən avtomatik olaraq əməkhaqlarından tutulmuşdur. Formal iqtisadiyyatda nüfuza malik olan dövlət müəssisələrinin əksəriyyəti işçilərin əməkhaqlarından üzvlük haqqı tutmuş, amma bu haqlar həmkarlar ittifaqlarına çatmamışdır. İşəgötürənlər rəsmi şəkildə neftçilərin həmkarlar ittifaqlarına toplanan üzvlük haqqının dörddə birini ittifaqın fəaliyyəti üçün “inzibati xərclər”ə çıxmışdır. İttifaqlar və onların üzvləri işəgötürənlərin üzvlük haqlarını necə və hara xərclədiklərini araşdırmaq üçün hər hansı bir vasitəyə sahib olmamışdır.

  1. Məcburi və ya icbari əməyin qadağan olunması

Müharibə və ya dövlət orqanının nəzarəti altında məhkəmə qərarlarının icrası kimi hallar istisna olmaqla məcburi və ya icbari əməyin bütün formaları qanunla qadağan olunur. Qanun pozuntularına görə cərimələr, o cümlədən azadlıqdan məhrumetmə ümumilikdə bu halların qarşısını almağa kifayət edir. Hökumət tərəfindən qüvvədə olan qanunvericiliyin effektiv şəkildə icrası təmin olunmamışdır. Resurslar və yoxlamalar adekvat olmamışdır. Bu, qismən bütün növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumun mövcud olması ilə əlaqədardır.

Cinayət Məcəlləsinin bir çox müddəasında siyasi baxışlar və ya müəyyən siyasi, sosial və ya iqtisadi sistemə qarşı ideoloji cəhətdən əks fikirlərin ifadə olunması ilə bağlı cəza tədbiri kimi məcburi əməyin tətbiq edilməsi nəzərdə tutulur. 2018c- ildə Beynəlxalq Əmək Təşkilatının Ekspertlər Komitəsi, jurnalistlərin, bloqqerlərin, hüquq müdafiəçilərinin və tənqidi fikir səsləndirən digər bu kimi şəxslərin siyasi motivli şübhəli ittihamlarla məsuliyyətə cəlb olunması üçün Cinayət Məcəlləsinin müxtəlif müddəalarının tətbiq edilməsindən narahatlığını ifadə etmiş və bildirmişdir ki, bu, uzunmüddətli islah işləri və ya həbs cəzasına səbəb olmuş və hər ikisində məcburi əmək tətbiq olunmuşdur.

İl ərzində işçilərin kənd təsərrüfatı və tikinti sektorunda icbari əməyə məruz qaldığı, uşaqların dilənməyə məcbur edildiyi və məcburi ev qulluqçuluğu barədə məlumatlar da əldə olunmuşdur. 2018-ci ildə Daxili İşlər Nazirliyi 450 uşağın öz valideynləri tərəfindən küçələrdə dilənməyə məcbur edildiyini bildirmişdir. Bəzi uşaqlar istismar vəziyyətindən çıxarılsa da, ümumiyyətlə, bu, cinayət cinayəti deyil, ailə problemi kimi qəbul edilmişdir.

Bax: Dövlət Departamentinin “İnsan alveri” haqqında hesabatı https://www.state.gov/trafficking-in-persons-report/.

  1. Uşaq əməyinin qadağan olunması və əmək fəaliyyəti ilə məşğul olmaq üçün minimum yaş həddi

Bir çox hallarda Qanun 15 yaşından etibarən uşaqların əmək fəaliyyəti ilə məşğul olmasına icazə verir. 14 yaşlı uşaqlar ailə təsərrüfatında və ya valideynlərinin razılığı ilə gündüz saatlarında məktəbdən sonra onların sağlamlığına təhlükə törətməyən işlərdə çalışa bilərlər. 16 yaşdan aşağı uşaqlar həftədə 24 saatdan, 16-17 yaş arası uşaqlar isə həftədə 36 saatdan çox olmamaqla əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 18 yaşına çatmayan uşaqların ağır və təhlükəli iş şəraitdə çalışması qanunla qadağan olunur və uşaqların çalışmasının qadağan edildiyi sahələr qanunla müəyyən edir. Buraya zərərli maddələrlə və yer altında olan işlər, habelə gecə saatlarında, kömür mədənlərində, gecə klublarında, barlarda, kazinolarda və spirtli işçilərin təqdim olunduğu digər müəssisələrdə olan işlər daxildir.

Hökumət tərəfindən uşaq əməyini qadağan edən və minimum yaş həddini müəyyən edən qanunların icrası səmərəli formada təmin olunmamışdır. Hökumət növbəti və növbədənkənar yoxlamalar üzrə moratorium tətbiq etdiyinə görə uşaq əməyi üzrə qanunların effektiv şəkildə icrası mümkün olmamışdır. Resurslar və yoxlamalar adekvat səviyyədə olmamış, qanun pozuntularına görə cəzalar, o cümlədən cərimələr heç də hər zaman bu kimi halların baş verməsinin qarşısını almamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yalnız şikayət əsasında yoxlamalar aparmağa icazə verilmişdir. 2018-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinə keyterinq sənayesində uşaq əməyinin istismarı ilə bağlı beş şikayət daxil olsa da, bu məsələ ilə bağlı əlavə tədbirlər görülməmişdir.

İl ərzində uşaq əməyinin istismarı ilə bağlı az şikayət qeydə alınmış, buna baxmayaraq kənd təsərrüfatında, restoran və şadlıq evlərində uşaq əməyi, məcburi dilənçilik, küçə işi, o cümlədən bazarda, avtodayanacaq və avtoyuma məntəqələrində iş, həmçinin ölkənin hər yerində yol kənarlarında meyvə və tərəvəzlərin satışı üzrə uşaq əməyindən istifadə barədə ayrı-ayrı məlumatlar da verilmişdir. Kənd təsərrüfatında uşaqların meyvə və tərəvəz və pambıq istehsalı və daha az dərəcədə çay və düyü istehsalı ilə məşğul olması barədə də məlumatlar yer almışdır. Həmçinin, uşaqların gəlir məqsədilə cinsi istismara məruz qalması ilə bağlı məlumat verilmişdir (bax: bölmə 6- Uşaqlar və bölmə 7 b.).

Bax: Əmək Departamentinin “Uşaq əməyinin ən pis formaları” adlı hesabatının nəticələri  https://www.dol.gov/agencies/ilab/resources/reports/child-labor/findings, və Əmək Departamenti tərəfindən tərtib olunan Uşaq Əməyi və ya Məcburi Əmək sayəsində istehsal olunan malların siyahısı https://www.dol.gov/agencies/ilab/reports/child-labor/list-of-goods.

  1. İşə qəbul və məşğulluqla əlaqədar ayrı-seçkilik

İşə qəbul və məşğulluqla bağlı ayrı-seçkilik qanunla qadağan olunsa da, hökumət tərəfindən bu qanunun effektiv şəkildə icrası hər zaman təmin edilməmişdir. Müxtəlif maddələr və qanunlarda məşğulluqla bağlı ayrı-seçkiliyə görə cərimələr nəzərdə tutulsa da, bu cərimələr ayrı-seçkiliyin bütün formalarının qarşısını effektiv şəkildə ala bilməmişdir.

Qanun qadınların təhlükəli işlərdə, məsələn, yeraltı kömür mədənlərində çalışmasını istisna edir. Bu vəzifələrin bir çoxu qadınlara həmin sənaye sahələrində işləməyə icazə verilən vəzifələrin əksəriyyətindən daha yüksək olmuş və daha yüksək maaşla təmin olunmuşdur.

İşəgötürənlər, ümumiyyətlə, fiziki qüsurlu insanları işə götürməyə tərəddüd etmişlər və iş yerlərinə giriş məhdudlaşdırılmışdır. İşə qəbul və məşğulluq zamanı cinsi oriyentasiyaya görə ayrı-seçkilik halları da mövcud olmuşdur. Cinsi azlıq nümayəndələrinin məlumatına görə, işəgötürənlər cinsi oriyentasiyasına görə insanları qanuni olaraq işdən xaric edə bilmədiklərinə görə onları işdən azad etmək üçün digər səbəblər tapırlar. Qadınlar yüksək vəzifələrdə, habelə aparıcı işgüzar sahələrdə daha az təmsil olunmuşlar. Ənənəvi fəaliyyətlər kənd yerlərində qadınların iqtisadi imkanlar əldə etməyini məhdudlaşdırmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda qadınların orta aylıq əmək haqqı məbləği kişilərin orta aylıq əmək haqqı məbləğinin 53.8 faizinə bərabər olmuşdur.

  1. Məqbul iş şəraiti

Ölkə üzrə minimum əmək haqqı 1 mart, daha sonra isə 1 sentyabr tarixində artırılaraq 1 yanvar tarixində artan yoxsulluq səviyyəsindən (minimum yaşayış həddi) yüksək olmuşdur. Ekspertlərin bildirdiyinə görə “Minimum əmək haqqı haqqında” Qanunun tələblərinə hökumət müəssisələri əməl etsələr də, kölgə iqtisadiyyatında bu tələblərə məhəl qoyulmamışdır. Qanunvericiliyə əsasən, cinsindən, yaşından və digər mənsubiyyətindən asılı olmayaraq bərabər işə görə işçilərə bərabər məbləğdə əmək haqqı verilməlidir. Bununla belə, qadınlara ödənilən əmək haqqı kişilərin aldığı əmək haqqından aşağı olmuşdur.

Qanunla 40 saatlıq iş həftəsi müəyyən edilir. Təhlükəli işlərdə çalışan işçilər həftədə 36 saatdan artıq işləyə bilməzlər. Yerli şirkətlərin qanunla tələb olun artıq iş saatına görə minimum kompensasiya verib-verməməsi barədə məlumat olmasa da, beynəlxalq şirkətlər, ümumilikdə, qanunun bu tələbinə əməl etmişdir. İşdən əlavə vaxtda məcburi şəkildə həddindən artıq işlədilmək qadağan olunmamışdır. Qanunla əcnəbi və yerli işçilərin hüquqlarının bərabər olması nəzərdə tutulur.

Hökumət tərəfindən məqbul iş şəraiti haqqında qanunun effektiv şəkildə icrası təmin edilməmiş və mövcud cəza tədbirləri pozuntuların qarşısının alınması üçün kifayət səviyyədə olmamışdır.

2017-ci ildə hökumət növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumu 2021-ci ilə qədər uzatmışdır.  Müfəttişlərə şikayət əldə etdikdən sonra özəl sektor və dövlət mülkiyyətində olan iş yerlərini yoxlamağa icazə verilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində hər hansı yoxlama barədə məlumat verməmişdir. Məlumata görə, nazirlik müfəttişləri tam tərkibdə saxlamışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi tərəfindən iş yerlərində həyata keçirilən yoxlamalar moratorium səbəbindən zəif və səmərəsiz olmuşdur. Qanunla sağlamlıq və əməyin təhlükəsizliyi standartları müəyyən olunsa belə, işəgötürənlər bu standartlara məhəl qoymamışdır. Tikinti və neft-qaz sektorlarında məqbul iş şəraitinin təmin olunması ilə bağlı qanun pozuntuları problem olaraq qalmışdır.

Yerli insan hüquqları qrupları, o cümlədən neft-kimya sənayesi üzrə insan hüquqlarını müdafiə edən QHT-nin – Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı bildirib ki, işəgötürənlər, xüsusilə xarici neft şirkətləri heç də hər zaman əcnəbi və yerli işçilərə eyni münasibət göstərmir. Məlumata görə xarici neft şirkətlərində çalışan yerli işçilərin əməkhaqqı məbləği bir çox hallarda aşağı olmuş və onlar əmək müqaviləsi, tibbi sığorta olmadan fəaliyyətə cəlb olunmuşlar. Xarici neft şirkətlərinin yerli əməkdaşlarının sözlərinə görə onlara əlavə iş saatlarına görə əmək haqqı və məzuniyyət haqqı ödənilməmiş, bununla da Əmək Məcəlləsinin tələblərini pozulmuşdur.

Rəsmi statistikaya görə, bir il ərzində neft-qaz sektorundan altı işçi olmaqla ümumilikdə istehsalatda 63 işçi dünyasını dəyişmişdir. İşçilər onların sağlamlığını və təhlükəsizliyini risk altında qoyan şəraitdə çalışmaqdan imtina edə bilməzlər, çünki belə olan halda onların məşğulluğunu təmin edən hüquqi müdafiə vasitəsi mövcud deyil. İyulun 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçi Seymur Vəlixanovun dünyasını dəyişməsi barədə məlumat vermiş və onun vanna otağında yıxılıb başından zədə alması nəticəsində öldüyünü bildirmişdir. KİV-də yayılan məlumatlara görə, Vəlixanov əslində içərisində turşu olan vedrənin aşaraq onun baş və boyun nahiyəsinə dəyməsi nəticəsində dünyasını dəyişmiş və SOCAR mərhumun ailəsinə kompensasiya ödəməmək üçün insidentin əsl səbəbini ört-basdır etmişdir.