Azərbaycanda İnsan hüquqları vəziyyətinə dair hesabat – 2020

QISA İCMAL

Azərbaycan Konstitusiyası prezident respublikası idarəetməformasını nəzərdə tutur. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Prezidentlik məhkəmə və qanunvericilik hakimiyyətlərini üstələməklə, hakim mövqeyə malik hakimiyyət qoludur. Fevral ayının 9-da Milli Məclisə seçkilər keçirilmişdir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Seçki Müşahidə Missiyası Milli Məclisə seçkilərin və 2018-ci il prezident seçkilərinin həqiqi rəqabətliliyin qarşısını alan məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və siyasi mühitdə baş tutduğu qənaətinə gəlmişdir.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ölkədə daxili təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyır və birbaşa prezidentə tabedirlər. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət edir. Nazirliyin tabeçiliyində Daxili Qoşunlar fəaliyyət göstərir. Dövlət Təhlükəsizlik Xidməti daxili məsələlərə görə cavabdehlik daşıyır, Xarici Kəşfiyyat Xidməti isə xarici kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri ilə bağlı məsələləri həll edir. Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti miqrasiya məsələləri və sərhəd mühafizəsinin təmin edilməsi ilə əlaqəli fəaliyyətləri həyata keçirirlər. Mülki hakimiyyət təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarət həyata keçirmişdir. Təhlükəsizlik qüvvələrinin üzvləri bəzi qanun pozuntusu hallarına yol vermişlər.

 

27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan, Ermənistan və Ermənistan tərəfindən dəstəklənən separatçılar arasında baş vermiş 44 günlük intensiv döyüşlər zamanı bütün tərəflər çoxsaylı qurbanlar və törədilmiş vəhşiliklər barədə məlumat vermişlər. Türkiyənin dəstəyi ilə Azərbaycan 1994-cü ildən etibarən separatçıların nəzarətində olan dörd ətraf rayon üzərində nəzarəti bərpa etdikdən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə 9 noyabr bəyanatı imzalandı. Nəticədə, Azərbaycan sülh yolu ilə daha üç rayon üzərində nəzarəti bərpa etdi, həmçinin regiona Rusiya sülhməramlıları gətirildi. Dağlıq Qarabağın yekun statusu məsələsi 1995-ci ildən etibarən ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Fransa və Rusiya) tərəfindən beynəlxalq vasitəçiliyin əsas mövzusu olmuşdur. 12-16 iyul tarixlərində Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədin Tovuz rayonu ərazisi boyunca hərbi gücdən istifadə halları baş vermişdir. 27 sentyabr tarixində hərbi əməliyyatların başlamasının ardınca hökumət tərəfindən elan olunan və 28 sentyabr – 12 dekabr tarixləri arasındakı dövrü əhatə edən hərbi vəziyyət zamanı ölkədə hərəkət və informasiyaya çıxış imkanları məhdudlaşdırılmışdır.

 

Əhəmiyyətli insan hüquqlarının pozulması ilə bağlı hallar arasında qanunsuz və ya qəsdən törədilmiş qətllər, işgəncə, qanunsuz həbslər, cəzaçəkmə müəssisələrində mövcud olan ağır və həyat üçün təhlükəli şərait, siyasi məhbuslar, şəxsi həyata zorakı müdaxilə, ölkə xaricində yaşayan şəxslərə qarşı siyasi motivli təzyiq tədbirləri, məhkəmə müstəqilliyinin olmaması, ifadə, mətbuat və internet azadlığının məhdudlaşdırılması, eləcə də jurnalistlərə qarşı amansız rəftar, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin şübhəli ittihamlarla təqibi və həbs olunması, vebsaytların bloklanması, dinc toplaşmaq hüququndan istifadəyə ciddi müdaxilələrin olunması, hərəkət azadlığının məhdudlaşdırılması, siyasi iştirakla bağlı ciddi məhdudiyyətlərin tətbiq olunması, dövlət aparatında korrupsiyanın sistemli hal alması, şəxslərin cinsi oriyentasiya zəminində polis zorakılığına məruz qalması, uşaq əməyinin istismarının ən pis formaları qeydə alınmışdır. Hökumət bu halları aradan qaldırmaq üçün ciddi səy göstərməmişdir. Dağlıq Qarabağda silahlı münaqişə ilə əlaqədar olaraq, qanunsuz qətllər, mülki əhali arasında itkilərin olması və qeyri-insani rəftar kimi əhəmiyyətli insan hüquqlarının pozulması halları qeydə alınmışdır.

 

Hökumət insan hüquqlarını pozan əksər məmurları cəzasız qoymuşdur. Cəzasızlıq problemi aradan qaldırılmamışdır.

 

Bölmə 1. Şəxsin toxunulmazlıq hüququna hörmət:

 

a.  Qəsdən həyatdan məhrum etmə və digər qeyri-qanuni və ya siyasi qətllər

 

Hökumət və ya dövlət orqanları tərəfindən qəsdən və ya qeyri-qanuni qətllərin törədildiyini göstərən məlumatlar qeydə alınmışdır.

 

Baş Prokurorluq təhlükəsizlik xidmətləri tərəfindən törədilmiş qətllərin əsaslandırılmış olmasını araşdırmaq və cinayət işi qaldırmaq hüququna malikdir.

 

Cəzaçəkmə müəssisələrində qəsdən və ya qanunsuz qətllərin törədilməsi barədə məlumatlar gəlməkdə davam etmişdir. Məsələn, noyabrın 9-da talış əsilli tarixçi və fəal Fəxrəddin Abbasovun Qobustan həbsxanasında şübhəli şəraitdə ölməsi barədə məlumat verilmişdir. Həbsxana rəhbərliyi onun intihar etdiyi barədə açıqlama vermişdir. Verilən məlumata görə, oktyabrın 13-də o, həyatının təhlükədə olduğunu bildirmiş, gələcəkdə ölümünün özünə qəsd kimi qələmə verilməsinə inanmamaları barədə ailə üzvlərini və tərəfdarlarını xəbərdar etmişdir. Bir çox hüquq müdafiəçiləri də intiharın onun dini baxışlarına zidd olduğunu qeyd etmişlər.

 

Azərbaycan, Ermənistan və Ermənistan tərəfindən dəstəklənən separatçılar arasında baş vermiş 44 günlük intensiv döyüşlər zamanı qanunsuz qətllər, o cümlədən, kütləvi qətllər və mülki əhali arasında itkilərin olması barədə əsaslı məlumatlar daxil olmuşdur (bax: 1.b., 1.c., 1.d., 2.a., 5, və 6 bölmələrinə və 2020-ci il üzrə Ermənistanda insan hüquqlarının vəziyyətinə dair hesabat). Tərəflər Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək bir-birini vəhşiliklər törətməkdə ittiham etmişlər. İşlərə AİHM tərəfindən baxılmaqdadır.

 

Oktyabr ayının əvvəllərində sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin Hadrut qəsəbəsində saxlanılmış iki ermənini alçaltdığını və qətlə yetirdiyini əks etdirən iki video görüntü yayılmışdır. Oktyabrın 15-də həmin video görüntülər “Bellingcat” nəşrinin, BBC-nin və Atlantik Şurasının Rəqəmsal Kriminalistika Araşdırma Laboratoriyasının (DFRL) müstəqil ekspertləri tərəfindən həqiqi olaraq tanınmışdır. Erməni tərəfi qurbanların Banik Hakobyan (73 yaş) və Yuri Adamyan (25 yaş) adlı dinc sakinlər olduğunu müəyyən etmişdir. DFRL və “Bellingcat” nəşrinin rəqəmsal kriminalistika araşdırması video görüntülərin həqiqi olduğu qənaətinə gəlmiş və onların Dağlıq Qarabağ ərazisində yerləşən Hadrut qəsəbəsində çəkildiyini, həmin şəxslərin rus və Azərbaycan dilində danışan və Azərbaycan SQ-yə məxsus hərbi geyim formasında olan şəxslər tərəfindən əsir götürüldüyünü qeydə almışdır. Atlantik Şurası və “Bellingcat” nəşrinin araşdırmasına əsasən video görüntülərdəki hərbçilərdən birinin başında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri üçün səciyyəci beret görünür. Hökumət bu görüntülərin saxta olduğunu bəyan etmişdir.

 

Digər səs-küylü nümunəyə əsasən, “Amnesty International” təşkilatının dekabrın 10-da yaydığı açıqlamada deyilir ki, sosial şəbəkələrdə yayılmış onlarla video görüntüdən 22-si təsdiq edilmişdir. Həmin video görüntülərdə həm azərbaycanlılar, həm də etnik ermənilər tərəfindən törədilmiş vəhşiliklər qeydə alınmışdır. “Amnesty International” təşkilatının hesabatında yer alan bu 22 video görüntü arasında azərbaycanlı əsgərlər tərəfindən iki etnik erməninin başının kəsilməsi görüntüləri də var. Video görüntülərdəki hərbçilərdən biri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri üçün səciyyəvi olan beret geyib. Təşkilat hər iki tərəfi “hərbi cinayət” hesab etdiyi bu hərəkətləri araşdırmağa çağırıb.

 

Həm Azərbaycan silahlı qüvvələrinin, həm də Ermənistan tərəfinin və etnik erməni separatçılarının artilleriya, raket və kasset bombalarından istifadə etməklə, yaşayış məntəqələrini atəşə tutması və mülki infrastruktura zərbələr endirməsi barədə əsaslı məlumatlar daxil olmuşdur. Bu hücumlar mülki əhali arasında ciddi itkilərə səbəb olmuşdur.

 

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağdakı mülki əhalini və mülki infrastrukturu ağır artilleriya, pilotsuz uçan aparatlar (PUA) və aviabombalar, o cümlədən kasset bombaları ilə atəşə tutmuşdur. Azərbaycan hökuməti mülki infrastrukturu atəşə tutması barədə ittihamları rədd etmişdir. Məsələn, “Human Rights Watch” təşkilatı 3 oktyabr və 11 dekabr tarixli bəynatlarında Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda yerləşən yaşayış məntəqələrini davamlı olaraq atəşə tutmasını qınamışdır. Oktyabr ayının 5-də “Amnesty International”ın Böhran vəziyyətləri üzrə mütəxəssisləri oktyabrın əvvəllərində kasset bombalarından istifadə edilməsi ilə bağlı Stepanakert şəhərindən çəkilmiş video görüntülərin həqiqiliyini təsdiq etmiş və verilən məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən istifadə edilmiş İsrail istehsalı olan kasset bombalarını müəyyən etmişdir. Partlamamış sursatın təmizlənməsi ilə məşğul olan “Hazardous Area Life-support Organization” (HALO) beynəlxalq qeyri-hökumət təşkilatı payız hərbi əməliyyatları zamanı Dağlıq Qarabağda mülki infrastruktura zərbə endirmək üçün kasset bombalarından istifadə edildiyini təsdiqləmişdir.

 

Noyabrın 2-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Dağlıq Qarabağ münaqişə zonasında və onun ətrafında yerləşən yaşayış məntəqələrinə davam edən hücumları pisləmişdir. Ali komissar Mişel Baçelet qeyd etmişdir ki, “burada evlər dağıdılıb, küçələr xarabalığa çevrilib, insanlar qaçmaq və ya zirzəmilərdə gizlənmək məcburiyyətində qalıb”.

 

Azərbaycan hökumətinin məlumatına görə, döyüşlərin davam etdiyi müddətdə 98 nəfər mülki şəxsi öldürülmüş və 400-dən çox adam yaralanmışdır. Ermənistan  hökuməti isə, döyüşlərin davam etdiyi müddətdə etnik erməni olan 75 nəfər mülki şəxsin öldürüldüyü, 167 nəfərin yaralandığını barədə məlumat vermişdir.

 

Bundan əlavə, 12-16 iyul tarixlərində Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə qarşılıqlı olaraq ağır silahlardan və dronlardan istifadə edilməklə, zorakılıq halları baş vermişdir. Cəbhə xətti boyunca baş verən mütəmadi atışmalar mülki vətəndaşlar arasında itkilərə səbəb olmuşdur.

 

b.           İtkin düşmə

 

Hökumət orqanları tərəfindən və ya adından hər hansı şəxsin itkin düşməsi ilə bağlı məlumat verilməmişdir.

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli itkin düşmüş şəxslərin işlərini araşdırmış və itkin düşmüş şəxslərin ümumi siyahısını hazırlamaq üçün hökumətlə birlikdə işləmişdir. BQXK-nın məlumatına görə, 1990-cı illərdə aparılmış hərbi əməliyyatlar nəticəsində 4500-ə yaxın azərbaycanlı və erməni itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dekabrın 1-nə olan məlumata görə, 1990-cı illərdə Dağlıq Qarabağda aparılmış hərbi əməliyyatlar nəticəsində 3890 vətəndaş itkin düşmüşdür. Bunlardan 719 nəfəri mülki vətəndaşlardır. Dekabrın 15-də BQXK bəyan etmişdir ki, itkin düşmüş şəxslərin ailələrindən, həmçinin payız hərbi əməliyyatları zamanı itkin düşmüş mülki şəxslərin və hərbçilərin axtarışı ilə bağlı minlərlə zəng və müraciət daxil olmuşdur.

 

c.            İşgəncə və digər qəddar, qeyri-insani və ya təhqiramiz davranış və ya cəza

 

Konstitusiya və Cinayət Məcəlləsində işgəncə və digər amansız rəftarın qadağan olunmasına və bununla bağlı 10 ilədək həbs cəzasının nəzərdə tutulmasına baxmayaraq, bu cür rəftar hallarının baş verməsi ilə əlaqədar əsaslı iddialar irəli sürülmüşdür. Polis orqanlarının təhqiramiz yollara əl atmaqla saxlanılan şəxsləri təqsirli olduqlarını etiraf etməyə məcbur etdikləri və onları ailələrinə, müstəqil vəkillərə və ya müstəqil tibbi yardıma çıxış imkanlarından məhrum etdikləri üçün, kobud rəftar halları əksərən polis nəzarətində olan saxlanılan şəxslərə qarşı qeydə alınmışdır. Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin əsir götürülmüş əsgərlərə və mülki şəxslərə qarşı təhqiramiz davrandıqları barədə əsaslı məlumatlar da daxil olmuşdur.

 

Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin (İQK) 2004-17-ci illər arasında ölkəyə etdiyi altı səfər barəsində dərc etdiyi hesabatlara cavab olaraq hökumət tərəfindən heç bir addım atılmamışdır. Bu hesabatlarda İQK polis və digər hüquq mühafizə orqanları tərəfindən işgəncə və fiziki zorakı davranışın digər formalarının, bütövlükdə hüquq-mühafizə sistemində korrupsiyanın və cəzasızlığın sistemli və kütləvi olaraq qaldığını qeyd etmişdir.

 

Bu il ərzində işgəncə halları ilə bağlı bir neçə əsaslı məlumat yayılmışdır.

 

Məsələn, hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum istiqamətdə aparılmış və burada, partiyanın qanunsuz maliyyələşməsi barədə ifadə almaq məqsədilə döyülmüş və fiziki işgəncələrə məruz qalmışdır. Digər məlumatlara görə, o, hökumət tərəfindən ona qarşı cinayət işi başladıldıqdan sonra köçürüdüyü 1 saylı Bakı İstintaq Təcridxanasında da döyülmüşdür.

 

Hüquq müdafiəçiləri Azərbaycan-Ermənistan sərhədində intensiv döyüşlərin ardınca iyulun 14-dən 15-nə keçən gecə baş tutmuş orduya dəstək yürüşündən (Bax: 2.b. Dinc toplaşmaq azadlığı ilə) sonra həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Seymur  Əhmədov, Ayaz Məhərrəmli, Ramid Nağıyev və Baba Süleymanın da işgəncələrə məruz qaldığını bildirmişlər.

 

Saxlanılan şəxslərin olduqları yer bir neçə gün ərzində naməlum qalmış, onlara vəkilləri və ailə üzvləri ilə görüşmək imkanı verilməmişdir. Saxlanıldıqları uzun müddət ərzində dostlarının, qohumlarının və vəkillərinin onlara baş çəkməsinə icazə verilməmişdir. Müstəqil “Turan” Xəbər Agentliyinın məlumatına görə, həbs edildikdən sonra Qəhrəmanlı 1 saylı Bakı İstintaq Təcridxanasında “ağır işgəncələrə” məruz qalmışdır. Məlumata görə, dövlət orqanlarının təzyiqi altında Qəhrəmanlı öz müstəqil vəkilinin xidmətlərindən imtina etməli olmuşdur. Bir neçə ay ərzində o, ailə üzvlərinə zəng etmək və ya onlarla görüşmək hüququndan məhrum edilmişdir. Ona yalnız bir dəfə, saxlanıldıqdan 10 gün sonra qardaşına qısamüddətli zəng edərək sağ olduğunu bildirmək imkanı verilmişdir. Bu zəng, sosial şəbəkələrdə Qəhrəmanlının istintaq təcridxanasında işgəncələrə məruz qalaraq ölməsi barədə xəbər yayıldıqdan sonra edilmişdir.

 

Ermənistan lehinə casusluqda və dövlətə xəyanətdə ittiham olunaraq 2017-ci ildə həbs edilmiş 100-dən çox Tərtər sakininin işi ilə bağlı da müəyyən irəliləyiş qeydə alınmışdır. Ailə üzvlərinin və hüquq müdafiəçilərinin bildirdiyinə görə, təqsirli olduqlarını etiraf etməyə məcbur etmək məqsədilə ittiham olunan şəxslər dövlət orqanları tərəfindən işgəncələrə məruz qalmış, 9 nəfər işgəncə nəticəsində ölmüşdür. Müstəqil “Turan” Xəbər Agentliyinin məlumatına görə, öldürülənlərdən dörd nəfərinə ölümündən sonra bəraət verilmiş, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə cinayət məsuliyyətinə cəlb edilmiş, mühakimə olunmuş və 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası almışdır. 25 nəfərlə bağlı keçirilmiş qapalı məhkəmə prosesi nəticəsində, onlardan azı 9 nəfəri həbsxana həyatı yaşamaq məcburiyyətindədir ki, onlardan bəziləri 20 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmışdır. Sentyabrın 14-də bu iş üzrə ölmüş və həbs edilmiş bəzi şəxslərin ailə üzvləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərmişlər. Onlar həbsdə olanların azadlığa buraxılmasına, işgəncə nəticəsində ölmüş şəxslərə ölümündən sonra bəraət verilməsinə və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırış etmişlər.

 

Cəzaçəkmə müəssisələrində amansız, qeyri-insani və ya alçaldıcı rəftarla bağlı çoxsaylı əsaslı məlumatlar yayılmışdır. Məsələn, ictimai fəal Fuad İsmayılov 7 mart tarixində Suraxanı rayonu 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyüldüyünü iddia etmişdir. Qohumlarının məlumatına görə, 21 iyun tarixində o, İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində yenidən polislər tərəfindən döyülmüşdür.

 

Mətbuatda Müsəlman Birliyi Hərəkatının sədr müavini, məhbus Abbas Hüseynovla kobud rəftar olunduğu barədə məlumatlar yayılmışdır. Hüseynov karantin qaydaları səbəbindən ailə üzvlərindən ərzaq bağlamalarının alınmasına qadağa qoyulmasına, həmçinin həbsxananın marketində ərzaq məhsullarının qiymətinin yüksək olmasına etiraz olaraq, təxminən 3 həftə ərzində aclıq aksiyası elan etmişdir. Buna cavab olaraq, həbsxana əməkdaşları Hüseynova çimmək və ailə üzvləri ilə əlaqə saxlamaq qadağası qoymuşlar. Həbsxana rəhbərliyi həmçinin onu təknəfərlik kameraya köçürmüşdür.

 

İyunun 8-i səhər saatlarında Bakıda yaşayış binasına reyd zamanı polis tərəfindən ifrat güc tətbiq edilmişdir. Bir gün öncə bina sakinləri COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejimini pozmuş qonşunu həbs etməyə çalışan polis əməkdaşlarına zibil atmışlar. Əməliyyat zamanı polis bəzi saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar etmiş, evdən çıxarılmazdan öncə onların geyinməsinə belə imkan verməmişdir. İyunun 9-da, saxlanılan şəxslərdən biri olan Kənan Süleymanlı polis bölməsində olarkən 5 saat ərzində döyüldüyünü iddia etmişdir. “Radio Free Europe/Radio Liberty”nin (RFE/RL) 10 iyun tarixli məlumatına görə, Süleymanlının vəkili onun ağır döyülməsi ilə bağlı tibbi rəy aldığını bildirmişdir. Süleymanlının sözlərinə görə, 29-cu polis bölməsində onunla birgə saxlanılan 11 nəfərin hamısı döyülmüşdür. Sonradan məhkəmə onlar barəsində 10 gündən 30 günədək müddətə inzibati həbs qərarı çıxarmışdır. İyunun 9-da Süleymanlı barəsində cəza təxirə salınmış və o, səhhəti ilə əlaqədar olaraq azadlığa buraxılmışdır. İyunun 16-da Bakı Appelyasiya Məhkəməsinin qərarı ilə onun barəsində 15 günlük inzibati həbs cəzası cərimə ilə əvəz edilmişdir. Nəticədə, yerli sakini təhqir etdiyinə görə Daxili İşlər Nazirliyi bir polis əməkdaşını işdən azad etmişdir.

 

Məlumata görə, kobud rəftara məruz qaldıqlarını bildirən saxlanılan şəxslər üzərində müstəqil məhkəmə-tibbi ekspertizanın aparılmasına qeyd-şərtsiz qadağa qoyulmuş və onların vəkillə görüşməsi gecikdirilmişdir. Müxalifət nümayəndələri və digər fəallar bu cür təcrübənin polis əməkdaşlarının saxlanılan şəxslərə qarşı cəzasız kobud rəftarına rəvac verdiyini bildirmişlər.

 

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovun hökuməti tənqid etdikdən sonra 2 dəfə zorla Bakıdakı Psixiatriya Xəstəxanasına göndərilməsi barədə əsaslı ittihamlar səsləndirilmişdir. İnsan hüquqları üzrə QHT-lərin məlumatına görə, o, martın 30-da sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etdikdən sonra martın 31-də xəstəxanaya yerləşdirilmişdir. Verilən məlumatlara görə, o, aprelin 1-də xəstəxanadan buraxılmış, lakin siyasi baxışları səbəbindən hakimiyyət tərəfindən zorla psixiatriya xəstəxanasına yerləşdirildiyi barədə sosial şəbəkələrdəki növbəti paylaşımından sonra yenidən xəstəxanaya salınmışdır. Verilən məlumatlara görə, o, iyulun 1-də evə buraxılmışdır.

 

Azərbaycan hərbçilərinin əsir götürülmüş hərbçiləri və mülki vətəndaşları təhqir etməsi barədə əsaslı məlumatlar yayılmışdır (Bax: 2020-ci il üzrə Ermənistanda insan hüquqlarının vəziyyətinə dair hesabat). Məsələn, “Human Rights Watch” təşkilatının 2 dekabr tarixli hesabatında azərbaycanlı hərbçilərin Dağlıq Qarabağda saxlanılmış çoxsaylı etnik erməni hərbçiyə qarşı qeyri-insani rəftar etdiyi barədə məlumat vermişdir. Hesabata əsasən, Azərbaycan hərbçiləri saxlanılan şəxslərə qarşı fiziki güc tətbiq etmiş və alçaldıcı hərəkətlər etmişdir ki, bütün bunlar sosial şəbəkələrdə geniş yayılmış video görüntülərdə öz əksini tapmışdır. “Human Rights Watch” video görüntülərin qeydə alındığı yerləri və vaxtı müəyyən edə bilməsə də, onların oktyabr-noyabr aylarından öncə yayımlanmadığından əminliyini bildirmişdir.

 

“Human Rights Watch” təşkilatı 14 bu cür hadisəni diqqətlə araşdırmış və fiziki zorakılıq görüntülərində qeydə alınan beş saxlanılan şəxsin ailələri ilə əlaqə saxlamışdır. Ailələrdən birinin məlumatına görə, ailəsi oktyabrın 2-də Areq adlı gənclə (19 yaşlı) əlaqəni itirmişdir. Oktyabrın 8-də qohumları ailənin diqqətini Areqin qeydə alındığı 2 video görüntüyə çəkmişlər. Görüntülərdən birində Areqin Azərbaycana məxsus tankın qapağı üzərində uzanması, digərində isə eyni tankın üzərində oturaraq, onu əsir götürmüş şəxsin əmri ilə “Azəbaycan” qışqırması və Ermənistanın baş nazirini təhqir etməsi əks olunmuşdur. “Human Rights Watch”un hesabatına görə, oktyabr ayının ortalarında sosial şəbəkələrdə eyni şəxsin əks olunduğu daha 3 video görüntü yayılmışdır. Video görüntülərin birində, avtomobilin arxa oturacağında oturmuş güllü geyim geymiş və gözləri qara parça ilə bağlanmış Areqin, onu əsir götürmüş şəxsin əmri ilə “Eşq olsun Prezident Əliyevə!”, “Qarabağ Azərbaycandır!” ifadələrini səsləndirməsi və Ermənistan liderini söyməsi əks olunmuşdur.

 

“Amnesty International” təşkilatının dekabrın 10-da yaydığı açıqlamada deyilir ki, sosial şəbəkələrdə yayılmış onlarla video görüntüdən 22-si təsdiq edilmişdir. Həmin video görüntülərdə digər zorakı hərəkətlərlə yanaşı, həm də erməni əsirlər və digər saxlanılan şəxslərə qarşı kobud rəftar qeydə alınmışdır (Bax: 2020-ci il üzrə Ermənistanda insan hüquqlarının vəziyyətinə dair hesabat). “Amnesty International” təşkilatının məlumatına görə, 7 videoda “Azərbaycan silahlı qüvvələrinin” yol verdiyi “pozuntular” görünür. Hesabata görə, bəzi video görüntülərdə azərbaycanlı hərbçilər əlləri və gözləri bağlanmış etnik erməni əsirləri ayaqla vurur və döyür, həmçinin onları öz hökumətlərinə qarşı çıxış etməyə məcbur edirmiş.

 

İlin sonuna olan məlumatlara görə, cəsədləri və qəbirləri təhqir etdiklərinə görə 4 hərbçi həbs edilmişdir.

 

“Human Rights Watch” təşkilatının məlumatına əsasən, Azərbaycan Silahlı Qüvvələri Stepanakert şəhərini artilleriya, aviabombalar və kasset bombaları ilə atəşə tutmuş və mülki infrastruktura zərbələr endirmişdir. Ermənistan hökumətinin və mətbuatının məlumatlarına görə, nəticədə müxtəlif qeyri-hərbi obyektlər, o cümlədən, təcili və təxirəsalınmaz tibbi yardım mərkəzləri və maşınları, ərzaq ehtiyatları, əkin sahələri, mal-qara, elektrik və qaz stansiyaları, içməli su təchizatı sistemləri, habelə məktəblər və məktəbəqədər təhsil müəssisələri zərər çəkmişdir. BBC-nin məlumatına görə, Dağlıq Qarabağın ən böyük şəhəri olan Stepanakertə elektrik enerjisi və suyun verilməsi dayandırılmışdır. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

 

Müxtəlif beynəlxalq müşahidəçilərin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri bir çox hallarda Stepanakertdə yerləşən BQXK və “HALO Trust” kimi humanitar təşkilatların yerləşdiyi ərazinin yaxınlığına zərbələr endirmişdir. Oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələrinin Stepanakertdə yerləşən təcili yardım xidmətinin inzibati binasına endirdiyi zərbə nəticəsində 9 nəfər yaralanmış, 1 nəfər həlak olmuşdur. Verilən məlumata görə, oktyabrın 14-də Mardakertdə yerləşən hərbi hospitala endirilmiş 3 aviazərbə nəticəsində hospital zədələnmiş, yaxınlıqda yerləşən və aydın şəkildə işarələnmiş sanitar maşınlar məhv edilmişdir. Oktyabrın 28-də Stepanakert və Şuşanın müxtəlif ərazilərinə 15-dən çox zərbə endirilmişdir. Azərbaycan tərəfinin Şuşada humanitar funksiya yerinə yetirən xilasedicilərə raket zərbəsi endirməsi nəticəsində 1 nəfər həlak olmuş, 5 nəfər ağır xəsarətlər almışdır. Uzaq Mənzilli Artilleriya Raketi (LORA) olduğu güman edilən daha bir raket zərbəsi Stepanakert xəstəxanasının doğum şöbəsinə endirilmişdir. Daha sonra xəstəxananın içində partlamamış mərmilər aşkar edilmişdir. Noyabrın 2-də Azərbaycana məxsus PUA Əsgəran rayonunda dinc sakinlərə içməli su daşıyan yanğınsöndürmə maşınını məhv etmişdir.

Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şərait

 

Həbsxanalardakı vəziyyətin monitorinqi ilə məşğul olan nüfuzlu təşkilatlardan birinin verdiyi məlumata görə, çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik, havalandırma və sanitariya imkanlarının məhdudluğu və zəif tibbi xidmət səbəbindən COVID-19 pandemiyasından öncə həbsxanalardakı şərait bəzi hallarda ağır və həyat üçün təhlükəli olmuşdur. Saxlanılan şəxslər öz məhkəmə dinləmələrini gözləyənə qədər saxlanıldıqları yerli məhkəmələrin zirzəmi qatındakı adamla dolu istintaq təcridxanalarındakı qeyri-insani şəraitdən şikayətlənmişlər. İl ərzində şəraitin yaxşılaşması barədə heç bir məlumat və ya sübut yoxdur.

 

Fiziki şərait: Penitensiar xidmət əməkdaşları istintaq təcridxanalarında kişiləri və qadınları bir yerdə, lakin ayrı-ayrı bölmələrdə saxlamış, hökm çıxarıldıqdan sonra isə qadınlar ayrı cəzaçəkmə müəssisələrində yerləşdirilmişdir. Yerli QHT-lərdən olan müşahidəçilər qadın məhbusların, adətən, kişi məhbuslara nisbətən daha yaxşı şəraitdə saxlanıldıqlarını, onların daha müntəzəm monitorinq olunduqlarını və təlim və digər fəaliyyətlərə daha çox çıxış imkanlarına sahib olduqlarını, bununla belə, kişi həbsxanalarında olan problemlərin çoxunun qadın həbsxanalarında da olduğunu bildirmişlər. Qanunvericiliyə əsasən, məhkum olunmuş yeniyetmə cinayətkarlar 20 yaşına qədər yeniyetmələr üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanıla bilərlər.

 

Hökumət yeni cəzaçəkmə müəssisələri tikməkdə davam etsə də, sovet dövründən qalan bəzi cəzaçəkmə müəssisələri beynəlxalq standartlara cavab vermir. Qobustan həbsxanasının, 3 saylı həbsxananın, 14 saylı həbsxananın və penitensiar xidmətin vərəm əleyhinə müalicə mərkəzinin ən pis şəraitə malik olduğu bildirilmişdir.

 

Hüquq müdafiəçiləri bəzən gözətçilərin məhbusları döyməklə və təcridetmə kameralarında saxlamaqla cəzalandırdıqlarını bildirmişlər. Yerli və beynəlxalq müşahidəçilər ciddi rejimli Qobustan cəzaçəkmə müəssisəsində vəziyyətin xüsusilə acınacaqlı olduğunu qeyd etmişlər.

 

Məhbuslar bəzi hallarda fiziki hərəkətlərlə məşğul olmaq imkanları olmadan uzun müddət qapalı yerdə saxlanıldıqlarını iddia etmişlər. Onlar həmçinin darısqal, basırıq şəraitdən, müvafiq havalandırmanın olmaması, pis sanitar vəziyyət, yeyilməsi mümkün olmayan qida və tibbi xidmətlərin lazımi səviyyədə göstərilməməsi hallarından şikayət etmişlər. Keçmiş məhbuslar və həbs edilmiş fəalların ailə üzvləri məhbusların onları görməyə gəlmiş ailə üzvləri ilə görüşmək, televizora baxmaq, ayaqyolu və hamamdan istifadə etmək və ya saxlanıldıqları yerin xaricindən qida almaq üçün tez-tez rüşvət verməli olduqlarını bildirmişlər. Qanunla saxlanılan şəxslərin rəsmi şəkildə təmin edilən qidadan əlavə gündəlik qida bağlamaları almasına icazə verilsə də, hakimiyyət orqanlarının bəzi hallarda məhbusların və saxlanılan şəxslərin ailə tərəfindən göndərilən qida bağlamalarını əldə etmək imkanlarını məhdudlaşdırdığı bildirilir. Bəzi həbsxanalar və istintaq təcridxanalarında içməli sudan istifadə etmək imkanı təmin edilməmişdir.

 

İdarəçilik: Əksər məhbuslar senzura olmadan məhkəmə orqanlarına və Ombudsman Aparatına şikayət ünvanlaya bildiklərini bildirsələr də, həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxumuş, vəkillərlə müştərilər arasındakı görüşlərə nəzarət etmiş və bəzi vəkillərin istintaq təcridxanalarına sənədlər gətirib-aparmalarını məhdudlaşdırmışdır. Ombudsman Aparatı şikayətlərin araşdırılması üçün müntəzəm səfərlər etdiyini və araşdırmalar apardığını qeyd etsə də, fəallar aparatın siyasi motivli işlərdə məhbusların şikayətlərinə baxılmasından imtina etdiyini bildirmişdir.

 

Penitensiar xidmət əməkdaşları bəzi hallarda vəkillərin və ailə üzvlərinin, xüsusilə siyasi səbəblərdən həbs olunduqları hesab olunan məhbuslarla görüşlərini məhdudlaşdırmışdır. Məsələn, iyulun 14-dən 15-nə keçən gecə Bakıda baş tutmuş orduya dəstək yürüşündən sonra saxlanılmış şəxslərin ailə üzvləri bildiriblər ki, hakimiyyət orqanları qanunsuz olaraq ilk bir neçə həftə ərzində onların öz qohumları ilə ünsiyyəti saxlamağını qadağan etmişdir.

 

Müstəqil monitorinq: Hökumət beynəlxalq və yerli təşkilatların, o cümlədən BQXK və İQK-nin bəzi həbsxanalara baş çəkməsinə icazə vermişdir.

 

Hakimiyyət orqanları əsasən BQXK-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılmış hərbçi və mülki şəxslərlə görüşməsinə icazə vermişdir. BQXK beynəlxalq humanitar hüquqa uyğun olaraq məhbusların müdafiəsini təmin etmək üçün il ərzində məhbuslara müntəzəm qaydada baş çəkmiş və əlaqələri bərpa etməkdə və saxlamaqda kömək etmək üçün onlarla ailələri arasında xəbər mübadiləsini mütəmadi olaraq təşviq etmişdir.

 

İctimai Komitə kimi tanınan həbsxanaların monitorinqi qrupuna Penitensiar Xidmətə əvvəlcədən məlumat vermədən həbsxanalara baş çəkməyə icazə verilmişdir.

 

Müsbət dəyişikliklər: Ədliyyə Nazirliyi təxminən 2500 azərbaycanlının il ərzində GPS ilə işləyən elektron bilərziklər sayəsində həbsxanaya düşməkdən yaxa qurtardığını bildirmişdir.

 

d.           Özbaşına həbs və ya saxlama

 

Qanunla əsassız həbs və saxlamanın qadağan olunmağına və insanlara həbs və ya saxlanmalarının qanuniliyini məhkəmədə mübahisələndirmək hüququ verildiyinə baxmayaraq, hökumət təcrübədə bu tələblərə riayət etməmişdir.

 

QHT-lər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin fundamental azadlıq hüquqlarından istifadə etmək istəyən şəxsləri saxladıqlarını bildirmişdir. Bir neçə vətəndaş sosial şəbəkələrdə dövlətin COVID-19 pandemiyasına qarşı fəaliyyətini tənqid edən paylaşımlar etdiyinə görə polis idarələrinə çağırıldığını bildirmişdir. Nəticədə, onlardan bir çoxu bu paylaşımları silmək məcburiyyətində qalmışdır. Məsələn, Rəhim Xoyski adlı “Facebook” istifadəçisi vətəndaşların borc və kreditlərinin dondurulması, gəlirlərini itirən vətəndaşlara yaşayış minimumunun ödənilməsi və sahibkarlardan alınan vergilərin dondurulması ilə bağlı təkliflərinin əks olunduğu paylaşımına görə polisə bölməsinə çağrılmışdır. Bölmədə ondan bu paylaşımı silməsini istəmiş və xəbərdarlıq edərək sərbəst buraxmışlar.

 

Həbs prosedurları və saxlanılan şəxslərlə rəftar

 

Qanunda qeyd olunur ki, saxlanılmış, həbs edilmiş və ya cinayətdə ittiham edilmiş şəxslər müvafiq hüquqi prosedurla təmin edilməli, o cümlədən öz hüquqları və həbs olunmalarının səbəbi barədə dərhal məlumatlandırılmalıdırlar. Siyasi motivlərə söykənən bütün hallarda müvafiq hüquqi prosedurlara riayət olunmamış və saxlanılan şəxslər bir çox saxta cinayət ittihamları ilə məhkum olunmuşdurlar.

 

Qanuna əsasən, saxlanılan şəxslər 48 saat ərzində hakim qarşısına çıxarılmalıdır və hakim saxlanılan şəxsin istintaq təcridxanasında yerləşdirilməsi, ev dustaqlığında saxlanılması və ya azad edilməsi barədə qərar çıxara bilər. Lakin təcrübədə hakimiyyət orqanlarının bəzi hallarda tutduqları şəxsləri heç bir qərar olmadan 48 saatdan çox saxladığı qeydə alınmışdır. 48 saatlıq ilkin həbs müddəti əsaslı səbəblərdən 96 saata qədər uzadıla bilər. İstintaq təcridxanasında və ya ev dustaqlığında saxlanılma müddətində Baş Prokurorluq istintaqı yekunlaşdırmalıdır. İstintaq təcridxanasında saxlanma üç aylıq müddətlə məhdudlaşır, lakin iddia olunan cinayətin xüsusiyyətindən və istintaqın ehtiyaclarından asılı olaraq bu müddət hakim tərəfindən 18 aya qədər uzadıla bilər. Saxlanılan şəxslərin onlara qarşı irəli sürülmüş ittihamlar barədə dərhal məlumatlandırılmamaları barədə iddialar qeydə alınmışdır.

 

Formal zaminlik sistemi mövcud olsa da, məhkəmələr il ərzində ondan istifadə etməmişlər.

 

Qanunla saxlanılan vaxtdan vəkillə təmin olunmaq hüququ nəzərdə tutulsa da, hakimiyyət orqanları tərəfindən həm siyasi motivli, həm də adi işlərdə vəkillərin müştəriləri ilə görüşünə tez-tez icazə verilmədiyi barədə məlumatlar verilmişdir. Hüquq müdafiəçilərinin bildirdiklərinə görə, iyulun 14-dən 15-nə keçən gecə Bakıda baş tutmuş orduya dəstək yürüşündən sonra saxlanılan siyasi fəalların əksəriyyətinin hüquqi təmsilçiliklə təmin edilməsindən imtina olunmuş və onlar dövlət tərəfindən təyin olunan və repressiya qorxusuna görə müştərilərini lazımi qaydada qoruya bilməyən vəkillərlə işləməyə məcbur olmuşdurlar.

 

Vəkilə müraciət imkanı, xüsusilə Bakıdan kənarda olduqca zəif olmuşdur. Qanunda hüquq məsləhətçisinə müraciət etmək hüququ təsbit olunsa da, yoxsul məhbusların əksəriyyəti bu hüquqdan faydalana bilməmişdir. Vəkillər Kollegiyası paytaxtdan kənarda hüquqi təmsilçiliyin genişləndirilməsi, o cümlədən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsinin regional mərkəzlərində yerli vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi üçün müvafiq büroların yaradılması ilə bağlı bir sıra təşəbbüslər irəli sürmüşdür.

 

Qanunda saxlanılan şəxslərin saxlanıldıqdan dərhal sonra qohumları ilə əlaqə saxlamaq və vəkilləri ilə konfidensial ünsiyyət saxlamaq hüququ təsbit edilmişdir. Məhbusların ailə üzvlərinin bildirdiyinə görə, penitensiar xidmət əməkdaşları bir sıra hallarda, xüsusilə istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşləri məhdudlaşdırmış və saxlanılan şəxslər barədə məlumat verməmişdir. Ailələrə saxlanılmış qohumları barədə bir neçə gün keçdikdən sonra məlumat verilmişdir. Verilən məlumatlara görə, penitensiar xidmət əməkdaşları bəzi şəxslərin polisə təslim olmaları və ya polis zorakılığı haqqında məlumat verməmələri üçün ailə üzvlərindən təzyiq vasitəsi kimi istifadə etmişlər. İyulun 14-dən 15-nə keçən gecə Bakıda baş tutmuş orduya dəstək yürüşündən sonra saxlanılmış şəxslərin ailə üzvlərinin sözlərinə görə, informasiyanın yayılmasının qarşısını almaq və işgəncə izlərini gizlətmək üçün hakimiyyət orqanları qanunsuz olaraq bir neçə həftə ərzində onların yaxınları ilə ünsiyyət qurmağını qadağan etmişdir.

 

Azərbaycan və Ermənistan rəsmiləri payız hərbi əməliyyatlarından sonra hər iki tərəfdən hərbçilərin saxlanılmaqda davam etdiyini iddia etmişlər (bax: 1.a. və 1.c. bölmələri. İlin sonunadək saxlanılan şəxslərin iki dəfə dəyişdirilməsi baş tutmuş, nəticədə 57 etnik erməni və 14 azərbaycanlı saxlanılan şəxs geri qaytarılmışdır. BQXK nümayəndələri bir sıra saxlanılan şəxslərə baş çəkmiş, dəqiq siyahıların tərtib edilməsi və qalan saxlanılan şəxslərin dəyişdirilməsinin təşviq edilməsi ilə bağlı tərəflərlə işləməkdə davam etmişdir.

 

Özbaşına həbs: Hakimiyyət orqanları tez-tez polisə müqavimət, qanunsuz narkotik vasitə və ya silah saxlama, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya ictimai asayişi pozma kimi saxta ittihamlar əsasında həbslər həyata keçirmişlər. Yerli təşkilatlar və “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq QHT-lər hökumətin öz fundamental hüquqlarından istifadə edən şəxsləri həbs etməsini tənqid etmiş və hakimiyyət orqanlarının tez-tez belə şəxslərə qarşı saxta ittihamlar irəli sürdüyünü qeyd etmişdir.

 

Məsələn, polis bir çox hallarda müxalifət üzvlərini və digər fəalları “karantin rejimini pozmaq”, “polisə müqavimət göstərmək” və ya “kiçik xuliqanlıq əməllərinə yol vermək”də ittiham edərək saxlamış, bu şəxslər yerli məhkəmələrə göndərilmiş və barələrində 10 gündən 30 günə qədər inzibati həbs qərarı çıxarılmışdır. Cinayət törətməkdə ittiham edilən şəxslər daha uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (bax: 1.e. “Siyasi məhbuslar və saxlanılan şəxslər”). Hüquq müdafiəçiləri bu həbslərin hakimiyyətin fəalları qorxutmaq və başqalarını bu cür fəaliyyətlərdə iştirakdan çəkindirmək üçün istifadə etdiyi üsullardan biri olduğunu iddia etmişdir. Məsələn, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16 üzvü martın ortalarından mayın ortalarınadək həbs edilmiş və barələrində inzibati həbs qərarı çıxarılmışdır. İyulun 14-dən 15-nə keçən gecə Bakıda baş tutmuş orduya dəstək yürüşündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16 üzvü barəsində inzibati həbs qərarı çıxarılmışdır.

 

İstintaq müddətində həbs: Polis orqanlarının bəzi şəxsləri qanunla icazə verilən maksimum müddətə -18 aya qədər istintaq təcridxanalarında saxladığı məlum olmuşdur. Baş Prokurorluq hökumət tərəfindən istintaq başa çatdırılana qədər qanunla icazə verilmiş ilk üç aylıq həbs müddətini ardıcıl olaraq bir neçə ay artırmışdır.

 

Saxlanılan şəxsin hakim qarşısında həbsin qanunsuzluğu ilə bağlı iddia qaldırmaq hüququ: Qanunvericiliyə əsasən, cinayət törətməkdə təqsirli bilinərək və ya digər səbəblərdən həbs olunan və ya saxlanılan şəxslər həbsin hüquqi əsası, müddəti və ya qanunsuz xarakter daşıması ilə bağlı iddia qaldırmaq, dərhal azad edilmələrini və onların qanunsuz şəkildə saxlanıldığı məlum olduğu zaman onlara kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdirlər. Məhkəmə bu cür hallarda müstəqil şəkildə qərar verməmiş, çıxarılan hökmlər bəzən yumşaldılsa da, nəticələrin əksər hallarda öncədən müəyyənləşdirildiyi ortaya çıxmışdır.

 

e.            Ədalətli məhkəmə araşdırmasından imtina

 

Məhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, təcrübədə hakimlər icraedici hakimiyyətdən ayrı, müstəqil fəaliyyət göstərməmişlər. 2019-ci ildə hökumət tərəfindən məhkəmə sahəsində islahatlar həyata keçirilsə də, bu islahatlar məhkəmə sisteminin müstəqil fəaliyyətinə şərait yaratmamışdır. Məhkəmə sistemi korrupsiyalaşmış və səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər hüquqi cəhətdən təsdiqlənməmiş və çox vaxt məhkəmə prosesində təqdim edilmiş dəlillərlə bağlı olmamışdır. Bir çox hallarda nəticələrin öncədən müəyyənləşdirildiyi məlum olmuşdur. Məsələn, iyulun 14-dən 15-nə keçən gecə baş tutmuş orduya dəstək yürüşündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov və Ayaz Məhərrəmli üç aydan dörd ayadək müddətinə ilkin həbs cəzasına məhkum edilmişdir. Halbuki, sözügedən siyasi fəallar yürüşdə iştirak etməmişdir (bax: 1.c. bölməsi). Məhkəmələr, bir çox hallarda, polis nəzarətində saxlanılan şəxslərin işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı irəli sürülən iddiaları araşdırmamışdır.

 

Məhkəmə-Hüquq Şurası Ədliyyə Nazirliyinin nəzarətində olmuşdur. Şura Hakimliyə namizədlərin imtahanını həyata keçirən və məhkəmə işçilərinin hazırlanması üzrə uzunmüddətli təlimə və hakimliyə namizədlərin seçilməsi prosesinə nəzarət edən komitənin üzvlərini təyin edir. Şura altı nəfər hakim, bir nəfər prokuror, bir nəfər vəkil, bir nəfər şura təmsilçisi, bir nəfər Ədliyyə Nazirliyinin nümayəndəsi və bir nəfər hüquq sahəsinin elmi mütəxəssisindən ibarət olur.

 

Etibarlı mənbələrdən əldə olunmuş hesabatlarda göstərilmişdir ki, hakimlər və prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən xüsusilə siyasi motivli məhkəmə işləri ilə bağlı təlimatlar alırlar. Hakimlərin davamlı olaraq rüşvət alması ilə bağlı səhih məlumatlar verilmişdir.

 

2019-cu ilin aprel ayında Prezident İlham Əliyev ədliyyə sahəsində məhdud islahatlar haqqında fərman imzalamışdır. Fərmanda hakimlərin əmək haqqının artırılması, məhkəmə vəzifələrinin artırılması (600-dən 800-dək), bütün məhkəmə icraatlarının səsyazmalarının aparılması və sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış arbitraj məhkəmələrinin yaradılması nəzərdə tutulmuşdur. Fərmanda, həmçinin ödənişsiz hüquqi yardım üçün vəsaitin artırılması da qeyd olunmuşdur. Fərmanda əks olunan bəzi məsələlər, o cümlədən arbitraj məhkəmələrinin yaradılması və hakimlərin əmək haqlarının artırılması məsələləri icra olunsa da, digərləri ilin sonunda hələ də öz həllini tapmamışdır.

 

Məhkəmə prosedurları

 

Qanun dövlət, kommersiya və ya peşə sirləri, yaxud məxfi, şəxsi və ya ailə məsələləri ilə bağlı olan məhkəmə işləri istisna olmaqla açıq məhkəmənin keçirilməsini nəzərdə tutur. Cinayət işlərində təqsirsizlik prezumpsiyası, eləcə də, ittiham barəsində dərhal məlumatlandırılmaq hüququ, ədalətli və açıq məhkəməsinin keçirilməsi hüququ, məhkəmədə iştirak hüququ, öz seçdiyi vəkilə müraciət etmək hüququ (və ya vəkil xidməti üçün ödəniş etmək iqtidarında olmayan şəxslərin dövlət hesabına bu xidmətdən faydalanması), məhkəmədə müdafiəyə hazır olmaq üçün müvafiq vaxt və imkanlarla təmin olunmaq hüququ, ittiham olunduğu andan etibarən bütün şikayətlərlə bağlı ödənişsiz tərcümə xidməti ilə təmin edilmək hüququ, şahidlərlə üzləşdirilmək və məhkəmə prosesində şahidlərin sübutlarını təqdim etmək hüququ və ifadə verməyə və yaxud günahı qəbul etməyə məcbur edilməmək hüququ qanunla müəyyən edilmişdir. Həm cavabdeh şəxslər, həm də ittihamçılar apelyasiya şikayəti vermək hüququna malikdirlər. Lakin dövlət orqanları siyasi səbəblərlə bağlı ittihamların irəli sürüldüyü əksər hallarda bu müddəalara əməl etməmişlər. Məhkəmə iclasının keçiriləcəyi vaxt və yer barəsində məlumatlar açıq şəkildə təqdim olunmuşdur. COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən, ilin əksər hissəsi dinləmələrə yalnız az sayda şəxslər buraxılmaqla, ictimaiyyətin məhkəmə proseslərinə çıxışı məhdudlaşdırılmışdır.

 

Dövlət ittihamçıları və müdafiə tərəfinin vəkillərinin bərabər statusunun konstitusiya ilə müəyyən olunmasına baxmayaraq, hakimlər motivləri, şifahi bəyanatları və müdafiə vəkilinin təqdim etdiyi dəlilləri qiymətləndirərkən onların müvafiq arqumentlərinin mahiyyətini nəzərə almadan çox vaxt dövlət ittihamçılarının xeyrinə olan qərarlar qəbul etmişlər. Müxalifət partiyaları üzvlərinin və ictimai fəalların seçdikləri vəkilə bir neçə gün ərzində müraciət etməsinə imkan verilməmiş, onları dövlət tərəfindən təyin olunan vəkillər təmsil etsə də, onların maraqları müdafiə edilməmişdir. Məsələn, müxalifət nümayəndəsi Tofiq Yaqublunun işi üzrə iyulun 24-dən sentyabrın 3-dək davam etmiş məhkəmə prosesi zamanı hakim ittiham olunan şəxsin işlə əlaqədar əlavə məlumat təqdim edilməsi haqqında sorğusunu rədd etmiş və hüquq-mühafizə orqanlarının qanunazidd hərəkətlərini nəzərdən keçirməkdən imtina etmişdir. Məsələn, hakim Tofiq Yaqublunun vəkillərinin telekommunikasiya şirkətlərindən məlumatların təqdim edilməsi ilə bağlı vəsatətini təmin etməmişdir. Bundan əlavə, polis əməkdaşları Yaqublunun mobil telefonunu müsadirə etmiş və nəzərdə tutulan hadisə zamanı çəkilmiş görüntüləri telefondan silmişdir. Hakim Tofiq Yaqublunun vəkillərinin həmin görüntüləri bərpa etməklə bağlı vəsatətini təmin etməmişdir. Hakimlər, həmçinin mülki işlərdə müdafiə tərəfinin vəkillərini “əsaslı səbəbdən” işdən kənarlaşdırmaq hüquqlarını qoruyub saxlamışlar. Cinayət işləri üzrə məhkəmə prosesində isə maraqların toqquşması və ya müttəhimin vəkili dəyişmək barədə müraciəti olarsa hakimlər müdafiə tərəfinin vəkillərini işdən kənarlaşdıra bilərlər.

 

Qanunvericilə əsasən, yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər cinayət, mülki və ya inzibati olmasından asılı olmayaraq, hüquqi proses zamanı vətəndaşları təmsil edə bilərlər. Hüquq cəmiyyətinin nümayəndələri və QHT-lər qanunvericiliyi tənqid edərək, onun vətəndaşların hüquqi təmsilçilik xidmətindən faydalanmasında çətinlik yaratdığını və hökumətin təsiri altında fəaliyyət göstərən Vəkillər Kollegiyasının siyasi səbəblərlə bağlı açılan məhkəmə işlərində vətəndaşların hüquq müdafiəçiləri tərəfindən təmsil olunmasının qarşısını aldığını bildirmişlər.

 

Fevral ayında 3 QHT məlumat vermişdir ki, müxtəlif cəza tədbirləri nəticəsində 2005-ci ildən bu yana 24 vəkil peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edilmişdir. Dövlət orqanları, o cümlədən Vəkillər Kollegiyası tərəfindən atılan müxtəlif addımlar səbəbindən siyasi motivli məhkəmə işlərini üzərinə götürmək istəyən və bunu bacara bilən müdafiə vəkillərinin sayının azaldığı bildirilmişdir. Bu cür tədbirlər sırasında insan hüquqlarını müdafiə edən vəkillərin töhmət alması, vəzifədən kənarlaşdırılması və bəzən də vəkil statusunun ləğv edilməsi ilə nəticələnən inzibati icraatın həyata keçirilməsi qeydə alınmışdır. 2019-cu ilin noyabr ayında Kollegiya siyasi motivlərə əsaslanan səbəblərdən vəkil Şəhla Hümbətovanın vəkil statusunun ləğv edilməsi ilə bağlı proseslərə başlamışdır.

 

Bəzi hallarda, Vəkillər Kollegiyası vəkillərə qarşı siyasi motivli təqdimatları qəbul etməmişdir. Buna misal olaraq, avqust ayında Zibeydə Sadıqova və Bəhruz Bayramova qarşı təqdimatların qəbul edilməməsini göstərmək olar. Digər hallarda isə, vəkilə qarşı təqdimat qəbul edilmədikdən sonra Vəkillər Kollegiyası tərəfindən ona qarşı digər cəza tədbirləri görülmüşdür. Məsələn, yanvar ayında Elçin Sadıqova qarşı inzibati proses dayandırıldıqan sonra ona töhmət verilmiş, sentyabrın 25-də isə o, müstəqil vəkil kimi peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edilmişdir. Yalnız müstəqil vəkillər müştərini müstəqil şəkildə təmsil etmək hüququna malikdirlər. Müstəqil vəkil statusundan məhrum edilmiş Sadıqov kimi vəkillər müştərini təmsil etmək üçün dövlət tərəfindən təsdiq edilmiş hüquq şirkətindən icazə almalıdırlar, bu isə bir neçə gün vaxt aparır. Həmin müddət ərzində dövlət tərəfindən təyin edilmiş vəkillər müştərilərin razılığı olmadan və ya müştərilərlə məsləhətləşmədən onları təmsil edə və fəaliyyət göstərə bilirlər.

 

İl ərzində Vəkillər Kollegiyası tərəfindən daha 2 vəkilə xəbərdarlıq edilmişdir: müştərisi Kərim Süleymanlıya qarşı polisin güman edilən kobud rəftarı ilə bağlı məlumatı paylaşdığına görə iyunun 11-də Cavad Cavadova, rəsmi istintaqın nəticələrini gözləmədən Tofiq Yaqubluya güman edilən işgəncə verilməsi ilə bağlı məlumatı paylaşdığına görə isə, iyulun 13-də Kərim Süleymanlıya xəbərdarlıq edilmişdir.

 

Ölkənin insan hüquqları müdafiəçilərinin çoxu Bakı şəhərində fəaliyyət göstərmişdir. Bu isə yerli vəkillərin bu cür işləri götürmək istəməməsi və ya götürə bilməməsi səbəbindən, Bakıda yaşamayan şəxslərin vaxtlı-vaxtında və keyfiyyətli şəkildə hüquq xidmətindən faydalanmasında çətinliklər yaratmışdır.

 

İl ərzində Kollegiya üzvlərinin sayını 1708-dən 1791-ə qədər  artırmışdır. Hüquq müdafiəçilərinin sözlərinə görə, yeni üzvlər Kollegiyanın sanksiyalarından çəkindiklərinə görə insan hüquqları ilə bağlı işlər üzərində işləməyə tərəddüd etmişlər. Bir sıra fəallar və vəkilliyə namizədlər imtahan prosesinin qərəzli olduğunu və imtahan götürən şəxslərin əvvəllər Vətəndaş Cəmiyyətində fəal olan namizədləri müxtəlif bəhanələrlə imtahandan kəsdiyini bildirmişlər.

 

Bəzi hallarda hakimlər hüquqi sübutları qəbul etməkdən imtina etmişlər. Məsələn, fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçki şikayəti ilə bağlı təqdim etdiyi video görüntüləri qəbul etməmişdir. Buna səbəb kimi görüntülərin onun namizəd olduğu seçki dairəsi üzrə məsul dairə seçki komissiyalarının icazəsi olmadan qeydə alınması göstərilmişdir. Fevralın 26-da Ali Məhkəmə qərarı qüvvədə saxlamışdır.

 

Qeyri-qanuni yolla əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. İnsan hüquqları üzrə müşahidəçilər bildirmişlər ki, bəzi müttəhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq olunmaqla alındığını iddia etmələrinə baxmayaraq, məhkəmələr zor tətbiq edilməsi ilə bağlı iddiaları araşdırmamış və zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə ekspertizası keçirilməmişdir.

 

İstintaq çox vaxt şübhəli şəxslərə qarşı fiziki dəlillərin toplanması yerinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Ümumilikdə, hakimlər yalnız minimum səviyyədə sübut tələb etdiklərinə və dövlət ittihamçıları ilə sıx əlaqələr qurduqlarına görə məhkəməyə çıxarılmış ağır cinayətlər çox vaxt hökm oxunması ilə nəticələnmişdir.

 

Hüquq müdafiəçilərinin məlumatına əsasən, ittiham olunan şəxsin tərcüməçi ilə təmin olunmaq hüququ konstitusiyada təsbit olunsa da, məhkəmələr çox vaxt tərcüməçinin təmin olunmasını təşkil etməmişlər. İttiham olunan şəxslər dövlət büdcəsindən haqqı ödənilməklə dinləmələr zamanı tərcüməçilərlə müqavilə bağlamaq hüququna malikdirlər.

 

Məhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir. Bakı şəhərində fəaliyyət göstərən bəzi yeni məhkəmələrdə prosesin səsyazması təşkil edilsə də, məhkəmələr əksər ifadələri, şifahi çıxışları və məhkəmə qərarlarının yazılmasını təmin etməmişlər.  Bunun əvəzində məhkəmə katibi bir qayda olaraq dağınıq qeydlər aparmış və qeydlərin məzmununu özü müəyyən etmişdir. Prezidentin 2019-cu il aprel ayında imzaladığı fərmanda bu problemin həlli ilə bağlı müddəa yer alsa da, ilin sonuna qədər onun icrası təmin olunmamışdır.

 

Ölkədə mülki hakimlərin fəaliyyət göstərdiyi hərbi məhkəmə sistemi mövcuddur. Hərbi Məhkəmə müharibə və ya hərbi xidmətlə bağlı bütün məhkəmə işlərində birinci instansiya məhkəməsi rolunu oynayır.

 

Siyasi məhbuslar və saxlanılan şəxslər

 

QHT-lərin apardığı hesablamalara görə ilin sonunda siyasi məhbuslar və siyasi səbəblərdən saxlanılan şəxslərin sayı 90-146 nəfər olmuşdur. Onların arasında jurnalistlər və bloqerlər (bax: 2.a. bölməsi), siyasi və ictimai fəallar (bax: 3-cü bölmə), dini fəallar (bax: Dövlət Departamentinin Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabatı), Gəncə və Tərtər işləri ilə bağlı həbs edilmiş şəxslər, həmçinin bir mühacir jurnalistin/fəalın qohumu (bax: 1.f. bölməsi) olmuşdur.

 

Xüsusilə səs-küylü bir işə əsasən, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və “Müsavat” Partiyasının üzvü Tofiq Yaqublu idarə etdiyi avtomobil başqa bir avtomobillə toqquşandan sonra “xuliqanlıq” etdiyinə görə martın 22-də barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. İnsan hüquqları müdafiəçiləri həbsi Yaqubluya qarşı qurulma təxribat kimi qiymətləndirmişlər. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Yaqublu barəsində 4 il 3 ay müddətinə azadlıqdan mərhumetmə qərarı qəbul etmişdir. 17 günlük aclıq aksiyasından sonra sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etmişdir. İlin sonunda Yaqublu hələ də appelyasiya şikayəti ilə bağlı qərarı gözləməkdədir.

 

Digər bir iş üzrə, aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi fəalı Niyaməddin Əhmədova 30 gün inzibati həbs cəzası kəsilmişdir. Bu cəza başa çatandan sonra, mayın 1-də ona qarşı terrorçuluğu maliyyələşdirmə maddəsi ilə ittiham irəli sürülmüş və barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Hüquq müdafiəçiləri bu işi siyasi motivli hesab etmişlər. İlin sonunda o hələ də ilkin istintaq dövrü üçün həbs cəzasını çəkməkdədir.

 

Ermənistanla sərhəddə döyüşən orduya dəstək məqsədilə iyulun 14-dən 15-nə keçən gecə baş tutmuş yürüş zamanı bir qrup şəxs Milli Məclisin binasına daxil olmuş və verilən məlumata görə, binaya kiçik zərər yetirdikdən sonra polis tərəfindən binadan çıxarılmışdır. Bəzi etirazçıların polis əməkdaşları ilə toqquşmaya girdiyi və polis avtomobillərinə ziyan vurduğu iddia olunmuşdur. İyulun 16-da Prezident Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasını etirazçıları Milli Məclisə daxil olmağa təhrik etməkdə ittiham etmiş və hüquq-mühafizə orqanlarının bu partiyaya qarşı istintaq aparacağını bildirmişdir.

 

Hüquq müdafiəçilərinin məlumatlarına görə, hakimiyyət bu hadisələrdən yürüşdə iştirak etməyənlər də daxil olmaqla, siyasi fəalların həbsinə haqq qazandırmaq üçün istifadə etmişdir. Hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16, Azərbaycan Demokratiya və Rifah Hərəkatının 1, Müsəlman Birliyi Hərəkatının 2 üzvünə qarşı cinayət işləri açılmışdır. Qalan şəxslərə qarşı rəsmi ittihamlar sırasında əmlaka ziyan vurma, ictimai asayişin pozulması və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə olmuşdur. Bundan başqa, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Fuad Qəhrəmanlı və Məmməd İbrahimə qarşı dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə ittihamları irəli sürülmüşdür. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məhəmməd İmanlı, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov maska taxmayan minlərlə nümayişçinin iştirak etdiyi nümayişdə COVID-19 infeksiyasını yaymaqda ittiham olunmuşdur.

 

Avqustun 19-da Xətai rayon Məhkəməsinin qərarı ilə Mehdi İbrahimov ev dustaqlığına buraxılmışdır. Səbail rayon Məhkəməsinin 16 noyabr tarixli qərarı ilə 14-15 iyul yürüşü zamanı həbs olunmuş 21 nəfəri ev dustaqlığına buraxılmışdır.  Ev dustaqlığına buraxılanlardan 12 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 2 nəfəri isə Müsəlman Birliyi Hərəkatının üzvləridir. 14-15 iyul yürüşü zamanı həbs olunmuş qalan 15 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının 3 fəalı və Azərbaycan Demokratiya və Rifah Hərəkatının 1 üzvü barəsində isə dekabrın 7-də eyni qərar verilmişdir. Dekabrın 1-də Bakının Sabunçu rayon Məhkəməsinin qərarı ilə Məhəmməd İmanlıya 1 il həbs cəzası verilmişdir.

 

Siyasi motivlər səbəbindən həbs olunduqları hesab olunan şəxslərin köhnə işləri ilə bağlı da dəyişikliklər baş vermişdir. Aprelin 23-də Ali Məhkəmənin Plenumu Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədova və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi haqqında qərarlar çıxarmışdır. Nəticədə, bundan sonra İlqar Məmmədov və Rəsul Cəfərov məhkumluqları, o cümlədən siyasi vəzifə tutma ilə bağlı heç bir məhdudiyyətlə üzləşməmişlər. Plenumun qərarlarına əsasən, dövlət İlqar Məmmədova 234 min manat (138 000 ABŞ dolları), Rəsul Cəfərova 57 min 400 manat (33 900 ABŞ dolları) məbləğində mənəvi təzminat ödəməli olmuşdur. Hər iki şəxsin əlavə təzminatla bağlı mülki məhkəmələrə müraciət etmək hüququ var. Dövlət İlqar Məmmədovun və Rəsul Cəfərovun təzminat məbləğini ödəmişdir. 2014-cü ildə AİHM İlqar Məmmədovun həbsinin siyasi motivli olması barədə qərar qəbul etmişdir. 2017-ci ildə AİHM İlqar Məmmədovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanımışdır. AİHM-in bəraət tələb etdiyi digər altı nəfər sabiq siyasi məhbusun işləri ilin sonuna qədər həll edilməmiş qalmışdır.

 

6 illik həbs cəzası almış araşdırmaçı-jurnalist Əfqan Muxtarlı ölkəni tərk edib Almaniyaya köçməsi şərti ilə martın 17-də üç illik həbsdən sonra azad edilmişdir. İlin sonuna olan məlumata görə o, Almaniyada yaşayır (bax: 2020-ci il üzrə Gürcüstanda insan hüquqlarının vəziyyətinə dair hesabat).

 

Siyasi məhbuslar və saxlanılan şəxslər məhdudiyyətlərlə üzləşmişlər. Keçmiş siyasi məhbuslar həbsxana məmurlarının onların oxu materialları əldə etməyini və ailələri ilə ünsiyyət qurmağını məhdudlaşdırdıqlarını bildirmişlər. Dövlət orqanları tərəfindən beynəlxalq humanitar təşkilatlara siyasi məhbuslarla və siyasi səbəbdən saxlanılan şəxslərlə görüşmək imkanı təmin edilmişdir.

 

Ölkədən kənarda olan şəxslərə qarşı siyasi motivli repressiyalar

 

Hökumətin xaricdə yaşayan fəalları həbs etmək üçün İnterpol kimi beynəlxalq hüquq mühafizə orqanlarından sui-istifadə etməsi barədə çoxsaylı məlumatlar qeydə alınmışdır. Digər məlumatlara görə, hökumət xaricdə yaşayan dissidentləri və jurnalistləri təqib etmək üçün insan oğurluğu, rəqəmsal təqib və ölkədə qalan ailə üzvlərinin qorxudulması üsullarından istifadə etmişdir.

 

Yanvar ayında, Norveçdən sığınacaq almış Azərbaycan vətəndaşı Daşqın Ağalarlı Azərbaycan hökumətinin sorğusu əsasında Polşanın Qdansk şəhərində İnterpol tərəfindən saxlanılmışdır. O, burada 3 gün saxlanıldıqdan sonra zaminə buraxılmışdır. Sentyabr ayında mətbuatda yayılmış məlumatlara görə, o, Polşa ərazisində olmuş və ölkəni tərk edə bilməmişdir.

 

2019-cu ilin dekabr ayında Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, siyasi mühacir və iqtidarı tənqid edən Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilmiş və ölkəyə gəldikdən dərhal sonra həbs edilmişdir.

 

RFE/RL-nin məlumatına görə, Ukrayna Dövlət Miqrasiya Xidməti və Baş Prokurorluğu onun deportasiyası ilə bağlı qərar qəbul etdikləri barədə xəbərləri təkzib etmişlər. İsayev kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham edilmişdir. Baş Prokurorluğun 8 sentyabr tarixində yaydığı məlumatda hazırda Niderland, Böyük Britaniya, Fransa, Almaniya və İsveçrədə müvəqqəti məskunlaşmış daha 7 siyasi mühacirin – Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlının bu cinayət əməllərində İsayevlə əlbir olduqları bildirilmişdir. Baş Prokurorluğun məlumatında bildirilir ki, qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün “İnterpol”a göndərilmişdir. Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi Elvin İsayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdir.

 

Mülki məhkəmə prosedurları və hüquqi müdafiə vasitələri

 

Vətəndaşların insan hüquqlarına zərər vurulması və yaxud bu hüquqların dayandırılması və pozulması hallarına qarşı məhkəməyə müraciət etmək hüquqları vardır. Cinayət işləri ilə əlaqədar olaraq bütün vətəndaşların yerli məhkəmə instansiyalarını keçdikdən, Ali Məhkəməyə şikayət etdikdən və müvafiq qərar çıxarıldıqdan sonrakı altı ay ərzində İHAM-a müraciət etmək hüquqları vardır.

 

Vətəndaşlar yerli məhkəmənin qərarlarından AİHM-ə apellyasiya şikayəti vermək hüququndan istifadə etmiş və Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində hökumət tərəfindən öhdəliklərin pozulması ilə bağlı iddialar irəli sürmüşdürlər. Hökumətin AİHM-in qərarlarını yerinə yetirməsi ilə bağlı vəziyyət qarışıq olmuşdur; fəallar AİHM-in qərarlarına cavab olaraq hökumətin təzminat ödədiyini, lakin məhbusları azadlığa buraxmadığını bildirmişdir. Siyasi motivli bəzi hallarda hökumət AİHM-in tələb etdiyi təzminatı ödəməmişdir. Məsələn, mayın 7-də jurnalist və keçmiş siyasi məhbus Xədicə İsmayılova mətbuata bildirmişdir ki, hökumət ona 44 500 avro (53 400 ABŞ dolları) ödəməlidir (bax: 4-cü bölmə).

 

Əmlakın bərpası

 

QHT-lər dövlət orqanlarının mülkiyyətin məcburi özgəninkiləşdirilməsi üzrə dövlət hüququna və əmlak üzərində mülkiyyət hüququndan məhrumetməyə dair qanunların tələblərinə əməl etmədiyini bildirmişlər. Əksər hallarda, ev sahibləri müsadirə edilmiş əmlaka görə bazar dəyərindən olduqca aşağı məbləğin təklif olunduğunu və məhkəməyə müraciət imkanlarının az olduğunu bildirmişlər. QHT-lər bir çox vətəndaşların məhkəmə sisteminə etibar etmədiyini və bu səbəbdən də təzminatla bağlı iddia irəli sürməkdə maraqlı olmadıqlarını qeyd etmişlər.

 

f.           Şəxsi həyat, ailə, ev və yaxud yazışmalara əsassız və ya qanunsuz müdaxilə

 

Qanunla şəxsi həyata əsassız müdaxilələr, yazışmalara və digər şəxsi ünsiyyət formalarına nəzarət qadağan edilir. Ümumilikdə, hökumət tərəfindən bu hüquqi qadağalara əməl edilməmişdir.

 

Konstitusiyada yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya qanunla müəyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq, dövlət orqanları çox vaxt məhkəmənin qərarı olmadan axtarışlar keçirmişdir. Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə əcnəbilərin, internetdə fəal olan gənclərin, bəzi siyasətçilərin, iş adamlarının və xariclə ünsiyyətdə olan şəxslərin telefon danışıqlarına və internet vasitəsilə apardıqları yazışmalara (bax: 2.a. “İnternet azadlığı”) nəzarət olunduğu barədə çoxsaylı məlumatlar yayılmışdır. Hüquq müdafiəçiləri hökumətə qarşı açılan məhkəmə işlərinin sübutlarını yox etmək üçün şikayətlərin poçt xidməti tərəfindən qəsdən AİHM-ə göndərilmədiyini və ya səhv ünvana göndərildiyini bildirmişlər.

 

 

İl ərzində müxtəlif internet saytlarda və sosial mediada müxalifətdən olan siyasətçilərin virtual görüşlərinin görüntüləri və səs yazıları sızdırılmışdır. Sızdırılmış videoların mənbəyinin hökumətin hüquq-mühafizə və ya kəşfiyyat orqanları olduğu fikri geniş yayılmışdır.

 

Daha şəffaf idarəetmə tərəfdarı kimi çıxış edən fəal və yerli bələdiyyə üzvü Vəfa Nağını qorxutmaq və gözdən salmaq məqsədilə onun üzərində “Lady Gaga” yazılmış çimərlik şəkillərini kənd ərazisində yaymışlar (bax: Bölmə 3. “Qadınlar və milli azlıqların iştirakı”).

 

Polis cinayətkarlıqda şübhəli bilinən şəxslərin, müstəqil jurnalistlərin, müxalifət partiyası üzvlərinin və liderlərinin, eləcə də müəyyən QHT-lərin əməkdaşlarının və rəhbərlərinin ailə üzvlərinə hədə-qorxu gəlməyə, onları təqib etməyə və bəzən həbs etməyə davam etmişdir. Məsələn, hüquq müdafiəçiləri Elnur Seyidovun həbs edilməsini bacanağı Türkel Azərtürkün fəaliyyəti ilə əlaqəli olduğu qənaətinə gəlmişlər.

 

Verilən məlumatlara görə, dövlət orqanları özünün və ya ailə üzvlərinin ölkə daxilində və ya xaricində həyata keçirdiyi siyasi və ya mülki fəaliyyətə görə ayrı-ayrı şəxsləri vəzifələrindən kənarlaşdırmışdır.

 

Bölmə 2. Vətəndaş azadlığına hörmət

 

  1. Söz və mətbuat azadlığı

 

 

Söz və mətbuat azadlığının qanunla müəyyən olunmasına və mətbuat üzərində senzuranın xüsusi olaraq qadağan edilməsinə baxmayaraq, çox vaxt hökumət bu hüquqlara hörmət etməmişdir. Hökumət söz azadlığını və medianın müstəqilliyini məhdudlaşdırmışdır. Jurnalistlər hədələnmiş, bəzən hətta döyülmüş və həbs olunmuşdurlar. İl ərzində dövlət orqanları kütləvi mətbuat vasitələrinə, ölkədə və mühacirətdə olan jurnalistlərə və onların yaxınlarına təzyiq göstərməkdə davam etmişlər.

 

Söz və ifadə azadlığı: Konstitusiyada söz azadlığı təsbit olunsa da, siyasi cəhətdən həssas hesab olunan mövzularla əlaqədar hökumət tərəfindən repressiya davam etdirilmişdir. Söz azadlığından istifadə edən şəxslərin həbs olunması, fərqli fikir sahiblərinin cəzalandırılması məqsədilə dövlət orqanları tərəfindən məhkəmə sistemindən istifadə olunması barədə narahatlıqları artırmışdır. Hüquq müdafiəçiləri ilin sonunda beş nəfər jurnalist və bloqerin siyasi məhbus və ya saxlanılan şəxs hesab olunduğunu bildirmişlər. Digər bir çox həbslərin də söz və ifadə azadlığı ilə əlaqəli olduğu bildirilmişdir. Məsələn, noyabrın 16-da Xeberman.com və Press-az.com vebsaytlarının Baş redaktoru Polad Aslanov dövlətə xəyanətdə ittiham edilərək 16 il müdətinə azadlıqdan məhrum edilmişdir. Hüquq müdafiəçiləri bu işin Aslanovun Dövlət Təhlükəsizliyi Xidmətinin İrana getməyə çalışan azərbaycanlı zəvvarlardan rüşvət tələb etməsi barədə açıq bəyanatlarına görə ona qarşı həyata keçirilən repressiya olduğunu iddia etmişlər.

 

Konstitusiyada “irqi, milli, dini və sosial qarşıdurma və düşmənçiliyə səbəb olan təbliğat” və “düşmənçilik və digər meyarlar” kimi təyin olunan təxribatçı bəyanatlar qadağan edilir.

 

Hökumət həbslə yanaşı, fəalların sosial şəbəkədə hökumətin tənqid olunduğu paylaşımlar etdiyinə görə inzibati həbsə məruz qalması da daxil olmaqla digər tədbirlər vasitəsilə də tənqidin qarşısını almağa çalışmışdır. Məsələn, aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Arif Babayev internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə ittiham edilərək, Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 günlük inzibati həbs cəzası almışdır. 2019-cu ilin iyul ayında Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç qeyd etmişdir ki, hakimiyyət vəkillərə mətbuata məlumat verməməklə bağlı hədə-qorxu gəlmək üçün onlara qarşı inzibati icraata başlamaqla tənqidlərin qarşını almağa cəhd etmişdir.

 

27 sentyabr tarixində hərbi əməliyyatların başlamasının ardınca elan olunan və 28 sentyabr – 12 dekabr tarixləri arasındakı dövrü əhatə edən hərbi vəziyyət zamanı bir sıra yerli və beynəlxalq jurnalistlərin münaqişə zonasında fəaliyyətinə hökumət tərəfindən məhdudiyyətlər qoyulmuşdur.

 

Mətbuat və onlayn KİV də daxil olmaqla media azadlığı: İl ərzində hökumətə məxsus olan və hökumətyönümlü kütləvi informasiya vasitələri həm radio və televiziyada, həm də çap mediasında üstünlük təşkil etmişdir. Bir sıra müstəqil çap və onlayn media vasitələri hökumətin siyasəti ilə bağlı müxtəlif fikirlər ifadə etmişlər. Nəticədə, dövlət orqanları onları bu hərəkətlərinə görə müxtəlif şəkildə cəzalandırmışdır. Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (İREX) 2019-cu il üzrə Media Dayanıqlılıq İndeksində bildirilir ki, “Azərbaycanda müstəqil xəbər mənbələrinə çıxış imkanı ildən-ilə daha da məhdudlaşır” və “ölkədə müstəqil çap mediası yoxdur”.

 

Dövlət orqanları tərəfindən mətbuat azadlığı üzrə aparıcı təşkilatlara və ölkədən kənarda fəaliyyət göstərən müstəqil media vasitələrinə, eləcə də onlarla bağlılığı olan ölkədəki şəxslərə qarşı təzyiq göstərilmişdir. FM radio tezliklərində xarici media vasitələrinin, o cümlədən “Amerikanın Səsi”, “Radio Free Europe/Radio Liberty” (RFE/RL) və “BBC”-nin yayımına qoyulmuş qadağa davam etmişdir, buna baxmayaraq, daha əvvəl yayımına qadağa qoyulmuş Rusiyanın “Sputnik” xidmətinə yerli radio şəbəkəsində xəbərləri yayımlamağa icazə verilmişdir.

Zorakılıq və təqib: Bəzi hallarda polis jurnalistlərə qarşı fiziki güc tətbiq etmiş və onların öz peşə fəaliyyətlərini yerinə yetirməsinə mane olmuşdur. Fevralın 12-də ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir bəyanat yayaraq,  Bakıda seçki ilə əlaqədar ötən gecə keçirilmiş etiraz aksiyasını işıqlandıran jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, zorakılıq və pis rəftar görməsinin onu çox narahat etdiyini bildirmişdir.

 

Yerli müşahidəçilər müstəqil mətbuat orqanlarında fəaliyyət göstərən jurnalistlərin il ərzində fiziki hücum və kiberhücumla üzləşdiyi barədə məlumat vermişdir. Hücumlar zamanı başlıca olaraq “Azadlıq Radiosu”, “Azadlıq” və digər qəzetlərin və “Meydan TV” və “Obyektiv Television” kanallarının jurnalistləri hədəfə alınmışdır.

 

Vətəndaş cəmiyyəti fəalları hökuməti 2015 (Rasim Əliyev), 2011 (Rafiq Tağı) və 2005-ci (Elmar Hüseynov) illərdə jurnalistlərə qarşı törədilən səs-küylü qətlləri effektiv şəkildə araşdırmağa çağırmışdır.

 

Siyasi motivli məhkəmə işlərindən jurnalistləri və kütləvi informasiya vasitələrini qorxutmaq üçün istifadə olunmuşdur. İyunun 19-da Xətai rayon Məhkəməsində çıxarılan hökmə əsasən, “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli xuliqanlıq maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə qərarına əsasən, T.Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşayış yerini tərk etməməlidir. Mirələmli və fəallar isə bu hökmü onun jurnalist kimi peşə fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirmişlər.

 

Yerli kütləvi informasiya vasitələrinin əksəriyyəti maliyyələşmə üçün hökumətlə əlaqəli olan nüfuzlu sponsorlara və yaxud KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bel bağlamışdır. Bu cür maliyyə vəsaitlərindən faydalana bilməyənlərin maliyyə vəziyyəti aşağı olaraq qalmış və onlar əmək haqlarının, vergilərin və vaxtaşırı məhkəmə cərimələrinin ödənilməsində problemlərlə üzləşmişlər.

 

Payız hərbi əməliyyatları zamanı Azərbaycan hərbçiləri tərəfindən jurnalistlərə qarşı zorakılıq edilməsi barədə əsaslı məlumatlar daxil olmuşdur. Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına görə, oktyabrın 27-də, üzərində “Press” yazısı olan güllə keçirməyən gödəkçə geymiş bir qrup reportyor Stepanakert şəhərindən 20 mil şərqdə yerləşən qəsəbəni tərk edərkən hücuma məruz qalmışdır. Böyük Britaniyanın “Byline Times” xəbər saytında frilans kimi fəaliyyət göstərən yeni zellandiyalı Tom Matç, “Christian Broadcasting Network” şirkətinin hərbi müxbiri Çak Holton və Ermənistanın “Civilnet.am” xəbər saytı tərəfindən göndərilmiş amerikalı qrup Sərhədsiz Reportyorlar Təşkilatına bildirmişlər ki, üzərində PRESS yazısı olan avtomobildə olmalarına və ərazidə hərbi obyektlərin olmamasına rəğmən dronlar tərəfindən aşkar edildikdən sonra qəsdən hədəfə alınmışlar.

 

Oktyabrın 8-də Şuşada yerləşən Müqəddəs Xilaskar Kafedralı (Qazançetsots) Azərbaycana məxsus hərbi təyyarə tərəfindən bombalanmışdır. Birinci hücumdan bir neçə saat sonra jurnalistlər kafedralın zədələndiyi yerdən canlı yayım apararkən kafedralın yüksək dəqiqlikli silahlarla ikinci dəfə bombalanması nəticəsində ərazidə olan 3 jurnalist ciddi xəsarət almışdır. Çoxsaylı beynəlxalq müşahidəçilər kafedralın yaxınlığında hərbi hədəflərin olmadığını təsdiq etmişlər.

 

Senzura və kontentin məhdudlaşdırılması: Əksər media vasitələri özünü-senzuradan istifadə etmiş və hökumət tərəfindən cəzalandırılmaqdan ehtiyat edərək siyasi cəhətdən həssas hesab olunan mövzulardan yayınmışlar. Milli Televiziya və Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici mənşəli xəbər proqramlarını tam şəkildə təkrar yayımlamamağı tələb etmişdir.

 

Böhtan və iftira yaymağa görə məsuliyyət haqqında qanun: Böhtan atmaq yazılı və şifahi formada verilən bəyanatları özündə ehtiva etməklə cinayət əməli hesab edilir. Qanun böhtan atmaqda günahkar bilinən şəxslərə qarşı böyük miqdarda cərimələr və üç ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq etməyə imkan verir. Prezidenti təhqir edən şəxs iki ilə qədər islahedici əmək və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

İnternet azadlığı

 

İl ərzində hökumət tərəfindən internetə giriş məhdudlaşdırılmış və ya bloklanmışdır. Hərbi əməliyyatların başlamasının ardınca elan edilmiş və 28 sentyabr – 12 dekabr tarixləri arasındakı dövrü əhatə edən hərbi vəziyyət zamanı hakimiyyət bəzi vebsaytlara və sosial şəbəkələrə girişi bloklamışdır. İnternetin bloklanması hərbi əməliyyatların başlamasından noyabrın 14-dək davam etmişdir. Bu zaman “YouTube”, “Twitter” və “Instagram” kimi sosial şəbəkələrə giriş bloklanmış, bir çox virtual özəl şəbəkələrin (VPN) fəaliyyətinə maneçilik törədilmişdir. Hakimiyyət hökumətin bəyanatlarından fərqli fikirlər irəli sürən müstəqil media saytlarını bloklamağa və internetdə tənqidi fikirlər ilə çıxış edən şəxsləri həbs etməyə davam etmişdir. Hüquq müdafiəçiləri ölkə ərazisində mütəmadi olaraq ayrı-ayrı şəxslərin polis məntəqələrinə çağırıldığını, sosial şəbəkələrdə hökumət əleyhinə edilmiş paylaşımları silməyə məcbur edildiyini və bu tələbə əməl etmədikləri təqdirdə müxtəlif cəzalarla üzləşməkdə hədələndiklərini bildirmişlər. Bir çox hallarda, siyasi etirazlar zamanı hökumət tərəfindən internetə giriş kəsilmiş və ya məhdudlaşdırılmışdır.

 

2019-cu il üzrə IREX Media Dayanıqlılıq İndeksində bildirilir ki, 2017-ci ildə bloklanmış vebsaytların sayı 25 olduğu halda, 2018-ci ildə müəyyən dövr üzrə bloklanmış vebsaytların sayı 85-ə çatmışdır. “Amerikanın səsi”, RFE/RL və Azərbaycana məxsus KİV-lərin vebsaytları, o cümlədən “Azadlıq”, “Bastainfo.com”, “Criminal.az”, “Topxeber.az”, “Fia.az”, “Monitortv.info”, “Xural.com”, “Az24saat.org”, “Anaxaber.az”, və “Arqument.az” və Almaniyada yaradılan Meydan TV-nin vebsaytı il ərzində hakimiyyət tərəfindən bloklanmış vəziyyətdə qalmışdır.

 

Ali Məhkəmənin Plenumunun 19 mart tarixli qərarı ilə girişinə qadağa qoyulmuş KİV-in, o cümlədən “Meydan TV”, “Azadlıq radiosu”,Azadlıq” qəzeti, “Turan” telekanalı və “Azərbaycan Saatı”nın vebsaytlarına giriş imkanı yaradan informasiya ehtiyatlarının (VPN-lər və “YouTube” kimi saytlar vasitəsilə) barəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti təmin edilmiş və qərara yenidən baxılması üçün iş Bakı Appelyasiya Məhkəməsinə qaytarılmışdır.  Müraciətlə bağlı qərar hələ qəbul edilməmişdir. Fəallar iddia edirlər ki, hakimiyyət internet televiziyası proqramlarının yayımını kəsmək üçün kiberhücumlardan və digər üsul və imkanlardan istifadə etmişdir.

Aprelin 13-də hakimiyyət Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və həyat yoldaşının internet və telefon rabitəsini kəsmişdir. Sonradan telefon rabitəsi bərpa edilsə də, gecə saatlarında kəsilmələr bütün il boyu davam etmişdir. Dekabrın 31-nə olan məlumata görə, Kərimli və həyat yoldaşı internet şəbəkəsinə daxil ola bilmirlər. İyunun 23-də Nəsimi Rayon Məhkəməsi Əli Kərimli və həyat yoldaşının hakimiyyət tərəfindən internet xidməti və telefon rabitəsinin məhdudlaşdırılmasıyla bağlı iddiasına baxmaqdan imtina etmişdir.

 

“Turan” İnformasiya Agentliyinə məxsus “Turan.az”“Contact.az” saytları mayın 15-dən mayın 17-si səhərədək kütləvi kiberhücumlara məruz qalmış və iki dəfə bloklanmışdır. Hücum vebsaytlarda hakimiyyətin COVID-19 pandemiyasına qarşı fəaliyyəti ilə bağlı tənqidi materialların dərcindən sonra baş vermişdir.

 

İyunun 24-də “Meydan TV” adlı Almaniyada yaradılan müstəqil KİV-ə qarşı törədilmiş kiberhücum nəticəsində, onun 2018-ci ildən bu yana olan bütün “Facebook” paylaşımları, habelə “Instagram” hesabındakı 2 aylıq kontent silinmişdir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr tarixli hökmü ilə “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə maddəsi ilə günahkar bilinərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hüquq müdafiəçiləri bu işi siyasi motivli hesab etmişlər. Buna səbəb kimi Sadıqovun öz sosial şəbəkə hesablarından məmurları tənqid etməsi və daha öncə də öz jurnalist fəaliyyətinə görə məhkum olunması göstərilir. Sadıqov Məhkəmənin hökmünə etiraz olaraq həbsxanada aclıq elan etmişdir.

 

Hökumət internet provayderlərinin lisenziyalaşdırılmasını və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə rəsmi razılaşmalarının olmasını tələb etmişdir. Qanunla internetdə böhtan və təhqirə görə cinayət cəzası tətbiq olunur. Bu isə, sözügedən açıq və pulsuz informasiya daşıyıcısından istifadəyə mənfi təsir göstərir.

 

Hökumətin vətəndaş cəmiyyəti fəallarının internet əlaqələrini izlədiyini göstərən tutarlı məlumatlar qeydə alınmışdır. Məsələn, fəallar polis tərəfindən təqib olunduqlarını və fiziki zorakılıq hədəsi altında tənqidi “Facebook” paylaşımlarını silməyə məcbur edildiklərini bildirmişlər. İl ərzində fəallar internetdə hökumətin fəaliyyəti barədə tənqidi fikirlər paylaşdıqlarına və insan hüquqlarının pozulması halları haqqında şərhlər yazdıqlarına görə dindirilmiş, saxlanılmış və mütəmadi olaraq inzibati qaydada həbs olunmuşdurlar.

 

Yanvarın 14-də “Azerbaijan Internet Watch” saytı bir sıra vətəndaş cəmiyyəti təmsilçilərinə və onlayn xəbər platformasına fişinq-hücumların edildiyi barədə məlumat yaymışdır. Hücum antivirus proqram təminatını söndürməyə və gizli şəkildə klaviş sıxılmalarını oxumağa yönəlmişdir. Kriminalistik tədqiqat nəticəsində “Azerbaijan Internet Watch” və onun əməkdaşlıq etdiyi, rəqəmsal kriminalistik tədqiqatlar üzrə ixtisaslaşmış “Qurium” Media Fondu hücumu təşkil edən şəxsin hakimiyyətlə bağlı olduğu qənaətinə gəlmişlər. Payızda intentiv döyüşlərin getdiyi bir zamanda İnternetdə müharibə əleyhinə paylaşımlar etdiklərinə görə bəzi fəallar hüquq-mühafizə orqanlarına çağırılmışdır. Məsələn, noyabr ayında fəal Lətif Məmmədov bildirmişdir ki, İnternetdə müharibə əleyhinə paylaşımlar etdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları onu öldürməklə hədələyiblər.

 

“Freedom House” təşkilatının 2019-cu ilin iyun ayından 2020-ci ilin may ayınadək olan dövrü əhatə edən illik “İnternetdə Azadlıq” (Freedom on the Net) hesabatında ölkədə internet azadlığının statusunu “qeyri-müstəqil” səviyyəsində saxlamışdır. Müəyyən məhdudiyyətlərə baxmayaraq, internet hələ də vətəndaşların müstəqil mətbuat orqanlarına yeganə çıxış imkanı olaraq qalmışdır. Məsələn, “Meydan”, “Azadlıq” və digər KİV-lər bloklandığı bir zamanda, sosial şəbəkə istifadəçiləri video və məqalələrin məhdudiyyətsiz paylaşıla bildiyi “Facebook” vasitəsilə onların məlumatlarından xəbər tuta bilirlər.

 

Tədris azadlığı və mədəniyyət tədbirləri

 

Hökumət bəzi hallarda tədris azadlığını məhdudlaşdırmışdır. Müxalifət partiyalarının üzvləri məktəblərdə və universitetlərdə müəllim kimi iş tapmaqda çətinliklərlə üzləşdiklərini bildirmişlər.

 

b.  Dinc toplaşmaq və birləşmə azadlığı

 

Dinc toplaşmaq və birləşmə azadlığı konstitusiya ilə müəyyən edilsə də, hökumət bu azadlığı məhdudlaşdırmışdır.

 

Dinc toplaşmaq azadlığı

 

Hökumət dinc toplaşmaq azadlığını sərt şəkildə məhdudlaşdırmışdır. Müəyyən vaxtlarda dövlət orqanları dinc etirazlara və yığıncaqlara güc tətbiq etməklə və etirazçıları saxlamaqla cavab vermişdir.

 

COVID-19 pandemiyası ilə bağlı mart ayından etibarən tətbiq edilən məhdudiyyətlərdən öncə hakimiyyət siyasi müxalif qrupların nümayiş cəhdlərinin qarşısını almışdır. Məsələn, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında parlament seçkilərinə və onların nəticələrinə etiraz olaraq keçirilmiş nümayiş polis tərəfindən zorla yatırılmışdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası polisin etirazçıları güc tətbiq edərək avtobuslara mindirməsinin şahidi olduğunu və etirazçılardan bəzilərinin avtobusda olarkən döyüldüyünü məruzə etmişdir. Fevralın 16-da polis təxminən 200-dək nümayişçini saxlayaraq avtobus və maşınlara mindirmiş, onları Bakının uzaq ərazilərinə və ya ölkənin digər regionlarına apararaq, heç bir izahat vermədən və qayıtmaq vasitəsilə təmin etmədən buraxmışdır. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər tətbiq edildikdən sonra bu siyasi qruplar nümayiş təşkil etməyə çalışmamışdır, halbuki bu, sərbəst toplaşmaq azadlığına uyğundur.

 

İyulun ortalarında Ermənistanla sərhəddə döyüşlərin getdiyi bir zamanda orduya dəstək məqsədilə baş tutmuş böyük və planlaşdırılmamış mitinq zamanı polis və etirazçı qruplar arasında kiçik toqquşmalar baş vermiş, nəticədə polis maşınlarına, habelə Milli Məclis binasının daxilinə və xaricinə zərər dəymişdir. Polis kütləni dağıtmaq üçün güc tətbiq etmişdir. “Human Rights Watch” təşkilatının məlumatına görə, polis dinc etirazçılara qarşı su şırnağından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdir.

 

Dövlət televiziyası vasitəsilə çıxışı zamanı Prezident Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasını nümayişi təşkil etməkdə ittiham etdikdən sonra partiyanın azı 16, Azərbaycan Demokratiya və Rifah Hərəkatının 1, Müsəlman Birliyi Hərəkatının 2 üzvü həbs edilmişdir. Bundan əlavə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının azı 15 üzvü inzibati qaydada həbs olunmuşdur. Orduya dəstək yürüşünün siyasi partiyalar tərəfindən təşkil edilməməsinə, müxalifətə və ya ümumi toplaşmaq azadlığı hüquqlarına dəstək xarakteri daşımamasına rəğmən, hakimiyyət onunla əlaqədar siyasi motivli həbslər həyata keçirmişdir.

 

Qanunla kiçik pozuntulara görə üç aya qədər, polisə müqavimət göstərməyə görə isə bir aya qədər inzibati qaydada saxlama müddəti nəzərdə tutulur. Məhkəmə qərarını icra etməyənlərə (o cümlədən cərimələrin ödənilməməsinə görə) qarşı böyük pul cəriməsi və bir aya qədər inzibati qaydada saxlama cəzası tətbiq oluna bilər.

 

Konstitusiyaya əsasən qrupların müvafiq hökumət orqanını əvvəlcədən xəbərdar etməklə sərbəst toplaşması nəzərdə tutulsa da, hökumət bu müddəanı əvvəlcədən icazə almaq tələbi kimi şərh etməkdə davam etmişdir. Yerli dövlət orqanları keçirilən bütün yürüşlər üçün əvvəlcədən icazə alınmasını və yürüşlərin Bakının mərkəzindən uzaq və ictimai nəqliyyatın az işlədiyi məkanda keçirilməsini tələb etmişdir. Əksər siyasi partiyalar və QHT-lər bu cür tələblərin qəbuledilməz və konstitusiyaya zidd olduğunu bildirmişlər.

 

Birləşmə azadlığı

 

Birləşmə azadlığı konstitusiya ilə təsbit olunsa da, qanun bu hüququ müəyyən dərəcədə məhdudlaşdırmış və qanuna edilmiş əlavələr QHT-lərin fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirmişdir. Qanuna edilmiş əlavələrin tətbiqi nəticəsində dövlət orqanları tərəfindən müstəqil təşkilatların fəaliyyəti ilə bağlı cinayət araşdırmasına başlanılmış, bank hesabları dondurulmuş, yerli işçilər təqibə məruz qalmış, o cümlədən bəzi QHT rəhbərləri həbs edilmiş və onların xaricə səfərlərinə qadağalar qoyulmuşdur. Nəticədə bir sıra QHT-lər fəaliyyət göstərə bilməmişdir.

 

Bir sıra hüquqi müddəalar hökumətə siyasi partiyaların, dini qrupların, müəssisələrin və QHT-lərin fəaliyyətini tənzimləməyə, o cümlədən “hüquqi şəxs” statusu almaq istəyən QHT-lərdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyi tələb etməyə imkan vermişdir. Qanunda hökumətin QHT-nin qeydiyyatla bağlı müraciətini qəbul edildikdən sonra 30 gün ərzində (yaxud əlavə araşdırma tələb olunduğu halda əlavə 30 gün ərzində) bu müraciətə baxması tələb olunsa da, qeyri-müəyyən, yorucu və qeyri-şəffaf qeydiyyat prosedurları uzunmüddətli ləngimələrə səbəb olmuş və vətəndaşların birləşmək hüquqlarını məhdudlaşdırmışdır. Digər qanunlar sərbəst birləşmə azadlığını məhdudlaşdırır, məsələn, QHT-nin filial rəhbəri xarici vətəndaş olduğu halda, filial rəhbərinin müavinlərinin Azərbaycan vətəndaşı olması tələb edilir.

 

Qrantlar və ianələri tənzimləyən qanunlar QHT-lərin nağd qaydada ianələr qəbul etmələrinə de-fakto qadağa qoymuş və QHT-lər tərəfindən anonim ianələrin qəbul olunmasını və yaxud ictimaiyyətdən ianələrin cəlb olunmasını demək olar ki, qeyri-mümkün etmişdir.

 

İnzibati Xətalar Məcəlləsi və QHT-lər, qrantlar və hüquqi şəxslərin qeydiyyatı ilə bağlı olan qanunlar QHT-lərin və qeydiyyatdan keçməmiş, müstəqil və xarici təşkilatların fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq etmişdir. Qanunvericilikdə, həmçinin donorlar üçün də bəzi məhdudiyyətlər müəyyən edilmişdir. Məsələn, xarici donorların resipiyentlər ilə qrant müqavilələri imzalamazdan öncə ilkin razılıq əldə etmələri tələb olunmuşdur. Qanunlar, qeydiyyatdan keçməmiş və xarici QHT-lərin məcburi bağlanmağa qarşı müdafiəsiz olmasına gətirib çıxarmış, potensial fəalları və donorları vətəndaş cəmiyyəti təşkilatlarına qoşulmaqdan çəkindirmiş, eləcə də onların qeydiyyatdan keçməmiş yerli qruplar və yaxud bu cür təşkilatların üzvlərinə qrantlar ayırmaq imkanlarını məhdudlaşdırmışdır.

 

Hökumət qrantların qeydiyyatı prosesini sadələşdirmək üçün “Vahid pəncərə” mexanizminin yaradılmasına dair yeni normativ-hüquqi aktlar qəbul edilmişdir. Yeni prosedurlara görə, bir çox təşkilat üçün qrant qeydiyyatı prosesi birləşdirilmişdir. Lakin yeni prosedurlar tam şəkildə yerinə yetirilməmiş və fəaliyyət göstərən QHT-lərin sayında daha da azalma müşahidə olunmuşdur.

 

Ədliyyə Nazirliyi 2016-cı ildə QHT-lərin fəaliyyətinə nəzarətlə bağlı yeni qaydalar qəbul etmişdir. Bu qaydalar Nazirliyə QHT-lərdə yoxlama aparmaq və əməkdaşlıq etməyən QHT-lərə sərt cərimələr tətbiq etmək hüququ verir, cəmi bir neçə müddəada QHT-lərin hüquqlarının qorunması nəzərdə tutulur.

 

Bir sıra yerli və beynəlxalq QHT-lərin fəaliyyətləri və onların yerli rəhbərliyinə qarşı 2014-cü ildə başladılmış genişmiqyaslı cinayət araşdırması il ərzində davam etmişdir. Baş Prokurorluğun Amerika Vəkillər Assosiasiyası və İREX-ə qarşı cinayət işlərini dayandırmasına, həmçinin onların dondurulmuş bank hesablarının bərpa edilməsi haqqında sərəncam verməsinə baxmayaraq, bu iki təşkilat inzibati çətinliklərlə üzləşməkdə davam edir. Məsələn, IREX-in üzərində vergi sanksiyası qalmaqdadır. Digər təşkilatların problemləri olduğu kimi qalmaqdadır. Məsələn, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin bank hesabları dondurulmuş olaraq qalmış və təşkilat öz fəaliyyətini həyata keçirə bilməmişdir (bax: 5-ci bölmə).

 

Ölkədə fəaliyyət göstərmək istəyən xarici QHT-lərdən Ədliyyə Nazirliyi ilə müqavilə imzalamaq və qeydiyyatdan keçmək barədə qanunda qeyd olunan tələblərin icrası hökumət tərəfindən davam etdirilmişdir. Azərbaycanda öz filialını qeydiyyatdan keçirmək istəyən xarici QHT-lərdən “Azərbaycan xalqının milli və mənəvi dəyərlərini” dəstəklədiklərini nümayiş etdirmək, dini və siyasi təbliğat fəaliyyətlərində iştirak etməmək öhdəliyi götürmək tələb olunur. Qanunda qeydiyyat proseduru ilə bağlı hər hansı vaxt məhdudiyyəti göstərilmir və bu da, hökumətin hər hansı xarici QHT-ni qeydiyyatdan keçirib-keçirməməklə bağlı qeyri-məhdud müddətdə qərar qəbul etməsinə imkan yaradır. İlin sonuna olan məlumatlara əsasən azı 4 xarici QHT bu qaydalara uyğun şəkildə qeydiyyatdan keçmək imkanına malik olmuşdur.

 

QHT-lərin nümayəndələri Ədliyyə Nazirliyinin təqdim olunan ərizələrə, xüsusilə də, demokratik inkişaf məsələləri üzərində işləyən şəxslərin və təşkilatların ərizələrinə baxmadıqlarını bildirmişlər. Fəallar vətəndaş cəmiyyətinin inkişafının illərdir ki, məhz onların qeydiyyatına əngəl törədən hökumət bürokratiyası səbəbindən mümkün olmadığını bildirmiş və əks təqdirdə, ölkədə daha çox və daha fəal müstəqil QHT-lərin fəaliyyət göstərə biləcəyini iddia etmişlər.

 

c.  Dini etiqad azadlığı

 

Bax: Dövlət Departamentinin Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabatı

https://www.state.gov/international-religious-freedom-reports/.

 

d.  Sərbəst hərəkət azadlığı

 

Ölkə daxilində sərbəst hərəkət azadlığı, xaricə səfər, mühacirət və repatriasiya qanunla müəyyən olunur və hökumət ümumilikdə bu hüquqların çoxuna hörmət etmişdir. Bununla belə, bəzi tanınmış müxalifət nümayəndələrinin, fəalların və jurnalistlərin sərbəst hərəkət azadlığı hökumət tərəfindən məhdudlaşdırılmışdır.

 

Sentyabrın 27-də Ermənistan və Ermənistan tərəfindən dəstəklənən separatçılara qarşı intensiv döyüşlər başladıqdan sonra elan olunan hərbi vəziyyət zamanı hökumət tərəfindən Bakı və Gəncə daxil olmaqla, 6 şəhərdə və 16 rayonda axşam saat 9-dan səhər saat 6-dək komendant saatı tətbiq edilmişdir.

 

Xaricə səfər: Dövlət orqanları bəzi müxalifət nümayəndələrinin, fəalların və jurnalistlərin ölkədən kənara səfər etməsinin qarşısını almağa davam etmişlər. Buna misal olaraq, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini (2006-cı ildən bəri ölkədən çıxışına icazə verilmir), araşdırmaçı-jurnalist və fəal Xədicə İsmayılovanı və vəkil İntiqam Əliyevi gətirmək olar.

 

Hərbi xidmət yaşına çatmış şəxslərin xaricə səfər etməzdən öncə hərbi qurumlarda qeydiyyatdan keçməsi qanunla tələb edilir. Milli təhlükəsizliyə dair informasiyaya çıxışı olan hərbi qulluqçuların səfərlər etməsinə dövlət orqanları tərəfindən müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Həmçinin cinayət əməli ilə ittiham olunmuş və ya məhkum edilmiş, lakin şərti cəza alan şəxslərin cəza müddətləri bitənə qədər xaricə səfər etməsinə icazə verilməmişdir.

 

e.  Məcburi köçkünlərin statusu və onlara münasibət

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) məlumatına əsasən, ilin ortasında məcburi köçkün vəziyyətində olanların sayı 652,326 nəfər təşkil etmişdir. Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini 1988-1994-cü illərdə tərk etmişlər.

 

Məcburi köçkünlərin təhsil və tibbi xidmətdən faydalanmaq imkanı olsa da, onların işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən yüksək olmuşdur. Bəzi beynəlxalq müşahidəçilər hökumətin məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasını kifayət qədər təbliğ etmədiyini bildirmişdir.

 

f.  Qaçqınların müdafiəsi

 

Hökumət məcburi köçkünlər, qaçqınlar, qayıdan qaçqınlar, sığınacaq axtaran şəxslər, vətəndaşlığı olmayan şəxslər və narahatlıq doğuran digər şəxslər üçün yardım və müdafiənin təmin edilməsində BMT QAK və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir.

 

Sığınacaqlarla təmin olunma imkanı: Sığınacaq və ya qaçqın statusunun verilməsi qanunla müəyyən olunur və hökumət, bəzi qaçqınların müdafiəsinin təşkil olunması üçün Dövlət Miqrasiya Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Şöbəsi tərəfindən həyata keçirilən sistem müəyyən etmişdir. BMT QAK tərəfindən bəzi irəliləyişlərin olduğu qeyd olunsa da, ölkədə qaçqın statusunun müəyyən olunması sistemi beynəlxalq standartlara cavab verməmişdir. Beynəlxalq QHT-lər xidmətin səmərəli və şəffaf şəkildə aparılmadığını bildirmişdir.

 

Təhlükəsiz mənşə ölkəsi/tranzit ölkə: BMT QAK tərəfindən verilən məlumata əsasən ölkə Çeçenistandakı münaqişə nəticəsində öz yerlərini tərk edən Rusiya vətəndaşlarının sığınacaqların təmin olunması üzrə dövlət prosedurundan istifadə etməsinə icazə verməmişdir. Bununla belə, BMT QAK qeyd etmişdir ki, ölkə çeçen milliyyətindən olan sığınacaq axtaranların mövcudluğuna tolerant yanaşmış və BMT QAK tərəfindən onların müdafiəsi və humanitar ehtiyaclarının təmin olunmasını qəbul etmişdir.

 

Başlıca xidmətlərdən istifadə: Hesablamalara əsasən ölkədəki 1,591 (dövlət tərəfindən tanınmış qaçqınlar və yalnız BMT QAK tərəfindən tanınanlar daxil olmaqla) nəfər qaçqının sosial xidmətlərdən yararlanmaq imkanı olmamışdır. Bir çox qaçqın uşaqları ölkənin bir sıra regionunda adi məktəblərdə təhsil almışdır.

 

Müvəqqəti müdafiə: Hökumət il ərzində sığınacaq axtaran şəxsləri müvəqqəti müdafiə ilə təmin etməmişdir.

 

g.  Vətəndaşlığı olmayan şəxslər

 

BMT QAK tərəfindən verilmiş statistik məlumatlara əsasən, ilin sonunda ölkədə BMT QAK-ın vətəndaşlığı olmayan şəxs mandatına malik 3,585 nəfər olmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən, il ərzində 409 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verilmişdir. Vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti Gürcüstan və yaxud İrandan olan etnik azərbaycanlılar olmuşlar. QHT-lər vətəndaşlığı olmayan bir çox digər şəxslərin olduğunu bildirmişlər və onların sayının yüzlərlə və ya on minlərlə ola biləcəyini qeyd etmişlər.

 

Vətəndaşlığı olmayan şəxslərin statusun alınması üçün müraciət etmək hüququnun qanunla nəzərdə tutulmasına baxmayaraq, bəzi şəxslər müraciət etmək üçün tələb olunan sənədləri əldə edə bilməmişlər və bu səbəbdən də rəsmi qaydada qeydə alınmamışlar. “Vətəndaşlıq haqqında” Qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını çətinləşdirir.

 

Vətəndaşlığı olmayan şəxslər əsasən sərbəst yerdəyişmə azadlığından istifadə edə bilmişlər. Buna baxmayaraq, vətəndaşlığı olmayan şəxslərə xaricə səfər üçün sənədlər verilməmiş, yaxud Azərbaycanı tərk etdikləri zaman yenidən ölkəyə qəbul edilməmişlər. Vətəndaşlığı olmayan şəxslərin səhiyyə və məşğulluq kimi əsas hüquqlarla təmin olunması qanunla nəzərdə tutulur. Buna baxmayaraq, onların hüquqi statuslarının olmaması, müəyyən hallarda onların bu hüquqlardan istifadə etməsinə mane olmuşdur.

 

Konstitusiya vətəndaşlığın “qanunla müəyyən edilən hallarda” itirilməsinə icazə verilir. İl ərzində hökumət 1 nəfərin vətəndaşlığını ləğv etmişdir.

 

Bölmə 3. Siyasi proseslərdə iştirak etmək azadlığı

 

Vətəndaşların öz hökumətini ümumxalq və bərabər seçki əsasında keçirilən azad və ədalətli seçkilər vasitəsilə seçmək hüququnun konstitusiya ilə müəyyən olunmasına baxmayaraq, hökumət seçki prosesinə müdaxilə etməklə bu hüququ məhdudlaşdırmağa davam etmişdir. Qanun eyni zamanda müstəqil qanunvericilik hakimiyyətinin olmasını nəzərdə tutsa da, Milli Məclisin icraedici hakimiyyətdən ayrı şəkildə müstəqil təşəbbüslərinin sayı çox az olmuşdur.

 

Seçkilər və siyasi iştirak

 

Son seçkilər: Milli Məclisin müraciəti əsasında 2019-cu ilin dekabr ayında Prezident Milli Məclisinin buraxılması və fevral ayının 9-na növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalamışdır.

 

Bəzi müxalifət partiyaları məhdud mühitin olmasından şikayət edərək seçkiləri boykot etmiş, digər müxalifət partiyaları və qrupları isə seçkilərdə iştirak etmişlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının məlumatına görə, məhdud qanunverici və siyasi mühit 9 fevral seçkilərində həqiqi rəqabətliliyə mane olmuşdur. ATƏT/DTİHB qərara gəlmişdir ki, real siyasi rəqabətin və müzakirələrin olmaması səbəbindən seçicilərə əhəmiyyətli seçim imkanı verilməmişdir. Bir çox namizədlər seçicilərlə əlaqə yaratmaq üçün sosial şəbəkələrdən istifadə etsələr də, bu, ənənəvi mətbuatda seçki kampaniyasının işıqlandırılmasının yerini verməmişdir. ATƏT/DTİHB seçicilərə, namizədlərə və namizədlərin nümayəndələrinə qarşı bir neçə təzyiq hallarını müşahidə etmişdir. Beynəlxalq və yerli müşahidəçilər səslərin sayılması və nəticələrin hesablanması zamanı çoxsaylı ciddi pozuntulara yol verildiyini, o cümlədən seçki qutusuna bülletenlərin doldurulması və səsvermə prosesində “karusel” əməliyyatı hallarının baş verdiyini qeyd etmişdir. ATƏT/DTİHB belə nəticəyə gəlmişdir ki, yol verilən pozuntular “seçkinin nəticələri ilə bağlı narahatlıq doğurur”. Yerli bitərəf müşahidəçilər seçki nəticələrinin xalqın iradəsini əks etdirmədiyi qərarına gəlmişlər.

 

2018-ci ilin fevral ayında Prezident, prezident seçkilərinin tarixinin 2018-ci ilin oktyabrından aprel ayına keçirilməsi haqqında fərman imzalamışdır. Müxalifət partiyaları seçkiləri boykot edərək, rəqabətə imkan verməyən mühitin yaranmasından və hazırlıq üçün kifayət qədər vaxtın qalmamasından şikayət etmişlər. Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) missiyasının məlumatına görə, prezident seçkiləri məhdud siyasi mühitdə və əsl demokratik seçkilər üçün əsas ilkin şərtlər olan əsas hüquq və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirilmişdir. Missiya plüralizmin, o cümlədən kütləvi informasiya vasitələrində plüralizmin olmadığı bu seçkilərdə əsl rəqabətin olmadığını bildirmişdir. Beynəlxalq və yerli müşahidəçilər seçki günündə məcburi prosedurlara məhəl qoyulmaması, şəffaflığın olmaması və seçki qutusuna bülletenlərin doldurulması və səsvermə prosesində “karusel” əməliyyatı kimi çoxsaylı ciddi pozuntulara yol verildiyini qeyd etmişdir.

 

2016-cı ildə keçirilmiş ümumxalq səsverməsindən sonra konstitusiyaya edilmiş dəyişikliklərə görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və qanunverici orqan bir il ərzində iki dəfə hökumətə etimadsızlıq göstərdikdə və ya prezidentliyə namizədləri əsas hökumət vəzifələrinə təyin etməkdən imtina etdikdə Azərbaycan Respublikası Prezidentinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Dəyişikliklər, həmçinin prezidentə bir və ya bir neçə vitse-prezident təyin etmək və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin əvəzlənməsi ardıcıllığında birinci şəxs kimi Birinci vitse-prezidenti müəyyən etmək səlahiyyəti vermişdir. 2017-ci ildə prezident öz xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etmişdir. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri 2016-cı il referendumunun yaxşı keçdiyini bildirsə də, müstəqil seçki müşahidəçiləri seçki qutusuna bülletenlərin doldurulması, səsvermə prosesində, bir seçicinin bir neçə dəfə səs verməsini nəzərdə tutan “karusel” əməliyyatı və digər bu kimi pozuntu hallarına yol verildiyini aşkar etmişdir və bunların bir çoxu videoçəkilişdə öz əksini tapmışdır. Onlar, həmçinin seçki fəallığının Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi açıqlanan rəqəmlərdən az olduğunu da müşahidə etmişlər.

 

Siyasi partiyalar və siyasi iştirak: 2011-ci ildən bu yana ilk dəfə olaraq, 8 partiyanın, o cümlədən REAL partiyasının qeydə alınması ilə qeydiyyatdan keçmiş siyasi partiyaların sayı 55-dən 63-ə qalxmışdır. Buna baxmayaraq, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etmişdir. Yerli müşahidəçilərin verdikləri məlumata əsasən iqtidar partiyasına üzvlük müəyyən imtiyazlar qazandırır, belə ki, dövlət qulluğuna işə qəbul zamanı partiyanın üzvlərinə üstünlük verilir. 9 fevral tarixli parlament seçkilərindən sonra Milli Məclisdə ölkənin əsas müxalifət partiyalarından yalnız 1 nümayəndə yer almışdır. 2010-cu ildən etibarən ölkənin əsas müxalifət partiyalarının nümayəndələri Milli Məclisdə təmsil olunmamışdır.

 

İl ərzində Prezident Administrasiyası rəsmisi ölkədə fəaliyyət göstərən 63 siyasi partiya və qrupların bəziləri ilə birbaşa əlaqələr yaratmışdır. İl ərzində həmin rəsmi şəxslə siyasi xadimlər, o cümlədən seçilmiş müxalifət partiyalarının nümayəndələri arasında görüşlər baş tutmuşdur. Dialoqa baxmayaraq, siyasi iştirakla bağlı məhdudiyyətlərin tətbiqi davam etmişdir.

 

Vətəndaş cəmiyyətinin üzvləri digər vətəndaşlarla müqayisədə rəsmi qurumların təqiblərinə və qanunsuz həbs və saxlamalara daha çox məruz qalmışdır. Müxalif siyasi partiyaların üzvləri sosial mediada hökuməti tənqid edən yazılar dərc etdikdən və ya dinc nümayişlərdə (bax: 2.b. “Dinc toplaşmaq azadlığı”) iştirak etdikdən sonra saxlanılmış və inzibati həbs cəzasına məhkum edilmişdir. Martın ortalarından mayın ortalarınadək müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16 üzvü karantin rejimi qaydalarının pozulması və polisə müqavimət ittihamı ilə həbs edilmiş və barələrində inzibati həbs qərarı çıxarılmışdır. Hüquq müdafiəçilərinin hesablamalarına əsasən, il ərzində ölkə məhkəmələri təxminən 40 dəfə “Xalq Cəbhəsi” Partiyasının fəallarının inzibati qaydada həbs edilməsi ilə bağlı hökm çıxarmışlar.

 

Yerli QHT-lərin məlumatına görə, müxalifət partiyasının səkkiz üzvü, o cümlədən Xalq Cəbhəsi Partiyasının üzvləri Babək Həsənov, Aqil Məhərrəmov, Orxan Baxışlı, Saleh Rüstəmli, Paşa Umudov, Elçin İsmayıllı, Əlizamin Salayev və Niyaməddin Əhmədov siyasi məhbus və ya siyasi səbəbdən saxlanılan şəxs hesab olunmuşdur.

 

Avqustun 31-də qeydiyyata alınanadək REAL partiyası təsis qurultayını təşkil etmək üçün yer icarələyə bilməmişdir. Belə bir çətinlik fonunda Prezident Administrasiyasının siyasi partiyalar ilə əlaqələrə cavabdeh nümayəndəsi qurultayın onlayn təşkil edilməsini təklif etmişdir. Avqust ayında REAL-ın qurultayı onlayn keçirilmişdir. Ofis sahibləri hökumətin cəza tədbirlərindən qorxduqları üçün müxalifət partiyaları ofis icarə etməkdə çətinliklərlə üzləşməkdə davam etdiklərini bildirmişlər. Regional partiyaların üzvləri öz toplantılarının məqsədini gizlətməyə və bu toplantıları çayxanalarda və ucqar yerlərdə keçirməyə məcbur olmuşlar. Müxalifət partiyaları, həmçinin rəsmi və qeyri-rəsmi maliyyə çətinlikləri ilə də üzləşmişdir. Məsələn, hakimiyyət müxalifətə maddi yardım göstərənləri cəzalandırmaqla, müxalifət partiyalarının üzvlərini işdən çıxarmaqla və ailə üzvlərinə iqtisadi təzyiqlər göstərməklə onların maliyyə resurslarını məhdudlaşdırmışdır.

 

Yerli vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə qarşı tətbiq edilən məhdudiyyətlər onların seçkiləri müşahidə etmək imkanlarını məhdudlaşdırmışdır. Bu məhdudiyyətlərə QHT-lərin fəaliyyətini sərt şəkildə məhdudlaşdıran hüquqi müddəalar və QHT-lərin, hüquqi statusun alınması üçün tələb olunan qeydiyyatının mümkünsüzlüyü daxildir. Məsələn, bitərəf seçki monitorinq təşkilatları olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzi və Demokratik Təşəbbüslər İnstitutu (IDI) qeydiyyata alınmamış olaraq qalırlar. SMDT Mərkəzi də 9 fevral tarixli parlament seçkiləri zamanı müstəqil seçki müşahidəçilərinin fiziki və psixoloji təzyiqə məruz qaldıqlarını bəyan etmişdir.

 

Qadınlar və milli azlıqların iştirakı: Heç bir qanun qadınların və milli azlıqların siyasi prosesdə iştirakını məhdudlaşdırmır və onlar siyasi proseslərdə iştirak etmişlər. Ölkənin birinci xanımı Birinci vitse-prezident vəzifəsinə təyin edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazir səviyyəsində vəzifəyə bərabər olan sədri qadın olmuş və Milli Məclisin üzvlərinin 17.6 faizi qadınlardan ibarət olmuşdur.

 

Qadın fəallar tez-tez əlavə təzyiq və hədə-qorxu ilə üzləşmişdir. Məsələn, əhalinin su ilə təminatı və qanunsuz torpaq satışı barədə narahatlığını açıq şəkildə ifadə etdiyinə görə, Neftçala rayonu Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı cinsi zəmində təqib və hədə-qorxuya məruz qalmışdır. Verilən məlumatlara görə, iyunun 16-da yerli bələdiyyə sədri Vəfa Nağını və ailə üzvlərini gözdən salmaq məqsədilə onun üzərində “Lady Gaga” yazılmış çimərlik şəkillərini kənd ərazisində yayılması barədə göstəriş vermişdir.

 

Bölmə 4. Korrupsiya və hökumətdə şəffaflığın olmaması

 

Dövlət məmurlarının yol verdikləri korrupsiya əməlinə görə qanunla cinayət cəzası nəzərdə tutulur, lakin bu qanun hökumət tərəfindən effektiv şəkildə icra olunmamışdır və dövlət məmurları çox vaxt cəzasız şəraitdə korrupsiya əməllərində iştirak etmişdir. Hökumət tərəfindən aşağı səviyyədə dövlət xidmətlərinin həyata keçirilməsi zamanı korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləyişlər əldə olunsa da, yuxarı səviyyədə, xüsusilə də dövlət məmurlarının korrupsiya fəaliyyəti problem olaraq qalmışdır.

 

“Transparency International” təşkilatı və digər müşahidəçilər korrupsiyanın geniş yayıldığını qeyd etmişlər. Hakimiyyətin icraedici, qanunverici və məhkəmə qollarında korrupsiyaya yol verilməsi ilə bağlı məlumatlar daxil olmuşdur. Məsələn, 2004 və 2017-ci illər arasında ölkəyə səfərləri barədə altı hesabatında İQK ölkənin bütün hüquq mühafizə sistemində korrupsiyanın “sistemli və endemik” xarakter daşıdığını qeyd etmişdir. 2017-ci ildə ölkəyə ən son səfəri ilə bağlı hesabatında İQK hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin ittihamların azaldılması və ya qeydə alınmaması qarşılığında ödənişlər tələb etməsi hallarının olduğunu qeyd etmişdir. Bu problemlər il ərzində qalmaqda davam etmişdir. KİV-lərin məlumatına görə, fevralın 20-də Neftçala, aprelin 29-da Biləsuvar, mayın 5-də İmişli və dekabrın 7-də Cəlilabad rayon icra başçıları rüşvət alma faktına görə həbs olunmuşlar.

 

Hökumətdəki korrupsiyaya qarşı mübarizə aparan bəzi şəxslərin dövlət orqanları tərəfindən hədəfə alınması halları əvvəlki illərdə olduğu kimi davam etmişdir. Məsələn, hökumət tərəfindən araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya qarşı cəza tədbirlərinin görülməsi davam etmişdir. Belə ki, 2017-ci ildən etibarən onun bank hesabları dondurulmuş, 2016-cı ildən etibarən ölkədən çıxışına qadağa qoyulmuş və AİHM-in onun xeyrinə çıxarmış olduğu 3 qətnamə yerinə yetirilməmişdir (bax: 1.e. “Siyasi məhbuslar və saxlanılan şəxslər”). 2019-cu ilin mart ayında Bakı Apellyasiya Məhkəməsi İsmayılovanın Bakı İqtisadi Məhkəməsinin RFE / RL-nin qeyri-kommersiya təşkilatı olaraq vergidən azad olmasına baxmayaraq, RFE/RL-in 45,143 manat (26,600 dollar)  məbləğində iddia olunan vergi borcunu ödəmək üçün Xədicə İsmayılovaya qarşı çıxardığı qərardan verdiyi apellyasiya şikayətini təmin etməmişdir. 2019-cu ilin avqust ayında Ali Məhkəmə hökmü qüvvədə saxlamışdır. Xədicə İsmayılovanın elit korrupsiyaya dair verdiyi məlumatlar onun hədəfə alınmasının əsas səbəbi kimi göstərilmiş və o, 2014-cü ildən 2016-cı ilədək həbs olunmuşdur.

 

Korrupsiya: İl ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmişdir. Bir nəfər belə olsun rəhbər vəzifələrdə çalışan məmur cinayət məsuliyyətinə cəlb edilməsə də, bir neçə yuxarı vəzifəli şəxs həbs olunmuş və mühakimə edilmişdir. İlin sonunadək, sabiq mədəniyyət naziri və Nazirliyin bir sıra yuxarı vəzifəli şəxsləri, bir neçə səfir, Xarici İşlər Nazirliyinin bir neçə şöbə müdiri, həmçinin bir neçə rayon icra başçısı və onların müavinləri barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmamış qalmışdır. Həmin şəxslər korrupsiyada ittiham olunsalar da, həbslər sistemli islahatlarla müşayiət olunmamışdır. Belə ki, bütün vəzifəli şəxslərin “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na riayət etməsinin tələb olunması və korrupsiya hallarını ifşa edən şəxslərə qarşı cəza tədbirlərinin görülməsinin dayandırılması həyata keçirilməmişdir. Nəticədə, müşahidəçilər bu həbslərin korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində deyil, siyasi və ya iqtisadi motivlərdən həyata keçirildiyi qənaətinə gəlmişlər.

 

Aprel ayında “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi” (OCCRP) 2006-2009-cu illərdə Bakıda bir sıra binaların tikintisi və təmiri işləri üçün Balkan yarımadası ölkələrindən 700-dən çox işçi cəlb etmiş “SerbAz” şirkəti haqqında məqalə dərc etmişdir. OCCRP “SerbAz” şirkətinin ölkədəki ən güclü hamisinin gənclər və idman naziri Azad Rəhimov olduğunu ortaya çıxarmışdır. OCCRP-nin araşdırmalarına əsasən Rəhimovun öz həyat yoldaşının adına olan şirkətlə müqavilələr bağladığına və dövlət vəsaitindən öz ailəsinin mənafeyi üçün istifadə etdiyinə dair güclü sübutlar ortaya çıxmışdır. “SerbAz”ın zinət əşyalarının böyük idxalçısı olan, Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovanın və Rəhimovun iş tərəfdaşı olan bir şəxsin rəhbərlik etdiyi “İtalDizain” şirkətinin törəmə şirkəti olduğu aşkara çıxmışdır. Gənclər və İdman Nazirliyi Heydər Əliyev adına İdman – Konsert Kompleksinin təmiri, “Səadət Sarayı”nın bərpası və “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin yenidənqurması ilə bağlı “SerbAz” şirkəti ilə müqavilələr bağlamışdır. Tikinti işləri dövründə işçilərin qeyri-insani şəraitdə saxlanıldığı, onların pasportlarının müsadirə edildiyi, fiziki zorakılığa məruz qaldığı, bir neçə nəfərin isə vəfat etdiyi bildirilmişdir.

 

Belə bir fikir geniş yayılmışdır ki, rüşvət sayəsində 18-35 yaş arası kişilər üçün ümumi hesab olunan hərbi xidmət öhdəliyindən imtina etmək olar. Vətəndaşlar, həmçinin hərbi qulluqçuların kiçik rüşvət qarşılığında daha asan hərbi vəzifələrə təyin oluna bildiyini də qeyd etmişlər.

 

Hökumət dövlət idarəçiliyinin aşağı səviyyələrində korrupsiyanın azaldılması ilə bağlı tədbirləri davam etdirmiş, doqquz nazirlikdən doğum haqqında şəhadətnamələr və nikah şəhadətnamələrinin alınması kimi dövlət xidmətlərinin birdəfəlik yerinə yetirildiyi yer kimi fəaliyyət göstərən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmət mərkəzlərinin səlahiyyət və sayını artırmaqla hökumət xidmətlərini təkmilləşdirmişdir.

 

Maliyyə açıqlaması: Qanun rəsmi şəxslərdən özlərinin maliyyə vəziyyəti haqqında hesabat təqdim etməyi tələb edir və seçki məcəlləsinə əsasən bütün namizədlər maliyyə hesabatlarını təqdim etməlidirlər. Hesabatların təqdim olunması prosesi mürəkkəb və qeyri-şəffaf olmuşdur. Belə ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Milli Məclis, Ədliyyə Nazirliyi və Mərkəzi Seçki Komissiyası daxil olmaqla bir sıra dövlət qurumları və təşkilatlar bu hesabatları qəbul edən tərəf kimi təyin olunsalar da, onların nəzarət rolu yaxşı təşkil edilməmişdir. İctimaiyyətin bu hesabatları əldə etmək imkanı olmamışdır. Qanunun tələblərinə əməl olunmamasına görə inzibati tədbirlər nəzərdə tutulsa da, bu tədbirlər tətbiq edilməmişdir.

 

Müəssisə təsisçilərinin adlarının və səhmdar kapitalına olan investisiya məbləğinin ictimaiyyətə açıqlanması qanunla qadağan edilir. Tənqidçilər bu dəyişikliyin hökumət rəsmilərinin biznes maraqlarının araşdırmaçı-jurnalistlər tərəfindən araşdırılmasının qarşısını almaq məqsədilə edildiyini iddia etmişdirlər.

 

Bölmə 5. İddia edilən insan hüquqlarının pozulması hallarının beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən araşdırılmasına hökumətin münasibəti

 

Hakimiyyət Dağlıq Qarabağ münaqişə zonasının müəyyən rayonlarına giriş imkanı yaratsa da, yerli və beynəlxalq jurnalistlərin, o cümlədən “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatların digər ərazilərə girişini və reportaj aparmaq imkanlarını məhdudlaşdırmışdır.

 

İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aparıcı QHT-lər insan hüquqları ilə bağlı işlərin araşdırılması və nəticələrin çap olunması ilə bağlı ədavətlə üzləşmişdirlər. Məsələn, 6 və 13 may tarixlərində Daxili İşlər Nazirliyi və Prokurorluq hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Oqtay Güləliyevi ayrıca çağırmışdır. Deyilənlərə görə, Güləliyev müstəqil media orqanı olan “Turan”a Nazirliyin 2018-ci ilin iyul ayında baş verən Gəncə hadisəsi də daxil olmaqla onun “Facebook”da repressiya və işgəncə barədə etdiyi paylaşımlarla bağlı narahatlığını ifadə etdiyini bildirmişdir (Bax: Bölmə 1.c.).

 

İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aparıcı QHT-lər insan hüquqları ilə bağlı işlərin araşdırılması və nəticələrin çap olunması ilə bağlı ədavətlə üzləşmişlər. Məsələn, hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Rüfət Səfərov avqustun 3-də Baş Prokurorluğa çağırılmış və iyulun 14-dən 15-nə keçən gecə Bakıda baş tutmuş orduya dəstək yürüşündən sonra həbs olunmuş siyasi müxalifət fəalları Fuad Qəhrəmanlı və Seymur Əhmədovun saxlanması və onlara güman edilən işgəncə verilməsi halları ilə bağlı hesabat dərc edəcəyi təqdirdə həbs olunacağı ilə bağlı xəbərdar edilmişdir (bax: 1.c. “Siyasi məhbuslar və saxlanılan şəxslər”).

 

Dekabrın 31-nə olan məlumata görə, oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Güləliyev Bakıda yolu piyada keçərkən onu avtomobil vurmuş və o, başından travma aldığına görə beyninə qan sızmış və koma vəziyyətinə düşmüşdür. Həkimlər oktyabrın 30-a qədər onu əməliyyat etməmişlər. Bəzi fəalların və Güləliyevin oğullarının dediklərinə görə, avtomobil qəzası, əslində onun işgəncələrə qarşı kampaniya elan etməsi və 2018-ci ilin iyul ayında Gəncədə baş verən iğtişaş nəticəsində hökumət tərəfindən təqsirli bilinən şəxsləri müdafiə etməsi səbəbindən ona qarşı edilən bir hücum olmuşdur və həkimlər qəza baş verdikdən sonra onun müalicəsini qəsdən gecikdirmişlər. Onlar həmçinin repressiya və işgəncə verilməsi halları ilə bağlı məlumat verməməsi barədə dövlət orqanlarının Güləliyevi xəbərdar etdiyini də qeyd etmişlər. Digər fəallar isə qəzanın qəsdən törədilməsi ilə bağlı heç bir sübutun olmadığını və Güləliyevə çoxsaylı qüsurların mövcud olduğu səhiyyə sistemi tərəfindən standart formada yardım göstərildiyini bildirmişdir. Hökumətin nəzarətində olan Heydər Əliyev Fondu Güləliyevin Türkiyədə özəl bir xəstəxanaya köçürülməsi və müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürmüşdür. Güləliyev ilin sonunda bu xəstəxanada koma vəziyyətində qalmışdır. İl ərzində Güləliyevin ailə üzvləri hökumətin işin istintaqını yubatdığını bildirmişlər. Güləliyevin vəkili hüquq-mühafizə orqanlarının istintaqın nəticələrinin ona təqdim etməmələrindən şikayətlənmişdir. Oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsi işlə bağlı dinləmələrə başlamışdır. Ailəsinin sorğusu əsasında Güləliyev noyabrın7-də Bakıdakı evinə gətirilmiş və müalicəsi burada davam etdirilmişdir.

 

Hökumət tərəfindən yerli və beynəlxalq insan hüquqlarının müdafiəsi qruplarının fəaliyyətinə tətbiq olunan sərt məhdudiyyətlər davam etmişdir. QHT-lərin fəaliyyətini dayandırmaq üçün məhdudlaşdırıcı qanunların tətbiqi və digər təzyiqlər son illərdə yüksək səviyyədə davam etdirilmişdir. Fəallar eyni zamanda dövlət orqanlarının onların təşkilatlarını və yaxud qrantlarını qeydiyyatdan keçirməkdən imtina etdiyini, təşkilatların fəaliyyətləri ilə bağlı araşdırma apardıqlarını bildirmişlər. Nəticədə bəzi insan hüquqları müdafiəçiləri hökumətin səbəb olduğu bir sıra maneələrə (məsələn, İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulması və İntiqam Əliyevin və Əsəbəli Mustafayevin bank hesablarının dondurulması) görə öz peşə öhdəliklərini yerinə yetirə bilməmişlər. Martın 30-da hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd “oğurluq” və “qanunsuz silah saxlamaq” ittihamı ilə saxlanılmışdır. Oktyabrın 14-də o, təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hüquq müdafiəçiləri bu işi siyasi motivli hesab etmişlər.

 

Hökumətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bəzi QHT-lərlə əlaqə saxlamasına və onların sorğularını cavablandırmasına baxmayaraq, bir çox hallarda insan hüquqlarını müdafiə edən digər QHT-lər və fəallar tənqid edilmiş və hədə-qorxu ilə üzləşmişdir. Ədliyyə Nazirliyi insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-ləri qeydiyyatdan keçirməkdən əsassız olaraq imtina etmiş, yaxud onların üzərinə ağır inzibati məhdudiyyətlər qoymuşdur. Buna baxmayaraq, tanınmış hüquq müdafiəçiləri Cavad Cavadov və Rəsul Cəfərovun həmtəsisçiləri olduğu Bakı İnsan Hüquqları Klubu (BİHK) dekabrın 17-də nazirlik tərəfindən qeydiyyata alınmışdır.

 

Hökumət rəsmiləri və dövlətə məxsus KİV-lər hüquq müdafiəçilərini və müxalifət liderlərini (bax: bölmə 3) ritorik hücumlara məruz qoyaraq, onları ölkədəki sabitliyi pozmaqda və xarici maraqları təmsil etməkdə günahlandırmışdır.

 

Birləşmiş Millətlər Təşkilatı və ya digər beynəlxalq qurumlar: Hökumət beynəlxalq qurumların ölkənin daxili işlərinə qarışmağını tənqid edərək onların verdiyi bəyanatlara şübhə ilə yanaşmışdır. Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnamə qəbul etməsini şərh edən parlament üzvü Naqif Həmzəyev ölkənin siyasi məhbuslar məsələsində ədalətsiz rəftar və ayrı-seçkiliyin qurbanı olduğunu bildirmişdir. Hökumət rəsmiləri və Milli Məclis üzvləri 2018-ci il prezident seçkilərinin ATƏT/DTİHB tərəfindən qiymətləndirməsini tənqid etsələr də, ATƏT/DTİHB-nin 2020-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsini “balanslaşdırılmış” adlandırmışlar.

 

Hökumətin insan hüquqları üzrə qurumları: Vətəndaşlar dövlət və ya fərdi şəxslər tərəfindən yol verilmiş insan hüquqlarının pozulması zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanına və ya Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanına müraciət edə bilərlər. Ombudsman üzərindən bir ildən çox müddət keçmiş pozulma halı ilə bağlı müraciətləri, anonim şikayətləri və ya artıq məhkəmə tərəfindən baxılan işləri qəbul etməyə bilər. İnsan hüquqlarını müdafiə edən QHT-lər Ombudsman Aparatını müstəqil fəaliyyət göstərmədiyinə və siyasi motivlərə söykənən halları effektiv şəkildə nəzərdən keçirmədiyinə görə tənqid etmişlər.

 

Milli Məclis və Ədliyyə Nazirliyində fəaliyyət göstərən insan hüquqları üzrə bölmələr şikayətlərə baxmış, araşdırmalar aparmış və müvafiq hökumət qurumlarına tövsiyələr vermişlər. Bununla belə, onlar da siyasi motivli hallarda zorakılığa etinasız yanaşmaqda günahlandırılırlar.

 

Bölmə 6. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq, insan alveri

Qadınlar

Təcavüz və məişət zorakılığı: Təcavüz qeyri-qanuni əməldir və bu əməlin törədilməsinə görə maksimum 15 il azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Həyat yoldaşları tərəfindən zorakılığa məruz qalma qanuna zidd əməl hesab olunur, lakin müşahidəçilərin sözlərinə görə, polislər belə iddiaları effektiv şəkildə araşdırmır.

 

Qanunda məişət zorakılığı hallarının araşdırılması üçün normativ-hüquqi baza və məhkəmə qadağalarının qəbul olunması prosesi müəyyən edilmiş, məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaq və reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu tənqid edənlər öz fikirlərini belə əsaslandırırlar ki, dəqiq icra mexanizmlərinin olmaması Qanunun effektivliyini azaldır. Fəalların sözlərinə görə, polis məişət zorakılığını ailədaxili məsələ kimi qiymətləndirməyə davam etmiş, məişət zorakılığına məruz qalan şəxsləri müdafiə etmək üçün effektiv şəkildə müdaxilə etməmiş, bu isə bəzi hallarda qadınların öz ərləri tərəfindən qətlə yetirilməsi ilə nəticələnmişdir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUP DK) məişət zorakılığı ilə bağlı ictimai maarifləndirmə aparmış və bu zorakılığın qurbanlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görmüşdür. Noyabrın 27-də “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” prezident tərəfindən təsdiq edilmişdir. Hökumət və müstəqil fəaliyyət göstərən QHT-lərdən biri insan alveri və məişət zorakılığı qurbanlarını sığınacaqla təmin edərək onlara yardım etmiş və tövsiyələr vermişdir. Dekabrın 1-də AQUP DK və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə cinsi zəmində zorakılıqla bağlı Qaynar xətt yaradılmışdır. Qaynar xəttə müraciət etmiş şəxslər cinsi zəmində zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər.

 

Seksual qısnama: Hökumət seksual qısnama ilə bağlı qadağanı və ya seksual qısnamaya yol verən şəxslər barəsində hüquqi tədbirləri nadir hallarda tətbiq etmişdir.

 

Əhaliyə nəzarətdə məcburetmə: Məcburi abort və ya məcburi sterilizasiya barədə məlumatlar daxil olmamışdır.

 

Ayrı-seçkilik: Qadınlar formal olaraq kişilərlə eyni hüquqlara sahib olsalar da, sosial və məşğulluqla bağlı ayrı-seçkilik halları problem olaraq qalmışdır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, məşğulluq sahəsində qadınlara qarşı ayrı-seçkilik mövcud olmuş, əmək haqqının ödənilməsində qeyri-bərabərlik qeydə alınmış, həmçinin qadınlar arasında işsizlik səviyyəsi daha yüksək olmuşdur.

 

Gender əsaslı cinsi seçim: AQUP DK-nın məlumatlarına görə, il ərzində ölkədə doğulan uşaqların gender nisbəti 100 qıza 114 oğlan təşkil etmişdir. Yerli ekspertlər gender əsaslı cinsi seçimin geniş yayıldığını, xüsusilə bu hala kənd yerlərində daha çox rast gəlindiyini qeyd ediblər. AQUP DK sözügedən problemlə bağlı maarifləndirmə işi aparmaq məqsədilə seminarlar təşkil etmiş, kütləvi informasiya vasitələrində müxtəlif kampaniyalar həyata keçirmişdir.

 

Uşaqlar

 

Doğuşun qeydə alınması: Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqlarına görə və ya valideynlərin vətəndaşlığı əsasında verilir. Xəstəxanalarda və ya klinikalarda həyata keçirilən doğumlar daimi şəkildə qeydə alınmışdır. Evdə doğulan bəzi uşaqların qeydiyyatı aparılmamışdır.

 

Təhsil: 17 yaşa qədər təhsil almaq icbari, ödənişsiz və ümumi xarakter daşısa da, kənd yerlərində yaşayan böyük ailələr oğlanların təhsil almasına daha çox önəm vermiş, qızları təhsildən yayındıraraq evdə işləməyə cəlb etmişlər. Sosial işçilərin dediklərinə görə, bəzi yoxsul ailələr övladlarını məktəbə getmək əvəzinə işləməyə və ya dilənçiliyə vadar etmişlər.

 

Uşaq zorakılığı: Uşaqlara qarşı cinsi zorakılığa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunda həmçinin uşaq əməyinin istismarı və digər zorakılıq hallarına görə cəzalar müəyyən edilmişdir. Uşaqlara qarşı zorakılıq problemini həll etmək üçün COVID-19 pandemiyasının yayılmasından öncə AQUP DK bir sıra tədbirlər keçirmişdir.

 

Erkən və məcburi nikahlar: UNİCEF-in 2019-cu il üzrə Dünyada uşaqların vəziyyətinə dair hesabatına əsasən, ölkədəki qızların 11 faizi 18 yaşından tez ailə qurmuşdur. Erkən nikah problem il ərzində aktual olaraq qalmaqda davam etmişdir. Qanuna əsasən qızlar üçün nikah yaşı 18, yerli icra hakimiyyət orqanlarının icazəsi olduqda isə 17 yaş müəyyən edilib.  Qanunda o da qeyd olunur ki, oğlanlar 18 yaşında ailə qura bilərlər.   Qafqaz Müsəlmanları İdarəsi tərəfindən İslam dinində də göstərildiyi kimi nikah üçün minimum yaş həddi 18 olaraq müəyyən edilmişdir.

 

İyulda AQUP DK erkən nikahların qarşısının alınması üçün Sumqayıt, Masallı və Abşeron ərazisində maarifləndirmə kampaniyaları həyata keçirmişdir.

 

Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxsləri nikaha məcbur etmə əməlinə görə böyük məbləğdə cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Dini nikah şərtlərinə uyğun olaraq (kəbinlə) ailə quran qızların vəziyyəti xüsusi narahatlıq doğurmuşdur, çünki bu cür nikahlar dövlət nəzarətindən kənarda qalır və dini nikahla ailə quran qızlar boşanma zamanı hüquqlarının tanınması üçün “həyat yoldaşı” statusu qazanmır.

 

Uşaqların cinsi istismarı: Yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə (o cümlədən əxlaqsız əməllərə) cəlb olunmasına görə səkkiz ilə qədər həbs cəzası nəzərdə tutulur. Qanunvericilikdə pornoqrafiya, onun istehsalı, yayılması və ya reklam edilməsinə görə üç il azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağa görə isə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qarşılıqlı razılıqla cinsi əlaqə üçün minimum yaş həddi 16-dır. Vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin dediklərinə görə, oğlan və qızlar bəzən fahişəlik və küçə dilənçiliyinə cəlb edilmişlər.

 

Məcburi köçkünlərin uşaqları: Məcburi köçkünlərlə iş üzrə cəmiyyətlərə hökumətin yatırdığı əhəmiyyətli investisiya nəticəsində çoxsaylı məcburi köçkün ailələrində standartlara cavab verməyən şəraitdə yaşayan və məktəbə gedə bilməyən uşaqların problemi xeyli yüngülləşmişdir.

 

Beynəlxalq uşaq oğurluğu: Ölkə “Beynəlxalq uşaq oğurluğunun mülki aspektləri”nə dair 1980-ci il Haaqa Konvensiyasına qoşulmamışdır.  Bax: Dövlət Departamentinin “Valideynlər tərəfindən beynəlxalq uşaq oğurluğu” haqqında illik hesabatı

https://travel.state.gov/content/travel/en/International-Parental-Child- Abduction/for-providers/legal-reports-and-data/reported-cases.html.

 

Anti-semitizm

 

Hesablamalara görə ölkədə Yəhudi icmasından olan insanların sayı 20,000 – 30,000 nəfər təşkil etmişdir və heç bir anti-semitizm faktı qeydə alınmamışdır.

 

İnsan alveri

 

Bax: Dövlət Departamentinin “İnsan alveri” haqqında hesabatı https://www.state.gov/trafficking-in-persons-report/.

 

Sağlamlıq imkanları məhdud şəxslər

 

Qanunla fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlara qarşı ayrı-seçkilik qadağan edilsə də, hökumət bu müddəaların effektiv şəkildə icrasını təmin etməmişdir. Qanunda təhsil, məşğulluq, sosial müdafiə və ədliyyə sahələrinin əlçatanlığının təkmilləşdirilməsi və siyasi həyatda iştirak hüququ nəzərdə tutulur. Yerli ekspertlər qeyd etmişlər ki, 2019-cu ildə sağlamlıq imkanları məhdud şəxslər üçün maliyyə ödənişləri artırılsa da, ümumilikdə bu qanunun icrası qənaətbəxş səviyyədə həyata keçirilməmiş və sağlamlıq imkanları məhdud şəxslər problemlərlə üzləşməkdə davam etmişlər.

 

Geniş yayılmış düşüncəyə görə fiziki qüsurlu uşaqların hamısı xəstədir və onları digər uşaqlardan ayırmaq, institusionallaşdırmaq lazımdır. Yerli QHT-nin verdiyi məlumata görə, ölkədə təxminən 62,951 sağlamlıq imkanları məhdud uşaq var, onların 6.000-dən 10.000-ə qədəri xüsusi təhsil müəssisələrində, yerdə qalanı isə ya evdə təhsil alır, ya da ümumiyyətlə təhsil almır. Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki qüsurlu uşaqların, xüsusilə ibtidai təhsil səviyyəsində normal sinif otaqlarında təhsil prosesinə inteqrasiyasını artırmaq məqsədilə addımlar atmışdır.

 

Qanun ictimai və digər binalara girişin belə insanlar üçün əlçatan olmasını nəzərdə tutur. Təhsil sahəsi də daxil olmaqla, onlara müəyyən köməklik göstərilsə də, bu sənəd tam olaraq icra edilməmişdir. Sağlamlıq imkanları məhdud şəxslərin informasiya və kommunikasiya vasitələrinə əlçatanlığı təmin edilməmiş və binaların əksəriyyəti onlar üçün əlçatan olmamışdır. Əqli və digər qüsurları olan insanlar üçün nəzərdə tutulmuş obyektlərdə yaradılan şərait eyni olmamışdır. Bəzən ixtisaslı kadrlar, avadanlıqlar və ləvazimatlarla bağlı çatışmazlıq mövcud olmuşdur.

 

Milli/irqi/etnik azlıqlar

 

1991-ci ildə Azərbaycanla Ermənistan arasında sərhəd bağlandıqdan sonra təhrikçi ritorika və nifrət aşılayan çıxışlar daha geniş yayılmağa başlamış, xüsusilə bir nəsil insan qarşı tərəflə ünsiyyət olmadan böyümüşdür. İnsan hüquqları fəallarının sözlərinə əsasən, bir nəsil insan ermənilərə qarşı nifrət aşılayan çıxışları dinləyərək böyümüşdür. Erməni soyadlı şəxslər sərhəd keçid məntəqələrində əlavə yoxlanışa məruz qalmış, bəzən isə onların ölkəyə girişinə icazə verilməmişdir. 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan, Ermənistan və Ermənistan tərəfindən dəstəklənən separatçılar arasında baş vermiş 44 günlük intensiv hərbi əməliyyatlar zamanı bütün tərəflər törədilmiş vəhşiliklər barədə məlumat vermişlər (bax: 1.a. və 1.c. bölmələri).

 

Mayın 26-da AİHM “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana” qarşı işi üzrə qərar çıxarmışdır. Qərarda bildirilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsini pozmuşdur. 2004-cü ildə Budapeştdə keçirilən NATO təlimlərində iştirak edən Azərbaycan hərbçisi Ramil Səfərov erməni hərbçi Qurqen Markaryanı yatmış ikən qətlə yetirmişdir. 2006-ci ildə Macarıstan hökuməti tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş Səfərov, 2012-ci ildə Azərbaycana təhvil verildikdən sonra əfv olunmuş və təntənə ilə qarşılanmışdır. Məhkəmə Ramil Səfərovun cinayətinə görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığını qəbul etməsə də, Səfərovun cəzasının çəkilməməsinə, onun nifrət zəminində törətdiyi qatı cinayət əməlinin cəzasız qalmasına görə Azərbaycan hakimiyyətini tənqid etmişdir. Bundan əlavə, yüksək vəzifəli rəsmi şəxslərin Səfərovun erməni əsgərinə qarşı hərəkətinə dəstək nümayiş etdirməsini əsas götürən məhkəmə, Səfərovun əfv olunmasını və onun xeyrinə görülmüş digər tədbirləri etnik motivli hesab etmişdir.

 

Cənubda talışlar, şimalda ləzgilər də daxil olmaqla bəzi qruplar hökumət tərəfindən öz dillərində rəsmi dərsliklərlə təmin olunmadıqlarını bildirmişlər.

 

Cinsi oriyentasiya və cinsi mənsubiyyətə görə zorakılıq, ayrı-seçkilik və digər pis rəftar halları

 

Yerli QHT-nin məlumatına görə cinsi oriyentasiyasına görə insanlara qarşı polis zorakılığı ilə müşayiət olunan çoxsaylı insident yaşanmış, lakin hüquq-mühafizə orqanları bu kimi halların baş verməsinə məsul olanlarla bağlı nə araşdırma aparmış, nə də onları cəzalandırmışdır.  Həmçinin bildirilir ki, hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr aparılan zaman gey olduğu təsdiqlənən və ya güman edilən kişilərdə rektal müayinələr aparılır və psixi xəstə olduqları əsas gətirilərək, onlar hərbi xidmət üçün yararsız hesab olunur. Eyni zamanda, lezbiyan, gey, biseksual, transseksual və interseksualların (LGBT) ailə daxilində zorakılığa məruz qalması, öz ailə üzvləri tərəfindən qaçırılmaları və evdən çölə buraxılmamaları ilə bağlı məlumatlar qeydə alınmışdır. LGBTI nümayəndələrinə qarşı nifrət aşılayan çıxışlar, şəxsi internet hesablarında – “Facebook” səhifələrində ədavət xarakterli məlumatların yayılması kimi faktlar da mövcud olmuşdur.

 

Ayrı-seçkilik əleyhinə qanun mövcud olsa da, burada LGBTI nümayəndələri xüsusi olaraq vurğulanmır.

 

Fəalların sözlərinə görə, cinsi azlıqların nümayəndəsi olan şəxslərin cinsi oriyentasiyası aşkar olunduqda onlar əksər hallarda işdən azad olunurlar.

 

Ümumiyyətlə, LGBTI nümayəndələri sosial stiqma və təzyiqdən qorxduqlarına görə hüquq mühafizə orqanlarına ayrı-seçkilik və pis rəftarlarla bağlı rəsmi şikayət ünvanlamaqdan imtina etmişlər. Fəallar polislərin LGBTI nümayəndələrinə qarşı törədilmiş cinayətlərin araşdırılmasına etinasız yanaşdığını bildirmişlər.

 

Yerli QHT-lərin məlumatında deyilir ki, COVID-19 pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri LGBTI icması üzvlərinin üzləşmiş olduqları ayrı-seçkiliyin təsirini daha da dərinləşdirmişdir. Bu şəxslər işə düzəlmə ilə bağlı mütəmadi olaraq ayrı-seçkiliklə üzləşdiklərindən, əsasən qeyri-rəsmi işləməyə üstünlük vermiş və gündəlik əsaslarla ödəniş almışlar.

 

2019-cu ilin fevral ayında AİHM 2017-ci ildə LGBTİ cəmiyyətində aparılan polis reydləri ilə bağlı rəsmi istintaq həyata keçirməyə başlamışdır. Reydlər nəticəsində gey və ya biseksual olan 83 kişi, eləcə də transseksual qadınlar həbs olunmuş və saxlanmışdır. Kütləvi informasiya vasitələri və hüquq müdafiəçiləri polislərin rüşvət almaq və digər gey kişilər barəsində məlumat əldə etmək məqsədilə təcridxanada saxlanan şəxsləri döydüklərini və onlara elektrik şoku verdiklərini qeyd etmişdir. 30 günədək təcridxanada qaldıqdan və ya 200 manata qədər (118 ABŞ dolları) cərimə olunduqdan (və ya hər ikisinin tətbiqindən) sonra saxlanılan şəxslər azadlığa buraxılmışdır. 2018-ci ildə reydlərin bəzi qurbanları AİHM-ə mövcud vəziyyətlə bağlı şikayət ünvanlamışdır.

 

İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS): sosial stiqma

 

Vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatına görə, ölkədə İİV və QİÇS-ə yoluxmuş insanlara qarşı cəmiyyət ayrı-seçkilik münasibəti bəsləyir. Hökumət LGBTI icmasına təsir edən sağlamlıq məsələləri ilə məşğul olan QHT-ni maliyyələşdirməyə davam etmişdir.

 

Bölmə 7. İşçilərin hüquqları

 

  1. Birləşmə azadlığı və kollektiv sövdələşmə hüququ

 

Qanun müstəqil həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququnu təmin edir. Polislərin, hərbçilərin və rəhbər vəzifə tutan şəxslərin həmkarlar ittifaqlarına qoşulması qadağan edilmişdir. Qanun işçilərə kollektiv şəkildə sövdələşmə aparmaq hüququ versə belə, həmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş şəraiti kimi məsələlərlə bağlı effektiv danışıqlar apara bilməmişdir, çünki əksər dövlət müəssisələrini hökumət tərəfindən təyin edilən rəhbərlər idarə etmiş və hökumət işçilərinin əmək haqları da dövlət tərəfindən müəyyən olunmuşdur.

 

Qanun özəl sektorun işçilərinin əksəriyyətinə qanuni tətil etmək hüququ versə də, dövlət qulluqçularına tətil etməyi qadağan edir. Aşağıda göstərilən işçi kateqoriyalarına tətil keçirmək qadağan edilmişdir: icraedici və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir yolu və hava nəqliyyatına nəzarət işçiləri.

 

Qanun həmkarlar ittifaqlarına və əmək fəallarına qarşı ayrı-seçkiliyi qadağan edir və həmkarlar ittifaqı ilə bağlı fəaliyyətinə görə işdən azad olunan işçilərin işə bərpa edilməsini tələb edir. Bununla yanaşı, tətil iştirakçılarına qarşı işdən xaric olunma və ya yeni işçi ilə əvəz olunma kimi cəzalandırma tədbirlərinin görülməsi qanunla qadağan edilir. Lakin tətil zamanı nəqliyyat vasitələrinin hərəkətinə mane olan işçilər üç ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər. İl ərzində heç bir tətil keçirilmişdir.

 

Hökumət birləşmə azadlığı və kollektiv sövdələşmə haqqında qanunların effektiv şəkildə icrasını təmin etməmişdir. Pozuntularla bağlı cərimələr vətəndaş hüquqlarından imtina ilə bağlı digər qanunlarda nəzərdə tutulan cərimələrlə mütənasib olmamışdır. İnzibati və məhkəmə prosedurlarında uzunmüddətli gecikmələr və şikayətlər qeydə alınmışdır. Həmkarlar ittifaqı yaratmaq və ittifaqın fəaliyyətini təmin etmək hüquqları üzərində yüksək bürokratik nəzarət tədbirləri kimi bir sıra məhdudiyyətlər mövcud olmuşdur.

 

İttifaqların bir çoxu müstəqil deyil. Jurnalistlərin birləşdikləri ittifaqlar istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx bağlı olmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə həmkarlar ittifaqı konfederasiyasıdır. AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, hökumətlə yaxından əlaqəli fəaliyyət göstərmişdir. AHİK-nın məlumatına görə Konfederasiya 27 sektordan 1.2 milyon üzvü təmsil etmişdir. Həm yerli, həm də beynəlxalq QHT-lərin bildirdiyinə görə, əksər sənaye sahələrində çalışan işçilər öz hüquqlarından bixəbər olmuş və şikayət etdikləri zaman təqib olunacaqlarından qorxmuşlar. Bu hal xüsusilə dövlət sektorunda çalışan işçilərə şamil olunmuşdur.

 

Kollektiv müqavilələr bir çox hallarda formal xarakter daşımış və icra olunmamışdır. Əmək hüququ bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli sazişlərin şərtlərini müzakirə etməklə transmilli korporasiyaları əmək qanunvericiliyinin tələblərini yerinə yetirməkdən azad edə bilər. Məsələn, hökumətlə transmilli enerji korporasiyaları arasında imzalanan hasilatın pay bölgüsü üzrə sazişlər işçinin həmkarlar ittifaqında iştirakını təmin etmir. Qanun işəgötürənlərin kollektiv sövdələşmə prosesinə əngəl olmasını qadağan etsə də, işəgötürənlər subpodratçılıq, qısa müddətli əmək müqavilələrindən istifadə etmə kimi kollektiv sövdələşmənin səmərəliliyini azaldan fəaliyyətlərdə iştirak etmişlər.

 

Dövlət Neft Şirkətinin 50,000 işçisindən Neft və Qaz Sənayesi İşçilərinin İttifaqına qoşulmaq tələb olunmuş və onların həmkarlar ittifaqına üzvlük haqqı dövlət orqanları tərəfindən avtomatik olaraq əməkhaqlarından tutulmuşdur. Formal iqtisadiyyatda nüfuza malik olan dövlət müəssisələrinin əksəriyyəti işçilərin əməkhaqlarından üzvlük haqqı tutmuş, amma bu haqlar həmkarlar ittifaqlarına çatmamışdır. İşəgötürənlər rəsmi şəkildə neftçilərin həmkarlar ittifaqlarına toplanan üzvlük haqqının dörddə birini ittifaqın fəaliyyəti üçün “inzibati xərclər”ə çıxmışdır. İttifaqlar və onların üzvləri işəgötürənlərin üzvlük haqlarını necə və hara xərclədiklərini araşdırmaq üçün hər hansı bir vasitəyə sahib olmamışdır.

 

b.  Məcburi və ya icbari əməyin qadağan olunması

 

Müharibə və ya dövlət orqanının nəzarəti altında məhkəmə qərarlarının icrası kimi hallar istisna olmaqla, məcburi və ya icbari əməyin bütün formaları qanunla qadağan olunur. Qanun pozuntularına görə cərimələr, o cümlədən azadlıqdan məhrumetmə cəzası analoji cinayətlərə görə cərimələrlə mütənasibdir. Hökumət tərəfindən qüvvədə olan qanunvericiliyin effektiv şəkildə icrası təmin olunmamışdır. Resurslar və yoxlamalar adekvat olmamışdır. Bu, qismən bütün növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumun mövcud olması ilə əlaqədardır. Hökumət Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə dövlət inspeksiya sistemində islahatlarla bağlı layihə üzərində çalışmışdır.

 

Cinayət Məcəlləsinin bir çox müddəasında siyasi baxışlar və ya müəyyən siyasi, sosial və ya iqtisadi sistemə qarşı ideoloji cəhətdən əks fikirlərin ifadə olunması ilə bağlı cəza tədbiri kimi məcburi əməyin tətbiq edilməsi nəzərdə tutulur. 2018-ci ildə Beynəlxalq Əmək Təşkilatının Ekspertlər Komitəsi jurnalistlərin, bloqqerlərin, hüquq müdafiəçilərinin və tənqidi fikir səsləndirən digər bu kimi şəxslərin siyasi motivli şübhəli ittihamlarla məsuliyyətə cəlb olunması üçün Cinayət Məcəlləsinin müxtəlif müddəalarının tətbiq edilməsi hallarının artmasından narahatlığını ifadə etmiş və bildirmişdir ki, bu, uzunmüddətli islah işləri və ya həbs cəzasına səbəb olmuş və hər ikisində icbari əmək tətbiq olunmuşdur.

 

2019-cu ildə xarici müşahidəçilər Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Bərdə rayonlarına və Bakı və Gəncə şəhərləri arasında yerləşən digər rayonlara bir neçə səfər təşkil edərək, pambıq yığımını müşahidə etmişlər. Məhsul yığımı zamanı məcburi əmək halları müşahidə edilməmişdir.

 

Bax: Dövlət Departamentinin “İnsan alveri” haqqında hesabatı:  https://www.state.gov/trafficking-in-persons-report/.

 

  1. Uşaq əməyinin qadağan olunması və əmək fəaliyyəti ilə məşğul olmaq üçün minimum yaş həddi

 

Əksər hallarda, Qanun 15 yaşından etibarən uşaqların yazılı əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olmasına icazə verir. 14 yaşlı uşaqlar ailə təsərrüfatında və ya valideynlərinin razılığı ilə gündüz saatlarında, məktəbdən sonra onların sağlamlığına təhlükə törətməyən işlərdə çalışa bilərlər. 16 yaşdan aşağı uşaqlar həftədə 24 saatdan, 16-17 yaşlı uşaqlar isə həftədə 36 saatdan çox olmamaqla, əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 18 yaşına çatmayan uşaqların ağır və təhlükəli iş şəraitdə çalışması qanunla qadağan olunur və uşaqların çalışmasının qadağan edildiyi sahələr qanunla müəyyən edilir. Bura zərərli maddələrlə və yer altında olan işlər, habelə gecə saatlarında, kömür mədənlərində, gecə klublarında, barlarda, kazinolarda və spirtli işçilərin təqdim olunduğu digər müəssisələrdə olan işlər daxildir.

 

Hökumət tərəfindən uşaq əməyini qadağan edən və minimum yaş həddini müəyyən edən qanunların icrası səmərəli formada təmin olunmamışdır. Hökumət növbəti və növbədənkənar yoxlamalar üzrə moratorium tətbiq etdiyinə görə uşaq əməyi üzrə qanunların effektiv şəkildə icrası mümkün olmamışdır. Resurslar və yoxlamalar adekvat səviyyədə olmamış, qanun pozuntularına görə cərimələr analoji cinayətlərə görə cərimələrlə mütənasib olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətləri qəbul etmək və tədbirlər görmək hüququ verilsə də, iş yerlərində yoxlamaların aparılması bura daxil deyildir. Əvəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi müvafiq işəgötürəndən məlumat tələb etməklə, şikayətləri araşdırmışdır. Əldə edilmiş məlumatlar əsasında müfəttişlər tərəfindən pozuntular müəyyənləşdirilmiş və müvafiq cərimələr tətbiq edilmişlər.

 

İyulun 22-də prezident “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Plan dövlət orqanlarının üzərinə insan alveri və məcburi əmək qurbanlarının, xüsusilə uşaqların müəyyən edilməsi, dilənçiliklə məşğul olan uşaqlarla xüsusi işin aparılması, insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan uşaqlarla ünsiyyətin ümumi standartlarının hazırlanması, insan alverinin qurbanı olan uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi mövzularında təlimlər keçirilməsi və uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlarla və işəgötürənlərlə təbliğat və maarifləndirmə işinin aparılması ilə bağlı səylərin davam etdirilməsi öhdəliyini qoyur.

 

Ölkədə 15 yaşdan aşağı uşaqların rəsmi məşğulluğu həyata keçirilmir. Dövlət orqanları iqtisadiyyatın rəsmi sahələrində uşaq əməyinin istismarı halları ilə bağlı araşdırmalar barədə məlumat verməmişdir. Uşaqların gəlir məqsədilə cinsi istismara məruz qalması, məcburi dilənçilik, kənd təsərrüfatı sahəsində uşaq əməyindən istifadə barədə ayrı-ayrı məlumatlar da verilmişdir. 2019-cu il pambıq yığımı mövsümünü müşahidə etmək üçün xarici müşahidəçilərin səfərləri zamanı uşaq əməyindən istifadə halları müşahidə edilməmişdir. Buna baxmayaraq, bəzi QHT müşahidəçiləri bəzi hallarda kənd yerlərində 15 yaşdan aşağı uşaqların ailə təsərrüfatlarında işləməsi və ya kənd təsərrüfatı sahələrində günəmuzd işləyən valideynlərinə kömək etməsi barədə halların qeydə alındığını bildirmişlər.

 

Əmək Departamentinin “Uşaq əməyinin ən pis formaları” adlı hesabatının nəticələri üçün

https://www.dol.gov/agencies/ilab/resources/reports/child-labor/findings, Əmək Departamenti tərəfindən tərtib olunan “Uşaq Əməyi və ya Məcburi Əmək sayəsində istehsal olunan malların siyahısı” üçün

https://www.dol.gov/agencies/ilab/reports/child-labor/list-of-goods mənbələrinə baxa bilərsiniz.

 

d.  İşə qəbul və məşğulluqla əlaqədar ayrı-seçkilik

 

İşə qəbul və məşğulluqla bağlı ayrı-seçkilik qanunla qadağan olunsa da, hökumət tərəfindən bu qanunun effektiv şəkildə icrası hər zaman təmin edilməmişdir. Müxtəlif maddələr və qanunlarda məşğulluqla bağlı ayrı-seçkiliyə görə cərimələr nəzərdə tutulsa da, bu cərimələr insan hüquqları ilə bağlı digər qanunlarda nəzərdə tutulan cərimələrlə mütənasib olmamışdır. Azərbaycanda 38 sahədə 678 peşə və iş yeri üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Bu vəzifələrin bir çoxu qadınlara həmin sənaye sahələrində işləməyə icazə verilən vəzifələrin əksəriyyətindən daha yüksək olmuş və daha yüksək maaşla təmin olunmuşdur.

 

İşəgötürənlər, ümumiyyətlə, fiziki qüsurlu insanları işə götürməyə tərəddüd etmişlər və iş yerlərinə giriş məhdudlaşdırılmışdır. İşə qəbul və məşğulluq zamanı cinsi oriyentasiyaya görə ayrı-seçkilik halları da mövcud olmuşdur. LGBTI nümayəndələrinin məlumatına görə, işəgötürənlər cinsi oriyentasiyasına görə insanları qanuni olaraq işdən xaric edə bilmədiklərinə görə onları işdən azad etmək üçün digər səbəblər tapırlar. Qadınlar yüksək vəzifələrdə, habelə aparıcı işgüzar sahələrdə daha az təmsil olunmuşlar. Ənənəvi fəaliyyətlər kənd yerlərində qadınların iqtisadi imkanlar əldə etməyini məhdudlaşdırmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda qadınların orta aylıq əmək haqqı məbləği kişilərin orta aylıq əmək haqqı məbləğinin 58 faizinə bərabər olmuşdur. Gender üzrə ekspertlərin məlumatına görə, iş yerlərində cinsi zəmində təqib problem mövcuddur.

 

e.  Məqbul iş şəraiti

 

Ölkə üzrə minimum əmək haqqı yoxsulluq səviyyəsindən (yaşayış minimumundan) yüksək olmuşdur. Ekspertlərin bildirdiyinə görə “Minimum əmək haqqı haqqında” Qanunun tələblərinə hökumət müəssisələri əməl etsələr də, kölgə iqtisadiyyatında bu tələblərə məhəl qoyulmamışdır. Qanunvericiliyə əsasən, cinsindən, yaşından və digər mənsubiyyətindən asılı olmayaraq, bərabər işə görə işçilərə bərabər məbləğdə əmək haqqı verilməlidir. Bununla belə, qadınlara ödənilən əmək haqqı kişilərin aldığı əmək haqqından aşağı olmuşdur.

 

Qanunla 40 saatlıq iş həftəsi müəyyən edilir. Təhlükəli işlərdə çalışan işçilər həftədə 36 saatdan artıq işləyə bilməzlər. Yerli şirkətlərin qanunla tələb olunandan artıq iş saatına görə minimum kompensasiya verib-verməməsi barədə məlumat olmasa da, beynəlxalq şirkətlər, ümumilikdə, qanunun bu tələbinə əməl etmişdir. İşdən əlavə vaxtda məcburi şəkildə həddindən artıq işlədilmək qadağan olunmamışdır. Qanunla əcnəbi və yerli işçilərin hüquqlarının bərabər olması nəzərdə tutulur.

 

Hökumət tərəfindən məqbul iş şəraiti haqqında qanunun effektiv şəkildə icrası təmin edilməmiş və mövcud cəza tədbirləri müvafiq qanun pozuntuları ilə bağlı nəzərdə tutulan cərimələrlə mütənasib olmamışdır.

 

2017-ci ildə hökumət növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumu 2020-ci ilə qədər uzatmışdır. Müfəttişlərə şikayətləri qəbul etmək və tədbirlər görmək hüququ verilsə də, iş yerlərində yoxlamaların aparılması bura daxil deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində 8512 şikayətə baxılması barədə məlumat vermişdir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən iş yerlərində həyata keçirilən yoxlamalar moratorium səbəbindən zəif və səmərəsiz olmuşdur. Qanunla sağlamlıq və əməyin təhlükəsizliyi standartları müəyyən olunsa da, işəgötürənlər bu standartlara məhəl qoymamışdır. Tikinti və neft-qaz sektorlarında məqbul iş şəraitinin təmin olunması ilə bağlı qanun pozuntuları problem olaraq qalmışdır. Yerli QHT-nin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən neftçilər dənizdə uzun növbələrdə çalışmalı olmuşdur.

 

Yerli insan hüquqları qrupları, o cümlədən neft-kimya sənayesi üzrə insan hüquqlarını müdafiə edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı bildirib ki, işəgötürənlər, xüsusilə xarici neft şirkətləri heç də hər zaman əcnəbi və yerli işçilərə eyni münasibət göstərmir. Məlumata görə, xarici neft şirkətlərində çalışan yerli işçilərin əməkhaqqı məbləği bir çox hallarda aşağı olmuş və onlar əmək müqaviləsi, tibbi sığorta olmadan fəaliyyətə cəlb olunmuşlar. Xarici neft şirkətlərinin yerli əməkdaşlarının sözlərinə görə onlara əlavə iş saatlarına görə əmək haqqı və məzuniyyət haqqı ödənilməmiş, bununla da Əmək Məcəlləsinin tələbləri pozulmuşdur.

 

Rəsmi statistikaya görə, bir il ərzində istehsalatda 48 işçi dünyasını dəyişmişdir. Onlardan 3 neft-qaz sektorundan olub.