Kremlin Şərqi Ukrayna ilə bağlı qərarı

Biz Prezident Putinin qondarma “Donetsk və Luqansk Xalq Respublikalarını” “müstəqil” kimi tanımaq qərarını qətiyyətlə pisləyirik. Duma ilk dəfə bu müraciətlə çıxış edəndə dediyimiz kimi: bu qərar Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərinin tamamilə rədd edilməsini ifadə edir, Rusiyanın iddia etdiyi diplomatiya öhdəliyinə birbaşa ziddir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq hücumdur.

Dövlətlərin güc tətbiq etmə hədəsi və ya güc tətbiqi yolu ilə yaradılmış yeni “dövləti” tanımamaq, habelə digər dövlətin sərhədlərini pozmamaq öhdəliyi var. Rusiyanın qərarı Prezident Putinin beynəlxalq hüquq və normalara kobud hörmətsizliyinin növbəti nümunəsidir.

Prezident Bayden ABŞ şəxslərinin Ukraynanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları” bölgələrinə, oradan və ya bu bölgələrə bütün yeni investisiya, ticarət və maliyyələşdirməsini qadağan edən sərəncam imzalayacaq. Biz Rusiyanın bu səbəbsiz və qəbuledilməz hərəkətinə cavab olaraq müvafiq addımlar atmaq üçün Ukrayna, müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyaya davam edəcəyik. Bu icra sərəncamı Rusiyanın beynəlxalq hüququn bu açıq-aşkar pozulmasından qazanc əldə etməsinə mane olmaq məqsədi daşıyır. Bu, Ukrayna xalqına və ya Ukrayna hökumətinə qarşı yönəlməyib və bu bölgələrdə humanitar və digər əlaqəli fəaliyyətlərin davam etdirilməsinə imkan verəcək.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ukrayna hökumətinə və xalqına dəstəyimiz sarsılmazdır. Prezident Putinin bəyanatını kəskin şəkildə pisləməkdə ukraynalı tərəfdaşlarımızın yanındayıq.