Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları
Metyu Miller, Dövlət Departamentinin mətbuat katibi
Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda Baş Nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirmişik və Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq.
Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq – həm ictimai, həm də özəl – sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır.