Minsk Qrupunun həmsədrlərinə cavab bəyanatı

Müvəqqəti işlər vəkili Kortni Avstriyanın Vyanada, Daimi Şurada çıxışı 

Təşəkkür edirəm, xanım Sədr.

Birləşmiş Ştatlar bu gün həmkarlarımıza qoşularaq Minsk Qrupunun həmsədrləri Endryu Şoferi, səfir İqor Xovayevi, səfir Bris Rokfeyli və Sədrliyin şəxsi nümayəndəsi səfir Kaspşiki Daimi Şurada salamlayır. Birləşmiş Ştatlar sizin davamlı işinizə böyük əhəmiyyət verir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həlli yollarını tapmaqda tərəflərə kömək etməyə sadiqik. Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri də daxil olmaqla, hər birinizə mahir hesabatlarınız və yenilənmiş məlumatlarınız üçün təşəkkür edirik.

2020-ci ilin noyabrında Daimi Şurada sonuncu çıxışınızdan sonra yerlərdə vəziyyət sabitləşsə də, həssas olaraq qalır. Bu həftə bu həssaslığı göstərdi. Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan qoşunlarının toqquşmasına və bu zorakılığın insan tələfatı ilə nəticələnməsinə təəssüf edirik. Bu son hadisələr hərtərəfli nizamlanmanın zəruriliyini yenidən aktuallaşdırır. Biz həm Ermənistanı, həm də Azərbaycanı atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə və gərginliyi azaltmaq üçün təcili addımlar atmağa, eləcə də, təhrikedici ritorikadan, təxribat xarakterli hərəkətlərdən və ya bəyanatlardan çəkinməyə çağırırıq. Biz tərəfləri regionda təhlükəsizliyə, sabitlik və tərəqqiyə töhfə vermək məqsədi ilə birbaşa dialoqu davam etdirməklə, həmsədrlərin himayəsi altında Nyu-York və Parisdə keçirilən Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanmağa dəvət edirik. Biz həmçinin tərəfləri insan hüquqlarının pozulması və beynəlxalq humanitar hüququn pozulması ilə bağlı bütün iddiaları araşdırmağa çağırırıq.

Səfir Kasprşik, biz yerlərdə vəziyyətlə bağlı qiymətləndirmənizi alqışlayırıq və komandanızın tərəflər arasında şəffaflığın və etimadın təşviq edilməsi istiqamətində səylərini yüksək qiymətləndiririk. Bu iş əvəzolunmazdır və biz ona hərtərəfli dəstək göstərməyə hazırıq.

Xanım Sədr, münaqişə kontekstində bir çox məsələlər həll olunmamış qalır, lakin onların hərbi yolla həlli ola bilməz. Birləşmiş Ştatlar bütün iştirakçı dövlətlər tərəfindən tanınan, Helsinki Yekun Aktında qeyd olunduğu kimi, gücdən istifadə etməmək və ya təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan davamlı və sülh yolu ilə həllin tapılması üçün tərəflərlə işləməyə sadiq qalır.

Təşəkkür edirəm, xanım Sədr.