Səfir Sekutanın ABŞ Səfirliyində keçirilən 4 iyul bayramında etdiyi cıxışı

Hörmətli cənab nazir, zati-aliləri, dostlar 4 iyul tədbirinə xoş gəlmişsiniz. Bizimlə birgə olduğunuz üçün təşəkkür edirəm.

Bu il ABŞ müstəqilliyinin 241-ci, Azərbaycanla diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd edirik. Bu il Azərbaycanın 1918-ci ildə müstəqil dövlət olmasının 99-cu ildönümüdür. Bu dövlət digər nailiyyətlərlə yanaşı qadınlara səsvermə hüququ verən ilk müsəlman respublika olmuşdur. Bu vacib, demokratik addım Birləşmiş Ştatlardan əvvəl olub. Azərbaycan bu nailiyyətlə haqlı olaraq fəxr edir.

Dörd iyul Birləşmiş Ştatlar xalqı üçün demokratiyamızın qeyd olunmasıdır. Biz demokratiyanı tamamlanmış bir şey kimi qeyd etmirik. Bu, 1776-cı ildə müstəqilliyimizi bəyan edəndə nail olduğumuz məqsəd deyil. Biz demokratiyanı davam edən ünsiyyət,  daimi proses kimi qeyd edirik. Birləşmiş Ştatların müstəqilliyini bəyan etməsindən 241 il keçib, fəqət əsas dəyərlərimizə necə sadiq qalmaq barədə söhbətlər davam edir. Biz özümüzü daim və usanmadan sorğulayırıq. Amerikanın daxili tənqidçiləri xarici tənqidçilərindən çoxdur. Özünütəhlil və daha yaxşı olmağa canatma bizi biz edir və bizi güclü edir. Biz davam edən işik – hər bir demokratiya belədir.

Təcrübə göstərir ki, demokratiya siyasi fəaliyyətlərlə məhdudlaşmır. Bu, həm də iqtisadi uğurlara nail olmaqda önəmli rol oynayır. Düşünün: demokratiya şəxsin yaradıcı olmaq ixtiyarı, qanunun aliliyi ilə səciyyələnən ədalətli mühitdə səmərəli rəqabət apara bilmək, müsbət dəyişikliklərə səbəb olmaq, fikirlər demək, istehlakçıların istədiyi mal və xidmətlər təqdim etmək, ictimai firavanlıq və rifahı yaxşılaşdırmaqdır.

Cavabdeh idarəetmə, qanunun aliliyi kimi demokratik prinsiplər sabitlik, rifah və uğur üçün vacibdir. Buna görə, iş yerləri, inkişaf və investisiyalara yeni imkanların lokomotivi olan iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq və iqtisadi inkişaf və rifahı yüksəltmək üçün yaradıcı və yenilikçi sahibkarlara malik olmaq məqsədilə biz iyirmi beş ildir Azərbaycanı dəstəkləyirik.

Birləşmiş Ştatlar əvvəldən burda olub, biz müstəqillikdən bəri Azərbaycan xalqı ilə çiyin-çiyinə olmuşuq. Biz müstəqil, sabit, çiçəklənən və demokratik Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Biz ölkələrimizin daha yaxşı gələcəyi üçün yorulmadan birgə işləməyə davam edəcəyik.

Gəldiyiniz və bayramı bizimlə qeyd etdiyiniz üçün hamınıza təşəkkür edirəm.