Flag

An official website of the United States government

Səfirin İnsan Hüquqları Günü bəyanatı
təfərindən
6 Qısa icmal
Dekabr 10, 2021

 

Hər il 10 dekabr tarixində dünya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyi günü düşünməyə vaxt ayırır. 70 ildən çox əvvəl qəbul edilmiş bu sənəd irqindən, rəngindən, dinindən, cinsindən, genderindən, dilindən, siyasi və digər baxışlarından, milli və ya sosial mənşəyindən və yaxud da digər statusundan asılı olmayaraq bütün insanların bərabər olduğunu bəyan edir.

 

2021-ci il İnsan Hüquqları Gününün mövzusu Bərabərlikdir – bütün insanlar ləyaqət və hüquqlar baxımından azad və bərabər doğulur. Bu bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsipləri insan hüquqlarının əsasını təşkil edir.

 

Bu il bərabərlik haqqında düşünərkən diqqətimi gender bərabərliyinə, xüsusən də bütün qadınlar və qızlar üçün bərabər hüquqlara olan ehtiyaca yönəldirəm. Bütün dünyada biz, qadınların və qızların bacarıq və potensialına qoyulan kiçik sərmayələrin təkcə qadın və qızların özləri üçün deyil, həm də onların ailələri və icmaları üçün necə transformativ nəticələr verə biləcəyini görmüşük. Bu, ABŞ-də də belədir, Azərbaycanda da.

 

Qadınlar və qızlar dünya əhalisinin yarısını təşkil edir. Ancaq çox vaxt onların səsləri və təcrübələri eşidilmir və ya dinlənilmir. Onlar siyasi və iqtisadi güc mərkəzlərində az təmsil olunur və yoxsulluqda çoxluq təşkil edirlər.

 

Bərabərlik çətindir. Bərabərlik əmək tələb edir. Bərabərlik sizdən fərqli ola biləcək insanların hüquqlarının müdafiəsində fəal olmaq deməkdir. Bu il Birləşmiş Ştatlar cəmiyyətin bütün aspektlərində, o cümlədən mülki, iqtisadi və siyasi fəaliyyətlərdə qadın və qızlar da daxil olmaqla, bütün insanların tam iştirakını təşviq etmək üçün ilk milli gender strategiyamızı nəşr etdi.

 

Dünyanın heç bir ölkəsində gender bərabərliyinə nail olunmayıb. Biz hamımız dəyişikliyə səbəb ola bilərik. İnsan Hüquqları Günündə mən sizi “bərabərlik” sözünün sizin üçün, sizin həyatınız üçün və ən əsası ətrafınızdakı insanların həyatı üçün nə demək olduğunu düşünməyə dəvət edirəm. Biz təkcə bu gün deyil, hər gün hamının, o cümlədən qadınların və qızların hüquqlarını qorumaq üçün birləşsək, hamı üçün daha parlaq gələcək qura bilərik.