Dağlıq Qarabağda atəşkəsin təmin olunmasına çağıran birgə bəyanat

Aşağıdakı bəyanatın mətni Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa Respublikası hökumətləri tərəfindən 5 oktyabr 2020-ci ildə yayımlandı.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyası Xarici işlər naziri Sergey Lavrov, Fransa Avropa və xarici işlər naziri Jean-Yves Le Drian və Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Michael R. Pompeo, Dağlıq Qarabağ bölgəsinin daxilində və xaricində şiddətin misli görünməmiş və təhlükəli artımını ən sərt şəkildə qınayırlar.

Nazirlər vurğulayırlar ki, həm təmas xətti boyunca, həm də Dağlıq Qarabağ münaqişəsi zonası xaricindəki Azərbaycan və Ermənistan ərazilərindəki mülki mərkəzləri hədəf aldığı iddia edilən son hücumlar və bu cür hücumların qeyri-mütənasib təbiəti bölgənin sabitliyi üçün qəbuledilməz bir təhdiddir.

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin dövlət başçılarının 1 oktyabr bəyanatını xatırladan nazirlər bir daha münaqişə tərəflərini dərhal və qeyd-şərtsiz atəşkəsi qəbul etməyə çağırırlar. Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən onlara həvalə edilmiş mandatlarını tam şəkildə yerinə yetirmək əzmindədirlər. Beləliklə, tərəflərlə əlaqələrini möhkəmləndirməyə davam edəcəklər və onları hər iki tərəfin yaxşı tanıdığı mövcud əsas prinsiplər və müvafiq beynəlxalq sənədlər əsasında nizamlama prosesini bərpa etmək üçün indidən öhdəlik götürməyə çağıracaqlar.