ABŞ səfiri Litzenberger Astara və Lənkəranda təhsil müəssisələrində USAID-in kompüter laboratoriyalarının açılışında iştirak edib

Martın 31-də və aprelin 1-də ABŞ səfiri Litzenberger Astara və Lənkərana səfər edib və yerli təhsil müəssisələrində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən iki kompüter laboratoriyasının açılışında iştirak edib. USAID tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil olunan kompüter laboratoriyalarında Astara Pedaqoji Kollecində 21, Lənkəran Dövlət Universitetində isə 17 yeni kompüter tələbələrin istifadəsinə verilib.

Astara Pedaqoji Kollecində səfir Litzenberger kollecin direktoru Ağababa İbrahimovla və təhsil müddətində USAID-in kompüter laboratoriyasından istifadə edən tələbələrlə görüşüb. Lənkəran Dövlət Universitetində keçirilən növbəti açılışda səfir rektor Natiq İbrahimov və laboratoriyadan istifadə edən tələbələrlə görüşüb. Hər iki təhsil müəssisəsinin rəhbərləri müvafiq kompüter laboratoriyaları üçün səfirə, USAID-ə və BMqT-ə təşəkkür edib və yeni kompüterlərin onların tələbələrinə necə fayda verdiyini izah edib.

Səfir Litzenberger USAID-in bu kompüter laboratoriyaları üçün maliyyələşdirmə məqsədini izah edərək dedi: “Biz gənc azərbaycanlıların uğur qazanması üçün əlimizdən gələni etmək istəyirik. Mən burada gənclərdə belə bir potensial görürəm və bilirəm ki, yalnız bir az əlavə kömək olsa, onlar gələcəkdə çox şeyə nail ola bilərlər. Buna görə də ABŞ hökuməti azərbaycanlı gənclərə sərmayə qoyur”.

Gənclərin və qadınların iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlmiş 1 milyon dollarlıq üç illik layihə çərçivəsində USAID və BMqT tələbələrə informasiya texnologiyaları, kompüter elmləri  və dillər üzrə təhsil almaq üçün daha yaxşı imkanlar yaratmaq məqsədilə Azərbaycandakı təhsil müəssisələrində beş USAID kompüter laboratoriyası yaradıb. Bu beş kompüter laboratoriyası ilə yanaşı, USAID Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə ikili diplom proqramı, həmçinin İtaliyanın Ferrero kənd təsərrüfatı firması ilə birgə fındıq istehsalı üzrə Texniki Sertifikat Proqramı həyata keçirib.