“İNSAN ALVERİ” İLƏ BAĞLI 2022 İL ÜZRƏ HESABATI
AZƏRBAYCAN (Səviyyə 2)
Azərbaycan hökuməti insan alverinin aradan qaldırılmasına dair minimum standartlara tam cavab verməsə də bu istiqamətdə ciddi səylər göstərir. Hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirdiyinə görə Azərbaycan 2-ci səviyyəyə yüksəlib. Bu səylərə əvvəlki illərlə müqayisədə nisbətən daha çox insan alverçisinin həbs edilməsi, daha ciddi cəzaların verilməsi və şərti cəzaların sayının azaldılması daxildir. Hökumət insan alveri qurbanlarının müdafiəsi istiqamətində görülən işləri genişləndirərək insan alveri qurbanlarına və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətində olan insan alveri qurbanları üçün sığınacağayardımı artırıb. Hökumət insan alveri qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətə Dövlət Miqrasiya Xidmətini (DMX) cəlb etmək və insan alverinin qurbanına çevrilmiş əcnəbi vətəndaşların reviktimizasiyasının qarşısının alınması ilə əlaqədar tədbirləri əhatə etmək üçün qanunlara düzəlişlər edib. Bütün bunlara baxmayaraq, hökumət bəzi əsas sahələrdə minimum standartlara cavab verə bilməyib. Hökumətin araşdırdığı və məhkum etdiyi şübhəli şəxslərin sayı az olmuşdur. Hökumət xüsusilə ölkə daxilindəki insan alveri qurbanlarının və məcburi əməyə məruz qalanların kimliyinin müəyyənləşdirilməsi istiqamətində aktiv tədbirlər həyata keçirməmişdir. DİN QHT tərəfindən idarə olunan sığınacağın təmirini maliyyələşdirib və QHT tərəfindən idarə olunan idarə olunan digər bir sığınacağa yeni sığınacağın yaradılması məqsədilə torpaq almaq üçün maliyyə vəsaiti verib. Buna baxmayaraq hökumət QHT-lərə, o cümlədən QHT-lər tərəfindən idarə olunan sığınacaqların fəaliyyət xərclərinə daha az resurs ayırmışdır. Hökumət 2021-ci ildə növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumu 2022-ci ilə qədər uzadıb.
PRİORİTET tövsiyələr: İnsan alverçiləri ilə bağlı ciddi axtarış tədbirləri görün, onları məsuliyyətə cəlb edin və həbs edin. *Həbs edilmiş insan alverçiləri ilə bağlı ciddi həbs müddəti nəzərdə tutan müvafiq cəza tədbirləri görün. *Xüsusilə ölkə daxilində insan alveri, məcburi əmək və uşaq alveri ilə bağlı fəal araşdırma işlərinin sayını artırın. *İnsan alveri qurbanlarına dəstək xidmətləri göstərən QHT tərəfindən idarə olunan sığınacaqlara adekvat maliyyə vəsaitini ayırın və onun miqdarını artırın. *İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi üçün standart əməliyyat prosedurları (SƏP) və göstəricilər hazırlayın və onları həyata keçirin, həmçinin vəzifəli şəxslərə kommersiya xarakterli cinsi istismara məruz qalanlar, miqrantlar, dilənçiliklə məşğul olan uşaqlar və digər risk altında olan əhali qrupu arasında insan alveri qurbanlarının müəyyənləşdirilməsi ilə bağlı təlim keçin. * Müstəntiqlərə, prokurorlara və hakimlərə insan alveri ilə bağlı cinayət işlərinə, o cümlədən uşaqlarla bağlı cinayət işlərinə qurban mərkəzli yanaşmalar nümayiş etdirmək üzrə təlim keçin və insan alveri ilə bağlı təhqiqatlar və cinayətkarların təqibi üzrə yüksək səviyyəli təlimlər keçin. * Planlı və təsadüfi əmək yoxlamaları ilə bağlı moratoriumu ləğv edin. *Əmək Müfəttişliyinin məcburi əmək qurbanlarının müəyyən edilməsi və göndərilməsi üzrə imkanlarını gücləndirin.* Potensial qurban olan uşaqları qorumaq üçün xüsusi prosedurlar qəbul edin və həyata keçirin, o cümlədən müəyyənləşdirmə və yönləndirmə prosedurları, göstəricilər və müsahibə sualları müəyyənləşdirin. *Hakimlərə cinayət işlərində restitusiya ilə bağlı təlim keçin və bütün müəyyən edilmiş qurbanları kompensasiya tələb etmək hüququ barədə məlumatlandırın və onları bu hüquqdan istifadə etməyə həvəsləndirin. *Qurbanların DİN-in nəzarətindəki sığınacaqlara daxil olmasına və bütün tələb olunan sənədləri axtararkən xidmətlərdən faydalanmasına icazə verin.
Məhkəmə təqibi
Hökumət məhkəmə təqibi ilə bağlı işləri davam etdirib. 2005-ci ildə qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun və Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə cinsi istismar və məcburi əməyə cəlbetmə cinayət əməli hesab olunur və yetkinlik yaşına çatmış qurbanların iştirakı ilə törədilən cinayətlərə görə 5 ildən 10 ilədək, uşaqların iştirakı ilə törədilən cinayətlərə görə isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu cəzalar kifayət qədər sərt olmuşdur və cinsi istismara münasibətdə zorlama kimi digər ağır cinayətlər üçün nəzərdə tutulan cəzalara uyğun idi. Hüquq mühafizə orqanları 2020-ci ildə 20 şübhəlinin iştirakı ilə 18 işi araşdırdığı halda, 2021-ci ildə 14 şübhəlinin iştirak etdiyi 15 işi araşdırmışdır; bu işlərdən 14-ü cinsi istismar hallarına, biri isə məcburi əməyə aid idi. Hökumət 2020-ci ildə təqsirləndirilən 21 nəfəri məsuliyyətə cəlb etdiyi halda, bu dəfə 16 nəfəri məsuliyyətə cəlb edib. Hökumət əvvəlki illərdə təqsirləndirilmiş üç nəfərin məhkəmə prosesini davam etdirmişdir. Məhkəmələr 2020-ci ildə 15 insan alverçisini həbs etdiyi halda, bu dəfə 16 nəfəri həbs edib. Onlardan 14-ü cinsi istismar məqsədli insan alveri, qalan 2-si isə məcburi əmək ilə ittiham olunub. Hakimlər daha sərt hökmlər çıxarmağa davam edib. 14 insan alverçisi 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb. Hakimlər həmçinin daha az şərti hökm çıxarıblar; 2020-ci ildə üç insan alverçisi, 2019-cu ildə 28 və 2018-ci ildə 20 insan alverçisi şərti cəza aldığı halda bu dəfə bir insan alverçisi barədə şərti hökm çıxarılıb, başqa bir nəfər isə şərti cəza alıb. Rəsmilər həbsə alternativ cəzalar verməsini tələb edən “Cəza siyasətinin humanistləşdirilməsi haqqında 2018-ci il sərəncamı”na uyğun olaraq hakimlərin insan alverçilərinə şərti cəzalar verdiyini bildirdi; lakin, 2020-ci ildə hökumət sərəncamın insan alverini şamil olunmadığını göstərən əlavə təlimatlar yaydı. Məhkəmələr pandemiya ilə əlaqədar virtual məhkəmə prosesləri apardılar və insan alveri də daxil olmaqla ağır cinayətlər prioritetləşdirildi. Buna baxmayaraq nəticədə məhkəmələrin işlərə baxması üçün daha çox vaxt tələb olundu.
DİN-in tabeliyində əksər insan alveri hallarını araşdıran İnsan Alverinə Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərmişdir. Hakimiyyət orqanları çox vaxt psixoloji məcburiyyəti nəzarət vasitəsi hesab etməyiblər, yaxud insan alveri üçün transmilli elementin olmasını tələb ediblər. Bu isə ölkə daxilində cinsi alverlə bağlı halların daha kiçik cinayətlər kimi təsnifləşdirilməsinə səbəb olub. Əvvəlki illərdə GRETA və beynəlxalq təşkilatlar əksər araşdırmaların passiv olduğunu və qurbanların ifadələri üçün təsdiqedici dəlillərin olmadığını bildirmişdilər; hüquq mühafizə orqanlarının sözlərinə görə, standart prosedurlar təhqiqata başlamaq üçün zərərçəkmişin şikayət verməsini tələb edir, bu isə fəal təhqiqatların aparılmasına mane olur. Hökumət insan alveri ilə bağlı cinayətlərdə iştirak edən dövlət məmurlarının istintaqı, təqibi və ya məhkum edilməsi barədə heç bir məlumat verməyib. Hökumət polisə, prokurorlara, hakimlərə, vəkillərə və DMX əməkdaşlarına insan alverinə qarşı müxtəlif mövzularda təlim keçib. Hökumət INTERPOL-a məlumatlar versə də, beynəlxalq araşdırmalar və ya ekstradisiya barədə heç nə bildirməyib. Avropa İnsan Haqları Məhkəməsi 2021-ci ilin oktyabrında hökumətin 2009-cu ildə miqrant işçilər tərəfindən irəli sürülən məcburi əmək iddialarını effektiv şəkildə araşdırmadığına dair qərar çıxarıb və hökumətdən işi qaldıran 33 bosniyalı qurbanın hər birinə 5000 avro (5,670 ABŞ dolları) ödəməyi tələb edib.
Müdafiə
Hökumət insan alveri qurbanlarının müdafiəsi üzrə səyləri artırıb. Hökumət 2020-ci ildə 94 qurbanın kimliyini müəyyənləşdirdiyi halda bu il müəyyənləşdirilən qurbanların sayı 95 olub; onlardan 94-ü cinsi istismara cəlb edilən qadınlar, biri isə məcburi əməyə cəlb edilən kişi idi. Bu qurbanlar içərisində əcnəbi vətəndaş olmayıb. Hökumət ölkə daxilində insan alverinin azərbaycanlı qurbanlarının şəxsiyyətini müəyyənləşdirmək üçün fəal səy göstərməmişdir və nəticədə rəsmi olaraq müəyyən edilmiş qurbanların əksəriyyəti təyinat ölkələrində müəyyən edilmiş azərbaycanlı qurbanlar və ya Azərbaycanda istismar edilən əcnəbi qurbanlar olmuşdur. Rəsmilər ölkə daxilində insan alverinin bir azərbaycanlı qurbanını müəyyən ediblər (2020-ci ildə bu göstərici 8 idi). Hökumət 2021 və ya 2020-ci illərdə “valideynlərinə kömək etmək məqsədilə dilənçiliklə məşğul olan” uşaqlar və onların valideynləri haqqında məlumat verməsə də, müşahidəçilər polisin uşaqların dilənçiliyə məcburi cəlb edilməsi hallarını araşdırmaqdan imtina etdiyini və uşaqların istismara məruz qalmasında ailənin rolunu araşdırmadan uşaqların əksəriyyətini valideynlərinə qaytardığını və bununla da onları növbəti təhlükə ilə üz-üzə qoyduğunu bildirmişdir. Hökumət qurbanın şəxsiyyətini müəyyənləşdirmək üçün SƏP-lər tətbiq etmişdir və qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərə DMX-ni cəlb etmək üçün qanuna düzəliş etmişdir. Hökumət hüquq mühafizə orqanlarının əməkdaşlarına, sosial işçilərə, psixoloqlara və sığınacaq işçilərinə qurbanların müəyyənləşdirilməsi üsulları ilə bağlı təlim keçib. Bununla belə, ilk cavabverənlər, o cümlədən hüquq mühafizə orqanları, immiqrasiya və sosial xidmət işçiləri ya prosedurlardan xəbərsiz olublar, ya da onlara ardıcıl əməl etməyib və ya onları başa düşməyiblər. Müşahidəçilər qadınlar, uşaqlar, kommersiya məqsədilə cinsi istismara cəlb olunan LGBTQKİ+ şəxslər və əcnəbi miqrant işçilər də daxil olmaqla insan alveri göstəriciləri üçün həssas əhali qruplarının yoxlanılmaması barədə məlumat verməyə davam ediblər. Bundan əlavə, hökumət müsahibə sualları, göstəricilər və müzakirəyə ötürmə prosedurları kimi uşaqlar üçün nəzərdə tutulan siyasətlər tətbiq etməyib. SƏP-lərdə ilk cavabverənlərdən potensial qurbanları 24 saat ərzində İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə göndərmək tələb olunurdu. Burada araşdırma əsasında zərərçəkənlər rəsmi olaraq müəyyən edilirdi. QHT-lər və hökumət bəzi potensial qurbanlara dəstək xidmətləri göstərsə də, rəsmi təsdiqlənməmiş qurbanlar dövlət tərəfindən verilən birdəfəlik müavinəti ala bilməmişdir və təqsirləndirilən insan alverçilərinə qarşı mülki iddia qaldırmaq imkanına malik olmamışdır. Vətəndaş cəmiyyəti 2021-ci ildə 15 potensial qurbanı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə göndərsə də, onlardan yalnız birinin insan alveri qurbanı olması İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən müəyyən edilmişdir.
Hökumət qurbanlara yardım üçün 2020-ci ildə 119,000 manat (70,000 ABŞ dolları) ayırdığı halda, 2021-ci ildə bu məbləğ 124,700 manat (73,350 ABŞ dolları) olmuşdur. Hökumət həmçinin DİN-in nəzarətindəki sığınacağa 124,700 manat (73,350 ABŞ dolları) ayırmışdır. Bu vəsait 2020-ci ildə 113,346 manat (66,670 ABŞ dolları) təşkil edirdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2020-ci ildə 19 QHT layihəsi üçün 172,000 manat (101,180 ABŞ dolları) ayırdığı halda, 2021-ci ildə 11 QHT layihəsini maliyyələşdirmək üçün 151,500 manat (89,120 ABŞ dolları) məbləğində vəsait ayırmış, lakin bu məbləğdən təxminən 32,500 manatı (19,120 ABŞ dolları) pandemiyanın təsirlərinin aradan qaldırılmasına yönləndirilmişdir. Buraya QHT nəzarətindəki iki sığınacağın fəaliyyət xərcləri üçün 19,200 manat (11,290 ABŞ dolları) daxil idi. Bu məbləğ 2020-ci ildə 30,000 manat (17,650 ABŞ dolları) təşkil etmişdir. Lakin DİN QHT nəzarətindəki bir sığınacağın təmirini maliyyələşdirmiş və yollarını bərpa etmiş, QHT nəzarətindəki digər bir sığınacağın yeni sığınacaq tikmək məqsədilə torpaq alması üçün 30,000 manat (17,650 ABŞ dolları) vəsait ayırmışdır. Bütün bunlara baxmayaraq, hökumətin ayırdığı ümumi vəsait QHT nəzarətindəki sığınacaqlara kifayət etməmiş və bu sığınacaqlarda ciddi vəsait çatışmazlığı yaşanmışdır. Xarici qrantları tənzimləyən məhdudlaşdırıcı qanunvericilik QHT-lərin xarici donorlardan vəsait almaq qabiliyyətini məhdudlaşdırmışdır. QHT-lərin nəzarətindəki sığınacaqlarda dəstək xidməti göstərən işçilərin əksəriyyəti könüllü əsasda çalışırdı. DİN-in nəzarətində insan alveri qurbanları üçün bir sığınacaq fəaliyyət göstərmişdir. Bu sığınacaqda yaşayış imkanı, maliyyə yardımı, hüquqi yardım, tibbi və psixososial dəstək təmin edilmişdir. DİN-in nəzarətindəki sığınacaqda qadınlar, kişilər və uşaqlar üçün ayrı-ayrı sahələr olsa da, orada hərəkət azaldığı məhduddur və qurbanlardan sığınacaqdan çıxmaq üçün ərizə yazmaq tələb olunur. DİN-in nəzarətindəki sığınacaqda, həmçinin potensial qurbanlar bir ay müddətində yaşayış imkanı ilə təmin olunur. Burada daha uzun müddət qalmaq üçün qurbanlardan hüquq mühafizə orqanı ilə əməkdaşlıq etmək tələb olunur. Sığınacaqda rəsmi təsdiqlənmiş 90 qurban və bir potensial qurban dəstək almışdır (2020-ci ildə rəsmi təsdiqlənmiş 80 qurban və bir potensial qurban dəstək almışdır). DİN-in nəzarətindəki sığınacaq kişi qurbanlar üçün yeganə yaşayış imkanı təmin edən yerdir. Hökumət rəsmi təsdiqlənmiş qurbanlar üçün 700 manat (410 ABŞ dolları) məbləğində köçürmə müavinəti ayırıb; rəsmi təsdiqlənmiş bütün qurbanlara köçürmə müavinəti verilib. Bakıda və Göyçayda fəaliyyət göstərən İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri (Mərkəzlər) rəsmi təsdiqlənmiş və potensial qurbanlara hüquqi, psixoloji, tibbi və məşğulluq yardımı göstərmişdir; Mərkəzlərdə rəsmi təsdiqlənmiş 52 qurbana və potensial 18 qurbana (2020-ci ildə isə rəsmi təsdiqlənmiş 32 zqurbana) yardım göstərilmişdir. Hökumət, həmçinin rəsmi təsdiqlənmiş 28 qurbanın peşə kurslarına yazılmasına yardım göstərmiş, 11 nəfərin iş tapmasına kömək etmiş və 56 nəfəri öz ailəsinə qovuşdurmuşdur. Müşahidəçilərin sözlərinə görə, Mərkəz işçilərinin əməkhaqqının aşağı olması işçi heyətinin tez-tez dəyişməsinə səbəb olmuş, bu isə öz növbəsində qurbanlara təcrübəsiz işçilər tərəfindən xidmət göstərilməsi və xidmətin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnmişdir. Əvvəlki illərdə hökumət heç bir təcrübəsi olmayan təşkilatları müqavilə ilə təltif edərək qurbanların təhlükəsizliyini və yardımın keyfiyyətini risk altında qoymuşdur. Hökumət 89 qurbanı QHT-lərin nəzarətindəki sığınacaqlara göndərmişdir (bu göstərici 2020-ci ildə 80 nəfər olmuşdur). DMX iki əcnəbi qurbana müvəqqəti yaşayış icazəsi almaqda kömək etmişdir (2020-ci ildə heç kəs olmaqla).
Müşahidəçilərin sözlərinə görə, hüquq mühafizə orqanlarının qurbanlara qarşı münasibəti yaxşılaşsa da, hakimiyyət orqanları cinayət istismarına məruz qalan qurbanları nəzarət tədbirlərinin olmaması səbəbindən əxlaqsızlıqda ittiham edərək cəzalandıra bilər. Əvvəlki illərdə beynəlxalq təşkilat insan alveri göstəriciləri nümayiş etdirən əcnəbi miqrant işçiləri qurban hesab etsə də, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi onların heç birini qurban kimi tanımamışdır və hakimiyyət orqanları sonradan bəzilərini deportasiya etmişdir. Hakimiyyət orqanları insan alveri qurbanları ilə bağlı zərərçəkmiş şahidin müdafiəsi tədbirlərini həyata keçirməmişdir. Əvvəlki illərdə GRETA və digər beynəlxalq təşkilatlar prokurorların bu cür tədbirləri insan alveri qurbanları üçün lazımsız hesab etdiyini bildirmiş və əməkhaqqının aşağı olması səbəbindən qurbanlara hüquqi yardım göstərən lisenziyalı vəkillərin az olduğunu qeyd etmişdir. Bununla belə, hökumət bir lisenziyalı vəkilin 2021-ci ildə rəsmi təsdiqlənmiş 30 qurbana hüquqi yardım göstərdiyini qeyd etmişdir. Uşaqlar hüquqi terminologiyanı onlara uyğun şəkildə çatdıra biləcək uşaq psixoloqu və ya vəkili olmadan ifadə vermişdirlər ki, bu da bu uşaqlar üçün daha çox travmaya səbəb ola bilər. Hökumət qanuna dəyişiklik edərək əcnəbi qurbanların reviktimizasiyasının qarşısını almaq üçün tədbirlər daxil etmişdir. Hakimlər cinayət işlərində zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etməyiblər və mülki iddialarda kompensasiya barədə heç bir iş qaldırılmayıb. Hökumət insan alverçilərinin əmlakını, pul vəsaitlərini, qiymətli kağızlarını və digər aktivlərini müsadirə edərək qurbanlara yardım fonduna köçürdüyünü bildirib. Rəsmi təsdiqlənmiş 16 qurban və beş potensial qurban bu fonddan maliyyə yardımı alıb.
Profilaktik tədbirlər
Hökumət profilaktik tədbirləri davam etdirib. Milli koordinator insan alverinin qarşısının alınması istiqamətində hökumət səviyyəli tədbirlərə rəhbərlik etsə də, idarələr arasında əməkdaşlığın olmaması idarələrarası koordinasiyaya mane olub. Milli koordinator insan alverinə qarşı mübarizə səylərini əlaqələndirmək və 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planını (MFP) həyata keçirmək məqsədilə müvafiq hökumət nazirlikləri ilə işçi qrupunu idarə etmişdir; 2021-ci ildə pandemiyaya görə işçi qrupunun görüşü keçirilməyib. Vətəndaş cəmiyyəti hökumətin insan alverini yüksək prioritet hesab etmədiyini bildirsə də, onun İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə yaxşı əlaqələrinin qurulduğunu, o cümlədən onlar tərəfindən irəli sürülən tövsiyələrə və narahatlıqlara cavab verildiyini vurğulamışdır. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2021 və 2020-ci illərdə insan alverinə qarşı mübarizə səylərinə görə 16 QHT rəhbərinin 1,000 manat (590 ABŞ dolları) məbləğində pul mükafatı aldığını təsdiqləyib. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə bağlı sənədli film çəkmək üçün bir QHT-yə 20,000 manat (11,760 ABŞ dolları) ayırıb və hökumət tələbələr və ictimaiyyət üçün maarifləndirmə kampaniyaları təşkil edib və xaricə gedən vətəndaşlara və Azərbaycana gələn əcnəbilərə insan alveri riskləri haqqında broşüralar paylayıb. Hökumət kənd təsərrüfatında məcburi əməklə bağlı araşdırma aparmaq üçün bir QHT-ni maliyyələşdirib və ölkənin insan alverinə qarşı mübarizə səylərinin, o cümlədən təqib məlumatları və müdafiə səylərinin illik qiymətləndirilməsini ictimaiyyətə açıqlayıb. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə bağlı qaynar xətt işlədib, ona il ərzində 4506 zəng daxil olub (2020-ci ildə 5705 zəng); 2020-ci ildə bu zənglər nəticəsində 10 qurbanın kimliyinin müəyyən edilməsinə və üç araşdırmanın başlanmasına baxmayaraq 2021-ci ildə daxil olan zənglər əsasında insan alveri ilə bağlı heç bir araşdırmaya başlanılmayıb. Hökumət kommersiya xarakterli cinsi əməllərə tələbi azaltmaq üçün səy göstərmədi. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanla Əmək Müfəttişliyinin işəgötürənlərlə bağlı kortəbii yoxlamalar aparılması qadağan edildiyinə görə fəal araşdırmaların aparılması və qurbanların müəyyən edilməsi səyləri məhdudlaşdırıldı. 2021-ci ildə hökumət növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumu 2022-ci ilə qədər uzatmışdır. Müfəttişlərə şikayətləri araşdırmaq üçün işəgötürənlərdən və aidiyyəti işçilərdən məlumat tələb etməyə icazə verilsə də, şikayətlərlə bağlı cavab tədbirlərinə iş yerində yoxlamalar daxil edilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci ildəki 8512 əmək pozuntusu ilə müqayisədə 1508 əmək pozuntusunun araşdırıldığını bildirib; hökumət məcburi əməklə bağlı hər hansı işin araşdırılıb-araşdırılmaması barədə məlumat verməyib.
İNSAN ALVERİ PROFİLİ: Ötən beş il ərzində bildirildiyi kimi, insan alverçiləri Azərbaycanda yerli və əcnəbi qurbanları istismar edir, həmçinin Azərbaycandan olan qurbanları xaricdə istismar edirlər. İnsan alverçiləri azərbaycanlı kişi və oğlanları ölkə daxilində və Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məcburi əməyə cəlb edirlər. İnsan alverçiləri Azərbaycandan olan qadın və uşaqları ölkə daxilində və İran, Malayziya, Pakistan, Qətər, Rusiya, Türkiyə və BƏƏ-də cinsi istismar məqsədli ticarətə cəlb edirlər. İnsan alverçiləri Çin Xalq Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan olan qurbanları həm cinsi istismar məqsədli ticarətə, həm də məcburi əməyə cəlb edirlər. Əvvəlki illərdə Azərbaycan Mərkəzi Asiyadan İran, Türkiyə və BƏƏ-yə cinsi istismar məqsədli ticarət və məcburi əmək məqsədilə qurbanların aparılması üçün tranzit ölkə kimi istifadə olunub. Ölkədə bəzi uşaqlar məcburi dilənçiliyə və yol kənarında, çay evlərində və şadlıq evlərində məcburi məcburi əməyə cəlb olunurlar. Neft işçiləri uzun iş növbəsində işlədiklərinə, əmək pozuntularına məruz qaldıqlarına, maaşları və illik məzuniyyətləri saxlanıldığına görə məcburi əməyə həssasdırlar. 2018-ci ildə yerli məmurların dövlət sektorundakı bəzi işçiləri payız mövsümündə pambıq yığımında iştiraka səfərbər edərək onları məcburi əməyə cəlb etmələri barədə ayrı-ayrı mənbələr məlumat yaymışdı. Lakin vətəndaş cəmiyyəti və hökumət rəsmiləri 2021 və 2020-ci illərdə pambıq yığımında sərfəli məhsul yığımı texnikasının geniş tətbiqi səbəbindən məcburi əməyə cəlb edilmə hallarının olmadığını bildiriblər. Aşağı səviyyəli polis məmurları kommersiya seksi ilə məşğul olan və rayon polis rəislərinin nəzarəti altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarında olan şəxslərdən rüşvət alır. QHT-lər xaricdəki saxta və ya şübhəli işlərə onlayn müraciətlərin, o cümlədən sosial şəbəkələr üzərindən müraciətlərin artdığını bildirirlər.